VI Fəsil: 1966-cı il: "Ədirnəli Xoca İzmirdə"
Fətullah Gülən 1938-ci ildə Ərzurumun Həsənqala (Pasinlər) rayonunun Qorucuq kəndində dünyaya gəlmişdir.
Atası Ramiz bəyin uşaqlığı I Dünya Müharibəsi illərinə düşdüyü üçün təhsil ala bilməmişdi. Kənddə əkinçiliklə məşğul olan Ramiz bəy 1939-cu ildə II Dünya Müharibəsi başlayanda 34 yaşında idi.[1] Müharibə illərində həyat yoldaşı Rəfiyyə Gülənin də təşviqi ilə üç il boyunca mədrəsə təhsili alan Ramiz bəy kənd məscidində imamlıq edirdi.
O zaman gənc Türkiyə Cümhuriyyəti hələ 15 yaşında idi. Əhalisinin sayı 16.9 milyon olan Türkiyə Dövlətinin illik büdcəsi 250 milyon lirə, yəni 195 milyon dollar idi.[2]
Bütün Türkiyədə yalnız iki universitet vardı: İstanbul və Ankara Universitetləri. Vilayətlərin hamısında orta məktəb yox idi. Anadolunun heç bir kəndinə telefon çəkilməmişdi. Sənaye ikisi İstanbul və Kayseridə olmaqla bir neçə parça fabrikindən, şüşə-pəncərə zavodundan, kağız fabrikindən ibarət idi. O dövrdə Türkiyə bir neçə zavodu ancaq Sovet İttifaqının dəstəyi ilə tikə bilmişdi. Ərzurumdan Ankaraya yalnız Trabzon və Samsun yolları ilə gedirdilər. Ərzincandan yol yox idi.
Gülənin doğulduğu 60 evdən ibarət Qorucuq kəndi Qədim İpək Yolunun üstündə yerləşirdi. İpək Yolu Ərzurumdan 20 kilometr aralıda olan bu kəndin düz ortasından keçirdi. Kənddə beş-altı mehmanxana bunun sayəsində işləyirdi. Ərzurum-Qars qatarı da həmin kəndin yaxınlığından keçirdi. Həsənqala mahalı tranzit nöqtəsində yerləşdiyindən Qorucuq kəndində Daxili Qoşunlara (Jandarmaya) aid post da yerləşirdi. O illərdə Türkiyənin Şərq bölgələrinə səfərə çıxan prezident İsmət İnönü Ərzuruma gələndə onu qarşılayan gənclərdən biri də Gülən olmuşdu.
Gülən 6-7 yaşlarında ikən bir gün qatara minərkən ayağı boşa düşmüş, yerə yıxılıb alnından yaralanmışdı. Alnında yara izi qalmışdı.
Anadan olduğu il atası onu qeydiyyata saldırmaq üçün Həsənqalaya gedir. Təkpartiyalı iqtidarın hakim olduğu o illərdə məmur atasının Gülənə qoyduğu adı siyahıya almaqdan imtina edir. Buna bərk əsəbiləşən Ramiz bəy də Güləni qeydiyyatdan keçirmədən kəndə geri qayıdır. Bir müddət sonra Ramiz Gülən kənddə ağsaqqallar şurasına seçilmiş, kəndin muxtarı da, demək olar, bütün işləri ona həvalə etmişdi. 1942-ci ildə Ramiz bəy kəndin polis idarəsinin baş çavuşu ilə Həsənqalaya qeydiyyat məntəqəsinə üz tutur. Artıq ikinci oğlu Sıbğatullah da dünyaya gəlmişdi. Gülən qardaşından iki yaş yarım böyük olsa da, Ramiz bəy ikisini də eyni tarixə qeydiyyatdan keçirəcəkdi.
Baş çavuşun “Bu adları olduğu kimi qeydiyyata alacaqsan” deyə sərt tapşırığından sonra məmur Ramiz bəyin övladlarını qeydiyyata salmağa başlayır. Ancaq yenə də məmur Ramiz bəyin qoyduğu Məhəmməd Fəthullah adını sadəcə Fəthullah, yəni Məhəmməd olmadan,[3] doğum tarixini isə 1938-ci il əvəzinə 1942-ci il kimi qeyd edir. Qardaşı Sıbğatullahı da 1942-ci il təvəllüdünə yazıb Seyfullah adı ilə qeydiyyata alır.
Beləcə, Fəthullah Gülən 1938-ci il təvəllüdlü olmasına baxmayaraq, şəhadətnamədə doğum tarixi 1942-ci ilə yazılır.
Gülənin uşaqlığı II Dünya Müharibəsi illərinə düşür. Türkiyə bilavasitə müharibədə iştirak etməsə də, müharibənin bütün çətinliklərinə məruz qalmışdı. Bütün Avropa kimi Türkiyə də Hitlerin təhdiləri ilə üz-üzə idi. Parisi işğal edən Hitler Eyfel qülləsinin qarşısında qüllənin dəmirlərini əridib Almaniyada bomba ishehsalına sərf etməkdən söz açırdı.
O dövrdə Türkiyədə çörək talonla verilirdi. Bir ailədə qadın müəllimə, kişi hərbçi işləsə belə, əmək haqları uşaqların paltarına çatmırdı. Müəlimə ana hər il ordudan zabit ataya verilən paltonu boya qazanında qaynadıb uşağa palto hazırlayırdı.
O illərdə nə məscidlərdə, nə də evlərdə Quranın tədrisinə icazə verilmir, hətta bəzi məscidlərdə Quranı könüllü öyrətmək istəyən xocalar jandarma və polis basqınına məruz qalırdı.[4] Belə bir şəraitdə anası gecələr Güləni oyadıb Quran öyrədərdi. Beləcə Gülən anasından Quran oxumağı öyrənərək bir ay içində xətm edir.
1946-cı ildə Gülən ibtidai məktəbə yollanır. Kənd çox yoxsuldu. Kəndlilər qatıqla səhər yeməyi yeyir, sabun tapa bilməyəndə paltarları gillə yuyurdular.[5]
Qorucuq sakinlərinin öz övladlarına məktəb geyimi almağa belə imkanları çatmırdı. Valideynlərinin etirazlarına baxmayaraq, 1948-ci ildə İstanbuldan Ərzurumun Qorucuq kənd ibtidai məktəbinə dərs deməyə gələn Bəlma Özbatur (Belma Özbatur)paltar problemini “həll” etmək üçün qollarını çırmalayır. Əvvəlcə şagirdlərə evlərindən əntari[6] gətizdirir. Ərzurumdan xeyli qara boya aldırıb məktəbin həyətində böyük qazanlar qurdurur. Sonra ağ bezlər ölçülüb-biçilir, əntarilər boyanır, həmin parçalardan şagirdlər üçün önlük hazırlanır. Batist parça ilə önlük yaxalığı və qızlar üçün bant düzəldilir.
Belə çətin şəraitə baxmayaraq, Qorucuq kəndində ictimai həyat canlı idi. Kənddə iki-üç çayxana var idi. Axşamlar çayxanalarda “Battal Qazi”, “Əhmədiyyə”, “Məhəmmədiyyə” adlı kitablar oxunurdu.[7] Sümani Baba, Aşıq Reyhani kimi məşhur aşıqlar həftədə bir dəfə kəndlərə gəlib saz çalıb oynayar, camaat onların deyişməsini dinləməkdən zövq alardı.
1949-cu ildə atası Ramiz bəyə yaxınlıqdakı Alvar kəndinə təyinat verildiyindən Gülən həmin ibtidai məktəbi dördüncü sinfi bitirmədən yarımçıq buraxmalı olur.[8]
Atası on yaşında Qurani-Kərimi əzbərləyib hafiz olan Güləni daha yaxşı təhsil almaq üçün Həsənqala mahalına göndərmişdi. On yaşlı Gülən hər gün 7–8 kilometrlik yolu piyada qət edərək Həsənqalaya gedir, xocadan elm öyrənirdi. Çünki Həsənqalada qalası bir yeri yoxdu.
Cəlal Bayarın əlini öpdüyü xoca
1950-ci ildə Adnan Menderesin rəhbərliyi ilə Demokrat partiyası iqtidara gələndə və Tükiyədə yeni bir mərhələnin təməlləri atılanda Gülənin 12 yaşı vardı. Demokrat partiyası bir ay içində Milli Məclisdə səsvermə keçirib türkcə oxunan azanın yenidən ərəbcə oxunması haqda qərar qəbul edilməsinə nail olur. Səsvermədə Cümhuriyyət Xalq Partiyası da qərarın lehinə səs verir. Ramazan ayı idi, Ərzurumda minarədən azan səsi yüksələndə qurbanlar kəsilir. O dövrdə Türkiyə yoxsul ölkə idi. 1950-ci ildə Türkiyənin cəmi 13 kəndinə elektrik çəkilmişdi.[9]
Gülən atasının imamlıq etdiyi Alvar kəndində “Alvarlı Efe” adı ilə tanınan Şeyx Məhəmməd Lütfi Əfəndidən dərs alırdı. 1952-ci ilin ramazan ayında atasının imamlıq etdiyi həmin kənddə vəz vermək üçün məscid kürsüsünə çıxanda hələ 14 yaşında idi. Onu bu kürsüyə kəndin sayılıb-seçilən böyüklərindən Kazım Əfəndi çıxarmışdı. Gülənin boyu da kürsüyə çatmırdı. Kürsüdə atası ilə göz-gözə gəlir. Artıq kürsüyə çıxarılmışdı, məscid camaatına vəz vermədən ordan enmək mümkün deyildi.
Gülən həmin gün kürsüdə vəz verərkən kəndin böyüklərindən Fevzi Əfəndinin məscidə gec gəldiyini və insanları yara-yara ön cərgəyə keçdiyini görür. Gülən söhbətində Hz. Əli və Hz. Müaviyə arasında baş vermiş bir hadisəni xatırladaraq bunu tənqid edir. Rəvayətə görə, məscidə gec gələn Həzrəti Müaviyə Fevzi Əfəndi kimi ön cərgəyə keçərkən Həzrəti Əli onun əbasından çəkib saxlamış, hətta Həzrəti Müaviyənin sarığı yerə düşmüşdü. Rəvayətə görə, Həzrəti Əli ilə Həzrəti Müaviyə arasında ilk soyuqluq bununla başlamışdı. Həzrəti Əli doğru iş görmüşdü, çünki məscidə gecikən tapdığı ilk boş yerdə oturmalı idi.
Vəzdən sonra Gülən və atası Ramiz Gülən Fevzi Əfəndigilə qonaq gedir. Fevzi Əfəndi kürsüdən ona irad tutan Güləni gülər üzlə qarşılayır və üzünü Ramiz Gülənə tutub: “Bu yaşda uşaqlar iki sözü bir-birinə qoşub deyə bilmirlər, amma o, bizə vəz verdi”, – demişdi. Kürsüdən etdiyi tənqidin belə müsbət reaksiya ilə qarşılanması ömür boyu Gülənin hafizəsindən silinmir.
1952-ci ilin sonlarında Ərzurumun Qurşunlu mədrəsəsində təhsilə başlayan Gülən tezliklə həmyaşıdlarını ötüb keçir. Məscidin ətrafında kiçik otaqlardan ibarət mədrəsədə əksər vaxtlarda kartofdan başqa yemək bişirilmirdi. Gülən yeməyini otağında özü hazırlayırdı. Tələbələrin yataqları kiçik otaqlarda yerə döşənmiş həsirin üstünə salınırdı.
Sonrakı il Qurşunlu mədrəsəsindən çıxan Gülən başqa bir mədrəsəyə üz tutur, altı ay sonra yenə mədrəsəni dəyişir. Bir müddət Daşməscid mədrəsəsində qalıb oradan da ayrılan Gülənin gedəsi yeri yox idi: “Əlimdə çamadanım yolun ortasında donub qaldım, gedəcək heç bir yerim yox idi”. Bir dostu ilə istifadəsiz və kimsəsiz “Əhmədiyyə” məscidinin bir küncünə divar hörərək otaq düzəldir. Bu iki dost bir soba tapıb burada yaşamağa başlayır. Beləcə yer problemini həll edən Gülən 2 il dövrünün tanınmış alimlərindən olan Osman Bektaşdan elm öyrənir. Osman Bektaş fiqhin, yəni İslam hüququnun mükəmməl bilicisi sayılırdı.
Bir dəfə Güləndən mədrəsələrin Cümhuriyyətin ilk illərindən ləğv olunduğu halda, Ərzurumda 1950-ci illərə qədər fəaliyyət göstərməsinin səbəbini soruşdum. Belə cavab verdi: “O vaxtlar Ərzurumda 500-ə qədər tələbə oxuyurdu. İstanbulda çoxlu alim yetişib. Ərzuruma gəliblər. Bu ənənəni həmişə qoruyub saxlayıblar. Keçmiş evlərin bir otağını xüsusi olaraq bu iş üçün ayırırmışlar. Saqib Əfəndinin dərs halqası var idi. Solaqzadə Sadıq Əfəndinin[10] və Osman Əfəndinin də ayrıca dərs halqaları var idi. Ərzurumdan çoxlu alim çıxıb. Şərq bölgəsi bu baxımdan İstanbuldan daha bərəkətli idi. Ömər Nasuhi Bilmən, onun qohumu Faruk Əfəndi də Ərzurumun yetirmələridir. Hətta Cəlal Bayar Ərzuruma hər gəlişində Solaqzadə Sadık Əfəndinin əlindən öpərdi”.
Gülən Adnan Menderesin mətbuat katibi olmuş və üç ayrı hökumətdə nazir işləmiş Rifqi Danışmanın da Ərzurumdan olduğunu xatırlatdı. Rifqi Danışman (Rıfkı Danışman)[11] müfti Saqib Danışmanın (Sakıp Danışman) oğlu idi.
Ərzurumun mənəvi ab-havası, elmə dəyər verməsi konfrans verən Nəcib Fazil Qısakürəyin (Necip Fazıl Kısakürek) də diqqətindən yayınmamışdı. 1965-ci il noyabrın 29-da Qırxlarelidə konfrans verərəkən dinləyicilərin reaksiyasından razı qalmayan Nəcib Fazil Ərzurumda təşkil etdiyi “İman və Aksiyon” konfransından söz açmış, Ərzurumda gördüklərini Qırxlareli camaatına danışmışdı: “Ərzurumun qocasını cavan gördüm. Salonda o qədər adam vardı ki, arada ayaqlarımı tərpətmək istədim, masanın altından səs gəldi. Camaat masanın altınacan dolmuşdu”.
Bu hadisəni danışmasına baxmayaraq, salonda gözəçarpan həyəcan və tərpəniş görməyən Qısakürək dinləyicilərin reaksiyasını başqa şəkildə yoxlamaq istəmişdi. O dövrdə CHP-yə rəhbərlik edən İsmət İnönüyə “pilli”[12] demişdi, çünki o, eşitmə cihazından istifadə edirdi. Salondan gurultulu alqış səsləri gəlmişdi. Buna çox təəssüflənən Qısakürək: “Çox ciddi məsələlərdən danışdım, sizdən səs çıxmadı, ancaq bu qədər önəmsiz bir şeyi nə qədər alqışladınız”, – deyə salonu məzəmmət etmişdi.
Məşəqqətlə dolu tələbəlik illəri
1950-ci illərdə mədrəsə təhsili almaq min bir əziyyətlə dolu həyata qatlanmaq demək idi. Qışı sərt keçən Ərzurumun istilik problemi də həll olunmamışdı. Gülən Ərzurumda mədrəsə illərində buz kimi soyuq su ilə duş alır, soyuq daş ayaqlarını dondurmasın deyə birini götürüb o birini qoyurdu. Ərzurumun Qırxçeşmə hamamlarına getməyə imkanı olmayan tələbələr bu şəraitdə yaşamağa məcbur idilər. Kasıb tələbələr yalnız varlı insanların verdiyi talonlarla hamama gedə bilirdilər. Talon olmayanda isə dondurucu soyuqda buz kimi su ilə çimməkdən başqa çarələri yox idi.
Elə olurdu ki, pulsuzluqdan çörək ala bilmir, günlərlə ac qalırdılar. Xörəyi yatdıqları kiçik otaqda qaz sobasında hazırlayıb yeyirdilər. Bəzən dərs kitablarını da ala bilməyən Gülən o günləri belə xatırlayır: “Pulum olmadığı üçün çox vaxt dərs kitablarını belə ala bilmirdim. Çox vaxt dərs halqasının ortasında oturar, növbəm çatanadək yanımdakı yoldaşımın kitabından mənə düşən yeri əzbərləməyə çalışardım”.
Mədrəsədə oxuyanlar, xüsusilə, ramazan ayında ətraf kəndləri gəzib vəz verirdilər. Gülən atasının da təşviqi ilə 1957-ci ildə Amasiya, Sivas, Toqat və Ərzincana gedir. Bəzi vilayət müftiləri yaşı kiçik olduğu üçün Gülənin məsciddə vəz verməsinə qol qoymur, bəziləri isə icazə vermir. Gülən 1956-57-ci illərdə Ərzurumda Rasim baba adlı xocadan təsəvvüf öyrənir. 1958-ci ildə yenidən Ərzurumu tərk edir.
Ramiz bəy övladlarının sənət sahibi olmasını çox istəyirdi. 1950-ci illərin əvvəlində 2000 lirəyə Ərzurumda ev alır. Ailə 1958-ci ildə Ərzuruma köçür. Ramiz bəyin Fəthullah Güləndən başqa 5 oğlu Ərzurumda mətbəə işinə başlayır. Ayaqla işləyən, köhnə mətbəədə vizitkart, faktura kimi çap işləri görürdülər.
Fəthullah Gülən Ərzurumu uzun müddət tərk etmək qərarına gələndə 20 yaşında idi. 1958-ci ilin sonlarında Gülən Ərzurumdan Ədirnəyə gedir. Daha uzaqlara səfər etməyi planlaşdırsa da, anası Ədirnəni məsləhət görmüşdü. Çünki ana tərəfdən qohumu olan Hüseyn Top Ədirnədə xocalıq edirdi. Onu Ədirnəyə çəkən bir məqam da vardı: “Ədirnə müdafiəçisi” kimi tarixə düşən Şükrü Paşa[13] Gülənin anasının dayısı idi.
Ədirnə şəhəri 80 il Osmanlı dövlətinin paytaxtı olmuşdur. Övliya Çələbi Ədirnəni belə təsvir dir: “Bu şəhər gül-gülüstandır. Hər tərəfdən gül bağçaları ilə əhatə olunub. Burada yetişən meyvələrin dadından doymaq olmur”. Ədirnədə yerləşən Osmanlı sarayında üç min bağban işləyirdi. Sultan II Səlimə qədər Osmanlı padşahlarının yay sarayları da Ədirnədə idi. İslam dünyasında ən böyük məscidlərdən biri sayılan “Səlimiyyə” də Ədirnədədir. Ədirnə səfərə çıxan Osmanlı ordusunun ilk dayanacağı idi. Bu diyar çox müharibələr görmüşdü. Osmanlı dövründən bu yana məmurların işləmək istəmədiyi yerlərdən biri də bura idi. Cümhuriyyət dövründə siyasi münasibətlər hər dəfə gərginləşəndə əlavə qoşun yeridilən bölgələrdən biri və başlıcası Ədirnə idi. Buna görə də Soyuq müharibə illərində xoca və məmurlar bu bölgəni tərk edirdi.
O dönəmdə İstanbuldan Trakya bölgəsinə gələn hafiz tələbələr kəndlərə göndərilirdi. Ramazan ayında məscidlərdə namaz qıldırır, Quranı xətm edirdilər. Ədirnə müftisi İbrahim Akın Güləni imtahan eləyir. Müfti qabağındakı fiqh kitabının bir səhifəsini açıb Gülənin oxumasını yoxlayır. Gülənin səlis oxuduğunu görən müfti onu şəhər mərkəzində saxlayıb Ədirnədə yerləşən “Ağməscid (Akmesçit)” məscidinə göndərir. Gülən ramazan ayında məsciddə camaata namaz qıldıracaq, vəz verəcəkdi.
Gülən 1959-cu ilin əvvəlində Ankaraya gedib vaizlik imtahanı verir. Gülən Ankarada olanda prezident Adnan Menderes və türk heyətini aparan təyyarə London yaxınlığında qəzaya uğramış, prezident qəzadan sağ çıxsa da, təyyarədə olan 21 nəfərdən 14-ü dünyasını dəyişmişdi.
Bu imtahandan uğurla keçən Gülən Ədirnə müftisi olmaq üçün ərizə ilə Diyanət İşləri Başqanlığına müraciət edir. Lakin yaşı nə vaiz, nə də müfti işləməyə imkan verirdi. Çünki şəhadətnamədə Gülənin doğum tarixi 1942-ci il göstərilmişdi. Dövlət məmuru işləmək üçün isə 18 yaşı tamam olmalı idi. Həmin il Gülən Ədirnə müftisinin rəhbərlik etdiyi komissiyada xocalıq (imamlıq) imtahanı verir. Bu imtahandan da keçən Gülənin sənədləri Diyanət İşləri Başqanlığına göndərilir və Sultan Muradın tikdirdiyi “Üçşərəfəli” məscidə ikinci imam təyin edilir. Lakin yaşına görə Başqanlıq sənədlərini geri qaytarır. Gülən üstəlik hərbi xidmətə də getməmişdi.
Ədirnə baş prokuroru Qəni bəyin köməyi ilə Gülənin şəhadətnaməsində “1942-ci il” kimi göstərilən doğum tarixi məhkəmə qərarı ilə dəyişdirilib “1941-ci il” edilir. Beləcə yaşı bir il artırılan Gülən 1959-cu ildə[14] “Üçşərəfəli” məsciddə ikinci imam kimi işə başlayır. Həmin il ona 200 lirə əmək haqqı təyin olunsa da, maaşından 30 lirə tutulurdu, yəni 170 lirə alırdı.
Gülən hansı mövzuda vəz verəcəkdisə, adını əvvəlcədən məscidin girişindəki lövhəyə yazırdı. Beləcə, məscidə gələnlər mövzuları əvvəlcədən bilirdilər. Bu, yeni və gənc xocanın sadə həyatı diqqət çəkirdi. Gülən eni 2 metr, uzunluğu 1,5 metr olan məscid pəncərəsinə köçmüşdü: gecələri də orada yatardı.[15] Ədirnəli bir usta gecələr daşın üstündə yatmasın deyə yerə taxta döşəmiş, iki qapılı bir rəf düzəltmişdi. Gülən mənfi 15-20 dərəcəyə çatan Ədirnə soyuğunda “Üçşərəfəli” məscidin pəncərəsində adyalına bürünüb yatır, axşamlar da şam işığında işləyirdi. Bütün varı-yoxu kitablardan, iki adyal, iki boşqab, bir yemək qaşığı, bir stəkan və paltarlardan ibarət idi.
“O yaşlı qadını heç vaxt unutmadım”
Gülən məvacibi ilə artıq kitab və qəzetlər alır, münasib bildiyi adamların oxumasını təmin edirdi. Məsələn, Nəcib Fazil Qısakürəyin “Böyük Şərq (“Böyük doğu”)” jurnalından 3, bir yazarı da Cavad Rıfat Atilhan olan həftəlik “Azad insan (“Hür adam”)” qəzetindən 15 nüsxə alardı. Dövrünün mədəni hadisələrini yaxından izləyən Gülən tanınmış “Yeni istiqlal” qəzetinin daimi oxucusu idi. Köşə yazılarını oxuduğu yazarlardan biri də Peyami Safa idi. Özünün də qeyd etdiyi kimi, demək olar ki, satışa çıxan bütün kitabları tapıb oxuyurdu.
Ədirnədə əsa ilə güclə yeriyən Xeyriyyə adlı qoca bir qadın yaşayırdı. Bu yaşlı qadın Gülənə yemək gətirirdi. O, illər sonra 2007-ci ilin noyabr ayında söhbətlərinin birində Xeyriyyə xanımı unutmadığını dilə gətirdi. Biz onunla ABŞ-ın Pensilvaniya ştatında görüşdük. “2 il yarım Üçşərəfəli məscidin pəncərəsində yaşadım. Heç üşüdüyümü xatırlamıram. Ədirnə soyuğu Ərzurumdan geri qalmır. İçəridə soba yox idi. Əvvəlcə üstümə bir adyal, sonra da yorğan örtdüm. Soyuq havalarda bircə adyalım vardı. Həyat əsgərlik kimidir. Böyüklərimiz də belə yaşayıb. İçəridə ocaq qalamaq mümkün deyildi. 2-3 dəfə bayırda ocaq qaladıq. Əsasına söykənə-söykənə mənə kömür gətirən Xeyriyyə xanımı həmişə dualarımda yad edirəm”.
Gülən Ərzurumdakı tələbəlik illərindən səhərlər idman etməyi vərdişə çevirmişdi. Buna görə də orqanizmi xeyli möhkəm idi. Ərzurumda iliyə işləyən su ilə duş qəbul edir, Ədirnədə qışın sərt soyuğunda səhərlər məsciddə buz kimi soyuq su ilə dəstəmaz alırdı. Belə şəraitdə başqa cür yaşamaq mümkün deyildi.
Burada günlərlə ac qalır, çörək almağa pulu olmur. Bir gün bayram namazına gedirdi. Bankanın dibində qalmış azca baldan başqa dilə vurulası bir şey yox idi. Gülən ağzına qoyduğu bir qaşıq balla və başlayan mədə ağrısı ilə bayram xütbəsini oxuyur.
Ədirnədə atasından bir məktub alır. Məktubda atası “Yaqub kimi övladımdan ayrı düşdüm” deyir, Həzrəti Yaqubun çəkdiyi övlad həsrətini xatırladırdı.[16] Gülən kimi atası da oxumağı çox sevirdi. Ramiz Gülən tarlada işini qurtarıb evə gələnə kimi əlinə bir kitab alıb oxuyar, yol gedərkən şeir beytləri söyləməkdən yorulmazdı. Gülən bu gün bildiyi şeir və beytlərin çoxunu atasından eşidib əzbərlədiyini deyir.
Gülən kiçik yaşlarında Osmanlıca öyrəndiyindən atasının kitabxanasında olan bütün osmanlıca kitabları oxumuşdu. “Hələ on-on beş yaşlarımda olanda atamın iki şeyə sevgi və heyranlığı ruhuma işləmişdi: səhabələrə və Osmanlıya”. Ərzurum illərində evlərinə “Tərcuman” qəzeti gəlirdi və qəzetdən verilən “Osmanlı tarixinin ensiklopediyası” kimi kitablar onun kitabxanasında yerini tutmuşdu.
Gülən Ədirnədə yaşadığı illərdə prezident Adnan Menderes hər il 25 noyabrda keçirilən Ədirnənin qurtuluşunun ildönümü ilə əlaqədar üç dəfə buraya səfər etmişdi. Bayram şənliklərində prezidenti Silahlı Qüvvələrin başçısı general Rüşdü Erdelhun (Rüştü Erdelhun) da müşayiət edirdi. Lakin Prezident Menderes çevrilişin addım-addım yaxınlaşdığını görə bilmirdi.
Gülən 27 may 1960-cı il çevrilişi olanda Ədirnədə idi. Çevriliş “ab-havası” bütün Türkiyədə hiss olunurdu. Bəzi müftilər çevriliş etmiş hərbçilərə yaxın görünüb sürgünə göndərilməkdən canlarını qurtarmaq üçün bığ və saqqallarını da kəsirdilər. O gərgin günlərdə Gülən diqqətlə hərəkət edirdi. Oxuduğu kitab və qəzetləri paltarının altında gəzdirirdi.
Çevrilişdən sonra Ədirnəyə vali (icra başçısı) təyin olunan təqaüdə çıxmış polkovnik Sədri Sarptır (Sadri Sarptır)[17] dörd illik valiliyi müddətində Ədirnə dindarlarına heç bir təzyiq göstərmir. Sarptır Güləni ətraflı araşdırandan sonra onun haqqında müsbət fikrə gəlir. O vaxt Gülən hələ 22 yaşında idi. Yeni Ədirnə valisinin çevriliş havasından qaynaqlanan yalan-yanlış xəbərlərə əhəmiyyət verməyib dindar insanları sıxışdırmamasını təqdirlə izləyirdi. Halbuki Sədri Sarptırdan sonra gələn vali Fərid Qubad hərbçi olmasa da, Gülən onun dövründə ciddi problemlərlə üzləşəcəkdi.
1961-ci ilin axırlarında hərbi xidmətə yollanan Gülən 1961-ci il noyabrın 10-da Ankara Mamakda Rabitə məktəbində hərbi xidmətə başlayır. Rabitə alayı birinci tabur birinci bölüyə düşür. Gülən cümə günlərində alayın 30-40 nəfərlik məscidində xütbə oxuyur, namaz qıldırırdı. 1962-ci il mayın 14-də Qurban bayramı günü alayın məscidində zabit və əsgərlərə bayram namazı qıldırmışdı.
Gülən Rabitə məktəbində 22 fevral 1962-ci il hərbi xidmətdə olarkən Ankarada hərbi çevrilişə cəhd göstərilir. Quru Qoşunları Hərbi Məktəbinin Komandiri polkovnik Tələt Aydəmir (Talat Aydemir) 27 May çevrilişinin nəticələrindən razı qalmadığı üçün çevrilişə təşəbbüs etmişdi. Gülənin əsgərlik etdiyi Rabitə alayı Aydəmirin tərəfində idi. Qiyamçılar Türkiyə Böyük Millət Məclisini və Silahlı Qüvvələrin Qərargahını mühasirəyə alır. Qərargahda olan zabitlər əmr verməyə hərbi hissə tapa bilmirdilər. Millət vəkilləri və senatorların böyük əksəriyyəti Ankaranı tərk etməyə başlamışdı. Lakin Silahlı Qüvvələrin ikinci şəxsi general Məmduh Tağmaç (Memduh Tağmaç) qiyamçılara atəş açılmasını əmr edərək Qərargaha daxil olub vəziyyətə müdaxilə edə bilir. Kənan Evrənə görə, general Tağmaç və Silahlı Qüvvələrin başçısı general Cevdət Sunayın (Cevdet Sunay) bu cəsarəti olmasaydı, polkovnik Tələt Aydəmir Türkiyənin idarəsini ələ keçirəcəkdi.[18] Beləliklə, Aydəmirin çevriliş cəhdi uğursuzluqla nəticələnir. Razılaşmaya əsasən, mühakimə olunmamaq şərti ilə təslim olan Aydəmir ordudan xaric edilir.
Gülən səkkiz ay Ankara Mamakda qalandan sonra əsgərliyinin qalan hissəsini çəkmək üçün 1962-ci ilin yayında İskəndəruna göndərilir. İskəndərunda hərbi xidmətdə ola-ola İskəndərun mərkəzi məscidində vəz verir. Əsgərlik paltarının üstündən cübbə geyinib kürsüyə çıxırdı. Doğma yurdu Ərzurumda ona “Ədirnəli Xoca”, burada isə “Əsgər Xoca” deyə xitab edirdilər.
Ədirnə illərində az yeməyə vərdiş edən və əsgərlikdə rabitəçi olan Gülən “Mən başqa əsgərlər kimi xidmət etmirəm. Halal olmaz” deyib nə Ankarada, nə də İsgəndərunda əsgərlərə verilən yeməyə əl uzadır. Hətta əsgər paltarını da bir müdavimdən pulla alır. İskəndərunda Gülənin yeməyi ancaq zeytun, çörək və bəzi hallarda kartof soyutmasından ibarət idi. Yeməyini də rabitə maşınının içində yeyirdi. Zəifləyib taqətdən düşmüşdü. 1962-ci ilin payızında bərk xəstələnir. Xəstəliyin ilk günlərində həkim ciddi bir problemin olmadığını desə də, bir neçə gün sonra Gülənin bütün bədəni sapsarı saralır. Uzun müddət xəstəxanada yatan Gülənə havasını dəyişmək üçün üç aylıq məzuniyyət verilir. Ailəsinin yanına qayıdan Gülən məzuniyyətini bir ay da uzadaraq dörd ay Ərzurumda qalır. Məzuniyyətdə də vəz kürsülərini buraxmır. Dörd aydan sonra yenidən İskəndəruna hərbi xidmət yerinə qayıdır.
İskəndərunda komandirləri Güləndən çox razı idilər. Hərbi hissədə hərbi həkim olan mayor Necdət Özkan (Necdet Özkan) Gülənə dar günündə arxa olur, hətta zorla 20 lirə pul da verir. Gülən komandirinin verdiyi pulu almaq istəmir. Bunu görən mayor Özkan: “Mən sənin komandirinəm, əmr edirəm, bu pulu götür”, – deyəndə çarəsiz qalıb götürür.
Gülən bu pulu komandirinin əmri ilə alsa da, bunu heç vaxt unutmur. Uzun müddət sonra 1986-cı ildə dostu Sadəddin Başərlə (Saadettin Başer) söhbət edərkən: “Komandirim mayor Necdət Özkanı necə tapa bilərik? Əsgərlikdə mənə pul vermişdi. Xocalığıma hörmət edib verdiyi pulu özünə qaytarmalıyam”, – deyir. Başər mayor Özkanın telefonunu axtarıb tapır. Mayor Özkan göz həkimi idi. O ərəfədə İstanbulda bir müayinə mərkəzi vardı. Gülən Başərlə birlikdə mayor Özkanı ziyarət edir. Özü ilə bir hədiyyə də aparan Gülən çətin günlərdə ona yaxşılıq edib əl tutan komandiri ilə halallaşır.[19]
Mayor Özkan həmişə Gülənin İskəndərunda verdiyi vəzləri dinləməyə gələrdi. Hətta bir gün Gülənə: “Xocam, çox sürətli danışırsınız, sizə çata bilmirəm”, – demişdi. Gülən “Əvvəllər çox sürətli danışırdım. Evdə məni bircə anam başa düşürdü. Sonradan özümü sıxasıxa danışıq tərzimi dəyişdim”, – deyir.
İskəndərunda onun vəzlərini dinləyən bölük komandiri kapitan Mahmud Mardin (Mahmut Mardin) də ondan çox təsirlənir. Hətta: “Mən xütbələrinə çox qulaq asdım. İndi səni evinizə göndərirəm. Tərxis sənədin sonra gələcək”, – deyib Güləni 34 gün əvvəl ordudan tərxis etdirir. Beləcə Gülən 1963-cü ilin mart ayında hərbi xidmətini başa vurub ana vətəni Ərzuruma qayıdır.
Gülən 40 il sonra ABŞ-da olarkən polkovnik rütbəsində təqaüdə çıxmış keçmiş komandiri 80 yaşlı Mardinlə telefon əlaqəsi saxlayır. İllər keçsə də, telefonda ona “Komandirim” deyə müraciət edir.
İlk xəbər, ilk sorğu-sual
Hərbi xidmətini bitirib Ərzuruma – ailəsinin yanına qayıdanda anası və əmisi onun üstünə düşüb evləndirməyə çalışır. Lakin Gülən qəti şəkildə “yox” cavabını verir. Əmisi ona: “Bax oğlum, bu təklifi sənə bir də 30 yaşına çatanda edəcəklər. O vaxt da qəbul etməsən, ondan sonra bu iş heç vaxt baş tutmaz” deyir. Əmisi yanılmamışdı: 1968-ci ildə İzmirdə olarkən ailə qurmağı təklif edirlər.[20]
Əsgərlikdən sonra 1964-cü ilin yayınadək təxminən bir il Ərzurumda qalan Gülən yenidən Ədirnəyə qayıdır. Burada o, “Ədirnəli xoca” kimi tanınırdı. Ədirnədə kiçik bir məscidin ikinci imamı işləyəcəkdi. 4 iyulda işə başlayır. Gülən bu vəzifəyə məscid imamı çox yaşlı olduğuna görə təyin edilmişdi. Müftilik maaşın yarısını ona, yarısını isə işə gələ bilməyən qoca imama ayırırdı. Ancaq Gülən aldığı yarı məvacibi də bəzən yaşlı imama göndərirdi. Hal-hazırda ilahiyyat elmləri üzrə professor olan Suat Yıldırım həmin il Ədirnə müftisi təyin edilir. O, bir müddət Gülənlə bir evdə qalır.
Gülən və Yıldırım Ədirnədə yemək ziyafəti dəvətlərinə getmirdilər. Məqsəd sadə həyat yaşamaqla məscid imamları əleyhinə gəzən söz-söhbətlərə son qoymaq idi.
Çox keçmədən Gülən əleyhinə məlumat ötürülür və “Ədirnəli xoca” nəzarət altına alınır. Ədirnədə bir bayram xütbəsi verərkən imam xətib (imam hatip) məktəblərini nəzərdə tutaraq: “İnşallah, belə bir məktəb çox keçmədən Ədirnədə də tikilər, önündə bayrağımızın dalğalandığını görərik”, – demişdi. Bu sözləri təhrif edib “Şəriət bayrağı dalğalandırmaq istəyir” şəklində polis idarəsinə ötürmüşdülər. Məlumatı alan polis onun Suat Yıldırımla birlikdə qaldığı evə soxulub axtarış aparır. Hətta bir polis məmuru polis məntəqəsində Güləni itələyib pilləkənin boşluğuna salmaq istəyir. Bu əsnada Gülənin qaşı yarılır. İşi aparan prokuror Güləni tanımamış deyildi məscidə gedib xütbələrini dinləmişdi. Buna görə də sərbəst buraxılması haqda qərar qəbul edir. Gülən bəraət alsa da, öz deyimi ilə “gəncliyinin gözəl günlərinə şahid olan Ədirnə”nin artıq dadı-duzu qalmamışdı.
1965-ci ildə vaiz və müfti vəzifələrində işləmək üçün ilahiyyat fakültəsi və ya Ali İslam İnstitutunu bitirmək şərti qoyulur. Ancaq bu şərt Gülən kimi vaizlərə şamil olunmur. Onlara birbaşa vaizlik sənədi verirlər. Gülən 1965-ci ilin iyul ayında Qırxlarelinə vaiz təyin olunur. Gülənin Ədirnəni tərk etməsində təzə vali Fərid Qubad (Ferit Kubat)[21] az rol oynamır. O, bir gün bütün imamları bir yerə yığıb Gülənin gözlərinin içinə baxa-baxa: “İçinizdə xainlər var, onları əzməlisiniz” demişdi. Üstəlik vali onun vaizlik sənədini də müvəqqəti əlindən almışdı.
Məsələ aydın idi. Gülən və Qubad fərqli dünyaların insanı idi. Gülən aktiv xoca olduğuna və vəzifəsini layiqincə yerinə yetirmək üçün dayanmadan çalışdığına görə solçu vali Qubad ona xain gözü ilə baxırdı.
Gülən 1965-66-ci illərdə Qırxlarelində (Kırklareli) Xızırbəy məscidində işləyir. Qırxlarelində sosial demokrat düşüncə və ideyalar güclü yayıldığına görə buranın camaatını məscidə gətirmək o qədər də asan deyildi. Ancaq namaz qılmayan insanlar belə Gülənin vəzlərini dinləmək üçün məscidə gəlirdi.
O dövrdə vətənpərvər mühafizəkarların idealı olan Nəcib Fazil Qısakürək 29 noyabr 1965-ci ildə Qırxlarelində təşkil edilən konfransa dəvət edilir. Konfransın təşkilatçılarından biri də Gülən idi. Şəhər bələdiyyəsinin zalında toplaşan konfrans iştirakçıları o axşam N. F. Qısakürəyin “Halımız, Yolumuz, Çarəmiz” çıxışını dinləyirlər. Həmin ərəfədə Qırxlareli “Türkiyənin geridə qalmasının səbəbləri” mövzusunda başqa bir konfransa da ev sahibliyi edir.
Gülən Qısakürəyin müxtəlif şəhərlərdə təşkil etdiyi konfranslarda da iştirak edirdi. Məsələn, 1966-cı ilin qışında Qısakürəyin Ankarada keçirdiyi “Mehmetçik” adlı konfransa qatılmışdı. O illərdə Ankarada Dövlət Planlaşdırma Təşkilatının baş katibi Turqut Özal da bu konfransın dinləyiciləri arasında idi.[22]
O dövrdə bəzi dairələr tərəfindən hər cür dini fəaliyyətlərə mürtəce damğası vurulurdu. Qırxlarelidə dərc olunan yerli “Atayolu” qəzeti Gülənin 29 oktyabr 1965-ci il tarixli cümə xütbəsini “İnqilablara təcavüz (Devrimlere saldırı)” sərlövhəsi ilə çap etmişdi. Bundan sonra Gülən barəsində istintaq işi açılsa da, çox keçmədən dayandırılır.
Üç liderdən siyasətə dəvət
Ədirnədə olduğu kimi, Qırxlarelidə də Güləni evləndirmək istəyir, “Burada evlən, burada qal” deyirdilər. Amma Gülən: “Mənim evlənəcəyim xanım 300 il əvvəl öldü” cavabını verirdi. Gülən bu sözləri ilə, əslində, incə bir tarixi məqama toxunurdu. Çünki o, Türk millətinin 300 ildir, öz layiqli yerindən məhrum olduğunu düşünürdü. Osmanlı Dövləti 1600-cü illərdən etibarən zəifləməyə və müharibələrdə məğlub olmağa başlamışdı. Bu dövr Osmanlının tənəzzülündə başlanğıc nöqtəsi idi. Düzdür, Milli Azadlıq mübarizəsi nəticəsində Cümhuriyyət qurulsa da, Türkiyə qüdrətli ölkə statusundan çox uzaq idi. Yenidən böyük bir dövlət olmaq asan deyildi. Türkiyənin yenidən qüdrətli dövlətə çevrilməsi bir insan ömrünə sığmayan zaman kəsimində və bir neçə nəslin səyləri ilə gerçəkləşə bilərdi.
Səkkiz ay Qırxlarelidə qalan Gülən bəzi yerli dövlət məmurlarının davranışlarını özünə qarşı təzyiq kimi qiymətləndirərək 1966-cı ilin fevral ayında 20 günlük məzuniyyətə çıxır. Ədirnədən sonra Qırxlarelini də tərk etmək zamanı gəldiyini düşünən Gülən Ankaraya gedib ilk Diyanət İşləri sədr müavini Yaşar Tunagurla (Yaşat Tunagür) görüşür. Tunagur Suat Yıldırımdan əvvəl Ədirnə müftisi idi. 27 may 1960-cı il çevrilişindən sonra Ədirnədə işlədiyi üçün Güləni yaxından tanıyırdı. Ədirnədən sonra İzmir vaizi işləyən Tunagur 1965-ci ildə Ədalət Partiyasının iqtidara gəlməsi ilə Diyanət İşləri Başqanlığında sədr müavini olmuşdu. Tunagur İzmirdə yarımçıq qalan vaizlik vəzifəsini Gülənə həvalə etmək istəyirdi. Amma Gülən “İzmir məni udar. Mümkünsə, Şərq bölgəsində daha kiçik vilayətə təyinat verin” deyə etiraz edir.
Amma Tunagur Gülənin bu etirazına məhəl qoymadan İzmirə təyinat ərizəsini hazırladıb, onu bir az da məcbur edib sənədi imzalatdırır. Gülənin İzmir vaizliyinə təyin olunması haqqında 11 mart 1966-cı il tarixli sənədi Diyanət İşləri Başqanlığının sədri İbrahim Elmalı imzalayır. Beləliklə, Gülən 28 yaşında İzmir vaizi və İzmirin mərkəzində yerləşən Kəstanəbazarı məscidinə[23] məxsus yataqxananın müdiri olur. Onun Qırxlarelini tərk etməsi xəbəri medianın da diqqətindən yayınmır: “Yaşılyurd” qəzeti 1966-cı il 28 mart tarixli sayında yazırdı:
“Bir ilə yaxındır, şəhərimizdə vaizlik edən gənc vaizlərimizdən Fəthullah Gülən İzmir Mərkəzi Vaizi təyin olunmuşdur. Verdiyi vəzlərlə ziyalıların diqqətini çəkən Fəthullah Gülənə yeni vəzifəsində uğurlar diləyirik”.
Gülən Ədirnə və Qırxlarelidə olduğu kimi İzmirdə də aktivliyini davam etdirir. Yataqxananın Quran təhsili alan təqribən 400-500 şagirdi ilə məşğul olur, hər həftənin axırında da Egeyin Aydın, Ödəmiş, Tirə və Salihli bölgələrinə gedib vəz verirdi.
Gülən İzmirə gələndən 6 ay müdir otağında qalıb kresloda yatır. Daha sonra isə məscidin həyətində onun üçün taxtadan düzəldilmiş 4 m2-lik kiçik bir evə köçür. Ev iki hissədən ibarət idi, bir hissəsində yatağı və kiçik kitab rəfi yerləşirdi. Bura o qədər kiçik idi ki, axşam yatarkən ayağını rahat uzada bilmirdi. İçəridə nə hamam, nə də ayaqyolu vardı. Evin qabaq hissəsində isə gələn qonaqlar üçün çay dəmləyirdi. Bu taxta koma qışda olduqca soyuq, yayda isə həddən artıq isti olurdu.
1968-ci ildə Fransada başlayan tələbə hərəkatı bütün Avropanı bürüyərək Türkiyəni də öz cənginə almışdı. Gülən bu ərəfədə həm Kəstanəbazarı yataqxanasında idarəçi işləyir, həm də şagird və tələbələr üçün düşərgələr təşkil edirdi. 1968-ci ildə İzmirin Buca rayonundan 10 kilometrlik məsafədə yerləşən Qaynaqlar kəndi yaxınlığında üç çadırdan ibarət ilk düşərgəsini qurur. Düşərgəyə təxminən 60-70 tələbə gəlir. Çadırın qurulduğu yer Kəstanəbazarı yataqxanasının ərazisi idi. Gülən düşərgənin salınmasını belə izah edirdi: “Məqsəd üç aylıq yay tətilində kəndlərinə dağılışan şagird və tələbələrin təbiətin qoynunda ruhi-mənəvi və fiziki inkişafını təmin etmək, yay aylarında təhsildə yaranan boşluğu doldurmaqdır”.
İzmir civarında Qırmızı Aypara Cəmiyyəti, ləpirçilər və müəllimlər də düşərgələr təşkil edirdilər. Lakin Gülən kitab oxumağa və fərdi inkişafa üstünlük verən yeni bir düşərgə növü ortaya qoyurdu. Düşərgədə iştirak edən şagird və tələbələrin sayı ildən-ilə artır. İzmirin müxtəlif bölgələrində belə düşərgələrin təşkili 1970-ci illərə qədər davam edir. İyundan sentyabr ayınacan – yəni üç ay davam edən bu düşərgələrdə tələbələr kitab oxumaqla yanaşı, zehni, fiziki və ruhi-mənəvi inkişafa təkan verən müxtəlif idman növləri ilə də məşğul olurdular.
Gülən yay aylarından payıza qədər davam edən düşərgələrdə boş dayanmır, bel götürüb su quyusu, ayaqyolu və zibil çuxuru qazırdı. İlk düşərgədə aşpaz olmadığı üçün yemək işlərinə də özü baxır, yeməklərdən əlavə, muhalləbi[24] və pendir dadlısı[25] hazırlayıb şagird və tələbələrə paylayırdı. Düşərgə generatorla işıqlandırılırdı. O, tez-tez xarab olan generatorun təmirini də öz üzərinə götürmüşdü.
Gülən tələbələri üçün əlindən gələni əsirgəmirdi. Bir tələbəsinin oğurluq üstündə yataqxanadan qovulmasına çox kədərlənmiş, pilləkəndə oturub arxasınca göz yaşı tökmüşdü. Bəzi dəcəl tələbələr nə yataqxana, nə də düşərgənin nizam-intizamına riayət edirdi. Bir gün İzmirin İnci Kinoteatrında Yılmaz Güneyin bir filminin təqdimatı keçiriləcəkdi. Yılmaz Güney bununla əlaqədar İzmirə gəlmişdi. Həmin gün Gülənin dörd tələbəsi düşərgədən qaçıb gizlicə kinoteatra getmişdi. Məsud Erişən də onların arasında idi. Yılmaz Güneyi dövrəyə alıb sual verənlərdən biri də o idi. Y. Güney Ərişənin “Hansı yeməyi sevirsiniz?” sualına “Quru lobya” cavabını vermişdi.
Gülən bu yaşlarda olan uşaqların psixologiyasını belə xarakterizə edirdi: “Uşağa bir şey danışırsınız, sizi göz yaşları ilə dinləyir. Ancaq bir də baxırsınız ki, on dəqiqə sonra kinoteatrda yeni filmin premyeradadır”. Gülənin aylıq maaşı 400-500 lirə[26] idi. Bunun bir hissəsini qrup nümayəndəsi Mehmet Biniciyə verib ehtiyacı olan tələbələrə paylatdırırdı. Üç il sinif nümayəndəsi olan Binici bu müddət ərzində Gülənin həmişə tələbələr üçün pul ayırıb ona verdiyini deyir. O illərdə əksəriyyəti kənd yerlərindən olan şagird və tələbələrin ən sevimli yeməyi peçenye arasına qoyulmuş lokum idi.
Vaizlik maaşından başqa gəliri olmayan Gülən hər gün on saat dərs deməsinə baxmayaraq, dərs başına əlavə verilən 10 lirə və bir sutkalıq növbətçiliyə ayrılan 17 lirəni almırdı. Halbuki o, gündə 10 saat dərs deyir və əksər günləri ayaq üstə keçirirdi.
Maaşının çox az hissəsindən istifadə edən Gülən sadə yeməklərlə qane olurdu. Yataqxananın yeməklərini yemir, kənardan pendir və mandarin alırdı. Əksər günlərini soğan-çörəklə keçirirdi. Hətta sinfə girəndə tələbələr narahat olmasın deyə bəzən “Biz soğanı çox sevirik, ağzımdan soğan iyi gəlmir ki?” deyib əvvəlcə tələbələrin reaksiyasına baxır, sonra da bir soğan lətifəsi danışıb onları güldürürdü.
Gecə yarısı yataqxananın ayaqyolusunu təmizləyir, başqa vaxt yataqxananın həyətini su ilə yuyur, Qurban bayramı günlərində hamı yatandan sonra qalxıb onlarla qurban kəsilmiş yataqxana həyətini təmizləyirdi. Kömək təklifini qəbul etmir, başladığı işi özü bitirirdi. 1950-ci illərdə də Ərzurumda mədrəsədə oxuyarkən əlində şlanq ayaqyolunu təmizləyərdi.
Gülən yataqxanada dəstəmaz və duş alarkən istifadə etdiyi suyun pulunu hesablayıb ödəyirdi. Hətta o illərdə Ankaradan gəlib bir neçə ay yanında qalan dostu Ərdoğan Tüzünü (Erdoğan Tüzün) də ancaq öz pulu ilə aldığı yeməklərə qonaq etmiş, üstəlik onun istifadə etdiyi suyun pulunu da hesablayıb vermişdi. O, yataqxanaya aid dəsmal və s. kimi əşyalardan da istifadə etmirdi.
İzmirdə çalışdığı illərdə Nəcməddin Ərbakan (Necmettin Erbakan) siyasət səhnəsinə çıxmış, Milli Nizam Partiyasını qurmuşdu. Ərbakan 1969-cu ildə İzmirə, düşərgəyə gedib Gülənlə görüşür. Düşərgədəki gəncləri görən Ərbakan Gülənə: “Bu uşaqlarla işləməyi buraxın. Siyasət vətənə xidmət etmək üçün ən yaxşı yoldur” deyir. O illərin Türkiyəsində “masonlarla” və “sionizmlə” mübarizə apardığını bəyan edən Ərbakan bütün dindarları öz ətrafında toplamağa çalışır və bunun zəruriliyinə inanırdı. Bu məqsədlə Güləni yeni qurduğu partiyaya dəvət edir. Lakin onu razı sala bilmir. Çünki Gülən siyasətə qatılmamaqda qərarlı idi. O, Türkiyənin qurtuluşunu mənəvi dəyərlərdən uzaq yetişən, böyüyüncə sağ və sol qütblərə bölünən gənclərə sahib çıxmaqda görürdü. Gülənin fikrincə, bunu da ancaq siyasətfövqü bir yanaşma ilə və cəmiyyətin bütün təbəqələri ilə işləməklə gerçəkləşdirmək mümkündü.
Ərbakan kimi digər partiya liderlərinin təklifi də Güləni qərarından döndərə bilmir. Ədalət Partiyasının sədri Süleyman Dəmirəl millət vəkili Saleh Özcanın (Salih Özcan) vasitəçiliyi ilə Gülənlə görüşmək istəmişdi. Bundan başqa, MHP (Millətçi Hərəkat Partiyasının) lideri Alparslan Türkeş də Gülənə bir məktub yazmışdı. Lakin Gülən bu iki liderin görüş istəyini də qəbul etməmişdi.[27]
Gülən 1966-ci ildən 1971-ci il 12 mart çevrilişinə qədər İzmirdə keçən beş il ərzində yataqxanada müdir, məsciddə vaiz, düşərgədə təşkilatçı işləyir, çayxanalara gedib insanlarla söhbət edir. 1966-cı ilin payızında İzmir Türk Ocağında verdiyi “Yoldakı İşarələr”adlı konfransın dinləyiciləri arasında Egey Universitetinin müəllimləri və İzmir Ədliyyə Şöbəsinin hakimləri də vardı. 28 yaşında saçlarının çoxu ağaran Gülən bu konfransında Qurani-Kərimin elm və texnologiyaya aid möcüzəvi cəhətlərindən bəhs edir. Allahın hər bir peyğəmbərə elm və texnologiyanın ən zirvə nöqtələrinə aparan möcüzələr lütf etdiyini vurğulayır.
O vaxtlar yaxın dostlarının dediyinə görə, Gülənin İzmir və ətraf bölgələrdə gedib söhbət etmədiyi çayxana, demək olar ki, qalmamışdı. İlk belə söhbət 1968-ci ildə Ziyalılar Cəmiyyəti tərəfindən təşkil edilmişdi.[28] İlk söhbət isə Buca vilayətində Yaylacıq Məscidinə bitişik qiraətxanada (o vaxtlar buralarda daha çox kart oynayırdılar) baş tutur. Gülənin söhbətindən sonra qiraətxanada kartlar kitablarla əvəz olunur. Qiraətxana sahibi bütün kartları yandırıb məhv edir. Digər söhbəti isə Memarlıq fakültəsinin yaxınlığında yerləşən universitet qiraətxanasında olur. Əksər dinləyiciləri tələbələrdən ibarət olan bu söhbət təxminən dörd saat çəkir. Adamların çoxluğundan yollar bağlanır, bələdiyyə avtobuslarının gediş-gəlişi çətinləşir. Bu toplantıların keçirilməsi üçün İzmir Polis İdarəsi Birinci Şöbədən (Siyasi Şöbə) rəsmi icazə alınırdı. Bu cür söhbətlər get-gedə o qədər çoxalır ki, Siyasi Şöbə ümumi icazə qərarı verir. İcazə qərarına görə, hər çərşənbə axşamı və cümə axşamı günləri yerli polis idarəsinə əvvəlcədən məlumat verməklə belə söhbətlər təşkil etmək olardı.
“İmkanlı şəxslər hərəkətə gələrsə...”
Türk Silahlı Qüvvələrinin 17 mart 1971-ci il hərbi müdaxiləsindən 20 gün keçirdi. Fəthullah Gülən aprelin 2-də dostu, ədəbiyyat müəllimi Ərdoğan Tüzünün toy məclisində iştirak etmək üçün İstanbula gəlmişdi.
Elə o gün də Bədiüzzaman Səid Nursinin tələbəsi Zübeyr Gündüzalp İstanbulda dünyasını dəyişir. İslam uğrunda şam kimi yanan, hər şeyini fəda edən Zübeyr Gündüzalpa Gülənin böyük rəğbət və sevgisi vardı. Yas da, toy da həyatın danılmaz gerçəkləridir. Gülən gündüz Gündüzalpın dəfn mərasiminə, axşam da dostu Tüzünün toyuna gedir.
Gülənin dostu, Hacəttəpə Universitetinin Tibb fakültəsində assistent işləyən İbrahim Ərkul (İbrahim Erkul) da İstanbula toy mərasiminə təşrif buyuran qonaqlar arasında idi. Gülən Ərkulla 7 il əvvəl Ankarada tanış olmuşdu. Hacəttəpə Universitetinin qurucusu İhsan Doğramaçı (İhsan Doğramacı) Ərkulu Ankara Tibb fakültəsini bitirdikdən sonra – 1968-ci ildə təhsilini davam etdirmək üçün ABŞ-ın Yale Universitetinə göndərmiş, orada təhsil almasını təmin etmişdi.
Ordu müdaxilə edib hökuməti devirsə də, Türkiyə hələ də qazan kimi qaynayırdı, ictimai və siyasi sabitlik bərqərar olmamışdı. O gecə İstanbulda olan Gülən və Ərkulun qalmağa yerləri yox idi. Hər ikisinin də fikri qarmaqarışıqdı. Səhər açılana qədər heç birinin gözünə yuxu getmədi. Gah Fateh məscidinin ətrafında gəzindilər, gah da sahildə skamyada oturub sabahacan Türkiyənin gələcəyindən danışdılar
Ordunun müdaxiləsi ilə Baş Nazir Süleyman Dəmirəl istefa vermiş, CHP-dən istefa edən Nihad Erim (Nihat Erim) isə bitərəf hökumət qurmuşdu. Nihad Erim sabitliyi və ictimai asayişi pozmaqla, insanları meydanlara tökməklə çevrilişə zəmin hazırlayan sağ və sol qütblərə həddini bildirəcəyini bəyan edirdi. Yeni hökümətin vəzifəsi ölkədə terrora son qoymaq idi.
Qarşıdurma və qütbləşmə təkcə universitetləri deyil, cəmiyyətin bütün sferalarını bürümüşdü. Silahlı Qüvvələrin başçısı general Məmduh Tağmaç Baş Nazir Süleyman Dəmirəllə görüşündə “Ordu əldən gedir” demişdi. İnqilab vasitəsilə sistemi dəyişdirməyə tərəfdar olan solçular Türk Silahlı Qüvvələrinə əl atmışdı. General Tağmaç bu inqilabçı zabitlərin çevriliş edəcəyi təqdirdə çevrilişin ağır nəticələrə gətirib çıxaracağını deyirdi:
Türkiyə quruluşuna görə nə Bolqarıstan, nə Çexoslavakiya, nə də Macarıstana bənzəyir. Türkiyədə kommunist sistemin hakim olması onu tamamilə Sovet İttifaqından asılı vəziyyətə düşməsi və beləcə sonuncu Türk dövlətinin də məhv olub getməsi deməkdir.[29]
O dövrdə 35 milyon əhalisi olan Türkiyədə cəmi yeddi universitet və bir neçə akademiya[30] fəaliyyət göstərirdi. Türkiyə məhz bu elm ocaqlarında cərəyan edən hadisələrin əsirinə çevrilmişdi. 12 iyun 1968-ci ildə İstanbul Universitetinin Rektorluğunu ələ keçirən Dəniz Gəzmiş (Deniz Gezmiş) və yoldaşları belə şüarlar səsləndirirdilər: “Amerikan əlaltıları, sevirlər paraları, biz haqq-hesab çəkməyə gəldik, inqilab etməyə gəldik...“ Dəniz Gəzmiş üzünü rektor Əkrəm Şərif Egeyliyə (Ekrem Şerif Egeli) tutub: “İnqilab istəyirik, Universitetdə islahat və söz haqqı istəyirik” deyirdi.
Bankların talanması, insan oğurluğu, evlərə bomba atılması, fəhlə tətilləri adi hal almışdı. 17-20 yaşlarında olan gənclər iki düşmən cəbhəyə bölünmüşdü. Məzhəbləri qarşıdurmaya sürükləmək üçün İskəndərunun Qırıqxan rayonu kimi bölgələrdə məscidlərə bomba atılırdı. Hətta Ankarada Ərdal İnönü (Erdal İnönü), professor Muammer Aksoy kimi insanların evinə partlayıcı qoyulmuşdu.
Çevrilişdən 3 ay əvvəl, 1970-ci ilin dekabr ayında bir milyon işçi tətilə çıxmış, bir ay sonra da Orta Doğu Texniki Universiteti qeyri-müəyyən müddətə bağlanmışdı. Həmin ərəfədə Ankarada Siyasi Elmlər Fakültəsində qarşıdurma baş vermişdi: tələbələr tüstü bombaları ilə universitetə daxil olan polisi tapança, tüfəng və dinamit kimi odlu silahlarla qarşılamışdılar. Bir ay sonra isə İstanbul və Hacəttəpə Universitetləri bir müddətliyə fəaliyyətini dayandırmalı olmuşdu. Ertəsi gün Hacəttəpə tələbə yataqxanası döyüş meydanına çevrilmiş, qarşdurma zamanı 15 tələbə yaralanmış, 191 tələbə isə həbs olunmuşdu. Tələbələr Ankara-Əskişəhər yolunu bağlamış, “Dev-Gənc”ə[31] mənsub bir qrup “Kənd təsərrüfatı” fakültəsinə basqın etmişdi. Çevrilişdən 6 gün əvvəl 2500 nəfər Jandarma və 1000 polis təhlükəsizliyi təmin etmək üçün Orta Doğu Texniki Universitetinə daxil olmuşdu.
Çevrilişdən sonra təkcə anarxist hadisələrdə iştirak edən gənc və inqilabpərəst zabitlər təqib və həbslərlə üzləşmir. Hərbi çevriliş mahiyyətcə qeyri-qanuni müdaxilə idi. İstər sağçı, istərsə solçu olsun – ictimaiyyət arasında tanınan insanlar çevrilişin hədəfinə çevrilir. O günlərdə Fəthullah Gülən hələ həbs edilməmişdi.
Jurnalist Çətin Altan (Çetin Altan) və İlhan Səlcuq çevrilişdən qısa müddət sonra, aprel ayında İstanbulda nəzarət altına alınır. Ankarada isə “Cümhuriyyət” qəzetinin yazarı Uğur Mumcu, Siyasi elmlər fakültəsinin dekanı, professor Mümtaz Soysal, professor Uğur Alacakaptan, Diyanət İşləri Başqanının müavini, Gülənin dostu Yaşar Tunagur nəzarət altına alınır.
2 aprel 1971-ci ilin axşamı İstanbul Fateh məscidinin ətrafında yaxın dostu Ərkulla səhərə qədər söhbət edən Gülən bu vəziyyətə çıxış yolu göstərir: “İmkanlı şəxsləri hərəkətə gətirə bilsək və onlar məktəb açsa, bu məktəblərdə təhsil alan uşaqlar yaxşı yetişdirilsə, anarxiyaya yem olmasalar, Türkiyənin gələcəyi xilas olar”. [32]
Gülən Türkiyənin anarxiya ilə üzləşməsini universitet gəncliyinin inanc zəifliyində görürdü.
33 yaşlı Gülən 6 il idi, tələbələrlə məşğul olurdu. 1966-cı ilin əvvəlindən 1970-ci ilə qədər təxminən dörd il yarım İzmirin mərkəzində yerləşən və o dövrün Türkiyəsində yeganə olan Kəstanəbazarı tələbə yataqxanasında müdir işləmiş, eyni zamanda İzmirin Gözəlyalı bölgəsində yeni bir tələbə yataqxanasının açılmasına rəhbərlik etmişdi.
Gülənin fikrincə, ölkənin bu günü və gələcəyi naminə bir iş görüləcəksə, bu, cəmiyyətin bütün təbəqələrini əhatə etməli idi. Türkiyəni 12 Mart çevrilişinə sürükləyən ictimai problemlərin köklərini də cəmiyyətin bütün təbəqələrində axtarmaq lazım idi. Buna görə də Gülən məsciddə vəz verib söhbət etməklə, yataqxanada qalan 400 tələbə ilə məşğul olmaqla işini bitmiş hesab etmirdi. Onun 12 Mart çevrilişindən 20 gün sonra İstanbulda dostu Ərkulla söhbət edərkən dediyi “Bu ölkənin imkanlı şəxsləri məktəblər açıb gənclərə sahib çıxsalar, Türkiyənin gələcəyi xilas olar” sözləri də yeni bir fəaliyyətdən xəbər verirdi.
Gülənin həbsxanada gördüyü gənclər
Artıq ölkə anarxiyaya sürüklənmişdi, güllənin hədəfi bəlli deyildi. Gülən İstanbuldan İzmirə qayıdandan bir ay sonra 1971-ci il mayın 3-də nəzarət altına alınır. 21 gün nəzarətdə saxlandıqdan sonra hərbi prokuror Mayor Nurəddin Soyərə ifadə verir, ardınca da hərbi rejimin hərbi məhkəməsinə göndərilib həbs edilir.
İzmirdə Gülən və yoldaşlarının nəzarət altına alınması Ankara və İstanbul həbsləri kimi heç bir hüquqi əsasa malik deyildi, sırf siyasi xarakter daşıyırdı. Uğur Mumcu və Mümtaz Soysal sosial demokrat, Gülən isə din xadimi olduğuna görə nəzarət altına alınmışdı. Əslində isə, bu üç şəxsin ölkədə cərəyan edən anarxist hadisələrlə heç bir əlaqəsi yox idi.
Həbs edilən sol meyilli universitet müəllimlərinə və bəzi ziyalılara özü də professor olan Baş Nazir Nihad Erim “Bu insanlar fikirlərinə görə həbs olunublar. Bunu dünyaya heç cür izah edə bilmərik” deyə dəstək verir. Lakin həmin ziyalıları həbs edən hərbi rejim bunun əksini düşünür, onları azad etmək istəmirdi. Hərbi rejim onları fikirlərinə görə deyil, dövlət əleyhinə “gizli fəaliyyət” göstərməkdə ittiham edirdi. Nəhayət, Baş Nazir Nihad Erimin etirazları nəticəsində bu ziyalıların və müəllimlərin bir hissəsi azadlığa buraxılır.[33]
Həbs olunub İzmirdə Badəmli Hərbi Həbsxanasına salınan Gülən orada həm solçu və sağçı gənclərlə, həm də bu hadisələrlə heç bir əlaqəsi olmayan dindar insanlarla qarşılaşır. Həbsxana fərqli qütbləri bir araya gətirmişdi. Belə ki, hərbi rejimin səlahiyyətli şəxslərindən biri ona: “Solçulardan həbs etdik. Hər təbəqədən həbs etdik. Sizdən də kimisə həbs etməli idik”, – demişdi. Anarxiyanın acı nəticələri idi bunlar.
Həbsxananın dörd divarı arasında altı ay qalan Gülən bu müddət ərzində gəncliyin sol cəbhəsini daha yaxından tanıyır. Gülən bu gənclərin dindən uzaq yaşamasına baxmayaraq, idealist olmasını və cəmiyyətə xidmət cəhdlərini təqdirlə qarşılayır. Bir müsahibəsində həmin gəncləri belə xatırlayırdı: ““Avropa imperializmini qəbul etmirik” deyən, lakin çox təəssüf ki, yanlış olaraq kommunizmi seçən neçə-neçə vətənpərvər, mərd, dürüst Anadolu oğulları gördüm. Eyni taleyi bölüşürdük. Yaxın dostlar qazandıq. Elə saf gənclər vardı ki, Allahı tanıtsan, hər biri bir səhabə olardı. Mərd-mərdanə insanlar idi”.[34] Buna görə də sonralar Gülən söhbətlərində bir-birinə düşmən kəsilən gənclərə xitabən küçələrə, meydanlara tökülüb aksiya keçirməklə ictimai asayişi pozmağın heç nə qazandırmadığını dönə-dönə vurğulayırdı. Gülən gəncliyin bütövlüklə problemlər burulğanında qıvrıldığını düşünürdü.
Badəmli hərbi həbsxanası bir hərbi hissədə yerləşirdi və əvvəllər hərbi xəstəxana olmuşdu. İlk günlər Gülən və eyni ittihamla mühakimə edilən 53 nəfər 40 nəfərə yaxın solçu ilə birlikdə birinci kamerada qalırdı. İkinci və üçüncü kamerada “Dev-Gənc”in 200-ə yaxın üzvü, dördüncü kamerada isə qadınlar saxlanılırdı. Bir müddət sonra “Dev-Gənc”in üzvləri Ankaraya göndərilir və Gülənlə eyni kamerada qalan solçular boşalan kameralara köçürülür.
Gülənlə eyni kamerada qalan solçu gənclərdən biri də inqilabpərəst qrupların liderlərindən olan Nədim Göktaş idi. Gülən və Göktaş bir ay yarım eyni həbsxanada qalır. Nədim Göktaşı (Nedim Göktaş) öldürmək istəyənlər səhvən qardaşı İbrahimi qətlə yetirmişdilər. Qardaşının ölümünə hüznlənən Nədim Göktaş xaraktercə yaxşı insan idi. Sorğu-sual zamanı ağır işgəncələrə məruz qalmışdı.[35] Ayaqlarının altının dərisini ülgüçlə kəsib duz üstündə yeritmişdilər, topuq sümükləri görünürdü. Lakin yenə də danışdıra bilməmişdilər. Gülən neçə illər sonra 2007-ci il dekabrın 1-də ABŞ-da söhbətlərinin birində – mən də qonaqlar arasında idim – Nədim Göktaşın mətanətini bir məfkurəyə sədaqət örnəyi kimi xatırlatdı.
Həbsxana şəraiti olduqca ağır idi. Axşam saat 18:00-dan səhər 06:00-a qədər kameranın qapıları bağlanır və bir daha açılmırdı. İçəridə ayaqyolu da yox idi. 12 saat boyu ayaqyolu ehtiyacını dəf edə bilməmək, xüsusilə, xəstələr üçün əzaba çevrilirdi. Buna görə də Gülən axşam vaxtı heç nə yemirdi.
Dustaqlar ancaq həftədə bir dəfə hamama gedirdi. Hamı ümumi hamamda eyni vaxtda çimməli idi. Gülən ümumi hamama getmirdi. Yataq örtükləri ilə yer düzəldib orada duş qəbul edirdi.[36]
Gülən və yoldaşları briqada generalı Fəxrəddin Burkayın (Fahrettin Burkay) rəhbərlik etdiyi İzmir Hərbi Rejim Komandanlığı Hərbi Məhkəməsində mühakimə olunur. Məhkəmə heyəti üç nəfərdən ibarət idi: üzvlərdən biri Polkovnik Qaya Alpqartal (Kaya Alpkartal), digəri isə Polkovnik-leytenant Kamal Yağçıoğlu (Kemal Yağcıoğlu) idi. Hərbi məhkəmə sisteminə uyğun olaraq məhkəməni Polkovnik Qaya Alpqartal aparırdı.
Məhkəmənin ümumi ab-havası Gülən və yoldaşlarının bəraət alacağından xəbər verirdi. Ancaq Polkovnik Qaya Alpqartal və məhkəmə prokuroru Mayor Nurəddin Soyər arasında baş verən mübahisə Gülənin həbsdən azad edilməsini bir qədər ləngidir. Sosial demokrat olan Soyərin sağçıları həbs etdirsə də, solçuları müdafiə etdiyini deyirdilər. Alpqartal isə onun tam əksinə millətçi fikirləri ilə tanınırdı. Məhkəmələr zamanı Alpqartal və Soyər arasında meydana gələn gərginlik şikayətə, bir məhkəmə iclasından sonra isə əlbəyaxa davaya çevrilir. Buna görə də hər ikisi vəzifəsindən azad edilir. Polkovnik-leytenant Kamal Yağçıoğlu Alpqartalı əvəz edir. Soyərin yerinə isə Əli Rza Hafizoğlu (Ali Rıza Hafızoğlu) hərbi prokuror təyin edilir. Hakim Mayor Nəcati Qaraqış (Necati Karakış) isə məhkəmə heyətinin üçüncü üzvü olur.
Gülənin ifadəsini alan və həbsinə zəmin hazırlayan Hərbi Prokuror Soyər idi. Çevrilişdən iki ay sonra Gülən bir az da Kapitan Soyərin xüsusi təşəbbüsü “sayəsində” nəzarət altına alınmış və həbs edilmişdi.
1971-ci il martın 31-də İzmirdə Qarşıyaxa bölgəsində bir evdə söhbət edərkən həbs edilən və əksəriyyəti tələbə olan 25 gəncdən 13-ü Bucada yerləşən həbsxanaya salınmışdı. Həbsxanaya gəlib onlardan ifadə alan yenə də hərbi prokuror Soyər olur.
Şahid kürsüsündə polkovnik
Qarşıyaxada həbs olunan gənclərin əksəriyyəti bir müddət Gülənin rəhbərlik etdiyi yataqxanada qalmışdı. Soyər onlara: “Sizin heç nədən xəbəriniz yoxdur. “Bu işləri təşkil edən Fəthullah Güləndir” deyin sizi sərbəst buraxaq”, – deyirdi. Bəzi tələbələr Soyərin istədiyi şəkildə ifadə verir. Prokuror Soyər Gülən əleyhinə ifadə verməkdən imtina edən Gülənin tələbəsi Necdət Başaranı (Necdet Başaran): “Bığlarını pinsetlə yolacağam” deyə təhdid edirdi. Özünün əldə etdiyi məlumatlar əsasında katibinə bir ifadə mətni yazdırıb Başarandan imzalamasını tələb edir. Başaran mətni imzalamaqdan imtina edir, bunu görüb özündən çıxan Soyər isə ifadəni cırıb onu yenidən öz kamerasına göndərir. Prokuror Soyər 1965-ci ildə Ədirnədə istintaq zamanı Gülənin vəkili olmuş Gültəkin Sarıgüldən (Gültekin Sarıgül) ifadə alarkən də belə etmişdi. Soyər vəkil Sarıgülü Gülən əleyhinə ifadə verməyə məcbur etsə də, buna nail ola bilməmiş, Sarıgülün işini onun həbs edilməsi tələbi ilə məhkəməyə göndərmişdi. Məhkəmə qərarı ilə həbs edilən Sarıgül Gülənin həbsindən təxminən bir ay sonra onunla eyni həbsxanaya, eyni kameraya salınmışdı.[37]
Soyər Güləni Egey bölgəsindəki fəaliyyətlərin təşkilatçısı olmaqda ittiham edərək həbs etdirmişdi. Bu iddianı dəlillər və şahid ifadələri ilə sübut etmək lazım idi. Lakin əlində Gülənin də iştirak etdiyi axşam söhbətləri ilə bağlı hesabatlardan başqa elə bir tutarlı dəlil yox idi. Soyər cinayət işini gündən-günə genişləndirərək, başqa cinayətlərdə ittiham olunan bəzi məhbusları da bura daxil edərək təqsirləndirilən şəxslərin sayını 54-ə çatdırmışdı. Bununla belə, 33 səhifəlik iddianaməsində Gülən və yoldaşlarına qarşı “dini kitablar oxuma” istisna, konkret ittiham irəli sürə bilməmişdi.
Prokuror Soyər bu məhkəmə işini “dinin istismarı” hesab edirdi. Hətta bir məhkəmə iclasında bəzi müttəhimlərin müdafiələrində Səid Nursinin “Zamanın dahisi” mənasını verən “Bədiüzzaman” ünvanı ilə xatırlanmasını tənqid edir. Onun fikrincə, “Bədiüzzaman” ünvanı dini məna daşıdığı üçün məhkəmə salonunda tez-tez səsləndirilməsi dini təbliğat aparmaq deməkdi. Vəkil Nadir Dövlət (Nadir Devlet)[38] məntiqli cavabı ilə prokuror Nurəddin Soyəri susdurur. Soyər Nadir Dövlətin “Prokuror Soyərin adı Nurəddindir, “dinin nuru” mənasını verir. Belə çıxır ki, bu salonda hər dəfə onun adının çəkilməsi dini təbliğat aparmaq deməkdir?” cavabı qarşısında söz tapa bilmir.
Prokurorun Gülən əleyhinə ifadəyə çağırdığı şahidlərin yalandan ifadə verdiyini görən məhkəmə heyəti onları sərt şəkildə salondan çıxarır. Bu şahidlər arasında dindar sayılan insanların olması Güləni məyus edir. Həmin şahidlərdən biri belə ifadə vermişdi:
“Gülən bir tələbəsini imtahan edirdi. Tələbəyə: “Atatürkü sevirsənmi?” – deyə sual verdi. Tələbəsi isə “Sevmirəm”, – dedi. Gülən “Nə üçün sevmirsən?” – deyə səbəbini soruşdu. Tələbəsi “O, bizim ölkəyə dinsizliyi gətirdi,” – cavabını verdi. Bu cavabı eşidən Gülən onun başını oxşadı, “Haydı oğlum, imtahandan keçdin”, – deyib yola saldı”.
Prokuror Soyərin 33 səhifəlik iddianaməsinə saldığı bu şahidin ifadəsi başdan-ayağa uydurma idi. Nə belə bir tələbə olmuşdu, nə də belə bir dialoq. Başqa bir şahid: “Bunlar Cümhuriyyətin düşmənidir. Evlərinə stul da qoymurlar. Köhnə mədrəsə üsulu ilə həsir sərirlər. Çəkələk əvəzinə taxta başmaq geyinirlər. Osmanlıya rəğbətləri var” – deyir. Amma Qarşıyaxada söhbət olan evə soxulub 25 nəfəri nəzarət altına alan polis məmurları həmin evin müasir avadanlıqla döşəndiyini bildirmişdi. Bu şahid də məhkəmə rəhbəri tərəfindən salondan çıxarılır.
Onların ardınca prokuror Soyərin çağırtdırdığı başqa bir şahid kürsüyə dəvət edilir. Soyər onun Gülənin əleyhinə ifadə verəcəyini gözləyirdi. Həmin şəxs Gülənin rəhbərlik etdiyi yataqxananın idarə heyətinin üzvü, təqaüddə olan Polkovnik Mehmet Çatalqaya (Mehmet Çatalkaya) idi. O dövrdə Gülənlə idarə heyəti arasında kiçik anlaşmazlıq olmuş, tələbələr Güləni dəstəkləmişdilər. Soyərin bu hadisədən xəbəri vardı, elə buna görə də Polkovnik Çatalqayanın Gülən əleyhinə ifadə verəcəyini düşünüb onu da məhkəməyə çağırmışdı. Ancaq Polkovnik Çatalqaya məhkəmə salonunda şahid kürsüsündə Gülənin lehinə çıxış edir. Polkovnik Mehmet Çatalqaya məhkəmənin sədri Briqada Generalı Fəxrəddin Burkayın komandiri olmuşdu. Burkay keçmiş komandirinə hörmət əlaməti olaraq oturub ifadə verməsi üçün ona stul gətizdirmişdi.
Polkovnik Çatalqaya: “Tələbə düşərgəsi yataqxanaya məxsus yerdə qurulmuşdu. Gülənin düşərgələrlə bağlı bir xətası yoxdur. İzmirə gələndən bəri həmişə kürsünün dibində oturub vəzlərini dinləmişəm. Allahdan arzum, həbsdən çıxsın, mən yenə gedib orda oturum, onu dinləyim”.[39]
Kəstanəbazarı Tələbə Yataqxanasını idarə edən dərnəyin sədri Əli Rza Güvən də Gülənin lehinə ifadə verir: “Fəthullah Gülən maaş almadı, tələbələrin yeməyini yemədi. Hətta sabunlarına belə əl vurmadı. Düşərgə bizim yataqxananın ərazisi idi. Yay aylarında tələbələrin kəndlərinə getməkdənsə, orada qalıb vaxtlarını dəyərləndirməsini təmin edirdi”.
Bu yataqxanada uzun müddət tələbə olan Abdullah Aymaz isə məhkəmə qarşısında belə deyir: “Müasir dövrün insanı olaraq ölkəmizdə xürafatdan arınmış dini kültürü yayma istiqamətində yetişməyə çalışdım”.
Gülən həbsxanadan çıxır
Məhbəs həyatının sonuncu ayını İzmir Şirinyerdə yerləşən həbsxanada keçirən Gülən 9 noyabr 1971-ci ildə azadlığa buraxılır. Bu həbsxana binası ağ rənglə əhəngləndiyinə görə Gülən azadlığa çıxandan sonra onu “Bəyaz köşk (Ağ saray)” adlandırmışdı.
Davam edən məhkəmə 20 sentyabr 1972-ci ildə Türkiyə Cinayət məcəlləsinin fikir azadlığını məhdudlaşdıran 163-cü maddəsinə əsaslanaraq Gülənə üç il həbs cəzası kəsir. Lakin Hərbi Məhkəmə bu hökmü ağır hesab edib 24 oktyabr 1973-cü il tarixində qərarı dəyişdirir. Hələ məhkəmə prosesi yekunlaşmamış CHP-MSP koalisiya hökuməti Türkiyə Böyük Millət Məclisinə yeni bir amnistiya qanunu göndərir. 18 may 1974-cü ildə Məclisdə qəbul edilən bu qanun Gülənin məhkəmə işinə də şamil olunur. Beləliklə, ona qarşı qaldırılan iddia qüvvədən düşmüş olur.
Gülən özü əfv edilsə də, təhlükəli terroristlərin həbsxanadan buraxılmasını təmin edən bu qanunun əleyhinə idi. Gülənə görə, Milli Məclisin bu tarixi səhvi Türkiyənin yenidən terror hücumlarına məruz qalmasına zəmin hazırlayan faktorlardan biri idi.
Taleyin hökmünə bax ki, Qaya Alpqartal ilə Hərbi Prokuror Nurəddin Soyəri 10 il sonra yenidən üz-üzə gətirmişdi. Nurəddin Soyər 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra polkovnik rütbəsində Ankara Hərbi Rejim Məhkəməsinin hərbi prokuroru təyin edilmişdi. Millətçi Hərəkat Partiyasının (MHP) lideri Alparslan Türkeş və onun məfkurə yoldaşları əleyhinə açılan cinayət işinin iddianaməsi altı hərbi prokuror tərəfindən hazırlanmışdı ki, onlardan biri də yenə Soyər idi.[40]
Türkeş və yoldaşlarının məhkəməsində prokuror kürsüsündə polkovnik Soyər əyləşmişdi. Qaya Alpqartal isə məhkəmə salonuna hərbi hakim kimi deyil, vəkil kimi gəlmişdi: MHP-lilərin vəkili idi. Soyərin ona yumruq atan Alpqartalla haqq-hesabı bitməmişdi. Soyər onun adını da cinayət işinə daxil edib müttəhim siyahısına salmağa çalışsa da, buna nail ola bilmədi.
Gülən 1971-ci ilin noyabrında həbsdən azad ediləndə Türkiyədə siyasi-ictimai böhran hələ də davam edirdi. Əlində bağlama həbsxanadan çıxanda Gülənin nə onu qarşılayası yaxını, nə də gedəsi bir yeri vardı. Özünün də dediyi kimi, “tənhalığı zəhər kimi içinə çəkdiyi” günlər keçirmişdi. “İkinci ana yurdu kimi bağlandığı” İzmirdə qalıb işləyə bilmir, doğma torpağı Ərzuruma qayıtmağa məcbur olur.
Gülənə təkcə dövlət çevrilişi ilə hakimiyyətə gələn hakim dairələr təzyiq göstərmirdi. Bəzi dindarlar da fürsətdən istifadə edib onu sıxışdırır, tək qoymağa çalışırdılar. Onun irəli sürdüyü yeni fikirlər və Türk toplumuna təqdim etdiyi yeni xidmət sahələri (məktəb, tələbə yataqxanaları, hazırlıq kursları və s.) onları qıcıqlandırırdı. Güləni tək qoymağa çalışır, bəlkə də, küsüb doğma yurdu Ərzuruma qayıtmasını istəyirdilər. Bu məqsədli fəaliyyətlər İstanbuldan idarə edilirdi və təsir dairəsi İzmirədək uzanırdı. Gülən o çətin İzmir günlərini belə xatırlayır: “Elə gün yox idi ki, ürək dağlayan hadisələr olmasın. İztirabdan ürəyim sıxılar, gecə saat ikidə, üçdə küçəyə çıxıb saatlarla gəzişərdim”. Bir müddət Ərzurumda qalan Gülən yenidən İzmirə qayıdıb Gözəlyalı tərəfdə kirayə ev tutur və vəz verməyə başlayır.
Gülən ağır hərbi rejim şəraitinə baxmayaraq, xeyirli işlərə vəsilə olmaqdan çəkinmirdi. Azadlığa çıxmasından təxminən ay yarım vaxt keçmişdi. 1971-ci ilin dekabr ayı idi. Bir neçə nəfər aydınlı Gülənin yanına gəlib rica edir ki, Aydının sayılıb-seçilən insanları ilə görüşüb onları bu bölgədə yoxsul tələbələrə yardım etməyə çağırsın. Gülən həbsxanadan təzə çıxmışdı. Hələ də nəzarət altında idi, təqib edilirdi. Ancaq onların israrlı xahişini yerə salmayıb Aydına yollanır və aydınlılarla saat yarım söhbət edir. Bu söhbəti Aydında ilk tələbə yataqxanasının açılmasında bir qığılcım rolunu oynayır.
Gecə saat 24:00-dan sonra küçəyə çıxmaq qadağan idi. Ona görə də Aydından İzmirə Egey Universitetinin Mexanika mühəndisliyi fakültəsinin ikinci kurs tələbəsi iyirmi yaşlı İzzət Çalın (İzzet Çal) maşını ilə qayıdan Gülən evə vaxtında çatmalı idi. Gülən evə çatanda saat 12-yə 15 dəqiqə qalırdı. İzzət Çal Güləni İzmirə qoyub 15 dəqiqəyə Bucaya, öz evinə gedə bilir.[41]
İzmirdə işləməyin mümkün olmadığını görən Gülən oranı tərk etmək qərarına gəlir. Təklif olunan təyinat yerləri arasından Balıkəsirin Ədrəmit rayonunu seçir və 1972-ci il fevralın 23-də Ədrəmitə vaiz təyin edilir. Ədrəmitdə üç ilə yaxın işləyən Gülən elə ilk günlərdən toy salonunda sual-cavab şəklində söhbətlərə başlayır. Get-gedə bu söhbətlərə maraq artdığını görüb biri gündüz, digəri axşam olmaqla həftədə iki dəfə söhbət proqramı tərtib edir. Gülən eyni vaxtda Ədərmitdə Buca düşərgələri ilə müqayisədə daha böyük və səmərəli düşərgələrin təşkilinə rəhbərlik edir.
İstanbulun varlı şəxslərini hərəkətə gətirmək üçün hələ əlverişli şərait yetişməmişdi. Ancaq uzun müddət onun İzmir vəzlərini diqqətlə dinləyən və heç bir vəzindən qalmayan iş adamlarından ibarət bir qrup var idi. Gülən bu egeyli iş adamlarını sonralar liseylərə çevrilən tələbə yataqxanaları açmağa təşviq edir. İlk tələbə yataqxanasının bünövrəsi 1972-ci ildə İzmirdə Bozyaxa bölgəsində atılır. 1976-cı ildə fəaliyyətə başlayan 200 tələbəlik bu yataqxana on il sonra, 1982-ci ildə Yamanlar Liseyinə çevrilir. Sənətçi Sezən Aksunun atası Sami Yıldırım liseyin ilk müdiri olur. İzmir Təhsil Şöbəsində müdir müavini işləmiş Sami Yıdırımın 30 ildən çox müəllimlik təcrübəsi var idi.
Gülənin “Təhsil ocaqları açın” çağırışına ilk əməli cavab İzmirin orta təbəqəsinə mənsub iş adamlarından gəlir, ancaq onların da maddi imkanı məhdud idi.[42]
1980-ci illərdə Türkiyədə, 1990-cı illərdə Orta Asiya və Balkan ölkələrində, sonralar isə 100-dən artıq ölkədə açılan liseylər zəncirinin ilk halqasının İzmirin Bozyaxa bölgəsində açılan ilk liseyin tarixinə nəzər yetirmək yerinə düşər.
1972-ci ildə tələbə yataqxanasının tikildiyi bu ərazidə iki mərtəbəli villa yerləşirdi, yazıçı Rəşad Nuri Güntəkin “Çalıquşu” romanını burada yazmışdı. Bu ərazi Nəfi Yazıçı (Nefi Yazıcı) adlı izmirli bir xeyirxaha məxsus idi. İzmirin Qarşıyaxa ərazisində də bir neçə binası və evi var idi. Ailədə iki nəfər idilər: özü və həyat yoldaşı Zəhra Pəmbə (Zehra Pembe). Övladları yox idi. Yaşadıqları binada mənzilin birini Gülənin tələbələrinə kirayə vermişdi. Bu gənclərin yetişmə tərzinə və əxlaqına heyran qalan Nəfi Yazıçı bütün sərvətini tələbələrin yetişdirilməsinə sərf edilməsi üçün “Akyazılı” vəqfinə bağışlayır. Başqa bir izmirli xeyriyyəçi də yataqxana ərazisinə bitişik torpaq sahəsi hədiyyə etmiş və yataqxananın ərazisi genişləndirilmişdi.
1990-cı illərdə bütün dünyaya yayılan Türk məktəblərinin “dəyirmanına ilk su tökən” xeyriyyəçi Yazıçı ailəsidir. O dövr üçün Yazıçı ailəsinin bu dəstəyi böyük hadisə idi. Gülən bundan o qədər təsirlənmişdi ki, Nəfi Yazıçını indi də xatırlayanda göz yaşlarını saxlaya bilmir.
Gülən daim üslub və formada yeniliklər edirdi. O illərdə dindar insanların könüllü olaraq bu tip yataqxanalar açması Türkiyədə yenilik sayılırdı. Lakin Gülənin düşüncələri nə qədər böyük olsa da, imkanları bir o qədər məhdud idi. Bu işləri, fəaliyyətləri həyata keçirmək sözün əsl mənasında böyük fədakarlıq tələb edirdi.
Məsələn, böyük çadırlar o vaxtın pulu ilə 2500 lirəyə başa gəlirdi ki, belə ağır dövrdə bu pulu tapmaq o qədər asan deyildi. Bir dəfə də Gülən özü Ankaraya gedib çadır almaq üçün 3000 lirəlik çek tapa bilmişdi. 27 May çevrilişindən sonra camaatdan pul yığıb əvəzində belə çek paylamışdılar.
Gülən işlərin çoxunu özü görürdü. 1968-ci ildən başlayaraq təşkil etdiyi düşərgələrdə külüng, bel əlindən düşməzdi. Yeməkləri də özü hazırlayırdı. Şərait dözülməz idi. Bəzən çadırlar şiddətli yağışa tab gətirməyib aşırdı. Yenə bir gün çadırların yağan yağışa tab gətirməyəcəyini görən Gülən təbiətin qoynunda ucadan azan oxuyub Allaha dua edir. Başqa çarəsi yox idi. Çox keçmədən yağış çadırları uçurmadan kəsir. Güləni ən çox bu sevindirir.
Gülən Kəstanəbazarı yataqxanasından ayrılandan sonra Göztəpədə (İzmir) Mithatpaşa küçəsində yerləşən üçmərtəbəli tarixi taxta bina təxminən 40 tələbəlik yataqxana kimi fəaliyyətə başlayır. Ancaq kirayə götürdükləri bu ev, on ildir, istifadə edilməmişdi. Həyətdə yabanı ot qurşağa qədər çıxırdı. Evin taxta pilləkənləri və döşəməsi toz-torpaq bağlamışdı. Qurban bayramından əvvəl ev təmizlənməli və hazır vəziyyətə gətirilməli idi. 3-5 gün ərzində evi təmizləyib tələbələrin bir hissəsini yerləşdirirlər. Gülən yalın əllə pilləkənin sürahilərini silir, silinən sürahiləri rəngləyir, ətrafın təmizlənməsinə kömək edirdi.
1973-cü ildə Bozyaxa yataqxanasının bağçası qaydaya salınırdı. Gül əkiləcəkdi. Gülən əlində bel əkilən ağacların dibinə torpaq tökürdü. Az sonra bir yük maşını gübrə gətirilir. Quru gübrə olmadığı üçün təzə gübrə gətirilmişdi. Gülən ayağında çəkmə maşının üstünə birinci çıxıb güllərin dibinə gübrə tökməyə başlayır. Yusif Bəkməzçi, Gürbüz Dönməz (Gürbüz Dönmez), Əhməd Sərbəst (Ahmet Serbest) kimi yataqxanadan dəstəyini əsirgəməyən İzmir iş adamları da bu mənzərəyə şahid olur. Onlar maşına çıxıb beli Güləndən güclə alırlar.
1974-cü ilin yayında Gümüldürdə düşərgə salacaqdılar. Tələbələr bir bağçada yerləşən, əvvəllər toyuq hini kimi işlədilmiş iki böyük daxmada qalacaqdılar. Hinlərin döşəməsini təxminən 10 sm qalınlığında toyuq zılı örtmüşdü. Yayın istisində çəkmələrini geyinib o üfunətli daxmalara ilk girən yenə də Gülən olur. Şənbə və bazar günləri daxmalar təmizlənir, sonra suvaq və əhəng vurulur. Tələbələr düşərgə boyunca həmin daxmalarda qalırlar.
Bütün bunlar Gülənin hər işdə öndə olmağı tövsiyə edən və “xidmətdə öndə, mənfəətdə arxada” şəklində ifadə etdiyi həyat tərzi idi.
İzmirdə günəş enerjisi ilə qızdırılan ilk bina Bozyaxa tələbə yataqxanası olur. Daha sonra bu üsul bütün Egey bölgəsinə yayılır. O dövrdə “Günəş enerjisi ilə qızdırılan su ilə dəstəmaz almaq olarmı?” sualını ortaya atan insanlar da var idi. Lakin Güləndən örnək alan Egey bölgəsinin bütün yataqxanaları tezliklə bu sistemə keçir.[43]
Vəhbi Qoç (Vehpi Koç) və Aydın Bolaq (Aydın Bolak) kimi iş adamlarının rəhbərlik etdiyi Türk Təhsil Vəqfi Akyazılı Vəqfindən beş il əvvəl qurulmuşdu. Türk Təhsil Vəqfinin maddi imkanlarından söz düşəndə Aydın Bolaq: “Təhsilə kömək etmək bir zərurətdirsə, Türk xalqı pul verməkdə xəsislik etməz”, – deyirdi. Həqiqətən, Akyazılı Vəqfi də qısa müddətdə böyük potensial əldə edir və 1977-78-ci illərdə Türkiyənin müxtəlif bölgələrində 80-dən artıq yataqxananın inşasını həyata keçirir. Türk xalqı təhsil müəssisələrinin açılmasına birbaşa dəstək verən bu cür vəqflərdən köməyini əsirgəməmişdir.
Türk Təhsil Vəqfi və Akyazılı Vəqfinin xeyli daşınmaz əmlak əldə etməsinin kökündə eyni dinamik dayanırdı. Gülən İzmirdə yanında böyüyən tələbələrlə və vəzlərini dinləyən Egey bölgəsinin iş adamları ilə məhz bu dinamiki hərəkətə gətirmişdi. Fəthullah Gülənin düşüncələri Türk toplumunda yeniliklərin, dəyişikliklərin əsas qaynağını təşkil edirdi. Bunun parlaq nümunəsi 1978-ci ilin baharında İstanbulda gerçəkləşir.
İş adamı Əli Qatırçıoğlunun (Ali Katırcıoğlu) İstanbulda Boğaz (dəniz) mənzərəli Böyük Çamlıca Təpəsinə bitişik torpaq sahəsi var idi. Orada bir məscid və cənazənin yuyulub kəfənlənməsi üçün bir yer tikdirmək istəyirdi. Lakin Gülənin tələbəsi İsmayıl Böyükçələbi (İsmail Büyükçelebi) ilə tanış olandan sonra planını büsbütün dəyişir. Böyükçələbi Qatırçıoğlunu cənazə yuma yerinin əvəzinə tələbə yataqxanası tikdirməyə inandırır: “Bu qədər Vətən övladının yurdsuz, yuvasız qaldığı, oxumaq üçün min bir məşəqqətlə üzləşdiyi bir vaxtda millətin ölüsü ilə məşğul olmaq nə qədər doğrudur? Cənazəni hər yerdə yumaq olar, amma tələbələr hər yerdə qalıb oxuya bilməz!”
Qatırçıoğlunun tikdirdiyi həmin “Çamlıca Yataqxanası”ndan bu günəcən yüzlərlə tələbə faydalanmışdır. Bundan əlavə, Qatırçıoğlunun məscidə bitişik tikdirdiyi böyük bir binada hal-hazırda İslam elmləri üzrə araşdırma və nəşrlərlə məşğul olan bir neçə müəssisə fəaliyyət göstərir.[44]
Özalın oğlu Əhmədlə vəz dinlədiyi yer
Gülən iki il Ədrəmitdə imam işləyəndən sonra 1974-cü il iyunun 29-da Manisaya təyin edilir. Növbəti iki ili də Manisada vəz verən Gülən 1976-cı ildə yenidən İzmirə qayıdır. 28 sentyabr 1976-cı ildə Bornovaya vaiz təyin edilir.
İzmirdə olan ali məktəblərin əksəriyyəti Bornovada yeləşirdi. Buna görə də universitet tələbələri Gülənin söhbət və xütbələrini rahat dinləyə bilirdilər. Egey Universitetinin tələbələri qısa müddətdə Gülənin Bornovadakı söhbətləri ilə tanış olurlar. Bu, Gülən üçün də yeni bir hadisə idi. Belə ki, o vaxta qədər universitet ictimaiyyəti Güləni yaxından tanımırdı. Gülən də onlar haqqında o qədər məlumatlı deyildi. Bornova dövrü eyni zamanda Gülənin irəli sürdüyü fikirlərin sadə xalq arasında daha sürətlə yayılması ilə əlamətdar olur.[45]
O dövrdə Güləndən ilham alan Egey Universitetinin tələbə və müəllim heyəti Egey bölgəsinin istedadlı, ancaq imkansız məktəbliləri üçün ilk dəfə universitetə hazırlıq kursları açırlar. Gülənin imkansız şagirdlərin oxuması üçün universitetə hazırlıq kursları açmaq müraciətinə ilk əməli cavab onlardan gəlir. 1976-cı ildən fəaliyyətə başlayan bu kurslar pulsuz idi. Burada dərs deyənlərin heç biri əlavə məvacib almırdı.
Onlar şagirdlərə sahib çıxmaq, arxadayaq olmaq üçün böyük fədakarlıq göstərirdilər. Çəkmə geyinib yataqxana tikintisində fəhlə kimi işləyir, inşaatda qum və daş daşıyır, bağçada yataqxana tələbələri üçün heyvan kəsirdilər. Bir yataqxananın tikintisinə gələn iş adamı belə deyirdi: “Burada işləyənlər savadlı adamlardır. Biri həkim Fuad, biri müəllim Mustafa, biri ilahiyyatçı Ünal”.
Gülən bir gün Mustafa və Bahri Asutay adlı iki həkim qardaşın qollarını çirmələyib tələbələrə qurban kəsməsini, heyvanın bağırsağını təmizləməsini görəndə göz yaşlarına hakim ola bilməmişdi.
Bu mənzərələri görən egeyli iş adamları təhsil ocaqlarına daha da əzmlə sahib çıxırdılar. Məscidin çıxışında xeyriyyə qutusuna 25 lirə salan egeyli bir iş adamı çox keçmədən bütün sərvətini bu müəssisələrə bağışlamağı düşünürdü. Çünki inşa etdirdiyi təhsil ocaqlarında nə qədər əxlaqlı və savadlı insanlar yetişdiyini öz gözləri ilə görürdü.
1960-cı illərdə Gülənlə tanış olan egeyli iş adamı İsmayıl Gözəl (İsmail Güzel) həyatının dönüş nöqtəsini belə dilə gətirir: “Dükanın qapısına gələnə o vaxtın pulu ilə 5 lirə və ya 50 quruş (qəpik) verməyi savab bilirdik. Halbuki Gülən “Bu yataqxanada iki yüz nəfər varsa, onların sayını min nəfərə çatdırmaqla ölkəyə, millətə xeyirli insan yetişdirmiş olarsınız” deyirdi. Bu işin böyük savab olmasından bəhs edirdi”.
Bu kitabla əlaqədar 2007-ci ilin avqust ayında İzmirə getmişdim. 7 avqust axşamı Gülənin 1980-ci il iyunun 6-sınadək xütbə verdiyi və cümə axşamları sual-cavab şəklində söhbətlər apardığı Bornova Mərkəzi Məscidinə yollandım. O vaxt məsciddə olan 71 yaşlı Makedoniyadan gəlmə Şükrü Timur Gülənin Bornova vəz və söhbətlərinin dinləyicilərindəndi.
Şükrü Timur qara cübbə ilə minbərə çıxan məscid imamlarından fərqli olaraq Gülənin ağ cübbəyə üstünlük verdiyini bildirdi. Daha sonra o vaxtlar Ankarada Baş Nazirin birinci müavini olan Turqut Özalın İzmirə gələndə məsciddə Güləni dinlədiyi yeri göstərdi. Özal Gülənin vəzlərindən birinə o vaxtlar iyirmi yaşlarında olan oğlu Əhməd Özalı da gətirmişdi.[46] Şükrü Timur Skopyedə doğulduğunu, 1958-ci ildə ailəsinin Türkiyəyə gəldiyini dedi. İlk təhsilini ölkəsində almış, dinə olan ehtiyacı da orada hiss etmişdi.
Gülənin cavab verdiyi 131 sual
O illərdə Gülən cümə axşamları söhbətlərində aralarında universitet tələbələri də olan dinləyicilərinin suallarını bir-bir cavablandırırdı. Bir müddət sonra bu cavablardan 131-i “Əsrin gətirdiyi tərəddüdlər” adı ilə dörd cilddə çapdan çıxır. Bu kitabların satış tirajı 2007-ci ilin avqustunda 381 400 ədədə çatmışdı.
Gülən Bornova söhbətlərində həyatın hər sahəsinə dair suallara cavab verirdi. Onun söhbətlərinə başqa bölgələrdən də çoxlu adam gəlirdi. Məscidin yuxarısındakı boş ərazi gələn maşınlarla dolurdu. Gülənin o söhbətlər zamanı cavablandırdığı sualların bir qismi belədir:
“Allahın xüsusiyyətləri hansılardır və mahiyyəti necədir? Allahı bilmək və izah etmək mümkündürmü? Bəzi insanlar nə üçün “biz Allahı görmürük” deyirlər? Allah hər şeyi yaratdı, bəs Onu kim yaratdı? Allah nə üçün kainatı yaratmağa ehtiyac duydu və nə üçün daha əvvəl deyil, sonradan yaratdı? Bütün peyğəmbərlər Ərəbistan yarımadasında zühur etmişdir. Buna binaən peyğəmbər göndərilməyən digər qitələrin inanc və əmələ görə məsuliyyət daşıması haqq və ədalətə sığırmı? Altı ay gecə, altı ay gündüz olan qütblərdə fərz namazları necə qılınmalıdır? Allah bəzi insanlara mal-mülk, var-dövlət, hörmət, şan-şöhrət, bəzi insanlara isə kasıblıq, dərd-qəm, müsibət vermişdir. İkincilər pis insanlardır, yoxsa Allah birinciləri daha çox sevir? Nə üçün Allah bütün qullarını bərabər xəlq etməyib, kimini kor, kimini şikəst yaradıb? Təbii fəlakətlər zamanı dünyasını dəyişənlərin hamısının əcəli birdən gəlmiş olur? Əzrail tək olduğu halda eyni anda ölən bütün insanların canını necə alır? İnsanın nə vaxt və necə ölməsi əvvəlcədən müəyyən edildiyinə görə onu öldürən günah qazanırmı? Quran Peyğəmbərimizin bəyanı ola bilməzmi, deyilsə, necə isbat etmək olar? Bütün peyğəmbərlər kişidirmi, elədirsə, nə üçün? Allahın bizim ibadətlərimizə ehtiyacı yoxdursa, niyə biz öz istək və arzularımıza uyğun ibadət etmirik? Deyirlər ki, İslam imperialist sistemlər kimi, “fəth” adı ilə müxtəlif yerləri işğal və istila edib müstəmləkəyə çevirmişdir. Bu haqda nə düşünürsünüz? “Ruzini Allah yetirir” deyirlər. Halbuki bəzi ölkələrdə hər gün aclıqdan 50-60 insan ölür. Buna aydınlıq gətirə bilərsinizmi? Xızırla görüşmək mümkündürmü? Cin nədir, necə çağırılır, müalicədə və bir itiyi tapmaqda onlardan istifadə etmək mümkündürmü? İslamın cindarlıqla məşğul olan xocalar haqda hökmü necədir? Elm xadimləri bu işlə məşğul olurmu? “İslam dini ağıl və məntiqə uyğundur” deyirlər. Halbuki İslamiyyət nəslərə əsaslanır və dolayısilə, təslimiyyət tələb edir. Bunu izah edə bilərsinizmi? Çin imperatorluğunun tarix boyu dağılmamasının hikməti nə ola bilər? Orada və Rusiyada yaşayan müsəlmanlara ümidiniz varmı? Osmanlıda hərəm məsələsi çox tənqid edilmişdir. Bu mövzunu izah edə bilərsinizmi? Əldülhəmid xana Qızıl Sultan deyilir. Bu, doğrudur? İslam dini bütün məsələləri həll etməyə kifayətdirmi? “Allah həm birdir, həm də hər yerdədir” cümləsini açıqlaya bilərsinizmi? İslamın qısa müddətdə yayılmasının və 1300 il məğlubedilməz olmasının səbəblərini izah edə bilərsinizmi? Bugünkü məğlubiyyətimiz nədən qaynaqlanır? Osmanlının süqutunda mədrəsə və təkyənin təsiri olmuşdurmu? Qərbin bizlə əlaqədar oynadığı iqtisadi və sosial oyunlar bütün çılpaqlığı və çirkinliyi ilə göz qabağındadır. Gündəmi onlar hazırlayır və İslam aləminin vəzifəsi də sadəcə o gündəmi yerinə yetirməkdir. Bu vəziyyətdən çıxış yolu nədir?”[47]
1960-cı illərdə Dövlət Planlama Təşkilatının baş katibi kimi İzmirə gedən Turqut Özal orada Gülənlə tanış olmuş və onun evində qonaq qalmışdı. Gülənin vəzlərini dinləməyə gələn siyasətçilərdən biri də Ədalət Partiyasından Buca Bələdiyyə sədri İşılay Sayqın (Işılay Saygın) idi. 1997-ci il “28 fevral dövrü”ndə dövlət naziri olan İşılay Sayqın Gülənin yaxın dostu Ələddin Qayanın (Alladdin Kaya) Silahlı Qüvvələrin ikinci şəxsi general Çevik Birlə görüşünü təşkil etmiş, Qərargaha onunla birlikdə getmişdi.
Hərbi Rejim dövründə bəzi zabitlər də Gülənin Bornova söhbətlərini dinləməyə gəlirdilər. Dövrün siyasi partiya liderlərindən Süleyman Dəmirəl, Nəcməddin Ərbakan və Alparslan Türkeş Gülənlə təmas qurmağa çalşırdılar. Siyasətçilər hələ o vaxtlar Gülənin xalq üzərində böyük nüfuz və təsirə malik olduğunu sezmişdilər.
Həmin ərəfədə İzmirə gələn Ankara Universitetinin üzgüçülük komandası Güləni ziyarət etmişdi. Gülənə müxtəlif suallar yönəldən idmançılar vidalaşıb gedərkən universitetin bayrağını ona hədiyyə vermişdilər.
1981-ci ildə nə baş verəcək?
71 yaşlı makedoniyalı mühacir Şükrü Timurun timsalında bütün xalqın Gülənin sözlərindən təsirlənməsi onun hadisələrə fərqli yanaşması ilə bağlı idi. Gülən 1960-cı illərdə bir yerə gedərkən sübh namazını qılmaq üçün yol üstündə yerləşən bir kəndə dönür. İlk İzmir tələbələrindən olan və bir neçə kitabın müəllifi Abdullah Aymaz da onunla idi. Gülən və Aymaz kənd məscidində bir neçə kəndli ilə sübh namazını qılır. Məsciddən bayıra çıxanda quşların cəh-cəhi eşidilirdi. O əsnada kəndlilərdən biri Gülənə yaxınlaşıb “Bu quşlar nə deyir?” deyə sual verir. Çox güman, Güləndən “Quşlar Allahı zikr edirlər” cavabını gözləyirdi. Gülən isə maraqlı cavab verir: “Quşlar “Vay bu kəndin halına! Sübh namazına ancaq 3-4 nəfər gəlir” deyirlər!”
Abdullah Aymaz Gülənin İzmirə gəlişinin ilk günlərində vəzlərinin birində “insan” mövzusunu necə açıqladığını belə nəql edir: “Dedi ki, insandan bəhs edəcəyik. Elə bir insan ki, saray kimidir. Bir saray təsəvvür edin ki, daşlarının bir qismi Yəməndən, bir hissəsi Hindistandan, qalanı da dünyanın hər tərəfindən gətirilib... Nümunəvi insanlar kimi İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s.) yoldaşları olan səhabələrdən bəhs edəcəyik”.
1967-ci ilin ramazan ayında Gülən Qədr gecəsi ilə əlaqədar bir söhbətdə idi. Bir nəfər: “Hansı təriqətdənsiniz?” deyə Gülənə sual edir. O isə “Mən bal arısı təriqətindənəm, bütün çiçəklərdən bal toplamaq istəyirəm” cavabını verir.
Başqa bir maraqlı hadisə. Gülən bir gün İzmirdə 15-20 nəfərlə söhbət edirdi. Kimya müəllimi və Gülənin Ədrəmitdən tanıdığı (o vaxt Xalid Əsəndir (Halit Esendir) 11-ci sinifdə oxuyurdu) Xalid Əsəndir də orada idi. Gülən Əsəndirdən bir şüşə zəmzəm suyunu qonaqlara paylamağı xahiş edir. Şüşədəki zəmzəm iki stəkan ancaq olardı. Orada olanlar Gülənin kəramət göstərməsini – zəmzəm suyunun hamıya çatmasını gözləyir. Lakin bir neçə nəfər içəndən sonra su qurtarır. Gülən üzünü onlara tutub: “Dərhal kəramət gözləyirik, elə deyilmi?” deyir. Həqiqətən də, onlar Güləndən belə bir kəramət gözləyir, zəmzəmin hamıya çatdığını görmək istəyirdilər. Bunu görən Gülən Əsəndirə dönərək: “Divanın altında bir şüşə də zəmzəm var, onu çıxarıb paylaya bilərsiniz?” – deyir.
1970-ci illərdə xalq arasında şayiə gəzirdi ki, 1981-ci ildə Türkiyədə və dünyada qeyri-adi hadisə baş verəcək. Bəziləri dini mənbələrə istinad edərək 1981-ci ildə böyük bir hadisə olacağını və dünya tarixini dəyişdirəcəyini deyirdilər. 1977-ci ildə Gülənə “1981-ci ildə nə baş verəcək?” deyə sual verirlər. Gülən verdiyi cavabla ondan kəramət gözləyənlərin ümidini yenə də puç edir və Türkiyənin reallıqlarına baxmağa çağırır: “1981-ci ildə 81 tələbə yataqxanası olacaq” cavabını verdi. Onun nəzərində “Altın nəsil”in yetişməsi üçün gənclərə sahib çıxmaq ən vacib məsələ idi. Bir başqa söhbətində isə eyni suala “1981-ci ildə 81 bitəcək, 82 olacaq” cavabını verir. 1981-ci ildə artıq Türkiyədə tələbə yataqxanalarının sayı 100-ə yaxın idi. Gülən quşların səsi, zəmzəm suyu və “1981-ci il” hadisələrində olduğu kimi tutarlı cavabları ilə heç kimin qəlbinə dəymədən ictimaiyyətin diqqətini dinin mahiyyətinə və Türkiyənin gerçəklərinə yönəldirdi.
“Xalı-xalça üstündə ölmək istəmirəm”
O dövrdə Güləni narahat edən məsələlərdən biri də cəmiyyətdə formalaşan “xoca” anlayışı idi. Xocaları gözdən salan, incidən çoxlu lətifə uydurmuşdular. Gülənin tələbələrindən Xəlil Şimşəyin (Halil Şimşek) başına gələn hadisə buna bariz nümunədir:
Xəlil Şimşək Zonquldağın Alaplı rayonunda xoca işləyirdi. 1980-cı ildə Ankara Universitetinin İlahiyyat fakültəsinə daxil olur. Alaplıda onun gedişi münasibətilə ziyafət təşkil edirlər. Şimşək ziyafətə Alaplının təzə xocası ilə birlikdə gedir. Ziyafət zamanı bir müəllim xocalar haqqında bir lətifə danışır: “Bir gün bir camış və bir xoca bağa girir. Uşaq: “Ata, bağımıza bir camış, bir də xoca girib, nə edim?” deyə atasından soruşur. Atası “Xocanı çıxart, qoy camış qalsın” cavabını verir”.
Danışılan bu lətifə ziyafəti buza döndərir. Şimşək və təzə xoca süfrədən qalxır. Ziyafət sahibləri nə qədər israr etsələr də, oturmurlar. Şimşək bir az da həyəcandan: “Xocalar süfrədən durdu, camışlar davam etsin”, – deyir. Lətifəni danışan müəllim peşman olsa da, iş-işdən keçmişdi. Buna baxmayaraq, Şimşək öz peşəsindən soyumur. Ankara Universitetində təhsil aldığı dövrdə düz beş il (1985-ci ilədək) universitet yaxınlığında yerləşən bir məsciddə xocalıq edir.
Gülənə görə, bu yanlış “xoca anlayışını” düzəltmək eyni zamanda xocaların da vəzifəsidir. Onun fikrincə, xocalar mümkün qədər təvazökar olmalı və camaatdan heç nə ummamalıdır. Əgər xocalıq peyğəmbər peşəsidirsə, onda bu peşənin nümayəndələri də peyğəmbər varislərinə yaraşanı etməli, xalqa dini məsələlərdə etdikləri köməyə görə heç nə gözləməməlidirlər. Gülən xocaların cəmiyyətdə öz layiqli yerini tutması, sevilməsi, ehtiram görməsi üçün yol da göstərirdi: “gözü-könlü tox olmaq (istiğna)”, başqa sözlə, dərviş kimi “bir əba, bir loğma” ilə kifayətlənmək. Bu cür həyat tərzi xocaları dini dünya həyatına alət etmə damğasından da qurtaracaqdı.
Gülən özü də bu prinsiplə yaşamağa böyük səy göstərirdi.
Bu kitabla əlaqədar ABŞ-a getmişdim. 2007-ci il noyabrın 28-i idi. Gülən namazını qıldıqdan sonra qarşımızdan keçib öz otağına gedərkən “Həmişə həsirin üstündə yatmışam. Otağıma xalça sərilməsini istəmirəm. Çünki xalı-xalça üstündə ölmək istəmirəm” dedi. Bir gün otağına girəndə döşəməyə həsir sərildiyini gördüm.
Tələbələrinin dediyinə görə, Gülənin ABŞ-a gəlişindən bəri istifadə etdiyi 100 ədədlik sellofan paketi bir il keçsə də, hələ qurtarmayıb. Hətta aldığı köynəyin salafanlarını da atmır, onlardan zibil kisəsi kimi, kartonlarını isə kağız kimi istifadə edir. “Sızıntı” jurnalının baş yazılarından biri kartonun üstünə yazılmışdı, gözlərimlə gördüm. Gülən köynəyin yaxalığına əzilməsin deyə qoyulmuş kiçik kartonları belə atmır. Bu kiçik kartonlara “Sızıntı” jurnalında dərc olunan təbiət şəkillərinin üzərində verilən və oxucuları düşünməyə vadar edən dərin mənalı sözlər və dördlüklər yazırdı.
Gülən qurulanmaq üçün istifadə etdiyi kağız salfetləri də atmırdı. Əllərini, üzünü, ayaqlarını sildiyi salfetləri ayrı-ayrı istilik cihazının üstünə qoyub qurudur, sonra yenidən istifadə edirdi. Dəstəmaz alarkən belə krantın suyunu çox az açırdı.
Gülən hələ 21 yaşında olarkən 1959-61-ci illərdə Ədirnədə iki il yarım Üçşərəfəli Məscidin pəncərəsində qalmaqla, illərlə İzmirdə 4 m2-lik taxta komada yaşamaqla cəmiyyətdə geniş yayılmış “yekəqarın xoca” imicinə meydan oxuyurdu. Məsələn, Ədirnədə işləyəndə dəvət olunduğu ziyafətlərə getmirdi. O vaxtlar Ədirnə müftisi olan professor Suat Yıldırımın dediyinə görə, Gülən çox vaxt məvacibinin yarısını ehtiyacı olan tələbələrə paylayırmış. Gülən Üçşərəfəli Məscidin pəncərəsində qalarkən elektrik pulunu vəqflər ödəyəcək deyə ora işıq çəkilməsinə belə razı olmamış, şam işığından istifadə etmişdi. Gülən sonralar həmin günlərini xatırlayarkən: “Mənim üçün məscidin pəncərəsində yataqsız, yorğansız yatmaq ucuz və əlverişli həyat idi”, – demişdi.
Gülən İzmirdə tələbələrin evinə qonaq çağırılanda yemək yeməz, bir stəkan çay da içsə, çıxanda mütləq yerinə pul qoyardı. Tələbələrinə də: “Harada yemək yeyirsiniz yeyin, pulunu verməlisiniz”, – deyirdi.
1977-ci ildə Almaniyada olarkən orada yaşayan türklərin yeni model mersedes hədiyyəsini qəbul etmir. Özünün dediyi kimi bu Avropa gəzintisində bir sancaq da hədiyyə almadan Türkiyəyə qayıdır.
1978-79-cu illər idi. Ramazan ayı yaya düşmüşdü. Gülən İzmitdə tələbə yataqxanasının təməlatma mərasiminə dəvət olunmuşdu. Mərasimdə iştirak edən Gülən vətəndaşlarla uzun müddət söhbət edib Bursaya gedir. İftar vaxtı çatanda yemək yeməyəcəyini deyir. Çünki iftardan sonra vəz verəcəkdi. Vəzlərdən əvvəl də adətən yemək yeməzdi. Neçə ildir, bu adətə riayət edirdi. Məsələn, cümə günü məsciddə xütbə verəcəkdisə, həmin gün səhər açılandan dilinə bir şey vurmaz, bir gün əvvəl şam yeməyində də bir-iki tikə ilə kifayətlənərdi.
O gün Bursada uzun vəz verir. O ərəfədə əvvəldən yataqxana olan, sonrakı illərdə isə məktəbə çevrilən təhsil kompleksi üçün yardım toplantısı keçirilirdi. Söhbətdən sonra həmin yardım toplantısına qatılan Gülən ardınca da təravih namazını qılır. Camaat artıq dağılışsa da, onun dilinə bir şey dəyməmişdi. Məscidin məhfəlinə keçəndə yemək gətirilir, amma Gülən yenə “mən yeməyəcəm, siz buyurun” deyir. Tələbəsi Vəhbi Yıldız (Vehbi Yıldız) “Yay günü oruc tutmusunuz, çox yorulmusunuz” deyə israr etsə də, heç bir şey yemək istəmir. Yıldız “Xocam, buna tələbə yeməyi qarışmayıb. Burada nə varsa, hamısını öz pulumla hazırlatmışam” deyəndən ancaq sonra yeməyə razı olur.
Həmin günün axşamı İstanbula qayıdırlar. Boğaz körpüsünə çatanda hər kəs körpü pulunu vermək üçün pul kisəsini açır. Gülən isə “Bir körpünün pulu qədər pulum var. Körpü pullarını mən verəcəyəm” deyir.
O, həyat tərzi ilə yeni bir xoca modeli ortaya qoyaraq cəmiyyətə önəmli xəbərdarlıq edirdi: “Xocalar peşələrinə görə peyğəmbərlərin varisi sayılır. Bu səbəbdən onlara istehza etmək böyük günahdır!” O vaxtlar “Dağa dəsmal sallayırlar. Xoca “Burda nə var?” deyib ora yollanır” kimi istehazlı deyimlər, xocaların köklüyü haqda lətifələr xalq arasında geniş yayılmışdı. Hətta bəzən xocalar özləri də bu lətifələrə gülürdü.
Gülənə görə, gözütoxluq təkcə yemək-içməyə aid deyildi. 1970-ci ildə Gülən İzmirdə Kəstanəbazarı tələbə yataqxanasında idarəçi işləyərkən üçüncü tələbə düşərgəsini təşkil etmişdi. Düşərgədə 275 tələbə vardı. Tələbələr iməcilik edərkən bəzən ayaqqabı və çəkələklərini çıxarırdılar. Gülən “İcazəsiz bir-birinizin çəkələklərinə də toxunmayacaqsınız” deyə onlara nəsihət edirdi.
“Bir insan haqqı olmayan bir yerdə başqasının canamazında icazəsiz namaz belə qıla bilməz. Yataqxanalarda xalçanın sapı yıpransa, hesabını verərəm” deyən Gülən canamazını xalçanın üstünə sərib namazını qılırdı. Çünki yataqxananın hər şeyi yalnız tələbələrin haqqı idi.
O illərdə Gülən tələbəsi İsmayıl Böyükçələbi və İzmirin iş adamlarından Yusif Öztanzanla (Yusuf Öztanzan) birlikdə bir kəndə gedir. Sonra piyada kəndin yuxarısından axan çaya tərəf yollanırlar. Çayın kənarında oturub yemək yeyir, namaz qılırlar. Geri qayıdanda dərənin kənarını ilə getmək mümkün olmur, ona görə də iki tarlanın arasından keçməyə məcbur olurlar. Gülən bir tarlanın qurtaracağında ayaqqabılarını çıxarıb torpağını təmizləyir, sonra o biri tarlaya keçir. Yusif Öztanzan və İsmayıl Böyükçələbi təəccüblə bir-birinə baxır. Gülən: “Nə təəccüblə baxırsınız? Elə bilirsiniz ki, Allah məni bir tarladan o birisinə ayaqqabımın içində keçən torpağa görə hesaba çəkməyəcək? Allah bir arpanın dörddə birinin hesabını belə soruşacaq” deyir.
Yenə bir gün Gülən düşərgə üçün yer axtararkən bir tarlanın palçığına batmış ayaqqabısını təmizləmədən o biri tarlaya keçməmiş, “Sahibindən icazə almadan tarlaya girdik. Barı torpaqlarını ayağımızda aparmayaq” demişdi.
Bir gün Böyükçələbinin qardaşı Mehmet Əli Böyükçələbi (Mehmet Ali Büyükçelebi) Gülənin yaxın dostu Necdət Başaranın stolunda oturub boynunu ovdururdu. Gülən onu görcək “Sən orda oturmaq üçün icazə almısan?” – deyə soruşur. Böyükçələbi “Qardaşım icazə alıb” deyir. Gülən yenə: “Yaxşı, bəs qardaşın sənin üçün də icazə alıb?” deyə təkrar soruşur.[48]
Liseylərin açılmasında böyük rolu olan “Akyazılı” Vəqfinin ilk sədri təqaüdçü bir zabit idi. Polkovnik Cəmaləddin Gürlək (Cemaleddin Gürlek)[49] 1960-cı il 27 May çevrilişindən sonra hərbidən ayrılan və Təqaüdçü İnqilab Zabitləri (Əminsular) kimi tanınan zabitlərdəndi. Gürlək Gülənlə 1973-cü ilin dekabrında həccə gedərkən Ankara Əsənboğa hava limanındakı məsciddə tanış olmuşdu.
Cəmaləddin Gürlək kimi həyat yoldaşı Fatma Gürlək də dindar idi. İtalyanca bilən Fatma Gürlək tələbə yetişdirilməsinin əhəmiyyətini dərk edirdi. Hətta bir gün ərinə: “Biz gedək Darülacəzədə (Qocalar evində) qalaq. Evimizi də tələbələrə verək” deyə təklif də etmişdi.
Polkovnik Gürləkin “Akyazılı” Vəqfi ilə yanaşı, “Akyaka” adlı yeni bir qardaş vəqfin qurulmasında da böyük xidmətləri olmuşdur. 12 Sentyabr çevrilişi dövründə bəzi hərbi rejim məmurları keçmişdə baş vermiş hadisə ilə əlaqədar “Akyazılı Vəqfi”nə soyuq və əndişəli baxırdılar. Belə ki, Cümhuriyyət qurulan illərdə Sakaryanın Akyazı bölgəsində üsyanlar baş qaldırmışdı. Əslində Vəqfin Sakarya ilə heç bir əlaqəsi yox idi, sadəcə qurucusu Nəfi bəy Yazıçının soyadını daşıyırdı.
Polkovnik Gürləkin təcrübəsi və iş psinsipi vəqfin fəaliyyətlərinə böyük fayda vermişdi. Gürlək eyni zamanda yay aylarında Egey bölgəsində qurulan tələbə düşərgələrini gəzir, sayı 10-dan artıq olan bu düşərgələrdə çadırların düzgün qurulub-qurulmamasına nəzarət edirdi.
Ankaranın Arı Kinoteatrında konfrans
Gülən 1976-77-ci illərdə Türkiyənin müxtəlif bölgələrində konfrans keçirməyə başlayır. İlk addımını İzmirdə atan bu konfranslar silsiləsi Anadoludan gələn dəvətlərə cavab olaraq Diyarbəkir və Ərzuruma qədər gedib çıxır. Konfranslar dörd əsas mövzuya həsr olunmuşdu: “Altın nəsil”, “Quran və elm”, “Darvinin təkamül nəzəriyyəsi” və “Sosial ədalət”.
Altın Nəsil bəşəriyyətin xilaskarı idi. Bu gənclər İslam peyğəmbəri Həzrəti Məhəmməd əshabının təmsil etdiyi yüksək dəyərləri və fədakar həyat tərzini nümunə götürəcəkdilər. Başqa sözlə, Altın Nəsil “çağdaş səhabələr” olaraq İslamın ümumbəşəri dəyərlərini dirçəldəcək, yaşadacaqdı. Altın Nəsil “ağlı müasir elmlərlə düşünən, qəlbi imanla dupduru, əxlaq timsalı, özü üçün deyil, başqaları üçün yaşayan” nəsildi. Gülənə görə, bu, bir utopiya deyil, gerçəkləşməsi mümkün həqiqət idi. 1970-ci illərdə belə bir nəslin yetişməsi “qayalar üzərində palma ağacı əkmək qədər” çətin olsa da, qeyri-mümkün də deyildi.[50] Əsas odur ki, Türk xalqı bu çətin mübarizənin fərqinə varsın, o zaman Allah bu nəsli bəşəriyyətə ərməğan edəcəkdi.
Gülənin İzmirdə, Çorumda, Malatyada, Elazığda, İspartada, Karabükdə, Diyarbəkirdə, Ərzurum və Konyada verdiyi “Altın Nəsil” konfransları böyük maraqla qarşılanır.[51] 1976-cı ilin may ayında Ərzurumda bir kinoteatrda verdiyi Altın Nəsil konfransına minlərlə insan gəlmişdi. Bu konfransın təşkilatçılarından Əli Bayram belə deyir: “Kinoteatr bir karvansaranın içərisində yerləşirdi. Karvansara ağzına qədər dolmuşdu. Çöldə də bir o qədər adam var idi”. Gülən iştirakçılara hörmət əlaməti olaraq konfrans boyu 3 saat ayaqüstə çıxış etmişdi.
Altın Nəsil konfransları Anadolu iş adamlarının təhsil ocaqlarına dəstəyini sürətləndirir. Məsələn, Spartada keçirilən Altın Nəsil konfransından sonra oranın tanınmış varlılarından Mehmet Kösə (Mehmet Köse) 10 hektarlıq gül bağını tələbə yataqxanasının tikilməsi üçün hədiyyə etmişdi. Hazırda bu bina Spartada universitetin yanında lisey kimi fəaliyyət göstərir.
1976-cı il dekabrın 8-də universitet müəllimlərinin də iştirak etdiyi “Quran və müasir elm” konfransı keçirilir. Konfransdan əvvəl bəzi universitet müəllimləri Gülənin yoldaşlarına kiçik bir salon tutmağı tövsiyə etmişdi. Çünki konfransa o qədər maraq olmaya bilərdi. Lakin nəticə onları heyrətə gətirir. Hətta kəndlərdən traktorlara minib Güləni dinləməyə gələnlər olur. Konfrans salonu dolub-daşır. Çünki 10 ilə yaxın yataqxanada işləyən və dərs deyən Gülənin yüzlərlə tələbəsi vardı.
Gülən İslamın təməl fəlsəfəsi ilə ziddiyyət təşkil edən və Allahın varlığına dair şübhə toxumları səpən Darvinin təkamül nəzəriyyəsini İzmir və Ankarada “Yaradılış və Darvinizm” adı ilə keçirdiyi konfranslarda əsaslı faktlarla ifşa edərək nəzəriyyənin tərəfdarlarına meydan oxuyur. Ankarada Darvinizm konfransı Arı Kinoteatrında təşkil edilmişdi (1976-ci il). Salon tamam dolduğuna görə bayırda qalan insanlar üçün səsgücləndiricilər qoymuşdular. Gülən bu konfrans boyu da ayaqüstə çıxış etmişdi.
Gülən əslində 1960-cı illərin sonlarından İzmirdə bəzi söhbət proqramlarında təkamül nəzəriyyəsinə toxunmuş və ilk dəfə olaraq bu mövzunu məscid minbərində səsləndirmişdi. 1976-cı ildə biologiyanın ən çətin məsələlərini araşdıraraq təkamül haqda konfrans keçirməsinin bir sıra səbəbləri var idi. Çünki o vaxtlar təkamülü izah etmək üçün bəzi Quran ayələrini əsas gətirirdilər. Bəziləri Ərzurumlu İbrahim Haqqının “Mərifətnamə”sinin müəyyən hissələrinə istinad edərək onun da təkamülü qəbul etdiyini deyirdilər. Gülənin əsgərlikdə oxuduğu bir romanda Şeyxülislam Xeyrullah Əfəndinin[52] belə təkamül nəzəriyyəsinə inanmasından danışılırdı. XIX əsrin İslam alimlərindən Hüseyn Cisri: “Bu məsələ hələ fərziyyədir. Lakin gələcəkdə isbat edilərsə, biz də Quran ayələri ilə izah edərik” deyirdi. Gülənə görə, Xeyrullah Əfəndi və Hüseyin Cisri kimi insanlar belə təsirlənibsə, demək ki, bu məsələnin təcili olaraq geniş ictimaiyyət qarşısında müzakirəyə çıxarılmasına ehtiyac vardı.
Gülənin fikrincə, Darvinizm və Nihilizm bir dövrdə cəmiyyəti elə dərindən sarsıtmışdı ki, nə qədər alim və ziyalı “özünü oda atan pərvanələr” kimi bu axınlara düşüb məhv olmuşdu. Türkiyə də belə bir böhranlı dövrdən keçdi. Gülən özü də bir türkiyəli yazıçının romanında darvinizmin ustalıqla qələmə alınmasından təsirlənmişdi. Belə ki, “Bunu ağlımdan silib atmaq üçün çox mənbəyə müraciət etdim” deyirdi.
Konfransın əvvəlində, əslində, bu mövzunun bir biokimyaçı, bir genekoloq, bir paleontoloq və bir ilahiyyatçıdan ibarət dörd nəfərlik qrupun müştərək işi olmasına baxmayaraq, onu təkbaşına təqdim etmək məcburiyyətində qaldığını vurğulayan Gülən sualları dalbadal sıralayıb cavablandırır.
Bir canlı növün digərinə çevrilməsi qəbul edilsə belə, hansı canlının ömrü bu çevrilmə prosesinə çatardı? Yoxsa yeni növə çevrilənlər digərlərindən fərqli olaraq milyonlarla il yaşamışdır? Nə üçün yalnız bir meymun təkamül etmiş, digərləri isə dəyişmədən qalıb? Qadının təkamülü necə baş vermişdir?
Darvin “İnsanın vücudunu örtən tüklər tədricən tökülüb seyrəkləşdi və bədən hazırki şəklini aldı” deyirdi. Bəs nə üçün qadının vücudunda eyni tip tüklər yox idi? “Bu, qadının cazibədar olması üçün labüd idi” deyən Darvin əslində öz nəzəriyyəsini inkar etmirdimi? Darvin “İnsanın beyni zərbələrə məruz qaldığına görə, orada tüklərin qalması zəruri idi” deyəndə yenə öz nəzəriyyəsinə zidd hərəkət etmirdimi? Görəsən, insanın burnu, alnı, dizləri, ayaqları daha az zərbələrə məruz qaldığına görəmi bu nahiyələrdə tüklər tökülüb və seyrəkləşib?
Gülən Darvinin həyatını diqqətlə araşdırmışdı. Varlı həkim ailəsində dünyaya gələn Darvin tibb təhsili almağa başlamış, lakin təhsilini yarımçıq buraxmışdı. Sonra dini təhsil almaq qərarına gəlsə də, yenə çətinlik çəkmişdi. Nəhayət, İngiltərə hökumətinin maddi dəstəyi ilə Okeaniya adaları, Afrika, Cənubi Amerika və Avstraliyada heyvanlar, canlı qalıqları, vulkanlar və mərcanlar üzərində tədqiqatlar aparmışdı.
Gülən konfransda 1929-cu ildə yazılan və Milli Təhsil Nazirliyi tərəfindən Türkcəyə tərcümə edilən “Sirli kainat” kitabının müəllifi ingilis tədqiqatçısı Ceyms Censin (James Janes) bu sözlərini xatırladır: “Necə olur ki, elmlə məşğul olan, kosmosu öyrənən, özünü dərindən araşdıran insan sonra Allaha inanmır, buna təəccüb edirəm!” İnsan gözünü təkamüllə izah edə bilməyən Darvin bir dostuna yazdığı məktubda “Bu gözü düşündükcə dəli oluram” demişdi. Halbuki Darvin hüceyrələr haqqında müasir biliklərə sahib olsaydı, yəqin ki, göz haqda söylədiyini hüceyrələr barəsində də deyərdi. Çünki insanda mövcud olan 60 trilyon hüceyrədən yalnız birinin sistemində yarananan problem insanın ölümünə səbəb ola bilər.
Gülənin fikrincə, “inancla inancsızlıq arasında sədd” olan təkamül sırf Darvinə şamil edilməməli idi. Bu nəzəriyyə onun ölümündən sonra inkarçılığın ideologiyasına çevrilmişdi. Təkamülə istinadən irəli sürülən “Güclülər sağ qalır, zəiflər məhv olub gedir” prinsipi müstəmləkəçiliyə, irqi ayrı-seçkiliyə, güclülərin zəifləri əzməsinə bir növ haqq qazandırır, bu haqsızlıqları qanuniləşdirirdi. Kommunizmin banisi Karl Marks da tarixə dair fikirlərini bu bünövrə üzərində əsaslandırmışdı, ona görə də Darvinə çox şey borclu idi. Kommunistlərin təkamül nəzəriyyəsinin ən qatı tərəfdarları olması da bununla bağlı idi. Onlar inkarçılığın əsas sütunlarından biri olduğu üçün təkamüldən möhkəm yapışır, onu müqəddəsləşdirirdilər.
Halbuki yüz illərdir, yerdə də, göydə də zəif və güclü varlıqlar ekoloji tarazlıq içərisində birgə yaşayır. Çünki Ulu Yaradan hər bir canlını həyat üçün lazım olan orqanlarla xəlq etmişdir, etməkdədir. Gülən deyirdi: “Təkamülçülər bu xarqüladə yaradılış həqiqətlərini qəbul etməsələr belə, bir kənara çəkilib susmağa məcburdular”.
“İnanc elmi inkişafın bünövrəsi ola bilməz” fikrini də cavablandıran Gülən soruşurdu: “Allaha inanandan sonra araşdırmaları davam etdirməyin elmə nə zərəri var? Bu qədər dəlillər Allahın varlığından xəbər verdiyi halda, varlığın kökünü təbiət və ya təsadüf kimi xürafatlarla izah etmək elmə nə qazandıracaq? Allahın təkamül məsələsi ilə inkar edilməsi təbiətin ilahi güc hesab edilməsinə gətirib çıxarmırmı?”
Gülən konfransı belə yekunlaşdırır: “Allah bəşəriyyətin atası, ilk insan Həzrəti Adəmi torpaq elementlərindən bir möcüzə əsəri olaraq yaratmışdır. Darvinizmin iddia etdiyi kimi bir təkamül prosesi baş verməmişdir və insan təkamül nəticəsində bugünkü şəklini almamışdır”.[53]
Gülən “sosial ədalət” mövzusuna həsr etdiyi konfransları 1977-ci ildə Sparta, Balıkəsir və Qəhramanmaraşda verir. O dövrdə sosial ədalət məsələsi də Türkiyədə aktual idi və siyasi polemika mövzularından birinə çevrilmişdi. Hətta bəzi dairələr İslamla sosializmi eyniləşdirmək üçün “İslam sosializmi” anlayışnı ortaya atmışdılar.
Gülən onu ayaq üstə dinləyən dinləyicilərinə hörmət əlaməti olaraq konfranslarını ayaq üstə verirdi. Danışarkən çox vaxt heç bir qeyddən istifadə etmirdi. Gülən olduqca hərarətli və alovlu çıxış edirdi. Bornovada işləyərkən vəzlərini ayaq üstə vermək üçün məscidin minbərini sökdürüb təzədən düzəltdirmişdi. Minbərin kənarları bağlı olduğuna görə camaat elə zənn edirdi ki, oturaraq vəz verir. Ancaq əslində Gülən ayaq üstə danışırdı.
O gecə nə üçün Vana gedəcəkdi?
Gülənin konfranslarda bu iddialı, eyni zamanda təvazökar görünüşü xalqa inanılmaz dərəcədə təsir edirdi. Gülənin Malatyada konfransı vardı. Ankaradan yola düşüb 7-8 saatlıq yoldan sonra gecə saat 23:00-da Malatyaya çatır. Əslində, təyyarə ilə getməyi planlaşdırsa da, uçuş təxirə salınmışdı. Buna görə bir avtomobil tapıb həmin gün yola düşmüşdü. Bu maşın da yolda xarab olmuş, üç saat gecikmişdilər. Gördüyü mənzərə Güləni həyəcanlandırır. Gecə saat onbir olmasına baxmayaraq, yolun sağ və solunda düzülmüş gənclər onu gözləyirdi. İnsanlar hələ də konfrans salonunu tərk etməmişdilər. Gələr-gəlməz kürsüyə çıxan Gülən konfransın ardınca gecəni yolda keçirib səhəri Konyaya çatır.
Gülən Türkiyənin xilasını mənəvi dəyərlərə bağlı gəncliyin yetişməsində görürdü. Anadolunun hər tərəfində – kinoteatrlarda və bələdiyyəyə məxsus toy salonlarında xalqa müraciət etməsinin səbəbi də bu idi. İllər sonra 1993-cü ildə bir müsahibəsində “Çox güman, ancaq üç vilayətə getməmişəm” deməsi də bundan qaynaqlanırdı. Bu vilayətlər Hakkari, Sinop və Artvin idi. 2007-ci ildə Güləndən sonralar bu vilayətlərə gedib-getmədiyini soruşdum, belə dedi: “Hopaya getdim, amma Artvinə gedə bilmədim. Hakkari və Sinopa da getmədim”.
Gülən Diyarbəkirdə verdiyi Altın Nəsil konfransında hazırda Anadolunun cənub-şərq bölgəsində yaşanan hadisələrin ilk əlamətlərinə şahid olur. Həmin gün konfrans zamanı adət etmədiyi replikalara məruz qalan Gülən bölgədə cücərən separatçı toxumlarını öz gözləri ilə görür.
Cənub-şərqdə gizli separatçı hərəkat yavaş-yavaş kök atırdı. Məsələn, Diyarbəkirin bəzi liseylərində şagirdlər Anadolunun qərb vilayətlərindən gələn müəllimləri: “Kürdüstana gələrkən pasport aldınızmı?” deyə məsxərəyə qoyurdular. Muşda Korpus komandiri yoldan keçərkən bir şagirdi öz avtomobilinə mindirmiş, böyüyəndə hansı peşəni seçəcəyini soruşmuşdu. Aldığı cavab heç də ürəkaçan olmamışdı: “Hakim və müəllim olacağam, gəlib kürd xalqına xidmət edəcəyəm”.[54]
1970-ci illərdə Diyarbəkirin ab-havası belə idi. Bu səbəbdəndir ki, Gülən 1982-ci ildə İzmir, İstanbul və Ankaradan sonra dərhal Anadolunun cənub-şərq bölgəsində lisey açılması üçün bütün imkanlarını səfərbər edir. Vanda belə bir məktəbin açılması istiqamətində ilk təşəbbüs 1984-cü ildə Gülənin izmirli dostlarından gəlir. Hətta Gülən Vanda lisey üçün nəzərdə tutulan torpağın kupçisində problem çıxdığını öyrənən kimi, “Ehtiyac varsa, mən özüm Vana gedib bu məsələni həll edim” deyir. Gülənin sözlərindən təsirlənən iki izmirli iş adamı həmin gün Vana gedib problemi həll edir və ertəsi sabah İzmirə qayıdır. Bu iki iş adamından biri Gülənin tövsiyələri ilə həyatını bu dəyərli xidmətlərə həsr edən Yusif Bəkməzçi idi (Yusuf Pekmezci).[55] Bəkməzçi kupçi problemini həll etdikdən sonra səhərə yaxın İzmirə çatıb şad xəbəri verəndə təzəcə sübh namazını qılmış Gülənin üzündə yaranan sevinci bugünkü kimi xatırladığını söyləyir.
Beləcə 1984-cü ildə Vanda “Sərhat liseyi” adlı məktəbin təməli atılır. O dövrdə Baş Nazir olan Turqut Özal Van və Bitlis səfəri zamanı 1985-ci il noyabrın 18-də Van-Ədrəmit yolu üstündə inşaatı gedən məktəbin qarşısından keçərkən avtomobili saxladıb tikintini gəzir. Bir neçə iş adamının maddi dəstəyi ilə İstanbuldan məktəbin inşaatını idarə edən Kamal Əriməz (Kemal Erimez) həmin gün Baş Nazir Özalın Vanda xalqa müraciət edəcəyini öyrənmiş, Özal olan mitinq avtobusuna gedib onu məktəbin inşaatını görməyə dəvət etmişdi. “Sərhat liseyi” beş il sonra 1990-cı ildə fəaliyyətə başlayır. Turqut Özal artıq prezident kimi çıxdığı cənub-şərq səfərində Hakkaridən Vana gələrkən 1991-ci il oktyabrın 13-də liseyi ziyarət edir. Özal onu müşayiət edən yüksək rütbəli hərbçilərə liseyin önəmindən danışıb: “Bu məktəbin açılmasında Kamal Əriməzin böyük əməyi olub”, – deyir.
Sərhat liseyi Pekin və Moskvada keçirilən beynəlxalq bilik olimpiadalarında kimya fənni üzrə ikinci yeri tutur. Van tarixində ilk dəfə Hacəttəpə Universitetinin tibb fakültəsinə daxil olan qız və Bilkənt Universitetinə qəbul olan oğlan bu liseyin məzunlarıdır.
Gülən və Əriməz 1996-cı il oktyabrın 26-da Ədirnədə eyni adda yeni liseyin təməlini birlikdə atır. Vanda “Sərhat liseyi”nin 12 il əvvəl tikilməsində cənub-şərqdən gələn həyəcan təbilləri mühüm təkanverici faktor olmuşdu.[56] Ədirnə Sərhat liseyinin inşaatına da Kamal Əriməz rəhbərlik edirdi. Məktəbin tikilməsinə sərf olunan maddi vəsaitin böyük qismini istanbullu bir iş adamı verir.
“Eylül (Sentyabr)” romanının qəhrəmanları
1970-ci illərdə Türkiyədə siyasi çaxnaşmalar, təbəddülatlar kuliminasiya nöqtəsinə çatmışdı. Gülənin bəzi yoldaşlarının fikrincə, o, Türkiyədə konfranslarını bir müddət də davam etdirə bilərdi. Lakin şəxsinə rəğbət göstərilməsini xoşlamayan Gülən konfranslarda həddən artıq adamın toplandığını görüb konfransları dayandırmaq qərarına gəlir.
Ərzurum Gülənin ana vətəni olmaqla yanaşı, sıxıntılardan yorulanda pənah apardığı yerdi. Belə gedişlərin birində iki tələbə onunla görüşüb kitablarına ön söz yazmağı xahiş edirlər. Sonralar biri elmlər doktoru, digəri professor olan bu iki tələbə ramazanın başladığını göstərən Ay hərəkətlərini araşdırıb kitab yazmışdılar. Ayın hərəkətlərini elmi cəhətdən əsaslandırmaq üçün Amerikanın Milli Aerokosmik Araşdırmalar Mərkəzini (NASA) və Almaniya Höte İnstitutuna gedib onların tədqiqatlarından da yararlanmışdılar. Gülənin beş səhifəlik ön sözündə əksini tapan fəlsəfi məlumatları və David Yum[57] kimi filosofların adlarını görən tələbələr[58] onun fəlsəfəyə olan marağının səbəbini soruşurlar.
Görəsən, o, bu fəlsəfə kitablarını nə vaxt oxumuşdu? Gülən onlara belə cavab verir:
“Bir vaxtlar fəlsəfə ilə, xüsusilə, Qərb fəlsəfəsi ilə maraqlanmışam. Cəmil Sənanın (Cemil Sinan)[59] dörd cildlik fəlsəfə kitabını başdan axıracan oxumuşam”.
Gülən beş səhifəlik ön sözdə təkcə ramazan hilalı məsələsinə toxunmamışdı. Həmin ön sözün bir abzası belə idi:
Əsrimiz iztirablar əsridir. Və şübhəsiz ki, bu iztirabların ən böyüyü də müsəlmanın yaşadığı əsri və onun xüsusiyyətlərini dərk etməməsidir... Keçmişdən bu günədək düşüncə sistemimizi Platonizmə uyğunlaşdırmaq üçün azmı əziyyətə qatlandıq? Mənəvi dünyamızı neoplatonizmlə azmı izah etməyə çalışdıq? Halbuki dünən bir mömin kimi göstərib adına dastanlar qoşduğumuz Aristotel dinin nəzəriyyəsi üçün nə qədər zərərli olmuşdursa, Dekartın rasionalizmi də o qədər yanlışlıqdan xali qalmamışdır.
Darvinin təkamül nəzəriyyəsinin təsirinə düşən bəzi İslam alimlərinin Quranın yaradılış ayələrini bu nəzəriyyəyə uyğunlaşdırma cəhdlərini “İslamın izahında dilənçilik” kimi qiymətləndirən Gülən David Yum möcüzələri inkar edəndə də eyni üsula əl atıldığını vurğulayır. David Yuma cavab vermə məqsədilə Hz. Məhəmmədin nümunəvi həyatını elmi şəkildə izah etmək cəhdlərini sapqın yorumlarla nəticələnməsi bu dilənçilik anlayışından qaynaqlanırdı. Halbuki bu fikirlərə İslamın orijinal dəyərləri ilə cavab vermək lazım idi.
Gülən kitab həvəskarı idi. 1950-ci illərin əvvəlində Ərzurumun tanınmış mədrəsələrində tələbə olarkən dərs kitablarının arasına roman qoyar, vaxt tapan kimi oxuyardı. 1970-ci illərdə İzmirdəki kitabxanasında Karl Marksın “Kapital” əsərini də görmək mümkün idi.
Gülən bir gün onun haqqında “Bir porte denemesi” (Bir portretin cizgiləri) adlı 500 səhifəlik kitab yazan Əli Ünaldan (Ali Ünal) Nurəddin Topçunun (Nurettin Topçu) əsərlərini oxuyub-oxumadığını soruşmuşdu. Ünaldan “xeyr” cavabını alanda da Topçunun “Yarınkı Türkiyə”[60] kitabını ona hədiyyə etmişdi.
Dövlət tərəfindən 1928-ci ildə Fransanın paytaxtı Parisə oxumağa göndərilən Topçu Paris Sarbonna Universitetində fəlsəfə üzrə doktorluq dissertasiyası müdafiə edən ilk türkiyəli tələbədir. Topçu “Yarınkı Türkiyə” əsərində yazır:
“Sabahkı Türkiyəni yaşama zövqünü tərk edib, yaşatma eşqinə könül verən, səbirli, əzmli, eyni zamanda nümayişkaranəlikdən uzaq və səmimi qəlbdən çalışan ruh cəbhəsinin qəvvasları quracaq. Bu ruh cəbhəsinin birinci və əsas işi insan yetişdirməkdir. Hünəri daima fədakarlıq göstərmək olan bu xidmət əhli gənclər xidmətlərinin mükafatını da xidmət etdikləri insanlardan gözləməyəcək, sonsuzluğa ərməğan etdikləri əsərin əks-sədasını da məhz sonsuzluqdan dinləyəcəklər.”
Bu sətirlər yazılanda təqvimlər 14 may 1961-ci ili göstərirdi.
Bir gün Əli Bayrama ““Eylül” romanının qəhrəmanlarını tanıyırsan?” sualını verən Gülən başqa bir gün də “Haşim Nahidin “Türkiyənin nicat və yüksəliş yolları” (Türkiyenin necat ve itila yolları) kitabının ön sözünü oxumusanmı?” deyə soruşmuşdu. “Eylül” Türkiyə ədəbiyyatında ilk psixoloji roman hesab olunurdu.
“Eylül” romanında hadisələr 1900-cü illərdə İstanbulda cərəyan edir. Müəllif kitabın bir yerində əsərin qəhrəmanları Suad və həyat yoldaşı Sürəyyanın keçirdiyi psixoloji gərginliyi “Günah beş illik həyatın yıpratdığı qəlblərdə, insan qəlbinin köhnəlmə qabiliyyətindəydi” cümlələri ilə təsvir edir. Onların ailəsinə qibtə ilə baxan üçüncü qəhrəman isə: “Hötenin dediyi kimi layiq olan qalib gəlir, uduzan layiq deyildir... Ah, insanlar, bu insan qəlbi bir tapmacadır, yüz min açması var” deyir.
Güləni sızladan “Türkiya” səslənişi
Ərbilli yazıçı Haşim Nahid 1915-ci ildə çapdan çıxan “Türkiyənin nicat və yüksəliş yolları” kitabının “Türkiya” adlı ön sözündə Türkiyə sevgisini heyranlıqla dilə gətirirdi.
Gülənin bu kitabı oxumasının kədərli tarixçəsi var. 1960-cı illərdə İzmir kitabxanasında üst mərtəbədə baxımsız qalan və çürüyən yüzlərlə kitab əlyazması olduğunu öyrənir. Yuxarı mərtəbəyə qalxanda iki iri otaq qədər kitab görür. Almalılı Həmdi Yazırın (Elmalılı Hamdi Yazır) Quran təfsiri əlyazması bu kitabların arasında idi. Gülən dəyərli hesab etdiyi kitabları götürüb Kəstanəbazarı kitabxanasına yerləşdirir. Bunlardan biri də Haşim Nahidin “Türkiyənin nicat və yüksəliş yolları”dır. Haşim Nihad ön sözündə yazırdı:
Türkiya!.. Sənə üz tutdum. Sənin eşq və nifrətinlə dolub daşan qəlbimin dodaqlarımda fəryadlara çevrilən həyəcanını söyləmək üçün. Türkiya! Biz gənclər, uşaqlar və qocalar – hamımız anasını qətlə yetirən bir cani, məşuqunun xəncəri ilə doğranan bir şəhid deyil, daha çox uçuruma yuvarlanan eyni kütlənin bir parçası, fırtınalarda batacaq bir gəminin sərnişinləriyik, biz hamımız vəhşi qəzəblərin (infialların) alçaqlıqla məhv etdiyi zümrənin bir fərdiyik. Sənin doğma övladın olaraq mən fəryadımı, üsyanımı dilləndirmək üçün sənə üz tutdum. Türkiya! Dinlə məni! Sənin üçün, hər birimiz üçün gözlərimdə Yaqubun, Züleyxanın sevgisi və həyəcanı, dodaqlarımda Hüseynimin əfqanı inləyir. Məni dinlə Türkiya!... Dünən Avropanı titrədən Türkiya bu gün Avropanın önündə eyni qorxu və zillətlə titrəyir... Ah, mən bu sükutu çoxdan hiss etmiş və inləmişdim... Avropa qüdrətini, nüfuzunu və əhalisini gündən-günə artıraraq Şərqi istila edir. Şərq ac, yoxsul, işsiz, cahil, əski təəccüblü baxışları ilə hələ də sərsəm, Avropanın yumruqlarına kürəyini çevirir, onun qüdrəti qarşısında acizliyini göstərir! Budur, neçə illərdir davam edən bu faciəli səhnələrdən qəti bir nəticə çıxardım: Şərqin, xüsusilə Avropaya ən yaxın olan Türk-Osmanlı millətinin bugünkü vəziyyəti təsəvvür edildiyindən də ağırdır, təhlükə böyük və dəhşətlidir... İndi sənə təkrar xitab edirəm, Türkiya! Mən sənin doğma övladınam. Sənin sevginlə və hicranınla dolub daşan qəlbimin səmimi fəryadlarını dinlə, Türkiya! Anam, şərəfim, həyatım Türkiya! Əgər sənin övladın olan bizlər böyük həqiqəti görməsək və səni xilas etməyə əzm göstərməsək, hamımız məhv olub gedəcəyik. Və tarix adı və izi qalmayan bir Türkiyanın bugünkü nəslini əbədi olaraq lənətləyəcəkdir![61]
Ədəbiyyatdan söz düşəndə Gülən ilk olaraq Əhməd Həmdi Tanpinar (Ahmet Hamdi Tanpınar) və Yəhya Kamalın (Yahya Kemal) adını çəkir. Onun fikrincə, Türk ədəbiyyatının bu iki sevimli yazarı yeni kiçik Türkiyəni heç cür qəbul edə bilmədi və şanlı keçmişlə təsəlli tapdı. Ona görə də əsərlərində keçmişin həsrəti dillərindən düşmədi. Tanpinarın “Beş şəhər” kitabı və “Bursada zaman” şeiri də bu ruhla yoğrulmuşdu. Gülən özünün də dəfələrlə oxuduğu Yəhya Kamalın “Kendi Gökkubbemiz (“Öz səmamız”)” şeirini yaxın dostlarına bir neçə dəfə oxumağı məsləhət görürdü.
O, Nazim Hikmətin fikirləri ilə razılaşmasa da, şeiriyyətinin güclü olduğunu etiraf edir. Gülənin fikrincə, Namiq Kamal (Namık Kemal), Əhməd Naim (Ahmet Naim), Əhməd Cevdət Paşa (Ahmet Cevdet Paşa), Haşim Nahid (Haşım Nahit), Kamil Miras kimi ədiblər əsərlərində Türkcənin zənginliyindən gözəl istifadə edir, ancaq Əhməd Cevdət Paşaya çatan olmaz. Nəcib Fazilin, Mehmet Akifin, Müəllim Nacinin (Muallim Naci), Yəhya Kamalın şeirlərində heyrətamiz misralar var. Namiq Kamalın nəsri də gözəldir, ancaq mənzum əsərlərində atəşin misralar var. Bu misralar N. Kamal şeirlərinin incisidir. Türk ədəbiyyatında sərbəst vəzndə yazılmış və “Səssiz gəmi”, “Süleymaniyyədə bayram səhəri” şeirləri qədər dəyərli mənzum əsərlər az deyildir. Əhməd Haşim şeirlərində olduğu kimi, güclü qələm ustalarının bəzi əsərlərində də hər şey simvolların dalğın dünyasında bir “sirr”ə dönüb qeybə çəkilir.
Gülənə görə, M. Akifin mənzum əsərləri kimi Tevfiq Fikrətin (Tevfik Fikret) şeirləri də – Mehmet Akiflə eyni ideya qütbündə olmasa da – axıcı üsluba malikdir. Şərq klassiklərindən bəhrələnən Səzai Qaraqoç (Sezai Karakoç) və əsərlərinin ədəbi gücü ilə seçilən sabiq Baş Nazir Şəmsəddin Günaltay (Şemsettin Günaltay) səlis Türkcəsi ilə diqqət çəkir. Almalılı Həmdi Yazırın fransızcadan tərcümə etdiyi fəlsəfə kitabına yazdığı ön söz elə təsiredicidir ki, insan onu oxuyarkən özünü bir şəlalənin qarşısında hiss edir. Gülən: “Bəzi fikirlərini qəbul etməsəm də, Türkcədən gözəl istifadə etdiyinə görə “Tarixi istiqbal” əsərinin müəllifi Cəlal Nurini (Celal Nuri) də təqdir edirəm” deyirdi.
ABŞ-da olarkən Gülənlə bu kitab haqqında söhbət edirdik. 2008-ci il iyunun 7-si idi. Salonda elektron lövhə qoyulmuşdu. 15-20 saniyədən bir lövhənin ekranına hikmətli sözlər, şeirlər, beytlər gəlirdi. Bu vaxt elektron lövhədə bir bənd şeir göründü, altında Toqadızadə Şəkib yazılmışdı. Gülən fikirlərini bölüşdü: “Toqadızadə Şəkib ədəbiyyatımızın ən güclü simalarından biridir. Lakin çox az tanınır. İzmir məktəbindəndir. İstanbul mərkəz olduğuna görə istanbullu şairlər daha çox yadda qalıblar. Toqadızadə Şəkibi çox bəyənirəm. Təsəvvüf sahəsində dərin biliklərə sahibdi. Rza Tevfiq kimidir”.
Gülənin Kətəncizadənin də adını çəkir: “Kətəncizadə (Ketencizade) Ərzurumludur, çox güclü şairdir. Divan bağlayıb. Ərzurumda kiçik bir məscidi var. Bir dəfə orada xütbə vermişdim. Alvarlı Efenin müasiridir. O vaxtlar Ərzurumda üç böyük şəxsiyyət var idi: Kətəncizadə, Alvarlı Efe və Hacı Haşıl Əfəndi. Anam onları tanıyırdı. Anam kəndin böyük, kiçik qızlarına, oğlanlarına – hər kəsə Quran öyrədirdi. Jandarma xəbər tutar, gələr deyə, dərsləri tövlənin bir küncündə keçirdi”.[62]
Harvard Universitetinin professoruna məktub
1960-cı illərdən etibarən İzmir və İstanbulda minlərlə kitab fonduna malik 3-4 kitabxana quran Gülən uzun illər sonra – 2004-cü ildə Harvard Universitetinin professoru Nelson Kianqa[63] ünvanladığı məktubda yazırdı: “Hər gün üç-dörd kitab oxuduğunuzu öyrənəndə çox sevindim. Mən də neçə illərdir, dostlarıma bunu məsləhət görürəm. Hər gün bir neçə kitabın sirlərinə ortaq olduğum kimi, dostlarımı da kitabların sehrli dünyasına aparmağa çalışıram”.
Üç dəfə Nobel mükafatı təklif edilsə də, siyasi xarakterli olduğu üçün ondan imtina edən çin əsilli amerikalı professor Kianq Orta Asiya Türk məktəblərini gəzmişdi və eyni məktəblərin Çində də açılmasını istəyirdi. Professor Şərif Əli Təkalan beş yaşından etibarən gündə ancaq üç saat yatan və gecələr 2-3 kitab bitirən Kianqı bu məktəblərə aparmış və Fəthullah Gülənlə tanış etmişdi.
ABŞ-da yaşadığı evdə də böyük bir kitabxana quran Gülən 1990-cı illərdə italyan jurnalist Mişel Zanzucciyə (Michele Zanzucchi) verdiyi müsahibədə oxuduğu Şərq və Qərb ədiblərindən danışır: “Şərq klassikləri ilə yanaşı, demək olar, bütün Qərb klassiklərini də oxumuşam. Mövlanə, Sədi, Hafiz, Molla Cami, Firdovsi, Ənvəri kimi Şərq klassiklərinin ustadları ilə yanaşı, Şekspiri, Balzakı, Volteri, Russonu, Kantı, Zolyanı, Höteni, Kamyunu, Sartrı tanımağa çalışdım. Bunlardan əlavə, Bertrand Rassel, Puşkini və Tolstoyu mütaliə etmişəm”.[64]
Gülən 1998-ci ilin aprelində Fransanın “Le Monde” qəzetinin müxbiri Nikol Popa (Nicole Pope) verdiyi müsahibədə deyir: “Viktor Hüqoya böyük hörmətim var. Bir çox cəhətlərini bəyənirəm. Əslində, mənim anlayışıma zidd olan üsyan ədəbiyyatının ustadları olan Kamyu və Sartra də hörmətim var. Eyni şəkildə Tolstoya, Dostoyevskiyə də sayğım var”.
Gülən 1999-cu ilin noyabrında kanadalı yazar Fred Ridə (Fred Reed) verdiyi müsahibədə isə bir sıra məqamlara toxunur:
“Aleks Karl (Aleksis Karrel, Fransız mütəfəkkir) “İnsan adlı məchul” kitabında insanın fizioloji və anatomik quruluşuna nəzər salır. Bu kitab nəşr olunduğu illərdə çox məşhur idi. Çünki Karl insan anatomiyasının sirli tərəflərindən söz açırdı. Və onun fikirlərini Allahın varlığını isbat etmək üçün dəlillərin bir araya gətirilməsi kimi də düşünmək olar.. Mənim inancım deyir ki, insan bütün varlıq aləminin bir modeli olaraq ən gözəl şəkildə yaradılmışdır. İnsan yaradılışın mayası hesab olunur. Əslində, Kamyu, Sartrın və ekzistensialist prinsipini mənimsəyən digər insanların mövcud sistemləri tənqid edərkən belə əsas məqsədləri insanın iradə və ruhunu dinləmək, bununla onu daha yaxşı tanımaq idi. Onlar insanı sistemin aksesuarları hesab etdilər, dolayısilə, onların iradə və ruhu buna qarşı çıxdı. Bu, insanın qürur və şərəfini qəbul etməməkdi. Lakin yenə də xəta edərək yanaşma və prinsiplərini Yaradanın və insan ruhunun inkarı əsasında formalaşdırdılar. Məsələlərə ateizm prizmasından yanaşdılar, bu isə yeni sapqın fikirlərə gətirib çıxardı (bununla yanaşı, qeyd edim ki, bütün ekzistensialistlər nə keçmişdə, nə də hal-hazırda tamamilə ateist və sapqın deyillər)... Məncə, insan növünün bir çox problemləri insanın sözün əsl mənasında dərk edilməməsindən qaynaqlanır”.
Gülən 1960-cı illərdə İzmirdə olarkən Jan Pol Sartr, Albert Kamyu kimi “ekzistensializm” cərəyanının nümayəndələrini oxumuşdu. Onun fikrincə, İkinci Dünya müharibəsində yerlə-yeksan edilmiş Fransada meydana gələn “ekzistensializm” cərəyanı Türkiyədə müəyyən dövrdə mənəvi boşluqla üzləşən gəncliyi fikri, ruhi-mənəvi böhranlara sürükləyirdi. Bunu ““Ekzistensializm”i sıxsanız, içindən inancsızlıq damlayacaq” sözləri ilə dilə gətirirdi. Sartrda, Markusda, Kamyuda da eyni mənəvi boşluq səciyyəvi idi. XX əsrdə ümidsizlik və bədbinlik “ən yaxşı ifadə”səni ekzistensialitlərdə tapmışdı. Onlar həyatı mənasız bir mərhələ, varlığı mənasız boşluq, intiharı bir dəyər, ölümü isə yeganə və qaçılmaz həqiqət hesab edirdilər. Çünki fərd amansız müharibələrin dağıntıları altında qalmışdı.
Ona görə də vəz və söhbətlərində Allahın varlığından bəhs edərkən bu məsələlərə də tez-tez toxunurdu. Bu filosofların fikirlərinə yönəlmiş tənqidlərini 1979-cu ilin fevralında nəşrə başlayan “Sızıntı” jurnalına yazdığı baş yazılarında da davam etdirir. Məsələn, bəzi yazılarında Sartrdan sitat gətirib cavablandırır. Çünki dini sosial həyatdan tamamilə təcrid edən bu fəlsəfə Türk ziyalılarına ciddi təsir etmişdi.
O, Qərb dünyasının Ekzistensializm axınına paralel olaraq mənəvi dəyərlərə qayıdışına da toxunurdu. “Qərbdə dinə qayıdış Rusiyada kommunizmin dağılmasından əvvəl başladı” deyən Gülən buna misal olaraq amerikalı psixiatr Henri Linkin satış rekordları qıran “Dinə qayıdış” kitabını göstərirdi. Link bu kitabında insanlara kilsəyə getməyi, mənəviyyatla maraqlanmağı məsləhət görürdü.
Qərb dünyasının tədricən mənəvi dəyərlərə qayıtdığı bir vaxtda Türk ziyalıları Fransada meydana gələn eqzistensializmin təsirindən çıxa bilmirdilər. Dini təcrid edən bu cərəyanın ideyaları Türkiyədə xüsusilə, ziyalılar və universitet gəncliyi arasında geniş yayılmışdı. Jan Pol Sartrın kitablarını oxuyan gənclər “Allahı kim yaratdı?” sualını ortaya atırdılar.
Fransanın müstəmləkəsi Əlcəzairdə doğulan fransız yazar Albert Kamyu 1947-ci ildə nəşr edilmiş “Vəba” povestində əksini tapan ekzistensialist fikirləri ilə dinin zəruriliyinə şübhə ilə yanaşırdı. Əsər Əlcəzairdə meydana gələn bir vəba epidemiyasından bəhs edir. Baş qəhrəmanları vəba ilə mübarizə aparan həkim Bernard və rahib Paneluksdur. Rahib camaat qarşısında çıxışında İncilin “Köç” hissəsində əksini tapan Misir vəbasını xatırladıb belə deyir:
Allah Firon kimi təkəbbürlüləri vəba fəlakəti ilə diz çökdürdü. İndi biz fəlakətin içərisindəyik və buna layiqik. Vəba cəhənnəmində Allahın işığından məhrum olaraq uzun müddət qalacağıq.
Yəni rahib bununla insanlara: “Çıxış yolu Allaha yönəlməkdir. Bu fəlakət ancaq Onun əfvi ilə sona çatacaq”, – deyirdi. Lakin bir müddət sonra rahib və həkim vəbaya tutulmuş bir uşağın əzab içində ölümünə şahid olur və rahib bu hadisənin təsiri ilə həkimin mövqeyinə gəlir. Axırda rahib də vəba xəstəliyindən ölür.[65]
Halbuki Gülənin fikrincə, dünyanın üzləşdiyi əsl vəba inancsızlıqdır. Bəli, inancsızlıq vəba kimi təhlükəli xəstəlikdi və bəşəriyyətin düçar olduğu başlıca problemlərdəndi. Cəlal Nuri, Tevfiq Fikrət, Bəşir Fuad (Beşir Fuat) kimi Türk ziyalıları ömürlərinin sonlarına yaxın inancsızlıq böhranına sürüklənmişdi. Gülən: “O dövrdə ziyalılar bir böhrana məruz qalmışdı. Bu böhran mənim gəncliyimə qədər davam etdi” deyir. Bu, inancsızlıq böhranı idi.
Özalın İzmirdən namizədliyi
Dini və inancı insan həyatından təcrid edən bu cərəyanların Türk ziyalılarına güclü təsiri çox keçmədən – İkinci Dünya Müharibəsindən sonra özünü göstərir. 1949-cu ildə Parisdə təhsil alan və əksəriyyəti doktoranturada oxuyan Türkiyəli tələbələrin kommunist fikirlərin təsiri altına düşməsi xəbəri Türkiyədə böyük “əks-səda” doğurur. Sonralar əhəmiyyətli vəzifələrdə çalışan İsmət İnönünün kürəkəni jurnalist Mətin Tokər (Metin Toker), səfir Şükrü Ələkdağ (Şükrü Elekdağ), səfir Coşqun Qırca (Coşkun Kırca), Vəhbi Qoçun kürəkəni Nüsrət Arsel (Nusret Arsel), sabiq nazirlərdən Orxan Oğuz həmin tələbələrdəndi. Türkiyəli tələbələri bu təsirlərdən qorumaq məqsədi ilə Türkiyənin Paris səfiri Numan Mənəməncioğlunun (Numan Menemencioğlu) təşəbbüsü ilə “Paris Türk Tələbə Cəmiyyəti” qurulur.[66] O dövrdə Fransada kommunistlər o qədər güclü idi ki, az qala iqtidarı ələ keçirəcəkdilər.
Buna görə də Gülən 1960-cı illərin əvvəlində Ərzurumda “Kommunizmlə mübarizə dərnəyi”nin şöbəsinin açılmasına çalışırdı. Bu siyasi fəaliyyət deyil, gəncləri “əsl vəba” adlandırdığı inancsızlıqdan qoruma təşəbbüsü idi. 1950-60-cı illər arasında İstanbulda fəaliyyət göstərən “Kommunizmlə mübarizə dərnəyi” 1963-cü ildə yenidən canlanmış. 1965-ci ildə Dərnəyin Türkiyədə ümumilikdə 110 şöbəsi açılmışdı.
1977-ci ilin iyun ayında Gülənin çox sevdiyi Turqut Özal və Yaşar Tunagur Milli Səlamət Partiyasından (MSP) İzmir millət vəkilliyinə namizəd olurlar.
1977-ci il iyun ayının 5-də seçkilər keçirilir. Özal siyahıda birinci, Tunagur isə ikinci yerdə idi. Özal uzun illər müxtəlif dövlət vəzifələrində çalışmışdı, namizəd olması təbii idi. Ancaq Gülən Tunagurun siyasətlə məşğul olmasını istəmirdi.
Həmin seçkilərdə MSP İzmirdən 21 000 səs toplasa da, heç biri seçilmir. Gülən, bəlkə də, Tunagurun və Özalın xatirinə həyatında ilk dəfə həmin seçkilərdə iştirak edir. MSP İzmir şöbəsi Yaşar Tunagur və Turqut Özalın seçilməsinə aktiv dəstək verməmişdi. Çünki onların ikisi də partiyaya sonradan gəlmişdi. Halbuki MSP iki il sonra, 1979-cu il 14 oktyabrda keçirilən Senator seçkilərində İzmirdən 35 000 səs almışdı.
Qabadaş liseyinin məzunu, Kupçi Katastro Kollecini bitirdikdən sonra ərəbcə təhsili ilə müfti olmaq hüququ qazanan, Diyanət İşləri Başqanlığında sədr müavini vəzifəsinə qədər yüksələn Yaşar Tunagurun Ankarada “sağ” siyasətçilər arasında böyük nüfuzu vardı. İsmət İnönü onu “Ədalət Partiyasının filosofu” adlandırırdı. 12 mart 1971-ci il çevrilişindən sonra təhlükəsizlik orqanlarının əsassız məlumatı ilə (sonradan ittihamın əsassızlığı ortaya çıxır) günahsız yerə həbs edilib altı ayadək Mamak həbsxanasında saxlanılan Tunagurun Ankarada Cinnah prospekti Yaşılyurd küçəsində yerləşən evi 1960-cı illərin ortalarında dindar və mühafizəkar dövlət məmurlarının toplantı yeri idi. 30-a yaxın siyasətçi və dövlət rəsmisi – Turqut Özal, qardaşı Qorqud Özal (Korkut Özal), Nəcməddin Ərbakan, Rəcai Qutan (Recai Kutan), Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəl (Hacı Ali Demirel), Fehim Adaq (Fehim Adak), Təməl Qaramollaoğlu (Temel Karamollaoğlu) da onların arasında idi. Çərşənbə axşamları Tunagurun evinə yığışır, onun söhbətlərini dinləyirdilər. Bu söhbətlər daha sonralar Tunagurun Fərabi küçəsində yerləşən evində də davam etdirilir.[67]
Gülənin Əşrəfpaşalı heyranları
1970-ci illərdə Avropada yaşayan türklər Türkiyə Diyanət İşləri Başqanlığına müraciət edib Fəthullah Gülənin onlara vəz verməsini xahiş etmişdilər. Həsən Aksay (Hasan Aksay) Diyanətdən məsul dövlət naziri olandan sonra mətbuat katibi vasitəsilə Gülənlə əlaqə saxlayıb ona “Sizi Avropaya göndərmək istəyirik” demişdi. Gülən bununla əlaqədar 1977-ci ildə Almaniyaya gedir.[68]
Gülən 9 dekabr 1977-ci ildə Berlində İslam peyğəmbəri Həzrəti Məhəmmədə (s.ə.s.) həsr olunmuş bir konfrans təşkil edir. Çıxışında “Həzrəti Peyğəmbərin ən əsas xüsusiyyəti doğru insan olmasıdır” deyir. Onun bu xüsusiyyətini düşmənləri də etiraf etmişdi. Dövlət quran peyğəmbər olmasına baxmayaraq, müasiri olan hökmdarlar kimi saraylarda deyil, öz sadə evində həsir üstündə yaşamışdı. Gülənin üç gün sonra 12 dekabr 1977-ci ildə Münhendə keçirdiyi konfrans “Xilaskar nəslin xüsusiyyətləri” mövzusunda idi. O, Hamburq, Frankfurt, Hannover kimi şəhərlərdə də konfrans keçirir.
Gülən Almaniyada belə mənzərə ilə qarşılaşacağını gözləmirdi. Türklər arasında qruplaşmalar meydana gəlmişdi. Bir qrup Gülənin onların məkanında söhbət etməsini, başqa qruplara getməməsini istəyirdi. Bu, ona yad idi. Hətta bu səbəbdən Kölndə nəzərdə tutulan konfrans proqramını da ləğv edir. Çünki konfransdan bir gün əvvəl onun yanında iki ayrı qrup bir-biri ilə mübahisə etmişdi. Gülən belə şəraitdə çıxışının səmərəli olacağına inanmırdı. Səfərin başlanğıcında Almaniya ilə yanaşı, digər Avropa ölkələrinə də getməyi düşünürdü, lakin bu mənzərədən narahat olub səyahət proqramını qısaldır və Türkiyəyə qayıdır.
Gülən ilk İstanbul vəzini 1976-ci ildə Beşikdaşda Yəhya Əfəndi Dərgahı kimi tanınan məsciddə verir. Həmin gün bu kiçik məscidə təxminən 100-150 nəfər gəlmişdi. Gülənin ikinci İstanbul xütbəsi 1977-ci ildə avqustun 26-da Əminönüdə Yeni Camidə olur. Vəzin mövzusu belə idi: “Müsəlmanın ilk öncə özünə baxması”. Üçüncü vəzini 1977-ci il sentyabr ayının 9-da Sultanəhməd Məscidində verir. Həmin gün ölkənin Baş Naziri Süleyman Dəmirəl və Xarici İşlər Naziri İhsan Səbri Çağlayangil (İhsan Sabri Çağlayangil) də məsciddə idi.
Gülən İstanbula Sultanəhməd məscidinə gedərkən İzmirdə “Əşrəfpaşalılar” adı ilə tanınan dostları da İstanbula gəlir. Əvvəllər içki və qumara qurşanmış Özcan Xasigid və bir neçə “Əşrəfpaşalı” 1970-ci illərin başlanğıcında Gülənlə tanış olduqdan sonra bu vərdişləri tərgidib yeni, təmiz bir həyata başlamışdı.
Gülənin səmimiyyətindən təsirlənən Əşrəfpaşalılar bir daha onun yanından ayrılmamışdılar. Gülən bir gün yanına gətirilən sərxoş Əşrəfpaşalını qarşılamaq üçün ayağa qalxmışdı. Onun bəzi İzmir məktəblərinə şirniyyat satışı ilə məşğul olan Özcan Xasigidi (Özcan Hasyiğit) qəsd edərək, “Şirniyyatçı Özcan da mənim dostumdur, Hüseyn Gülərcə (Hüseyin Gülerce) də” deməsi onları ovsunlamışdı. Hüseyn Gülərcə “Jurnalistlər və Yazarlar Vəqfi”nin idarə heyətinin əsas üzvlərindən biri idi. Yenə bir gün qonaqları ilə süfrə arxasına keçən Gülən Xasigidi öz süfrəsinə dəvət edib “Buyurun, burada sizin üçün yer var” demişdi. Onlar da Gülən haqqında Əşrəfpaşalı ədası ilə: “Biz onu mərd xoca kimi tanıdıq. Mərdliyi bizi tovladı. Sonra baxdıq ki, həm də böyük alim imiş, götürüb cibimizə qoyduq” deyirdilər.
Əşrəfpaşalıların Gülənlə tanış olmasının maraqlı tarixçəsi var. 1973-cü ildə Özcan Xasigid və dostları İzmirin Yağxanalar (Konak, Atilla) məhəlləsində “Münirin çayxanası”nda yığışırdılar. Bütün xaşxaş çəkənlər burada toplanırdı. Çayxananın qarşısında yerləşən boş ərazi də onların məkanı idi. “Əşrəfpaşalı” deyəndə Konakın yuxarı yörəsində insanlara bıçaq göstərən, xəşiş çəkən, adam vuran, hər gün sərxoş olan adamlar ağıla gəlirdi.
Gülənin tələbələri Əhməd Qara (Ahmet Kara) və Harun Tokak narkomanların məkanı olan bu çayxanaya gedib onlarla söhbətlər etmişdilər. Sonralar Gülən də bu çayxanaya baş çəkmişdi. Bir gün polislər çayxanaya girəndə Gülənin tələbəsi Əhməd Qara da orada idi. Polis Qaraya: “Bu insanları tanıyırıq, bunlar narkomandır. Sən ağıllı bir gəncsən, burada nə işin var? Çıx bayıra” deyir. Bunu görən Xasigid və dostları: “O, bizim xocamızdır” deyə irəli atılırlar. Polis məmurları təəccüblə: “Nə xocası?” – deyə soruşur. “Əşrəfpaşalılar”ın cavabı hazır idi: “Bizə Allahdan, Peyğəmbərdən danışır. Biz də namaz qılırıq”. Daha da təəccüblənən polislər “Əllərinizi qaldırın” deyə əmr edib onların üstlərini axtarır. Çoxunun cibindən xaşxaş əvəzinə namaz təkkəsi çıxır. Polis Numan adlı Əşrəfpaşalıdan: “Sən də namaz qılırsan?” deyə soruşur. O da “Hə” deyir. Polis dəstəsinin başçısı: “Sübh namazının neçə rükət olduğunu desən, bir daha çayxanaya basqın etməyəcəyik,” – deyə söz verir. Numanın cavabı isə belə olur: “Neçə rükət olduğunu bilmirəm. Mən bəradərə (xocaya) tabe oluram. O əyilir, mən də əyilirəm, o salam verir, mən də verirəm, namaz qurtarır. Mən başqa şey bilmirəm.” Polislər həm də qumar oynanan bu çayxananın dəyişdiyini, onların pis vərdişlərdən əl çəkdiyini görüncə bir daha ora basqın etmirlər. Sadəcə hərdən çay içməyə gəlirlər.
Artıq çayxanada xaşxaş gecələrinə son qoyulmuşdu. Məhz həmin Əşrəfpaşalılar həftənin müəyyən günlərində yığışıb dini söhbətlər etməyə başlayırlar. 1975-ci il idi. Türkiyədə hələ də Cinayət Məcəlləsinin 163-cü maddəsi qüvvədə idi. Evdə yığışıb dini kitablar oxumaq basqın üçün səbəb kimi kifayət edirdi. Bir axşam Xasigid və yoldaşları – 27 nəfər “Qumçu İbrahim” adlı dostlarının evində yığışıb söhbət edərkən polislər içəri soxulur. Onlar əli qandallı evdən çıxarılanda qapıda hazır gözləyən junalistlər şəkillərini çəkir. Media “hadisəni” əməlli-başlı şişirdir: Guya evdə “sarıqla ayin” icra edərkən yaxalanmışdılar. Halbuki heç bir ayin və ya zikrlə məşğul olmamışdılar.
Gülən onların yaxalandığını eşidən kimi dərhal polis idarəsinə üz tutur. Gülən ən çox qumçu İbrahimə görə narahat idi, çünki həbs olunarsa, qum maşınını kim işlədəcək, ailəsini kim dolandıracaqdı? Onlar Güləni dəhlizdə görəndə, əhvalları düzəlir, çox sevinirlər. Müstəntiq bir neçə dini kitabın adını sadalayıb “Bunları oxudunuzmu?” deyə soruşdu. Bir Əşrəfpaşalı “hər cür kitab oxuyuram, sən də bir kitab yaz, sənin də kitabını oxuyum, bəradər” deyə cavab verir. Onlar 4-5 gün həbsxanada saxlanılır. Gülən bu müddətdə məhbusların evinə pul və ərzaq göndərir.[69]
Sərbəst buraxılandan sonra “Bu xoca qəribə adamdı, ondan pul almaq olmaz” deyib Gülənin pulunu qaytarmaq qərarına gəlirlər. O isə: “Biz yoldaşıq. Pul ehtiyaca görə verilmir. Verdiyimizi geri almarıq” deyib pulu götürməkdən imtina edir. Gülən: “Əşrəfpaşanın igidləri” adlandırdığı Özcan Xasigid və yoldaşları haqqında belə deyirdi: “Onlar həqiqətən igid insanlardı. Birinin hayqırtısı dodaqları uçuqladardı. Bəziləri bir vəsilə ilə məscidə gəlib vəz dinləmiş, bundan sonra bir daha camaatdan ayrılmamışdı. Bəzən mənə baş çəkirdilər. Öz yerləri var idi, gedib yanlarında oturar, onlarla xüsusi “dillə” danışardım” deyir.
Beləcə Gülənlə tanış olan və ondan təsirlənən Özcan Xasigid və yoldaşlarının 9 sentyabr 1977-ci ildə Sultanəhməd məscidinə gəlmələrinin səbəbi Güləni qorumaq idi. 1970-ci illərin təbəddülatlı zamanlarında Gülənə bir zərər gəlməsin deyə, özünə məxsus mühafizə metodundan istifadə edirdilər. Belə ki, Özcan Xasigid və Münir Qumlar (Münir Kumlar) vəz zamanı məscidin ətrafında gəzişir, maşınlara nəzarət edirdi. Gülən nə qədər qorunmağa ehtiyacı olmadığını desə də, onlar bundan əl çəkmirdilər. Səbri Travaş (Sabri Travaş) adlı Əşrəfpaşalı isə vəzdən əvvəl minbəri, minbərin döşəkçəsini yoxlayır, sonra da minbərin altında oturaraq, hər ehtimala qarşı Gülənə ən yaxın yerdə dayanırdı.
2007-ci ilin noyabr ayında ABŞ-a Gülənlə görüşməyə getmişdim. Özcan Xasigid (Özcan Hasyiğit) də Gülənin yanında idi. Onun ABŞ-ın İstanbul Baş Konsulluğundan viza alması asan olmamışdı. Viza müraciəti bir neçə dəfə rədd edilmişdi. Sonuncu müraciət zamanı viza məsələsinə baxan konsulluq nümayəndəsi “Niyə bu qədər israr edirsən?” deyə soruşmuş, Xasigid də: “Çünki onu çox sevirəm. Sevənləri bir-birindən ayırmayın. Bunun vəbalı sizi tutar” cavabını vermişdi. Konsulluq işçisinin ailəsi, uşaqları vardı. Xasigidin sözlərindən təsilənib viza vermişdi.[70]
Başqa iki nəfər də Onu qorumağa çalışırdı. Onlardan biri 75 yaşlarında olan ağ saçlı, ağ saqqallı Həlim Baba idi. Evini və çörəkxanasını “Akyazılı” Vəqfinə bağışlayan Həlim baba 1970-ci illərdə Gülənin yanından ayrılmır, maşınla hara gedirdisə, keçib qabaq oturacaqda otururdu. Halbuki Gülən də maşının qabaq oturacağında oturmağa üstünlük verirdi. Hətta həbs ediləndə polis maşınında sürücünün yanında əyləşmiş, polis rəisi: “Xocam, orada əyləşməməlisiniz, sizin yeriniz arxadadır” deyincə yerini dəyişib arxa oturacağa keçmişdi.
Amma Həlim Baba, demək olar, həmişə qabaq oturacağa keçirdi. Gülən nə vaxt qabaq oturacaqda əyləşmək istəyirdisə, Həlim Babanı orada görürdü. Bir gün dözə bilməyib “Bu qabaqda oturmaq həvəsi sizdə hardandır?” deyə soruşur, Həlim Baba isə belə cavab verir: “Xocam, pis niyyətli insanlar var. Sənə zərər vermələrindən qorxuram. Bu saqqalla, bu üst-başla qabaqda otururam ki, məni xoca sansınlar, vuranda da məni vursunlar”.
Dostu Kamal Əriməz də Güləni qorumağa çalışırdı. 12 Sentyabr çevrilişindən sonra Gülən İstanbulun Anadolu tərəfində Çamlıcada yaşayırdı. Bəzi günlər Üsküdara gəlib vaporla Avropa tərəfə keçir, bəzi yerlərə baş çəkir, söhbət proqramlarında iştirak edirdi. Kamal Əriməz, demək olar, hər gün Üsküdar limanının qarşısında yerləşən məscidin önündə dayanıb ətrafa göz yetirir, Gülənin qayıtmasını gözləyirdi.
Dövlət xəzinəsini ona çox rahatlıqla etibar etmək olar
1980-ci il 12 Sentyabr çevrilişindən təxminən bir il əvvəl, 1979-cu ildə iş adamı Səbri Ülkər (Sabri Ülker) İstanbulda dəniz mənzərəli evində ziyafət verirdi. Ziyafətə Baş Nazirin birinci müavini Turqut Özal, İsmət İnönü dövründə Təhsil Naziri olmuş Təhsin Banquoğlu (Tahsin Banguoğlu), professor Nevzat Yalçındaş (Nevzat Yalçıntaş), bir neçə professor və iş adamları qatılmışdı. Gülən də qonaqlar arasında idi. Qonaqlar dəniz kənarında yemək yeyib içəri daxil olanda Özal Gülənə “Xocam, təhsil fəaliyyətləriniz haqqında bir az danışın” deyir. Gülən öncə Türkiyənin inkişafı üçün fərd olaraq hər kəsin çiyninə düşən vəzifələrdən söz açır. Bütün Türkiyə ərazisinə yayılan tələbə yataqxanalarına paralel məktəb açmağın da vacibliyindən danışır. Qonaqların bəzisi ona: “Bunun üçün lazımi vəsaiti necə əldə ediləcək?” deyə sual verir. Gülən sualı “O, işin ən asan tərəfidir. Əsas səmimiyyətdir. Bir baxın, izmirli iş adamları gəlib İstanbulda yataqxana açırlar” şəklində cavablandırır.[71]
Bir neçə il sonra Gülənin Aydından olan dostu iş adamı Kamal Əriməz və İzmir iş adamaları İstanbulda “Fateh” liseyini açmaq üçün işə başlayır. Atası Osmanlı dövründə Beyrutda jandarma komandiri olan və varlı bir ailədə doğulan Kamal Əriməz Fateh liseyinin tikintisi zamanı maddi vəsait çatmadığı üçün Aydındakı tarixi evini, əncir və portağal bağlarını, mağazalarını satır. Bu da yetməyəndə istanbullu iş adamlarının qapısını döyür. 1982-ci il idi. Liseyin fəaliyyətinə Ankaradan icazə almaq üçün məktəbdə laboratoriya qurmaq lazım idi. Kamal Əriməz Ankarada Dövlət Planlama Təşkilatında işləyən Naci Tosunla birlikdə “Çolaqoğlu Metallurgiya”nın sahibi Mehmet Çolaqoğlundan görüş vaxtı alır.
Onları Mehmet Çolaqoğlu deyil, oğlu Əli Nuri Çolaqoğlu (Ali Nuri Çolakoğlu)qarşılayır. Ancaq Çolaqoğlu onlara kömək etmək istəmir və “İtalyanlarla görüşüm var, sizinlə görüşə bilməyəcəm” deyir. Onlar məyus halda kabineti tərk edirlər.[72]
Lakin həmin gün necə olursa, italyanlar görüşə gəlmir. Nuri Çolaqoğlu Əriməz və Tosunun problemi ilə maraqalanmadığına görə çox narahat idi. Təcili köməkçisini onların arxasınca göndərib geri çağırtdırır. Əriməz və Tosun Çolaqoğlunu “Fateh” liseyinin binasına gətirir. Məktəbin müasir görünüşünə heyran olan Çolaqoğlu elə oradaca şirkətə zəng edib labotoratoriyanın qurulması haqda təlimat verir.
Əriməz iş adamı Səbri Ülkəri də məktəbə gətirir. Məktəb müdirinin döşəmələri sildiyini görən Səbri Ülkər göz yaşlarını saxlaya bilməyib Əriməzə: “Gəl, məktəb üçün istədiyin vəsaitin beş qatını al”, – deyir.
Gülən Səbri Ülkər haqqında: “Türkiyə Maliyyə Nazirliyini çox rahatlıqla ona etibar etmək olar”, – deyirdi. Səbri Ülkər Güləndən çox təsirlənmişdi. Onu dinləyəndə keçirdiyi hisləri “Söhbətləri içimə yağ kimi yayılır” sözləri ilə dilə gətirir.
Həmin gün Səbri Ülkərin qonaqlarından biri də Turqut Özal idi. Özal Eymən Topbaşla (Eymen Topbaş)[73] birlikdə gəlmişdi. Yeməkdən sonra Özalla Gülən təxminən bir saata yaxın təkbətək söhbət edirlər. ABŞ-da Güləndən müsahibə alarkən Özalla təkbətək görüşü haqqında soruşdum. Belə dedi: “Hələ o vaxt Özal işin təməlini, böyüklüyünü, inkişaf edəcəyini sezmişdi”.
İzmir boykotunun yatırılması
12 Sentyabr çevrilişi ərəfəsində Türkiyədə qütbləşmə o həddə çatır ki, 1979-cu ildə Gülən Bornova Məscidində cümə günü vəz verərkən sol təmayüllü qruplardan biri “Yaşasın Lenin, yaşasın kommunizm” sədaları ilə məscidin önündən keçir. Əllərində oraq-çəkicli qırmızı bayraqlar olan qrupun məqsədi məscidə gələnləri qarşıdurmaya təhrik etmək idi. Cümə günü olduğu üçün məscidin ətrafı camaatla dolmuşdu. Görünür, nümayiş üçün bu günü bilərəkdən seçmişdilər. “Yaşasın Dev-Sol,[74] yaşasın Marksizm” şüarları məsciddə olanların əhvali-ruhiyyəsinə mənfi təsir göstərə bilərdi. Gülən o günləri belə xatırlayır: “Məscidin həyətində belə kommunist gənclər bizi təhdid edirdi. Məscidin həyətində camaatın gözünün içinə baxa-baxa “Yaşasın kommunizm!” deyə çığırırdılar”.
O dövrdə Gülən özünü sağçı, solçu və ya dindar bilən bütün gənclərə eyni dillə, eyni üslubla yanaşırdı. Hətta özlərini kommunist adlandıran gənclər məscidin həyətinə girib sosialist şüarlar səsləndirəndə belə məsciddə olan dindar gənclərin onlara cavab verməsini doğru hesab etmirdi. Onun fikrincə, nə küçələrə yazı yazmağın, nə də şüara şüarla cavab verməyin bir faydası vardı. Gülən bütün gənclərə belə səslənirdi: “12 Mart çevrilişindən ibrət götürün. Ölkəni xilas etməyi deyil, məktəbinizi bitirməyi düşünün”.
Bir gün bir dostu Gülənə: “Xocam, siz kürsüdə söhbət edərkən, minbərdə xütbə oxuyarkən nə vaxt sizə baxıram, alnınızda güllə yarası, qan içində uzandığınızı görürəm”, – deyir. Gülənin sözləri ibrətamizdir: “Mən həmişə o təhlükəni bilə-bilə və onu gözləyərək minbərə çıxıram”. Gülən vəzlərinin birində belə demişdi: “Bir gün məni kürsüdə öldürsələr, meyidimi bir kənara atın, başınızı aşağı əyib asayişin təmsilçisi kimi öz evlərinizə gedin. Əgər belə bir anda mənə hücum edənlərə cavab versəniz, sizə haqqımı halal etmərəm. Allahın hüzurunda iki əlim yaxanızda olar”.
Bir gün sol təmayüllü gənclər Gülənin Ələddin adlı tələbəsinin başını yarmışdılar. Həmin tələbə Gülənin yanına gəlib: “Xocam, məni bu hala saldılar, amma heç kimə əl qaldırmadım”, – deyir. O, tələbəsinə təsəlli verir: “Sizə yaraşanı etmisiniz”. Gülən “Sizə bıçaqla hücum etsələr, qollarınızı açın, ona sarılın. Onun yaxa cibinə gül qoymaq üçün oxunuzun ucuna gül taxın”, – deyirdi. Solçu gənclər Ələddini sağçı zənn edib döymüşdülər. Onun Gülənin tələbəsi olduğunu öyrənər-öyrənməz, çox keçmədən bir dəstə güllə Güləni ziyarət edib üzr istəyirlər.
O dövrdə şəhərlərdə “xilas edilmiş bölgələr” var idi. Məsələn, İzmir Egey Universiteti solçu gənclərin nəzarətində idi, orada millətçilər dərsə girə bilmirdi. Ərzurum Atatürk Universitetinə isə sağçılar nəzarət edirdi. Bəzi yerlərdə hətta müəllimlər belə məktəbə girə bilmirdilər.
Sağ və sol qruplar öz içlərində də bölünmüşdülər. Məsələn, Maoçular və Leninçilər. Biri digərini, “ruspərəstlik”də, “sosial faşist”likdə ittiham edirdi.
Gülənin başı yarılmış tələbəsinin bəxti gətirmişdi. Hər gün bu qarşıdurmalarda 20-30 adam ölürdü. Ölən gənclərin ailələri matəmə bürünür, ahnalə edirdi. Valideynlər çarəsiz qalmışdı. İstanbulda Şişli hadisələrində öldürülən iki tələbədən biri Cəzmi Yılmazın (Cezmi Yılmaz) atası Şueyb Yılmaz (Şüayip Yılmaz) “Dostumuzun cənazəsini biz dəfn edəcəyik” deyən bir qrup tələbəyə: “Xeyr, oğlumun ölümünə siz bais oldunuz, cənazəsini sizə vermərəm”, – demişdi. Bu da yenidən qarşıdurmaya səbəb olmuşdu.[75]
1977-ci ildə yataqxanalarda baş qaldıran “İslam institutları boykotu” Gülənin İzmirdə “İslamda boykot yoxdur” müraciəti ilə başlamadan sona çatır. O, vəzlərində boykotun doğru olmadığını bildirərək tələbələrə: “Sinfinizə gedin, dərsinizlə məşğul olun” deyə müraciət edir. Boykot edənlər İslam institutlarının akademiyaya çevrilməsi tələbi ilə çıxış edirdilər. Bəzi qənaətlərə görə isə seçki ab-havasına girən Türkiyədə bəzi partiyaların kəndlərə gedib səs toplayan adamlara ehiyacı var idi. İnstitut tələbələri də belə bir iş üçün əvəzolunmaz fürsət idi. Boykotun əsl səbəblərindən biri bu idi. Yəni tələbələr boykot sayəsində seçki kampaniyaları aparmaq üçün kəndlərə gedə biləcəkdi.
Başqa bir fikrə görə isə boykotlar, əslində, bu institutların bağlanmasına hesablanmışdı. Çünki Türkiyədə cəmi 10 İslam institutu var idi ki, bunların da bir il müddətinə boykot etməsi bir il məzun verməməsi demək idi. Boykot institutların bağlanmasına zəmin hazırlamaqla yanaşı, vaiz və din dərsi müəlliminə ehtiyacı olan cəmiyyət üçün böyük itki idi.
Səbəbi nə olur-olsun, bütün Türkiyəyə yayılan bu boykotun qarşısı İzmir İslam İnstitutunda alınır. Həmin gün institutun ətrafına toplaşan vətəndaşlar da boykotu yatırıb dərsə girmək istəyən tələbələrə kömək edirlər. Gülən o gün məktəbin yanındakı təpəyəcən gəlib boykotun yatırılmasına şəxsən dəstək verir. Boykot tərəfdarları dərsə girmək istəyən yoldaşlarına İslam institutunun tələbəsinə yaraşmayan təhqirlər etsələr də, onlar cavab verməyib susurlar. Gülənin “Sizi öldürsələr belə, hətta əlinizlə də cavab verməyin” məsləhətinə əməl edən bu tələbələr üçün əsas məsələ məktəbin açılmasıydı.
Həmin gün hətta üç nəfər boykot tərəfdarı Gülənə yaxınlaşıb etirazlarını bildirirlər. Tələbələrdən biri: “Neçə il sizin sözlərinizi dinləmişəm. Sizdən belə hərəkət gözləməzdim”, – deyir. Ancaq Gülənin yanında olan tələbəsi İsmayıl Böyükçələbinin xəbərdarlığından sonra uzaqlaşıb gedirlər.
Bu boykot 1969-cu ildən etibarən baş verən üç-dörd boykot təşəbbüsündən, bəlkə də, ən güclüsüydü. Gülənə görə, küçədə yürüş keçirmək, şüarlar səsləndirmək, boykota əl atmaq nə Türkiyənin bir problemini həll edəcək, nə də dindar insanların gündəlik həyatını yaxşılaşdıracaqdı. Üstəlik “İslam İnstitutları boykotu” müddətində Türkiyə Milli Məclisi tətildə idi. O şəraitdə ölkənin daha vacib məsələlərini müzakirə edib qərar çıxarmaqda çətinlik çəkən Parlamentin İslam İnstitutlarının akademiyaya çevrilməsi barəsində qanun verməsi mümkün deyildi.
Sonralar bu məktəblər akademiyadan daha yaxşı status sayılan ilahiyyat fakültələrinə çevrildi. Gülənin fikrincə, əgər boykot tərəfdarları istəklərinə nail olsaydılar, bu nəticə əldə edilməyəcəkdi.
Onun güclü çıxışları məscid camaatını bayırda şüar səsləndirən sol qruplarla münaqişə etməkdən, İslam İnstitutu tələbələrini boykot tərəfdar və əleyhdarları kimi bir-biri ilə didişməkdən çəkindirirdi. İş adamlarına hədə-qorxu gəlib dükanları bağlamağa məcbur edən terrorçulara qarşı isə kəskin mövqe nümayiş etdirirdi. Gülən vəzlərində iş adamlarına: “Bir ovuc talançıya təslim olmamalısınız. Gedin dükanlarınızı açın. Gəlib öldürsələr, şəhid olarsınız”, – deyirdi. Çünki silahlı qruplar bu yolla dinc əhaliyə güclü təzyiq göstərməyə çalışırdılar. İş adamlarının hədə-qorxu ilə təslim olması Türkiyənin terrora təslim olması demək idi.
Gülənə görə, Türk insanı ölkəni anarxiyaya sürükləyən təcavüzkarların qarşısında “polad heykəl kimi” dayanmalı və ölüm bahasına da olsa, hər cür təcavüzkarlıq hallarına imkan verməməyə çalışmalıydı. Çünki vəhşiləşmiş və insan cildindən çıxmış anarxistə ən kiçik güzəşt onun iştahını qabartmaq, sabah saysız-hesabsız tələbləri irəli sürməsinə yol açmaq deməkdi. Məsələn, bu gün anarxistlər “dükanları bağlayacaqsınız” ultimatumunu verirsə, dükan sahibi həmin gün başqa səbəbdən dükanı açmaq fikrində olmasa belə, hər şeyə rəğmən mütləq gedib dükanında oturmalıdır. Digər tərəfdən, əgər anarxist əlində silah qapısına gəlib ondan bir arpa dənəsi istəsə belə, müqavimət göstərməli, canından keçməli, amma o arpa dənəsini verməməlidir. Çünki terrorist ilk tələbinin yerinə yetirildiyini görüb başqa vaxt yenə həmin dükan sahibinin qapısını döyəcək, onu ömür boyu başıaşağı edən şeylər istəyəcək. Onda da anarxist ilk dəfə gələndə nəyin bahasına olur-olsun, müqavimət göstərmədiyinə, ölümü seçmədiyinə min peşman olacaq.
Ağlayan uşaq rəsmi
1979-cu ilin fevralında nəşrə başlayan “Sızıntı” jurnalının baş məqalələrini Gülən yazırdı. İlk sayının üz qabığında gözü yaşlı bir uşaq şəkli var idi. İlk baş məqalə bu adla çıxmışdı: “Bu göz yaşlarını kəsmək üçün, yavru!” (“Bu ağlamayı dindirmek için yavru”). Gülən 2007-ci ildə televiziyada nümayişə çıxan “Avropa yaxası” serialında Burhanın otağında asılmış bu şəklin altına İstiqlal Marşından bir beyt yazmışdı:
Deyək ki, yox mərhəmətin nəfsinə
Mərhəmət etməzmisən övladına?
6000 tirajla nəşrə başlayan, 2007-ci ildə isə tirajı ayda 830 000-ə çatan “Sızıntı” jurnalının ilk baş məqaləsində Gülən türk gəncliyinin inanc böhranına işarə edir, onu “ağlayan uşaq”la simvollaşdırır və səslənirdi:
“Bu yola sənin üçün atıldıq. Dərdinə şərik olmaq, iztirabını sakitləşdimək, könlünü gülüstan etmək üçün... Bizdən incimə, vaxtında köməyinə çata bilmədik (...) Bükük boynun və qəmli baxışların neçə dəfə qəddimi əydi, gözlərimi doldurdu. Hər fəryadıma sənin nəğməni qatıb dastanını hayqırmaq istəsəm də, iniltin içimi yandırdı, dərdin gözümdə böyüdü, ürəyim sızladı... Həm də sənə əl uzatmağa utanırdım... Çünki sənə gözümün qabağında qıydılar... Beynini “söndürərkən”, qəlbini qursağına yedirərkən bütün olanları görmüşdüm, amma günahkar əlimi uzada bilməmişdim sənə... Sızlasan da, uzada bilməmişdim...Taleyin Faustun taleyi, bəs Mefiston kim?..[76] Bunları sənə kim rəva gördü?.. Yol ayrıcındasan, yavru!.. İndi mənə icazə ver, bu müsibətdə Bahadurun olum. Mizrabımı sənin üçün vurub, fəryadımı ruhuna hiss etdirim. Bu fırtına və yanğında köməyinə gələ bilmədiyim üçün də bu günahkar başımı səki daşı kimi ayaqlarının altına qoyum. Və bütün günahkarlar adından səndən üzr istəyim: Bir keyf üçün varlığına səbəb olanları, ətinə, sümüyünə bağlanıb qəlbini unudanları, bir fani ləzzət üçün əbədiyyətinə qıyanları, ruhuna vəhşilik aşılayıb səfalətini hazırlayanları bağışla, yavru!..”
Sonralar Gülənin “Sızıntı”da dərc olunan bu baş yazıları toplanaraq kitab şəklində çap olunmuşdur. Gülənin doqquz cilddən ibarət bu silsiləyə verdiyi ad da çox mənalı idi: “Çağ və nəsil”.
Yeni nəsillərə İslami dəyərlərlə elmi nailiyyətlərin bir-birinə zidd olmadığını, əksinə bir-birini tamamladığını çatdırmağı hədəf seçən jurnala “Sızıntı” adının verilməsi də təsadüfi deyildi. Sızıntı “damcı (rəşha)” deməkdir. Məhz “Sızıntı” Allahın varlığını göstərən həqiqət ümmanından süzülən damlalar – sızıntılar olacaqdı. Başqa sözlə, “Sızıntı”nın vəzifəsi İslam günəşini olduğu kimi süzüb əks etdimək idi. O, yalnız və yalnız ayna idi, sadəcə əks etdirirdi. “Sızıntı” günəşin şüalarını əks etdirən su qabarcıqları kimi idi: günəşlə əlaqə kəsilincə əks etdirmə də mümkün deyildi. “Sızıntı”nın işi İslami dəyərləri elmi nailiyyətlərin ışığında təqdim etməkdən ibarət idi. Beləcə bu dərgi fəlsəfədən qaynaqlanan inkarçılıqla mübarizədə iman və mənəviyyatın simvolu olacaq, insanlara Allahın varlığını bəyan edəcək, Allahı onlara sevdirəcəkdi. Gülən: “Gün gələcək, kitabxanalarımızı “Sızıntı” ensiklopediyası dolduracaq”, – deyirdi.
Yaxınlaşan çevrilişin ayaq səsləri və qaranlıqda parlayan ümid işığı
1979-cu ilin iyun ayında Güləni İzmirdə Bozyaxada ziyarət edən Turqut Özal çevrilişdən bir neçə həftə əvvəl, 5 sentyabr 1980-ci il cümə günü onun Bornovada son vəzini dinləyir.
Türkiyəni bürüyən anarxiyanın ölkəni çevrilişə doğru apardığını hiss edən Gülən 5 sentyabrda Bornovada son vəzini verir. Son vəzi “əxlaq” mövzusunda idi. Gülən bu söhbətində insan fitrətinin mənfi xüsusiyyətlərindən – təkəbbür və ücbdən[77] bəhs edir.
Vəzdən sonra Özalla məsciddə görüşür. Özal “Türkiyənin vəziyyəti yaxşı deyil. Ölkə getdikcə pisləşir”, – deyir. Gülən isə Egey bölgəsində boy atıb bütün Türkiyəyə yayılmaqda olan təhsil ocaqlarının gələcək nəsilləri yeni anarxiya dalğasından xilas edəcəyini düşünürdü. Özala: “Düzdür, hal-hazırda Türkiyədə anarxiya, xaos hökm sürür, amma hadisələrin ümumən yaxşıya doğru inkişaf edəcəyini düşünürəm”, – deyir.
O, 1980-ci il avqustun 10-da Bursa vəzində[78] belə demişdi:
“Əziz müsəlman, möhtəşəm şəfəq çoxdan doğmuşdur. O şəfəqin xoruzları çoxdan banlamağa başlamışdır. Tumurcuqlar çoxdan açılmışdır. Həzrəti Məhəmməd ətri başdan-başa Anadolunu, İslam dünyasının son qarovulunu, Mehmetçiyin canını dişinə tutub gözlədiyi qarovulu çoxdan bürümüşdür. Mən və həmyaşıdlarım, bəlkə də, bunu görə bilməyəcəyik, lakin aranızda minlərlə insan göylərdən nur yağdığını görəcək”.
Onun fikrincə, təşrifinə az qalmış bu yeni nəsillərə ilk növbədə Peyğəmbər sevgisi aşılanmalı idi. Bu gənclik Həzrəti Məhəmməd yolunda fədakarlıq göstərməli, əlindən gələni əsirgəməməli idi: “Bir olmaq, birləşmək üçün Həzrəti Məhəmmədi cəsədinizə can (ruh) edəcəksiniz”.
Türkiyədə fanatizmin aradan qalxması, qardaşlıq ruhunun hakim olması, cənnətdəki kimi bütün insanların eyni ab-havanı paylaşması yalnız bu yolla mümkün idi. Gülən dinləyicilərinə göz yaşları ilə müraciət edirdi: “Əgər mən o günləri görə bilməsəm, bu məscidin qübbələri altına yığışarkən bu səsimi qulaqlarınızda canlandırın”.
Çevrilişdən qısa müddət öncə fəqərə zədələnməsindən yatağa düşən Gülən 20 gün xəstə yatır. Ayağını tərpədə bilmirdi. Çevrilişdən bir az əvvəl maraqlı bir hadisə baş verir. Ramazan axşamı idi. Gülən və dostları bir binanın çardağında oturmuşdu. Göy üzü parpar yanırdı. Ay Türk bayrağındakı ayı andırırdı. Ulduz eyni bayraqdakı kimi ayın önündə dayanmışdı. Bu hadisə Türk dünyası üçün çiçəklənmə dövrünün başlanmasından xəbər verirdi. Göy üzünün bu mənzərəsi çevriliş zülmətinə sürüklənən Türkiyə üçün bir ümid işığı idi.
Gülənə görə, yaxınlaşan 12 Sentyabr çevrilişinin qulaqbatıran ayaq səsləri açıq-aşkar “gəlirəm” deyirdi. Çevrilişdən bir gün əvvəl, 11 sentyabr 1980-ci ildə Gülənin iki dosent dostu Suat Yıldırım və İbrahim Ərkul İzmirdə – yanında idi. Gülən həmin gün 20 günlük bülleten alır. Ankaradan ziyarətinə gələn iki dostu Gülənə çevriliş olacağını xəbər verirlər. Gülən çevrilişin həmin gecə ediləcəyini düşünürdü. Əvvəlki çevrilişlərdə də vaxt olaraq cümə günü seçilmişdi.
[2] “1923-2003-cü illər Türkiyə iqtisadiyyatının tarixi inkişafı”, “Dünya” qəzeti. 1923-cü ildə Cümhuriyyət qurulanda Türkiyənin əhalisi 12,5 milyon nəfər, Adambaşına düşən milli gəliri isə 45 dollara yaxın idi. 2008-ci ildə əhalisi 70 milyona çatan Türkiyənin adambaşına düşən milli gəliri 6500-9000 dollar təşkli edirdi.
[3] Yeddinci prezident Kənan Evrənin (Kenan Evren) də doğum tarixi ilə əlaqədar buna oxşar yanlışlıq olmuşdu. 17 iyul 1917-ci ildə anadan olan Evrənin doğum tarixi şəhadətnamədə 1 yanvar 1918-ci il kimi göstərilir. Atası onun doğum tarixini evdəki Qurani-Kərimin bir səhifəsinə qeyd edibmiş. Fəthullah Gülənin atası kimi Evrənin atası da imam idi. Ramiz bəy atasının, anasının, əmisinin və həyat yoldaşının vəfat tarixini Qurani-Kərimin arxasına qeyd etmişdi.
[4] Sabiq nazirlərdən professor Orxan Oğuz (Orhan Oğuz) “Doğan Kitab” tərəfindən yayımlanan və “80 il-Cümhuriyyətlə yaşıd bir həyat (“80 yıl, Cumhuriyete yaşıt bir hayat”)” adlı xatirələrində uşaqlıq illərində Əskişəhərdə məscidə Quran öyrənməyə getdiklərini, amma polisin məscidə basqını ilə dərsi yarımçıq buraxdıqlarını yazır. O dövrdə insanlar Qurani-Kərimi bir dəri parçasına bükür, torpağa basdırıb saxlayırdılar. Türkiyənin bir çox bölgələrində Quran uşaqlara gizli öyrədilirdi. Gülənin anası Rəfiyyə Gülən də tövlənin bir küncündə kəndin qız və oğlan uşaqlarına Quran öyrədirdi.
[5] Gülən: “Doqquz yaşlarındaydım. Qatıqla səhər yeməyi yeyir, axşama qədər heyvanlarımızı otarırdım. İnəklərimizə, qoyunlarımıza baxmaq vəzifəsi mənim üzərimə düşürdü”.
[6] Uzun ətəkli və yaxasız köynək.
[7] Fəthullah Gülənin qardaşı Seyfullah Gülən: “O illərdə “Battal Qazi”ni çox oxumuşam”, – deyir.
[8] Gülən yarımçıq qalan ibtidai təhsilini Ərzurumun Əziziyyə ibtidai məktəbində qiyabi tamamlayır. Təhsili bitirmək haqda sənədi 6 may 1958-ci ildə alır. Üçüncü və qismən dördüncü siniflərdə Gülənə dərs deyən Bəlma Özbatur 1948-ci ilin noyabrında gəldiyi kənddə 1951-ci iləcən işləmişdi. Özbatur 16-17 il sonra uşaqları ilə birlikdə Qorucuq kəndinə getdiyini, böyük sevgi ilə qarşılandığını deyir: “Kəndlilər məni bir gəlin kimi zurna-balabanla qarşıladılar”.
[9] “Çevrilişlərin iqtisadiyyatı (Darbelerin Ekonomisi)”, Mehmet Altanın Süleyman Dəmirəldən götürdüyü müsahibə, səh. 25. Otuz il sonra 1980-ci ildə Türkiyənin artıq 28000 kəndi elektriklə təchiz olunmuşdu.
[10] Solaqzadə Sadıq Əfəndi 1930-cu illərdən 60-cı ilədək Ərzurumda müfti işləmişdi. 1960-66-cı illərdə Ərzurum müftisi Saqib (Sakıp) Danışman, yəni Saqib Əfəndi olmuşdur. Gülənin müəllimi Osman Bektaş (Osman Əfəndi) isə 1966-1971-ci illərdə bu vəzifəni icra etmişdir. Daha sonra Ərzurum mərkəz vaizi işləyən Bektaş 1986-cı ildə burada vəfat etmişdir. Ərzurumda yerləşən Xatuniyə, Qoşa Minarələr və Yakutiyə mədrəsələrinin tarixi Səlcuqlar zamanına qədər uzanır. Ərzurum Qalasının içində belə mədrəsələr vardı.
[11]ABŞ-da Fəthullah Güləndən götürülən müsahibədən qeydlər: Uzun illər Ərzurum millət vəkili olan Rifqi Danışman 12 Mart çevrilişindən sonra qurulan Nihat Erim və Fərid Melin hökumətlərində Nəqliyyat Naziri, 1975-ci ildə Süleyman Dəmirəlin qurduğu Birinci Millətçi Cəbhə hökumətində isə Mədəniyyət Naziri olmuşdur.
[12] Pil – zəif eşitmə ilə əlaqədar qulağa keçirilən cihazın türkcə adı.
[13] 1912-ci ilin oktyabrında başlayan Balkan müharibəsində Ədirnəni 53 000 əsgər, 480 top və pulemyotla 5 ay yarım müdafiə edən Şükrü Paşa vəsiyyətində yazırdı: “Düşmən sərhəd xəttini keçəndən sonra ölsəm, özümü şəhid sanmaram. Məni məzara qoymayın. Qoyun ətimi itlər və quşlar didib yesin. Yox əgər müdafiə xəttimiz pozulmadan şəhid olsam, kəfənim, ipliyim, sabunum çantamdadır. Məni burada basdıracaqsınız və gələn nəsillər üstümdə bir abidə ucaldacaqlar”. 5 iyun 1916-cı ildə İstanbulda vəfat edən Şükrü Paşanın qəbri vəsiyyətinə uyğun olaraq 24 iyul 1998-ci ildə müdafiə xəttində ucaldılan abidəyə köçürüldü. Şükrü Paşa Boğazların sərkərdəsi olanda Çanaqqala Boğazının müdafiəsi ilə əlaqədar bir plan hazırlamışdı. Gülən bu hərbi planın bir nüsxə əlyazmasını öz kitabxanasında olduğunu bildirdi.
[14] Son illərdə Gülən haqqında yazılan bəzi kitablarda onun Ədirnəyə gəliş tarixi 1959-cu il kimi göstərilir. Çünki hadisələri rəsmi doğum tarixindən, yəni 1941-ci ildən hesablayırlar. Dəqiq tarix 1958-ci ildir. Gülən 1958-ci ilin sonlarında Ədirnəyə gələndə 20 yaşı var idi. Lakin doğum şəhadətnaməsinə görə 17 yaşında idi. Belə bir anlaşılmazlıq Gülənin Ərzurum mədrəsələrində keçən tələbəlik illərinə də aiddir. Gülən 1952-ci ildən Ərzurum mədrəsələrində oxumağa başlasa da, bu tarix bəzi kitablarda 1954-cü il kimi göstərilir.
[15] Gülən əvvəlcə Ədirnənin köhnə küçələrinin birində 50 lirəyə kirayə ev tutur. Lakin evə gedib-gələrkən məhəllə qızlarının söz atdığını görüb məscidin pəncərəsinə köçür. Gülən qısa müddətdə Ədirnə rəhbərləri ilə yaxşı münasibət qurur. Ədirnə Polis idarəsinin rəisi, Hərbi şöbəyə rəhbərlik edən polkovniklə, hakim və prokurorlarla, sayılıb seçilən insanlarla eyni məclislərdə iştirak edirdi. Gülən eyni zamanda çayxanalara gedib insanlarla söhbət edir, bir çox insanın siqareti tərgitməsinə də vəsilə olur. Həmçinin yanına gəlib-gedən lisey şagirdlərinin problem və ehtiyacları ilə yaxından maraqlanır.
[16] Ramiz Gülən həm də çox hazırcavab adam idi. Bir gün kəndlilər ona: “Niyə qar şəhərdən əvvəl dağlara (kəndə) yağır?” deyə sual verirlər. O isə: “Qar varlılara ehtiyatınızı görün, qışa hazırlaşın, gəlirəm” deyir” cavabını verir. Kəndlilər: “Bəs qar kasıblara heç nə demir?” – deyə soruşurlar. Ramiz Gülən yenə hazırcavablığını göstərir: “Kəndlilərə isə “Sizinlə üz-üzə görüşəcəyik” deyir.”
[17] O illərdə Ədirnə valisi olan polkovnik Sədri Sarptır Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı rus yazıçısı Soljenitsinin mükafatlandırma mərasimində etdiyi çıxışı Türk dilinə tərcümə edib 1982-ci ilin sentyabrında Əhməd Kabaklının “Türk ədəbiyyatı” jurnalında dərc etdirmişdir. 1950-ci illərdə orduda dil bilən bir-iki zabit vardısa, biri də o idi. 1953-cü ildə Silahlı Qüvvələrin ikinci şəxsi general Zəkai Okanın (Zekai Okan) rəhbərlik etdiyi Paris NATO toplantısına qatılan (5 dekabr 1953) 11 nəfərlik hərbi heyətin tərkibində iştirak etmişdi. Polkovnik Sarptır eyni zamanda 1950-ci ildə Amerikan Ordusu Maddi-texniki təminat proqramını Türk Silahlı Qüvvələri üçün işləyib hazırlamışdı.
[18] Tələt Aydəmir birinci çevriliş təşəbbüsündən beş ay sonra, 1963-cü il 21-22 may tarixində ikinci hərbi çevrilişə cəhd göstərir. Ancaq çevriliş cəhdi uğursuzluqla və onun həbsi ilə nəticələnir. Hərbi məhkəmədə edama məhkum edilir və 1964-cü il iyun ayının 24-də hökm icra olunur. Əgər Aydəmirin bu çevriliş cəhdi baş tutsaydı, Türkiyənin dövlət sistemində əsaslı dəyişikliklər ediləcəkdi. Aydəmir hesab edirdi ki, Silahlı Qüvvələr sadəcə 80 000 nəfərlik heyətdən ibarət olmalıdır.
[19] Buna oxşar bir hadisə də Əli Ünalın (Ali Ünal) Gülən haqqında yazdığı 500 səhifəlik “Bir portre denemesi (Bir portretin cizgiləri)” əsərində verilmişdir. Gülən Ərzurumda mədrəsə illərində bir gün kayserili bir minarə ustasından borc pul almış, lakin borcunu ödəməmiş usta Ərzurumdan çıxıb getmişdi. İllərlə bu ustanı axtaran Gülən, nəhayət, məqsədinə nail olmuş, borcunu ödəyib hədiyyə verərək halallığını almışdı.
[20] Gülən İzmir və Ədirnədə olarkən də heç bir evlilik təklifini qəbul etmir. “Elm və məfkurə naminə evlənməyən İslam alimləri haqqında cild-cild kitablar yazılmışdır” deyən Gülən belə davam edir: “Ancaq imkanım olsa, evlənmə yaşına çatan hər kəsi evləndirər, ailə qurmasına kömək edərdim”.
[21] Fərid Qubad 1964-67-ci illərdə Ədirnə valisi işləyir. 12 Mart çevrilişindən sonra 1972-ci ildə qurulmuş Fərid Melen (Ferit Melen)hökumətində Daxili İşlər Naziri vəzifəsinə gətirilən Fərid Qubad 1988-ci ildə 69 yaşında vəfat etmişdir.
[22] Nəcib Fazil Qısakürək Ankara “Böyük Şərq Fikir Dərnəyi (Büyük Doğu Fikir Klubu)”nin toplantılarında da çıxış edirdi. Hətta T. Özal yoldaşlarından rica edirdi ki, Qısakürəyin bu söhbətlərini ona xatırlatsınlar. “Böyük Şərq Fikir Dərnəyi” 1965-ci ildə qurulmuşdu. Qısakürək “İman və Aksiyon” adlı konfranslar silsiləsinin birinci konfransını Kayseridə vermişdi.
[23] Övliya Çələbi Gülənin vəz verdiyi İzmir Kəstanəbazarı Məscidinin 1663-cü ildə Əminzadə Hacı Əhməd Ağa (Eminzade Hacı Ahmet Ağa) tərəfindən inşa edildiyini yazır. Məscidə bitişik yataqxana 1945-ci ildə məscidin həyətində yerləşən otaqlarda 10-a yaxın şagirdlə fəaliyyətə başlamışdı. Şagirdlərin sayı gündən-günə artaraq 1960-cı illərdə 500-ə çatmışdı. İsmət İnönünün prezident və CHP-nin iqtidar olduğu 1940-cı illərdə cənazə yumağa imam tapılmaması Quran kurslarının açılmasında mühüm faktor rolunu oynadı.
[24] Süd, şəkər və düyü ununun qaynadılması ilə hazırlanan şirniyyat.
[25] Pendirdən hazırlanan şirniyyat.
[26] Gülən 1970-ci lin sonlarında Kəstanəbazarından ayrılanda 1000 lirəyə yaxın əmək haqqı alırdı.
[27] 2007-ci ilin iyul ayında İstanbulda Naci Tosunla görüşün qeydlərindən.
[28] O günlər Güləni “Ziyalılar Cəmiyyəti” Buca şöbəsinin sədri Mehmet Əli Şəngül (Mehemt Ali Şengül) dəvət etmişdi. M. Ə. Şəngüllə 2007-ci ilin noyabr ayında keçirilən görüşdən qeydlər.
[29] “12 mart xatirələri (12 Mart anıları)”, Nihat Erim, səh, 76-77. O dövrdə Hərbi Hava Qüvvələrinin Komandiri olmuş General Muhsin Batur orduda inqilabi fikirlərin geniş yayılmasını belə izah edirdi: ”Bu, zabitlərin daha çox solçu məzmunlu kitab oxumasından qaynaqlanır”. İnqilab istəyən mülki şəxslər də orduya təsir edirdilər. Çevrilişdən sonra həmin mülki şəxslər “Quru Qoşunları İnqilabçı Zabitlər Təşkilatı” və “Madanoğlu Xuntası” adlı cinayət işlərində müttəhim kürsüsünə çıxarılmışdı. “İnqilab” qəzetinin baş yazarı Doğan Avcıoğlu və Doğu Perinçək (Doğu Perinçek) də onlar arasında idi. Bundan əlavə inqilaba tərəfdar olan yüzlərlə zabit ordudan xaric edilmişdi.
[30] Ankara və İstanbul universitetlərindən sonra 1944-cü ildə İstanbul Texniki Universitetinin əsası qoyulur. Atatürk Universiteti 1954-cü ildə (Ərzurumda), Egey Universiteti 1955-ci ildə (İzmirdə), Orta Doğu Texniki Universiteti 1959-cu ildə, Hacəttəpə Universiteti 1967-ci ildə fəaliyyətə başlayır. Boğaziçi Universiteti isə 12 mart 1971-ci il hərbi çevrilişdən sonra, 1971-ci il sentyabrın 8-də qurulur.
[31] Devrimçi gənclər (inqilabçı gənclər) adının qısaldılmış forması. Kommunist inqilabının tərəfdarı olan solçu təşkilat.
[32] Professor İbrahim Ərkulla 2007-ci ilin avqust ayında İstanbulda keçirilən görüşdən qeydlər.
[33] 12 mart anıları, Nihat Erim, səh. 223-225 və 12 mart anıları, Sədi Koçaş, səh. 187 -190.
[34] ABŞ-da 3 iyul 2002 və 28 may 2008-ci il tarixli söhbətlərindən.
[35] O dövrdə siyasi fikirlərinə görə həbs olunmuş gənclərin, demək olar, hamısı ağır işgəncələrə məruz qalmışdı. İzmirdə həbs olunmuş Zəfər adlı gənc millətçi həbsxanada olarkən Gülənin dostu Məhmət Əli Şəngülə: “Elə döydülər ki, topuğumun sümüyü çıxdı” – demişdi. Şəngül də bir aya yaxın kamerada qalmışdı. Ona da olmazın işgəncələr vermiş, hətta dabanlarının dərisini soymuşdular. Həbs edilmiş gənc məhbusları müəyyən siyasi düşüncələrə mənsub olmaqda ittiham edir, “təqsir”lərini boyunlarına alsınlar deyə ağır işgəncələrə məruz qoyurdular. Heç nədən xəbərsiz bəzi gənclər isə “günahlarını” bu sorğu suallarla öyrənmişdilər. 1974-cü il fevralın 20-də İstanbulda 2№li Hərbi Rejim Məhkəməsində mühakimə olunan ibtidai sinif müəllimi Ridvan Ağdəniz (Rıdvan Akdeniz) “Mən milli demokratik inqilab fikrinin nə olduğunu bilmirdim. Bunu kontrgerilla (NATO ölkələrində kommunizm təhlükəsinin qarşısını almaq məqsədilə qurulan və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəli fəaliyyət göstərən qeyri-qanuni təşkilatdır. Türkiyədə bu təşkilat kontrgerilla adlanırdı) adlanan yerdə işgəncələr altında öyrəndim”, – demişdi.
[36] Vəkil Gültəkin Sarıgüllə (Gültekin Sarıgül) 2008 - ci il iyun, Antalya görüşündən qeydlər.
[37] 2007-ci ilin noyabrında ABŞ-da Necdət Başaranla, 2008-ci ilin iyununda Antalyada vəkil Gültəkin Sarıgüllə görüşdən qeydlər. Gülən 1965-ci ildə Ədirnədə istintaqa cəlb ediləndə vəkil Bəkir Bərk (Bekir Berk) və Gültəkin Sarıgülə vəkalətnamə vermişdi. Bəkir Bərk Gültəkin Sarıgül kimi Prokuror Soyərin tələbi ilə həbs olunub Gülənlə eyni həbsxanaya salınmışdı.
[38] Vəkil Nadir Dövlət sonrakı illərdə senator olmuşdu.
[39] Gülənin verdiyi müsahibədən qeydlər. Gülən bu gün də Polkovnik Mehmet Çatalqayadan danışanda gözləri dolur.
[40] Nurəddin Soyər və beş hərbi prokurorun imzasını daşıyan 1981-ci il 29 aprel tarixli MHP və millətçi qurumlar haqda 945 səhifəlik iddianamənin 126-127-ci maddələri belə idi: “Millətçi Hərəkat Partiyası küçələrin, təhsil ocaqlarının, ictimai və özəl qurumların, müxtəlif iş yerlərinin və dövlətin planlı şəkildə ələ keçirilməsinə yönəlik fəaliyyətlərini 1980-ci ilin 12 sentyabrına qədər fasiləsiz davam etdirmişdir. 1978-ci ildə Fövqəladə vəziyyətin tətbiqindən Türk Silahlı Qüvvələrinin bütün hakimiyyəti nəzarətə götürməsinə qədər bu istiqamətdə daha gizli və ciddi səy göstərdikləri açıq-aşkardır.” 12 Sentyabr ərəfəsində MHP iddianaməsindən əlavə, Milli Səlamət Partiyası və Dev-Yol kimi məhkəmə işlərinin də iddianamələrini hazırlayan Soyər 22 sentyabr 1998-ci ildə 65 yaşında İzmirdə vəfat edib.
[41] İzzət Çalla 2007-ci ilin oktyabr ayında İstanbulda keçirilən görüşdən qeydlər.
[42] Bu iş adamlarından Yusif Bəkməzçi (Yusuf Pekmezci) və Mehmet Uslu şüşə, Gürbüz Dönməz, Məhərrəm Kalyonçu və Yusif Öztanzan mebel işləri ilə, Həyati Yavuz topdansatışla, Ələddin Qıdaq ədviyyat ticarəti ilə məşğul olurdu. Mahmut Sarıoğlu muncuq, Arif Çağan zeytun yağı, Zəki Sakman və Naci Şənçəkiər ayaqqabı ticarətində idi.
[43] Professor Şərif Əli Təkalan və İzzət Çalla keçirilən görüşlərdən qeydlər.
[44] Bu binada yerləşən Akademik Araşdırmalar Vəqfi bütün dillərdə nəşrlər həyata keçirməyi və elm adamları ilə əməkdaşlıq etməyi qarşısına məqsəd qoymuşdur.
[45] 1971-75-ci illərdə Egey Universitetinin tələbəsi professor İrfan Yılmazla 2007-ci ilin noyabrında keçirilən görüşdən qeydlər. Professor Yılmaz kimi Egey Universitetinin bir çox tələbələri – professor Şərif Əli Təkalan, professor Zəfər Ayvaz (Zafer Ayvaz), professor İbrahim Xasgur (İbrahim Hasgür), professor Yusif Ərdoğan (Yusuf Erdoğan), Naci Tosun, İzzət Çal, Əhməd Kəmərli (Ahmet Kemerli), Hüseyin Kaptan, Mehmet Atalay, Mehdi Yeksan (Mehti Yeksan), Kənan Xaspolad (Kenan Haspolat), Xalid Əsəndir (Halit Esendir), Mehmet Yavuzlar da Güləni bu illərdə tanımışdır.
[46] Turqut Özalın yaxın dostu sabiq nazir professor Əkrəm Pakdəmirlinin (Ekrem Pakdemirli) oğlu professor Mehmet Pakdəmirli məsciddə Özalı oğlu Əhmədlə (Ahmet Özal) birlikdə gördüyünü bildirir.
[47] Gülənin “Əsrin gətirdiyi tərəddüdlər (Asrın getirdiği tereddütler)” adlı bu kitabı ingilis, alman və rus dillərinə də tərcümə edilmişdir. Şərif Əli Təkalan o illərdə Egey Universitetinin tibb fakültəsində oxuyan məsciddə yatsı namazından sonra bu sualları cavablandıran Gülənin dinləyicilərindəndir. Professor Şərif Əli Təkalan Gülənin sualları verilmə ardıcıllığı ilə izah etdiyini bildirir. Bu sual-cavabları dinləyən tələbələrdən biri professor İrfan Yılmaz: “Gülənin təkcə cümə xütbələri deyil, bu söhbətləri də maraqla qarşılanırdı”, – deyir.
[48] 2007-ci ilin noyabrında Gülənin tələbəsi İsmayıl Böyükçələbi ilə ABŞ-da keçirilən görüşdən qeydlər. Xocalara qarşı qərəzli münasibət sonralar bir bədii filmdə öz əksini tapmışdı. Filmdə müəllimə rolunu oynayan tanınmış qadın aktrisa tələbələrinin hər “xocam” xitabına “xoca məsciddə” cavabını verir.
[49] Cəmaləddin Gürlək 1915-ci ildə İstanbulda dünyaya gəlmişdir. 1940-cı illərdə Balıqəsirdə kapitan olarkən dövrünün din alimlərindən Həsən Bəsri Çantayla (Hasan Basri Çantay) tanış olmuş, ondan təsirlənmişdir. Polkovnik Gürlək 2002-ci ilin yanvar ayında İzmirdə vəfat etmişdir.
[50] Palma zərif ağacdır, torpağa uyğunlaşmasa və kifayət qədər su olmasa, çətin yetişir.
[51] Gülənin o illərdə verdiyi “Altın Nəsil” konfranslarının bəzilərinin kasetləri hələ də saxlanılır. Məsələn, dinləyicilərini göz yaşlarına qərq edən Çorum Altın Nəsil konfransı 30 noyabr 1977-ci ildə təşkil edilmişdir. Gülən vəzlərinin və konfrans çıxışlarının yazılmasına icazə vermirdi. Buna görə də vəzlər yazılarkən kaset dəyişilən yerlərdə bir neçə cümlə düşmürdü. Çünki vəz və çıxışları yazanlar kaseti dəyişdirərkən qısa fasilə verməsini xahiş etməkdən çəkinirdilər. Güləndən əvvəl İzmirdə belə bir adət var idi. Yaşar Tunagur və Tahir Böyükkörükçü kimi xalqın ehtiramını qazanan xocaların vəz və söhbətləri maqnitafonlarda kasetə yazılır və xalq arasında əldən-ələ gəzirdi.
[52] 1965 - ci ildə səkkiz ay Baş Nazir olan Suat Xeyri Ürgüplü Şeyxülislam Xeyrullah Əfəndinin oğludur.
[53] Gülən konfransında “Elm və texnika” jurnalına, professor Osman Barlas, professor Atif Şəngül, doktor Kənan Çığman, Cavad Dursunoğlu kimi mütəxəssilərin kitab və fikirlərinə istinad edirdi. Məsələn, “Elm və texnika” jurnalının 71-ci sayında dərc olunan yazı və şəkillərin Keniyada Rudof gölü sahilində 2,8 milyon il əvvələ aid bir insan skeleti tapılmasından və kəllə sümüyünün müasir insanın kəlləsi ilə eyni olmasından xəbər verdiyini vurğulamışdı.
[54] Kənan Evrənin xatirələri (Kenan Evrenin anıları), I. cild., səh. 239-240
[55] Yusif Bəkməzçi ilə 2007-ci ilin iyul və avqust aylarında İzmirdə, Bahəddin Qaradaşla 2008-ci ilin iyun ayında ABŞ-da görüşdən qeydlər. Bəkməzçi Qazaxıstan Türk liseylərinə dəstək vermək üçün 14 il – 1992-2006-cı illər arasında həmin bu ölkədə yaşamışdır. 2007-ci ildə Qazaxıstanda qız və oğlanlara təhsil verən 28 lisey, bir universitet var idi. Bu məktəblərin müəllim heyətinin yarısı qazax idi. Altı liseyin müdiri də qazaxdı.
[56] Van liseyinin təməli qoyulan il Anadolunun cənubi-şərqində PKK terroru yenicə baş qaldırırdı. Rəsmi məlumatlara görə, bu liseyin fəaliyyəti PKK terror təşkilatının Vanda möhkəm dayaq tapmasına imkan vermir. “Sərhat Liseyi”ndə təhsil alan bəzi şagirdlərin qardaşı artıq PKK-ya qoşulub dağa çıxmışdı. Məktəb bir az gec açılsaydı, çox güman, onları da eyni aqibət gözləyirdi.
[57] XVIII əsrdə yaşamış isveçli filosof, iqtisadçı və tarixçi David Yum Qərb fəlsəfəsinin tanınmış simalarından biridir.
[58] Bu kitabı yazan tələbələr professor Sədi Çöyənli (Sadi Çöyenli) və elmlər doktoru Əli Bayramdır (Ali Bayram).
[59] Bu, “Böyük filosoflar ensiklopediyası”dır (Müəllifi Cəmil Səna). Gülən Cəmil Səna haqqında: “Filosoflar Ensiklopediyasında olan filosofların 80%-i Allaha inanır, amma Cəmil Səna inkarı seçdi” deyir. Gülən Cəmil Sənanın “Həzrəti Məhəmmədin Fəlsəfəsi” adlı kitabında Allah Rəsulunu kiçik filosof kimi göstərdiyini bildirir. Tələbələri Gülənin İzmirdə maddi sıxıntı çəkdiyi günlərdə neçə çuval dolusu kitabını satmaq qərarına gəldiyini, ancaq “Fəlsəfə tarixi” və “Fəlsəfə ensiklopediyası”nı ayırıb bir kənara qoyduğunu deyir.
[60] “Gələcəyin Türkiyəsi (Yarınkı Türkiyə)”, Nurəddin Topçu, Dərgah Nəşriyyatı. Gülənin həmyerlisi olan Topçu doktorluq dissertasiyasını “Üsyan əxlaqı” mövzusunda yazmışdı. Gülən: “Topçunun “üsyan əxlaqı” iradənin mübarizəsidir, hər şeyə üsyan etmək deyildir” deyir. 1934-cü ildə Türkiyəyə qayıdan Topçu Qalatasaray və Robert liseylərində fəlsəfə fənnindən dərs deyir, buna paralel olaraq da “Hərəkat” jurnalını nəşr etdirməyə başlayır. Dənizlidə müəllim işləyərkən Bədiüzzamanla tanış olan Topçu 1940-cı illərin sonunda professor Cəlal Ötkənlə (Celal Ötken) birlikdə Türkiyədə imam-xatib məktəblərinin açılmasına çalışır.
[61] Haşim Nahidin osmanlıca olan bu kitabının ön sözünü bizim üçün Türk dilinə çevirən Əli Bayrama təşəkkür etməyi özümə borc bilirəm. Gülən Haşim Nahidin dilini bəyənir və kitablarında əksini tapan fikirlərinə həssas yanaşır. Bu fikirlərini təsirli bir üslubda qələmə alan Haşim Nahidə cavab olaraq Mustafa Səbri (Mustafa Sabri) bəyin bir kitab yazdığını qeyd edir. 1891-ci ildə İstanbul “Hüquq məktəbi”ni bitirən H. Nahid bu kitaba başlayanda üçüncü kursda oxuyurdu. Parisdə jurnalist işləyən, Xarici İşlər Nazirliyində bir müddət diplomat və Milli Təhsil Nazirliyində tərcüməçi kimi fəaliyyətini davam etdirən Haşim Nahid 1962-ci ildə 82 yaşında Ankarada dünyasını dəyişmişdir. Haşim Nahidin digər kitabları: “Üç müəmma – Qərb məsələsi, Şərq məsələsi, Türk məsələsi (Üç muamma garp meselesi, şark meselesi, Türk meselesi)”, “Qara günün yazıları (Kara gün yazıları)”, “Avropa böhranının ruhi-mənəvi səbəbləri (Avrupa buhranının ruhi sebebleri)”, “Türkiyədə müasir texnologiyanı necə meydana gətirmək olar? (Türkiyede modern teknik nasıl meydana gelebilir?)”, “Kommunist bəyannaməsinə qarşı millətçi bəyannamə (Komünist beyannamesine karşı miliyyetçi beyannamesi)”.
[62] Gülənin kitabxanasında həmişə “Meydan Larousse böyük lüğət və ensiklopediyası” kimi böyük bir ensiklopediya görmək olar. ABŞ-da onunla görüşməyə getmişdim. Bir səhər televiziyada Mövlanə Xalid Bağdadinin həyatına həsr olunmuş sənədli filmə baxırdı. Xalid Bağdadi haqda söhbət edərkən dəqiq əmin olmadığı bir məsələ üçün ensiklopediyaya baxmağı xahiş etdi. Gülənin kitabxanasında ensiklopediyadan başqa, osmanlı, fars və türk dillərində lüğətlər də var. O, vaxtilə Meydan Larousse və İslam Ensiklopediyasını başdan ayağa oxuyub.
[63] Bostondakı Harvard və Massaçusets Texnologiya İnstitutu (MİT - Massachusetts Institute of Technology) universitetlərində dərs deyən Professor Nelson Kianq 2005-ci ildə Pensilvaniya ştatında Güləni ziyarət etmiş, birlikdə nahar yemişdilər.
[64] Gülən: “Şekspir “Romeo və Culyetta”da üslubunun sehri ilə keçmişi dirildib danışdırır və sizi tanımadığınız əsrarəngiz aləmlərə səyahətə aparır. Roma dövrünü və o dövrün həyat tərzini bilmədən Şekspir romanlarının ifadə gücünü təhlil etmək mümkün deyil” – deyir. Gülənin maraq dairəsinə daxil olar Qərb mütəfəkkirləri: Bekon, Paskal, Hegel, Dante, Dürkheym, Edisson, Berqson, Eynşteyn, Feyerabend, Komte, Markus, Ceyms Cen, Eddinqton, Dekart. Balzakın “Vadidəki zambaq” kitabından da bəhs edən Gülən 1960-cı illərdə Takiyuddin Mengüşoğlunun “Kant və Şillerə görə insan problemi” əsərini sətirlərin altını xətləyə-xətləyə oxumuşdu.
[65] Gülən 1970-ci illərdə sual-cavab şəklində etdiyi söhbətlərdə uşaqların və günahsız insanların təbii fəlakətlər və müharibələr zamanı ölməsinin hikmətini İslami prizmada izah etmişdi.
[66] 1966-cı ildə CHP-nin baş katibi olan Bülənt Ecevit CHP-nin sədri İsmət İnönüyə vəziyyətin təhlükəli olduğunu deyir: “Paşam, gənclik sola meyillənir. Bu meyil cəmiyyətdə ciddi sarsıntılara, hətta partlayışlara gətirib çıxara bilər. Türkiyəni qaranlıq bir dönəmə sürükləyə bilər.” İş adamı Vəhbi Qoç da 1962-ci il dekabrın 12-də İsmət İnönüyə göndərdiyi məktubda yazırdı: “Moskva var qüvvəsi ilə ölkəmizdə daxili qarışıqlıq salaraq öz rejimini burada hakim etməyə çalışır”.
[67] Yaşar Tuangörün oğlu Mehmet Tunagur, Naci Tosun və Ərdoğan Tüzünlə 2007 və 2008-ci illərdə keçirilən görüşlərdən qeydlər.
[68] 1977-ci ilin noyabrında Almaniyaya gedən Fəthullah Gülən dekabrda Türkiyəyə qayıtdı.
[69]12 Sentyabr çevrilişi dövründə Gülən axtarışda olmasına baxmayaraq, İzmir polis idarəsinin qarşısınacan gəlib dini söhbət etdiklərinə görə həbs olunan dostlarına şirniyyat göndərir.
[70] Gülənin tələbələrindən Əhməd Talu (Ahmet Talu) da belə viza problemi ilə üzləşmişdi. Talu Gülənlə görüşmək üçün ABŞ Konsulluğuna doqquz ildə səkkiz dəfə müraciət etmiş, hamısında da rədd cavabı almışdı. Talu 2008-ci ilin fevral ayında doqquzuncu dəfə viza üçün müraciət edəndə konsulluq nümayəndəsi: “Müraciətiniz səkkiz dəfə rədd edilib, niyə bu qədər israr edirsiniz?” deyə soruşmuşdu. “O, mənim otuz ildir, xocamdır. Sonuncu dəfə görüşüb halallaşmaq istəyirəm”. Viza aldıqdan sonra 2008-ci il fevral ayının 17-də ABŞ-a gedən Talu Gülənlə görüşdükdən iki gün sonra ABŞ-da infarkt keçirib dünyasını dəyişmiş, cənazəsi Türkiyəyə gətirilmişdi.
[71] 1970-cı illərdə Türkiyədə lampa nefti və balon qazı almaq üçün növbələr olurdu. 1977-ci ildə Türkiyə böyük iqtisadi çətinliklər girdabında idi. Yalnız dərman, benzin və gübrə kimi zəruri ehtiyaclar güclə çatdırılırdı. Valyuta ödəmələrində çətinlik çəkən Türkiyə 1978-ci ildə Beynəlxalq Valyuta Fondu ilə (BVF) ilk müqaviləsini bağladı. Bir dolların dəyəri 19 lirədən 25 lirəyə yüksəldi. Bir il sonra, BVF ilə bağlanan ikinci müqavilə isə bir dolların dəyərinin 47 lirəyə çatmasına gətirib çıxardı.
[72] “Hacı Ata”, Mühittin Küçük, səh. 240, İşıq Nəşriyyatı.
[73] Turqut Özal 1983-cü ildə Ana Vətən Partiyasını (ANAP) qurur. Partiyanın qurucularından olan Eymən Topbaş İstanbul Vilayət təşkilatının sədrliyini öz üzərinə götürür.
[74] Devrimçi sol (inqilabçı sol) adının qısaldılmış forması. Kommunist inqilabının tərəfdarı olan solçu təşkilat.
[75] 4 dekabr 1975-ci il, “Günaydın” qəzeti.
[76] Gülən Faust və Mefisto ilə alman yazıçısı Hötenin “Faust” əsərində əksini tapan insanın şeytanla mübarizəsinə toxunur. Faust insanı, Mefisto isə şeytanı təmsil edir.
[77] Kibir, qürur, özünü bəyənmə, eqoistlik.
[78] Gülən İzmirdən başqa, 1979-cu ildə Bursa, Sparta, Ədirnə, Ərzurum, Adabazarı, Salihli, Soma, Mənəməndə, 1980-ci ildə Uşak, Dənizli, Ankara, Afyon, Yozqat, Kayseri, Bursa, İstanbul və Gediz kimi yerlərdə vəz vermişdir.
- tarixində yaradılmışdır.