VIII Fəsil: 1994-cü il: Türkiyə yol ayrıcında
İş adamı Aydın Bolaq İstanbulda dəniz mənzərəli “İlanlı İmarət”ində (Yılanlı Yalı) verdiyi ziyafətə Fəthullah Gülən, Saqib Sabançı və Rəhmi Qoçu dəvət etmişdi.
Bu imarətə “İlanlı” adının verilməsinin maraqlı tarixçəsi var. İmarət Osmanlı dövründə Şeyxülislam Mustafa Əfəndiyə məxsus olub. Rəvayətə görə, günlərin birində Osmanlı padşahı III Səlim oradan keçərkən bu imarəti çox bəyənir, “Nə gözəl imarətdir”, – deyib tərifləyir. Mustafa Əfəndinin yaxın dostu bostançıbaşı[1] III Səlimin niyyətini anlayıb: “Sultanım, o imarətin baxçasında çoxlu ilan var”, – deyərək onu imarəti almaq fikrindən daşındırır.
Türk Neft Vəqfini (Türk Petrol Vakfı) quraraq 1969-cu ildən bəri minlərlə tələbəyə təqaüd ayıran Aydın Bolaq Fəthullah Gülənin fikir memarı olduğu məktəblərə böyük maraq göstərmiş, 1995-ci ildə onunla tanış olmuşdu. Bolaq 1996-cı ildə Boğaz arxitekturasına uyğun bərpa etdirdiyi imarətində təkcə Saqib Sabançı və Rəhmi Qoçu Gülənlə görüşdürmür. Daha sonra həm evində, həm də İstanbulda yerləşən “For Sizns (Four Seasons)” hotelində ziyafətlər təşkil edərək Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinin (TÜSİAD) bir çox üzvünü Gülənlə tanış edir.
Müxtəlif vaxtlarda təşkil edilən bu ziyafətlərin qonaqlarını Bolaq müəyyənləşdirirdi. Bu ziyafətlərdə Sabançı və Qoçla yanaşı Osman Boyner, Hüseyn Bayraqdar, Kamil Yazıçı, Ənvər Örən kimi iş adamlarını, Avni Akyol, Vəhbi Dinçərlər (Vehpi Dinçerler), Əhəd Əndican (Ahad Andican) və Agah Oqtay Günər (Agah Oktay Güner)kimi ölkənin tanınmış siyasətçilərini görmək olardı. 20-30 qonağın qatıldığı bu ziyafətlərin bütün təfərrüatları ilə Bolaq şəxsən məşğul olurdu.
Ziyafətlərdə əvvəlcə ümumi məsələlər müzakirə edilir, sonra Gülənə müxtəlif suallar yönəldilirdi. Belə ziyafətlərin birində Gülən Rəhmi Qoça: “Rəhmətlik atanız Vəhbi bəylə çox istədim görüşəm, amma nəsib olmadı. Bu içimdə bir nisgil kimi qaldı”, – demişdi.
Bolaqa görə, Türkiyənin tanınmış iş adamları Güləni hələ yetərincə tanımırdılar. Hətta bəziləri ondan çəkinir, onun təşviqi ilə açılan liseylərdə dini təhsil verildiyini düşünürdülər. Buna görə də Bolaq başdan-ayağa milli layihə hesab etdiyi bu məktəbləri və məktəblərin mənəvi memarı olan Güləni TÜSİAD üzvlərinə tanıtmağı özünə borc bilirdi.
Gülən üçün bu cür ziyafətlər yeni idi. Gündəlik həyatda az çeşiddə yemək yeyən Gülən bu toplantılarda masaya düzülmüş növbənöv yeməklərdən çox az yeyir, bəzən də heç yemirdi. Bu ziyafətlərin birində önünə qoyulmuş bir xörəyi nə üçün yemədiyini Şərif Əli Təkalana belə açıqlamışdı: “O xörəyin necə yeyildiyini bilmədiyim üçün pis vəziyyətə düşmək istəmədim”.
Həm Rəhmi Qoçun, həm də Saqib Sabançının Gülənlə dialoqları Aydın Bolaqın təşkil etdiyi ziyafətlərdən sonra da davam edir. İstanbulda möhtəşəm imarəti “Atlı Köşk”də Güləni qonaq edən Sabançı daha sonra bir neçə dəfə Altunizadədə onun ziyarətinə gəlir. Sabançı, həmçinin Adanadan Gülənlə görüşmək üçün gələn bir qrupu da müşayiət edir. Görüşlərin birində Gülən Sabançıdan: “Yapon ortaqlarınızla işləriniz necə gedir?” – deyə soruşur. Sabançının cavabı belə olur: “Yaponlar bizə deyirlər ki, hər tərəfiniz düşməndir. Belə bir ölkə yaşaya bilməz”.
Gülən də İstanbulda Levent tərəflərdə yerləşən “Sabançı Qalaları”na gedib Saqib Sabançıya baş çəkir. Burada birlikdə nahar edirlər. Sabançı 1999-cu ildə Fəthullah Gülənə qarşı bəzi telekanallarda iftira kampaniyası başlayanda onu müdafiə edir: “Hörmətli Xocam Fəthullah bəy uzun illərdir gündəmdə idi. O da mənim kimi novator, daha yaxşı, daha yaxşı işlər görməyə çalışan bir insandır. O, Türkiyə gündəminə sürpriz olaraq gəlməyib... Ortaya belə süni gündəmlər atmaqla qlobal dünyada öz yerimizi tuta bilmərik”.[2]
Gülən ABŞ-da olarkən bir neçə dəfə onunla telefon əlaqəsi saxlayan Sabançı bir müddət sonra ABŞ-da sərgi təşkil etmişdi. Gülən bu sərgi münasibəti ilə Sabançıya zəng edib: “Ölkəmizə xidmət edirsiniz, millətimiz sizinlə fəxr edir”, – deyə onu təqdir edir. Ancaq Sabançı qəbul etmir: “Mən nə etmişəm ki, Xocam. Əslində, millətimiz sizinlə fəxr edir”. Müsahibəmiz əsnasında Sabançı haqqında: “Saqib bəy çox alicənab insan idi, – deyib Gülən əlavə etdi, – bütün ziyafətləri Aydın abi təşkil edirdi. Özdəmir Sabançıya görə Saqib bəyə başsağlığı verməyə də Aydın abi ilə birlikdə getmişdik”.
Sabançı Orta Asiyada türk məktəblərini görməyi çox istəyirdi. Əgər 2004-cü il aprelin 10-da dünyasını dəyişməsəydi, Azərbaycan türk liseylərini görməyə gedəcəkdi.
Saqib Sabançı Gülənin dostları ilə tanışlığı 1977-ci ilə gedib çıxır. Gülənin dostları Kamal Əriməz və Şərif Əli Təkalan İşılay Sayqınla birlikdə Amerikadan müalicədən qayıdan Sabançının İstanbulda Qaraköydə ziyarətinə getmişdi. ABŞ-da xəstəxanada müalicə olunarkən bir rahib Sabançının yatdığı palataya gəlib: “Sizin üçün dua edim?” – demiş, Sabançı da: “Mən müsəlmanam, özüm dua edərəm”, – cavabını vermişdi.[3] Sabançı Türkiyəyə qayıdandan sonra bu hadisəni danışmış və hadisə manşet xəbər kimi qəzetlərin ilk səhifəsində çıxmışdı. Bu ziyarətdə Kamal Əriməz İstanbulda ehtiyacı olan tələbələrə təqaüd verilməsi üçün gördükləri işlərdən söz açarkən Sabançı: “Biz bir vəqf qurmuşuq, Türkiyədə 300 tələbəyə təqaüd veririk”, – deyir. Kamal Əriməz isə: “Təkcə İstanbulda bir dostumuz 300 tələbəyə təqaüd verir”, – deyə bildirir. Buna təəccüblənən Sabançı katibinə telefon qəbul etmədiyini bildirib üzünü Əriməzə tutur: “Bu işinizi başdan danışın”. Əriməzin danışdıqlarını dinləyən Sabançı: “Bu ölkənin dağılmayacağına dair qənaətlərimin üstünə bir daş da siz qoydunuz”, – deyir. Təqvim 1977-ci ili göstərirdi.
Yaşar Kamalın romanındakı “kaymakam”[4]
Yazıçı Yaşar Kamalın “Tənəkə (Teneke)” romanının qəhrəmanı Çuxurovada kəndlilərin haqqını müdafiə etmək üçün torpaq ağaları ilə mübarizə aparan kaymakam Fikrət İrmaqlı Aydın Bolaqın prototipi idi.
Aydın Bolaq 1948-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirdikdən sonra, Adananın Qədirli vilayətinə kaymakam təyin edilmişdi. Kəndlilərin əzildiyini görən Bolaq 1949-cu ildən torpaq ağalarına qarşı mübarizə aparmış, kaymakam kimi çəltik tarlalarına qədər gedərək kəndlilərə dəstək olmuşdu.
1960-cı illərdə Türkiyədə yavaş-yavaş ortaya çıxan inqilabçı solçuların mərkəzlərindən biri olan Doğan Avcıoğlunun “Yön” qrupu Bolaqı öz sırasında görmək istəyirdi. Bolaq Avcıoğlunun çağırışlarına məhəl qoymadığı üçün “Yön” jurnalı “Tənəkənin kaymakamı tənəkə çıxdı” adlı bir yazı dərc etdirmişdi.
Cümhuriyyətin ilk Milli Təhsil Naziri Vəhbi Bolaqın oğlu olan Aydın Bolaqın vaxtilə bir qanunun Parlamentdən keçməsi üçün var gücü ilə çalışması Güləni heyrətə salmışdı. Gülən həm də buna görə Aydın Bolaqa böyük dəyər verirdi. Siyasətə 1956-ci ildə Hürriyyət Partiyası ilə atılan Bolaq sırf bu qanunu Parlamentdə qəbul etdirmək üçün Cümhuriyyət Xalq Partiyasından millət vəkili olmuşdu. Qanun Cümhuriyyətin qurulmasından sonra qadağan olunan vəqflərin yenidən fəaliyyətə başlamasını təmin edəcəkdi.
Bolaqın bu mübarizəsini “Qoç Holdinq”in idarə heyətinin sədri, iş adamı Vəhbi Qoç da dəstəkləyirdi. O da bir vəqf açmaq istəyirdi. Vəhbi Qoçla Aydın Bolaqın yolları Ankarada kəsişmişdi. Qoç işləri ilə əlaqədar olaraq tez-tez Ankarada siyasətçilərlə görüşürdü. Bolaq Qoça “Vəhbi əmi” deyirdi. Aydın Bolaq və Vəhbi Qoç məlum qanun layihəsinə görə güclü müqavimətlə qarşılaşmışdı. Qanunun əleyhdarları: “Vəqflərin yenidən açılması irticaçılıqdır. Atatürk prinsiplərinə ziddir”, – deyirdilər.
Halbuki Cümhuriyyətin banisi Atatürk belə 1938-ci ildə vəfat edəndə Mədəniyyət Qanunu (Mədəni Qanun) əlverişli olmadığı üçün var-dövlətini miras qoymaqda problemlərlə üzləşmişdi. Çünki Mədəniyyət Qanunu Atatürkün belə bir vəsiyyət etməsinə imkan vermirdi. Buna görə də Milli Məclisdə Atatürkün vəsiyyəti haqqında xüsusi qanun qəbul edilmişdi.
Bolaq inanırdı ki, yardımların möhtac insanlara onları utandırmadan, bir müəssisə vasitəsilə çatdırılmasını təmin edən vəqflər Türk toplumunun bünövrəsini daha da möhkəmləndirəcək. Ancaq Aydın Bolaq dörd illik millət vəkilliyi dövründə bu qərarın qəbul edilməsinə nail ola bilmədi. Bolaq deputatlıq müddətinin sona çatması ilə Pralamentdən kənarda qalsa da, qərarından vaz keçməyib səylərini davam etdirir. O vaxtlar 66 yaşı olan Vəhbi Qoç 1967-ci il martın 22-də belə demişdi: “Həm yataqxanalar, həm də vəqflər haqqında qanunun qəbulu nədənsə uzanır. Sağkən xeyirli bir iş görmək istəyirəm”. Təxminən dörd ay sonra, 1967-ci il iyulun 13-də Parlament həmin qanunu qəbul edir.[5]
Vəqflərin açılmasına icazə verildikdən sonra 205 nəfərin iştirakı ilə Türk Təhsil Vəqfi qurulur. Vəhbi Qoç və Bolaqla yanaşı, Saqib Sabançı, İhsan Səbri Çağlayangil, İhsan Doğramacı, Rəhmi Qoç, Bürhan Fələk (Burhan Felek), Erol Simavi, Nicad Əczaçıbaşı (Nihat Eczacıbaşı), Şarık Tara kimi tanınmış simalar da bu 205 nəfərin arasında idi. Bu 205 nəfərin hər biri Vəqfin qurulmasına min lirə pul ayırmışdı. Yəni 111 dollar, çünki o vaxt doqquz lirə bir dollara bərabər idi.[6]
Aydın Bolaqın ifadəsilə desək, Türk Təhsil Vəqfi qısa müddətdə xeyli daşınmaz əmlak əldə edir və minlərlə tələbəyə təqaüd ayırır. Bolaq Türk Təhsil Vəqfinin fəaliyyəti üçün əlindən gələni əsirgəmir. Vəhbi Qoç 27 il Vəqfin rəhbəri, Bolaq isə müavini olur. Qoç hələ sağlığında, yəni 1996-cı ildə Vəqfin rəhbərliyini Bolaqa həvalə edir. 2007-ci ildə daşınmaz əmlak üzrə Türkiyənin ən zəngin vəqflərindən biri olan Türk Təhsil Vəqfi 40 il ərzində 150 000-dən artıq tələbəyə təqaüd vermişdir. A. Bolaq Türk Təhsil Vəqfinin bu qədər böyüməsini Türk xalqının xeyirsevərliyi ilə izah edir: “Türk xalqı düzgün istifadə edildiyini görərsə, xeyir iş üçün pul verməkdə sərhəd tanımaz”.
Türk Təhsil Vəqfinin qurulmasından iki il sonra 1969-cu ildə Qoç və Bolaq ayrı-ayrılıqda vəqf qurur. Vəhbi Qoç sonralar Qoç Universitetini təsis edən “Qoç” Vəqfinin, Aydın Bolaq isə bu günədək minlərlə tələbəyə təqaüd verən “Türk Neft Vəqfi”nin əsasını qoyur. Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının 1999-cu il seçkilərindən sonra formalaşan Türkiyə Böyük Millət Məclisini nəzərdə tutaraq “Hazırda mən də daxil olmaqla Parlamentdə olan 61 millət vəkili Aydın Bolaqın təqaüdü ilə təhsil alıb” deməsi təsadüfi deyildi. MHP lideri Dövlət Baxçalı və Daxili İşlər Naziri Bəşir Atalay Aydın Bolaqın təqaüdünü alan tələbələrdən idi. Yazıçı Səmiha Ayverdinin böyük qardaşı tanınmış memar Əkrəm Haqqı Ayverdi Bolaqı “vəqf mücəssəməsi” adlandırırdı.[7]
Bolaqa: “Aydın ağabəy” deyə müraciət edən Gülən bəzən söhbətində deyirdi: “Vəqf qanunu demək olar, sırf Aydın abinin əməyidir. Türkiyədə ilk tələbə yataqxanalarını məhz o qanun sayəsində açmaq mümkün olmuşdu”. Nadir hallarda ağlayan Bolaq ölkə hüdudlarından kənarda açılan məktəblərdən söz düşəndə kövrələr, hətta bəzən göz yaşlarını saxlaya bilməzdi. Bolaq dostlarına Gülən haqqında danışarkən: “Məqsədi dini rejim qurmaq olsaydı, məscid tikdirərdi. Məktəb açdıran bir adamdan zərər gəlməz. Dövlətin belə xəyal edə bilmədiyi işlərə rəhbərlik etdiyi üçün bar verən ağac kimi ona da daş atırlar”, – deyirdi.
1998-99-cu illərdə ölkə xaricində açılmış Türk liseylərində işləyən 1500-ə yaxın müəllim İstanbulda toplaşmışdı. Bolaq onların qarşısında çıxış edəcəkdi. Lakin xəstəliyi ilə əlaqədar bu görüşə gələ bilmir. Bolaqın çıxışını onun köməkçisi Həsən Əli Göksoy (Hasan Ali Göksoy) oxuyur. Bolaq müəllimlərə “Çox çətin şəraitdə çalışaraq Türkiyəni, Türk mədəniyyətini və Türk müsəlmanlığını uzaq diyarlarda tanıdan mübarək insanlar” ifadəsi ilə xitab edirdi: “Gün gələcək bu idealist və fədakar insanlar Türk tarixinin böyük şəxsiyyətləri kimi anılacaq”.
Əsil-nəcabətli ailədə böyüyən Bolaq Osmanlıcanı yaxşı bilirdi. Uşaqlığının bir hissəsi İstanbulda keçdiyindən son dövr Osmanlının böyük şəxsiyyətlərini tanıyırdı. O, Gülən haqqında belə deyirdi: “Cümhuriyyətin həmyaşıdlarından biri də mənəm. Cümhuriyyətlə doğuldum və o dövrün bütün alimlərini gördüm, tanıdım... Yüksək elm və əxlaqa sahib olan bu alimlər heç vaxt mübarizə insanı olmadılar. Nə yeni şəxsiyyətlər yetişdirdilər, nə də ictimaiyyətə ruh və iman aşılayıb onları yüksək məfkurə aşiqi kimi hazırladılar... Yetmiş yaşıma çatanda ilk dəfə uca üfüq və düşüncə insanı ilə (Fəthullah Gülənlə) tanış oldum. İlk dəfə bu yaşımda belə bir üfüq gördüm. “Türk müsəlmanlığı” məfhumunu bizə açıqlayan və öyrədən, “Türk İslamiyyəti” anlayış tərzinin bütün bəşəriyyətə şamil olduğunu, İslamın müharibə dini deyil, bütün gözəllikləri özündə əks etdirən bir inanc mücəssəməsi olduğunu bizə anladan Xocaəfəndi Həzrətləridir... Xoca Əfəndi məfkurəsizlikdən mənəvi böhran keçirən türk gəncliyinə məfkurə verdi”.
Bolaq: “Türkün İslam anlayışı necədir?” – deyə sual edir, özü də cavab verirdi: “Bu, dünyanın hər tərəfində açılan məktəblərdə ortaya qoyulan anlayışdır!” O məktəblərdə verilən biliyin, gözəl əxlaqın və göstərilən fədakarlığın əsl mənbəyi İslamdır. Həmin məktəblərdə təhsil alan minlərlə şagird bu qaynağı mütləq kəşf edəcəkdi.
Bolaq: “Bu yeni və orijinal hərəkatın hədəfi gözəl insanlar yetişdirmək və onu bütün bəşəriyyətə ərməğan etməkdir. Moskvada Rus xalqının bir övladı Türkcə öyrənirsə, bu, onun üçün önəmlidir, amma bəşəriyyət üçün daha böyük qazancdır. Çünki nəticə etibarilə Türkə düşmən münasibətin mənasız olduğunun anlayacaq”, – deyirdi.
Bolaq Türk xalqına səslənirdi: “Bu hərəkatın daha da böyüməsinə, inkişaf etməsinə, dünyanın hər tərəfində daha geniş yayılmasına kömək edin. Bilməyənlərə, eşitməyənlərə çatdırın... Sizlərdən ricam budur. Hamınız bu sevgi haləsinin ətrafında toplanın. O zaman övladlarınız xoşbəxt və firavan bir Türkiyənin övladları olacaq”.
Fəthullah Gülən Bolaqı yüksək səviyyəli ziyalı və intellekt hesab edirdi. Bolaqın ömrünün son illərində TRT televiziyasında apardığı ədəbiyyat, şeir və söhbət verilişləri o günəcən görünməyən istedadını üzə çıxardı. Bir gün Aydın Bolaq veriliş əsnasında TRT studiyasının operator və texniki heyətinə ölkə sərhədlərindən kənarda açılan türk məktəblərindən həyəcanla danışır. Veriliş qutardıqdan sonra TRT-nin işçiləri öz aralarında bir qədər pul toplayıb Bolaqa verirlər: “Bizim də bu məktəblərə bir köməyimiz olsun”.
Gülən kimi oxumağı çox sevən Bolaq hər bir türk ailəsinin kitabxanası üçün mütləq zəruri olan 106 kitabdan ibarət siyahı tərtib etmişdi. İlk sırada şəxsən tanıdığı Həsən Bəsri Çantayın (Hasan Basei Çantay) “Qurani-Kərim” təfsiri gəlirdi. Həmin siyahıda olan bəzi kitablar: “Dövlət ana” (“Devlet Ana”, Kemal Tahir), “Türk inqilabına baxışlar” (“Türk inkilabına bakışlar”, Peyami Safa), “İncə Memed” (“İncə Memed”, Yaşar Kamal), “Beş şəhər” (“Beş şehir“, Ahmed Hamdi Tanpınar), “Bir adam yaratmaq” (“Bir adam yaratmak”, Necip Fazıl Kısakürek), “Faust” (Höte), “İnsan adlı məchul” (Aleks Karl), “İlahlar hərisləşir” (Anatol Frans), “Əlvida, silah” (Ernest Heminquey), “Qəzəb salxımı” (Steynbek), “İnsandakı şeytan” (Emil Zolya), “Türk ədəbiyyatı tarixi” (“Türk edebiyat tarihi”, Ahmet Kabaklı), “Öz göy qübbəmiz” (“Kendi gök kubbemiz”, Yahya Kemal Beyatlı), “Kiçik ağa” (“Küçük ağa“, Tarık Buğra), “Böyük Türkiyə röyası” (“Büyük Türkiye rüyası“, Mehmet Kaplan), “Böyük Türkiyə tarixi” (“Büyük Türkiye tarihi“, Yılmaz Öztuna), “Nutuq” (“Nutuk”, Mustafa Kemal Atatürk), “İstiqlal mücadiləsinin əsasları” (“İstiklal mücadelesinin esasları“, Kazım Karabekir), “Mənim mübarizəm” (Adolf Hitler).[8]
Müsahibə zamanı Gülən Bolaqı bu sözləri ilə yad etdi: “Onun mənə böyük təsiri olub. Bunu heç vaxt unuda bilmərəm. Tipik bir Osmanlı bəyi idi. Bu işə ürəkdən bağlanmışdı. Şəfəq ulduzu kimi, onların da ömrü qısa olur. Aydın abinin də ömrü qısa oldu. İflas etməsinə çox üzülmüşdüm. 18-20 milyon dollar borca düşmüşdü. Nəcib və təmiz ailə həyatı ömrünün axırına yaxın bir az sıxıntılarla üzləşdi. Lakin bütün sıxıntılarına baxmayaraq, bu xidmətlərdən əlaqəsini kəsmədi. Unutmadığım insanlardan biri idi. Hicranı ilə qovruldum. Onun da, Bülənt bəyin də dəfn mərasiminə gedə bilmədim”.
Qasım Gülək Güləni razı salır
1990-cı illər Gülənin rəhbərlik etdiyi fəaliyyətlər, qatıldığı toplantılar, səsləndirdiyi fikirlər Türkiyə ictimaiyyətində böyük əks-səda doğrurur. İlk belə toplantı Jurnalistlər və Yazarlar Fəqfinin 1994-cü ilin iyun ayında İstanbul Dədəman hotelində təşkil etdiyi ziyafət süfrəsi olur. Gülən bu vəqfin fəxri sədri idi.
1994-cü il iyunun 24-də verilən ziyafətin bir qonağı da Bülənt Ecevitdən əvvəl Türkiyə siyasət aləminin sol qanadını xalqla bir araya gətirən Qasım Gülək idi. Ankarada yaşayan Gülək bu ziyafətdə iştirak etmək üçün Gülənin yaxın dostu Ələddin Qaya ilə birlikdə İstanbula gəlmişdi. Gülənin ziyafətə gələcəyini dəvət edilən qonaqlara əvvəlcədən bildirmişdilər.
Gülən o ərəfədə İzmirdən İstanbula gəlmiş olsa da, ziyafətə getmək fikri yox idi. Yaxın dostlarının israrına baxmayaraq, qəti qərarını vermişdi. Ziyafətə sadəcə bir ismarıc göndərəcəkdi. Neçə illər məscidlərdə və konfrans salonlarında xalqla birlikdə olsa da, qəzet və televiziyalardan uzaq olmağa çalışırdı.
Gülən Ankaradan bir neçə siyasətçini də ziyafətə dəvət edən Ələddin Qayaya zəng edərək gələ bilməyəcəyini deyir. Ələddin Qaya çox məyus olur. Heç olmasa, Qasım Güləki Gülənlə tanış edərdi. Güləki İstanbula məhz buna görə çağırmışdı. Qaya telefonda: “Qasım Gülək sizinlə tanış olmaq üçün gəlib, heç olmasa onu sizin yanınıza gətirim”, – deyir. Gülən etiraz etmir: “İftardan sonra buyurun gəlin”. Ələddin Qaya: “İndi gəlmək istəyir, axşam təyyarə ilə Adanaya qayıtmalıdır“, – deyir. Bunu eşidən Gülən: “Onda indi gəlin”, – cavab verir.
Altunizadəyə çatana qədər yolda Qaya Güləkə: “Qasım bəy, necə edirsiniz, edin, mütləq Xocaəfəndini ziyafətə gəlməyə razı salın”, – deyir. Gülək Gülənlə qarşılaşar-qarşılaşmaz “Xocaəfəndi Həzrətləri bu axşam mütləq ziyafətə qatılmalısınız. Bu qədər insan sizin üçün gəlib. Başqa yolu yoxdur”, – deyir. Gülən Güləkin sözlərinə çox təəccüblənir. Lakin o qədər yolu əziyyət çəkib Ankaradan onunla görüşməyə gələn 84 yaşlı qonağının sözünü yerə sala bilmir. Gülən Qasım Güləyi yaxın dost kimi qucaqlayıb: “Sizin kimi bir ustad zəhmət çəkib bura qədər gəlib, gələrəm”, – deyir.
Həmin axşam Gülək Güləni Dədəman hotelinə gətirməyə müvəffəq olur. Hotelə Gülək, Gülən və Qaya birlikdə gəlir. O axşam ziyafət salonuna birlikdə daxil olmalarının səbəbi də bu idi.
İşılay Sayqının çıxışından sonra söz Gülənə verilir. Ziyafətin aparıcısı yazar Vəhbi Vaqqasoğlu (Vehbi Vakkasoğlu) qonaqları bir-bir kürsüyə dəvət edirdi. İzmirli siyasətçi Sayqın Gülənə böyük hörmət bəsləyirdi. “Xahiş edirəm, məni Güləndən əvvəl kürsüyə dəvət etməyin. Onun qabağında danışa bilmərəm”, – desə də, çıxışı Güləndən öncəyə salınmışdı.
Gülənin “Demokratiyadan geriyə yol yoxdur” mövzusunda çıxışı Türkiyədə böyük əks-səda verir. Şəriət əndişəsi tez-tez dilə gətirilən Cümhuriyyət Türkiyəsində ilk dəfə olaraq onun kimi bir insanın mövqeyindən “Demokratiyadan geriyə yol yoxdur” fikri səslənirdi.
Gülən çıxışında: “Biz demokratiya tərəfdarıyıq. Ancaq bizi demokratiyanın onda birinə belə layiq görmürlər”, – deyir. Bu sözləri ilə Türkiyədə dindar insanların demokratiyanın imkanlarından yararlanmasına süni əngəllər törədildiyini dilə gətirirdi, əslində. Daha sonra özünəməxsus üslubu ilə “Demokratiyanın öşrünə (onda birinə) də razıyıq” ifadəsini işlədir. Gülən şəriət dövləti istəməkdə ittiham edilən dindar insanların demokratiyanın onda birinə belə razı olduqlarını bəyan edirdi.
Bu toplantıdan sonra yazar Əli Ünal və bir neçə nəfərlə İzmirə qayıdır. Gülən İstanbula da Əli Ünalla birlikdə gəlmişdi. Birlikdə Gülənin İzmirin Bozyaxa bölgəsində qaldığı evə çıxırlar. Liftdə Ünala: “Bu cür toplantılar mənə görə deyil”, – deyir. Şəxsiyyəti və həyat tərzi toplantılarda bu qədər rəğbəti, alqışı, göz qabağında olmağı qəbul edə bilmirdi. Belə ki, 1979-cu ildən başlayaraq “Sızıntı” jurnalında dərc olunan baş yazılarında imzadan istifadə etməmiş, 1995-ci ilədək əksər kitablarını əsl adı ilə deyil, təxəllüslə çap etdirmişdi.
Gülən və Gülək təzə tanış olsalar da, tezliklə yaxın dostluq münasibəti qururlar. Gülən 1996-cı ilin əvvəlində Güləki İstanbulda yerləşən Amerikan Xəstəxanasında ziyarət edir. Həmin ziyarət zamanı maraqlı bir dialoq da olur. 86 yaşlı Gülək: “Sizi bu cür kifayət qədər müdafiə edə bilmirik. Düşünürəm ki, bəlkə, millət vəkilliyinə namizəd olum, sizi Milli Məclisdə müdafiə edim” deyirdi.
Güləkin ağır xəstəliyə baxmayaraq, belə düşünməsi onu heyrətə gətirir. Həmin gün Gülən üzünü Ələddin Qayaya tutaraq əndişəsini dilə gətirir: “Bir il əvvəl bu xəstəxanada qonşu palatada angioqrafiya[9] olmuşdum. Bu otağı görüncə içimə narahatlıq çökdü. Ancaq Qasım bəy bu xəstə halı ilə Məclisdə nəsə etməyi düşünür”.
Gülək hələ müalicəni Amerikada davam etdirmək qərarını verməmişdi. Güləndən məsləhət almaq istəyirdi. Gülən isə Güləkə müalicə üçün Amerikaya getməyi tövsiyə edir. Beləcə özəl təyyarə ilə Amerikaya müalicəyə gedən Gülək cənazə namazını Gülənin qıldırmasını vəsiyyət etmişdi.
1996-cı il yanvarın 23-də Ankarada Qocatəpə məscidində həm Güləkin, həm də keçmiş siyasətçilərdən Sadəddin Bilgiçin böyük qardaşı professor Emin Bilgiçin dəfn mərasimi keçirilirdi. Emin Bilgiç həm də Ekmələddin İhsanoğlunun kürəkəni idi. Gülənin professor Emin Bilgiçə böyük rəğbəti var idi. E. Bilgiç Ankara Universitetinin Dil, Tarix və Coğrafiya fakültəsində müəllim işləyərkən Nəcib Fazil Qısakürəyin fakültədə konfrans verməsinə şərait hazırlamışdı. Gülən Prezident Süleyman Dəmirəl və DSP-nin sədri Bülənt Ecevit başda olmaqla dövlət xadimlərinin qatıldığı mərasimdə Qasım Gülək və Emin Bilgiçin cənazə namazlarını qıldırır.
Gülən Qasım Güləkdən dinlədiyi iki əhvalatı danışır. Bunları Ramazan bayramında Qasım Güləki evində ziyarət edərkən eşitmişdi: 1950-ci ildə Demokrat Partiyası seçkilərdən qalib çıxanda iqtidardan gedən CHP-nin bəzi öndərləri: “Artıq bundan sonra bizim iqtidara gəlməyimiz, seçkilərdə qalib olmağımız mümkün deyil. Gəlin partiyanı bağlayaq!” deyə təklif edir. Qasım Gülək belə cavab verir: “Xeyr, partiyanı bağlamayaq. Gəlin indi xalqın partiyası olaq. Bu günə qədər Xalq Partiyası olsaq da, xalqın partiyası deyildik. Xalqdan uzaq olduq”.
Güləkin danışdığı ikinci əhvalat isə belədir: Gülək CHP-nin baş katibi olarkən həcc ziyarətinə getmək qərarına gəlir. Bəzi jurnalistlər Güləki dövrəyə alıb sual yağdırırlar:
– Həqiqətən həccə gedəcəksiniz?
Gülək:
– Bəli
– Kəbəni təvaf edəcəksiniz?
Gülək:
– Bəli təvaf edəcəyəm.
Həcc ziyarətindən qayıtdıqdan sonra isə jurnalistlərlə Gülək arasında belə dialoq olur:
– Cənab Gülək, həccə getdiniz?
Gülək:
– Bəli, getdim.
– Kəbəni təvaf etdiniz?
Gülək:
– Təbii ki etdim.
– Ərəfata çıxdınızmı?
Gülək:
– Çıxdım.
– Yaxşı, bəs şeytanı da daşladınızmı?
Gülək:
– Bəli, həm daşladım, həm də buradakı şeytanları daşlamaq üçün özümlə daş gətirdim”, – deyə cavab verir.
İki müsahibənin tarixçəsi
Çankaya Köşkündə T. Özalın “Fəthullah Xocanı yaxından izləyin” sözlərindən sonra “Hürriyyət” qəzetinin baş redaktor Ərtoğrul Özkök Güləni təqib etməyə başlamış və Güləndən müsahibə almağı Nuriyyə Akmana (Nuriye Akman) tapşırmışdı. Lakin Akman 1995-ci ilədək hələ də ondan müsahibə götürə bilməmişdi. Bu müddətdə N. Akman “Hürriyyət” qəzetindən çıxıb “Sabah” qəzetində işə düzəlmişdi. Güləndən müsahibə istəyinə razılıq cavabı gələndə artıq “Sabah”da işləyirdi.
Güləndən müsahibə hazırlayan ilk jurnalist Akmana “Nuriyyə” adını Gülənin çox sevib hörmət bəslədiyi Bədiüzzaman Səid Nursi qoyub. Akmanın prokuror işləyən əmisi Atif Ural[10] Bədiüzzamanın ilk tələbələrindən idi. Yenə onun polkovnik babası Bədiüzzamanı Kastamonuda sürgündə olduğu illərdə tanımışdı. Əmisi Atif Ural isə Ankarada hüquq fakültəsində oxuyarkən Bədiüzzamanla tanış olmuşdu.
Bədiüzzamanın əski əlifba ilə yazılmış kitablarını ilk dəfə latınca çap edənlərdən biri də Atif Ural idi. Bədiüzzaman çox sevdiyi bu tələbəsinin 1957-ci ildə doğulmuş qardaşı qızına Nuriyyə adını qoymuşdu. Bu həm də Bədiüzzamanın anasının adı idi.
Akmanın kənd təsərrüfatı mühəndisi olan atası Kamal Ural 1960-cı illərdə “Şölə (Şule)” jurnalını nəşr etdirmişdi. 11 sayı çıxandan sonra bağlanan “Şölə” jurnalı Fəthullah Gülənin zehnində dərin izlər buraxmışdı. Bu jurnalı İskəndərunda əsgərlikdə oxuyan Gülən 1963-cü ildə Konyada kitab dükanında açıq-saçıq geyimli gənc bir qızın həyəcanla ”Şölə” jurnalını soruşmasından çox təsirlənmişdi. Demək ki, jurnal toplumun müxtəlif təbəqələrinin dini məlumata olan ehtiyacını az-çox ödəyirdi. Kamal Ural bu boşluğu, insanların dini bilgilərə ehtiyacını sezmiş və “Şölə” jurnalını təsis etmişdi. Lakin müxtəlif səbəblərdən jurnalın fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Gülən də məhz bu ictimai ehtiyaca görə 1979-cu ildə “Sızıntı” jurnalının nəşrinə başlayır.
Nurəddin Topçu “Şölə” jurnalı haqqında “Göz yaşlarımın jurnalı” demişdi. “Şölə” jurnalında dərc edilən İzmirli gənc qızın məktubu 1960-cı illər gəncliyinin simvoluna çevrilmişdi. 18 yaşlı Suna adlı bu gənc qız lisey şagirdi idi. Jurnala xitabən “Sevimli Şölə” adı ilə yazdığı məktubda mənəvi dəyərlərdən uzaq yaşadığı illəri acı-acı təsvir etdikdən sonra dəyərlərə yadlığın onu və minlərlə həmyaşıdını necə mənəvi böhrana sürüklədiyini bildirirdi: “Şöləciyim, deyə bilmirəm, qəhərdən boğuluram, nəfəsim tıxanır, dodağım təpiyir... Bir gün qolumdan tutub dinimi öyrədən olmadı. Ruhum bir qazan kimi bomboşdur”. Gənc qızın məktubu bu sətirlərlə bitirdi:
“Mən gözəl yurdumun mərhəmət ətirli yamaclarında tumurcuqlayan budaq kimi, soylu-köklü ata-babalarımın qanı damarında axan bir gül idim. Məni varlığımdan qoparıb soldurdular.”
Nuriyyə Akman İzmirə gedib Gülənin qaldığı Bozyaxada bir neçə gün davam edən reportajına başlayanda Ərtoğrul Özkök tezliklə bundan xəbər tutur. Özkökə görə, bu müsahibə əslində, “Hürriyyət” qəzetinin haqqı idi. Çünki müsahibənin ideya müəllifi özü idi. O halda Gülən eyni zamanda “Hürriyyət”ə də müsahibə verməli idi. Özkök Gülənin yaxın dostu Ələddin Qayanı tanıyırdı. Qayaya zəng edərək bu istəyini ona çatdırmasını xahiş etdi. Şəxsən İzmirə gəlib “Hürriyyət” qəzeti üçün Güləndən müsahibə alacaqdı. Gülən onu da İzmirə dəvət edir. Nuriyyə Akmanla reportaja bir neçə saat fasilə verib İzmirdə dostu Gürbüz Dönməzin evində Özköklə görüşüb müsahibə verir. Güləndən müsahibə alan Özkök sevinc içində İstanbula qayıdır.
“Hürriyyət” və “Sabah” qəzetləri eyni gündə 1995-ci il yanvarın 23-dən Gülənin müsahibəsini dərc etməyə başlayır. Müsahibələrin Türkiyənin iki böyük qəzetində eyni vaxtda dərc olunması “Gülən eyni anda iki böyük qəzetə müsahibə verməklə geniş təbliğat kampaniyası aparır” təəssüratını oyatmışdı. Halbuki hadisələr çox vaxt kənardan göründüyü kimi olmur. Əslində hər iki müsahibənin ideyasını Ərtoğrul Özkök vermişdi. Gülən hər iki müsahibəsində də əsasən demokratiya məsələlərinə toxunmuş, demokratik quruluş və inkişafı güclü şəkildə dəstəkləmişdi.
Bir neçə saatlıq müsahibə Özkökdə Gülən haqqında müsbət təəssürat oyatmışdı. Gülənə: “Xocam, bu günədək biz sizi yanlış tanımışıq”, – demişdi. Gülən isə yenə özünü günahkar bilmişdi: “Bir qüsur varsa, bizə aiddir. Biz özümüzü sizə düzgün tanıda bilməmişik”.
“Biz mürtədik?” sualının əsl səbəbi
Gülən 1995-ci ildən başlayaraq daha çox İstanbulda yaşayır. Bu dövrdə onu ziyarət edənlərin, görüşünə gələnlərin sayı xeyli artır. Məsələn, bu ərəfədə 90-dan artıq jurnalist və yazar Güləni ziyarət edir. Gülən də jurnalist, sənətçi və iş adamlarını ziyarət edirdi.
O, İstanbulda böyük qəzetlərin redaksiyalarına gedib həm qəzet sahibləri, həm də idarə heyəti və yazarları ilə tanış olurdu. Gülən “Milliyyət” qəzetini ziyarəti zamanı bir müxbirin verdiyi “Bəziləri bizi müsəlman hesab etmir, bizə mürtəd deyir. Biz, həqiqətən, mürtədik?” sualı ilə ilk dəfə qarşılaşmırdı. Türkiyədə 1970-90-cı illərdə mübahisə və münaqişə mövzularının biri də bu idi.
Hələ 1970-ci illərdə bir-birini ikiüzlülük və dindən çıxmaqda ittiham edən bəzi qruplar “qarpız” sözündən istifadə edirdilər. Qarpızın çölü yaşıl, içi qırmızı olduğuna görə, bu kimsə ikiüzlülükdə, yəni dini terminlə desək, “münafiq”likdə ittiham etmək üçün bu sözə müraciət edirlər. Amma unutmaq olmaz ki, Allah Rəsulu döyüşdə təslim olan və kəlmeyi-şəhadət gətirməklə İslamı qəbul edən bir insanın “Əslində, səmimi qəlbdən müsəlman olmamışdı” düşüncəsi ilə öldürülməsinə sərt reaksiya vermişdi: “Ürəyini yarıb baxmışdınız?”
1990-cı illərdə iş adamı Rəhmi Qoç Yunan Ortodoksal dini icmasının lideri Bartolomeosla (Bartholomeosla) yaxın dostluğuna görə bəzi dairələr tərəfindən “mürtəd” adlandırılır və “gizli xristian” olmaqda ittiham edilirdi. Lakin gizli xristianlıq iddiası doğru deyildi. Qoç 7-8 dil bilən bir din xadimi kimi Bartolomeosa böyük hörmət bəsləyirdi. Gülənlə tanış olduqdan sonra ondan da təsirlənmişdi. Qoçun 1997-ci ilin sentyabr ayında “Venizelos” gəmisində söhbət zamanı “Düzü, sıravi din xadimi, bir məscid imamı ilə qarşılaşacağımı düşünürdüm. Lakin tamam fərqli insanla tanış oldum” sözləri ilə Güləni təqdir eməsi bu heyranlıqdan qaynaqlanırdı. Qoç Gülənlə Aydın Bolaqın evində şam yeməyində tanış olmuşdu. Bolaq iş adamlarını və Güləni yemək ziyafətlərində görüşdürürdü. Bu ziyafətlərdə R. Qoç da iştirak edirdi.
Monqolustana gedən dörd komandir
Gülənin yenə qonaqları vardı: Altemur Qılınc (A. Kılıç) və Mehmet Əli Birand, fotoqraf Arif Aşçı. Aşçı bir heyətin tərkibində böyük şirkətlərin sponsorluğu ilə Çindən Çanaqqalaya qədər İpək Yolunu o başdan bu başa dəvələrlə keçib gəlmişdi. Arif Aşçı səyahət zamanı Qırğızıstanda Tanrı Dağlarında fırtınaya düşüb ölümlə üz-üzə gəldiklərini və orada yerləşən türk məktəblərinə pənah apardıqlarını Gülənə danışır.
Bu səyahət Çinin bir bölgəsindən başlamışdı və ilk dayanacaq Qırğızıstan idi. Heyətdə ABŞ və Avropadan əcnəbilər də vardı. Dəvə belində səyahət etsələr də, özləri ilə günəş enerjisi alan panellər və noutbuklar da götürmüşdülər. Aşçı və yoldaşları Çin sərhədindən Qırğızıstana keçəndə sərt qışın qar və fırtınası ilə üzləşirlər. Bir yandan qar, bir yandan fırtına.. Tanrı dağlarından çətinliklə enirlər. Dəvələrin bir hissəsi tab gətirməyib tələf olur. Qarşılarına çıxan yerli sakinlərin məsləhəti ilə dəvələrin ayaqlarına keçə sarıyırlar. Lakin həm öz azuqələri, həm də dəvələrin yemi qurtarırdı. İssık gölünə yaxınlığında dondurucu soyuqla üz-üzə gəlib şaxtadan nəfəsləri kəsiləndə bir işıq görürlər.
Tanrı dağının ətəyində Narın adlı şəhər yerləşir. Bu ərazidə yerli sakinlər – qırğızlar belə çətinliklə yaşayır. Şəhərin əhalisi olduqca yoxsul, şəraiti isə əlverişsiz idi. Lakin burada da bir türk məktəbi açılmışdı. Gözlər ümidsizlik qarışmış soyuqdan alcalananda bir ümid olub göz qırpan bu işıq İssık Türk liseyinin binası idi. Qapısında Türkiyə bayrağı asılmış məktəbin həyətinə girəndə aclıq və ölüm təhlükəsinin sovuşduğuna əmin olmuşdular.
Arif Aşçı həmin bölgələrdə türk liseylərinin açıldığını o axşam öyrənmişdi. Yemək süfrəsində Gülənə belə deyirdi: “Yol boyu başqa ölkələrdə də bu məktəbləri gördüm, elə bil İpək Yolunun üstündə düzülüb. Kosmosdan bu məktəblərin işıqlandırılıb şəkilləri çəkilsə, İpək Yolunun xəritəsi çıxar”.
Gülənlə yanaşı Altemur Qılınc Aşçının bu təəssüratlarını böyük həyəcanla dinləyir. Qalatasaray liseyinin məzunu jurnalist Mehmet Əli Birand da təəccübünü özünəməxsus üslubu ilə dilə gətirir: “Orada da məktəb açılıb, Xocam? Bu necə işdir?”
“Hürriyyət” qəzetinin yazarı Ege Cansen də Güləni ziyarət edəndə türk məktəbləri söhbətin əsas mövzularından biri idi. Ege Cansen məktəblər haqqında belə deyirdi: “Bir gün bu məktəblərin bəziləri bağlansa və neçə il sonra xarabalarından daşlar tapılsa belə bunun böyük bir anlamı var. Bu məktəblərin bəzilərinin ömrü bir neçə gün olsa belə, öz vəzifələrini yerinə yetirmiş sayılır”.
Gülən Türk mətbuatında yüksək səviyyəli iqtisadçı kimi tanınan Ege Cansenin fikirlərini diqqətlə dinləyir. “Sabah” qəzetinin rəhbəri Zəfər Mutlu və qəzetin baş yazarı Güngör Məngi (G. Mengi) də Güləni ziyarət edir. Daha sonra “Radikal” qəzetinin baş redaktoru Mehmet Yılmaz qəzetin yazarı Avni Özgürlə birlikdə Gülənin qonağı olur, birlikdə səhər qəhvəaltısı edirlər. Əhməd Altan (Ahmet Altan) və qardaşı Mehmet Altan, professor Asəf Savaş Akat (Asaf Savaş Akat) və həyat yoldaşı Nilufər Gölə (Nilüfer Göle) birlikdə Gülənin görüşünə gəlirlər. Bu görüşdə Gülən Əhməd Altanın: “Nə üçün din adamları heç gülmür?” sualına “Heç güldürmədilər ki!..” cavabını vermişdi.
Oqtay Ekşi[11] və xanımı Güləni ziyarət edərkən də türk məktəbləri haqda söhbət edirlər. Gülən ərazisinə görə Türkiyədən iki dəfə böyük olmasına baxmayaraq, 2,5 milyon əhali yaşayan Monqolustanda açılmış türk məktəblərindən danışır. Çingiz xanın ölkəsində türk-monqol liseyləri 1994-cü ildə açılmışdı. Gülən belə deyirdi: “Biz Teymura həmişə monqol demişik. Nihad Sami Banarlı kimi bir tədqiqatçı da kitablarında israrla “Teymurləng monqoldur və onlar türkün düşmənidir” yazır. Millətimizdə monqollara qarşı antipatiya formalaşıb. Ancaq indi monqollar bizi çox sevirlər. Orada 3-4 məktəb açılıb. Bütün bu məktəblərin Türkiyəyə geniş dost dairəsi qazandıracağını düşünürəm... Bütün Asiya hal-hazırda Türk dilini öyrənir. Hərbi Hava Qüvvələrinin Komandanı Halis Burhan Paşa Türkmənistandakı məktəbi ziyarət etmişdi. Orada hıçqırıqla ağladılar, biz də televiziyanın qarşısında onlara qoşulduq. O uşaqların hamısı İstiqlal marşını oxuyurdu. Türkmən uşaqlarının bəziləri hətta bir neçə türk oyun havasını səsləndirdi. Monqolustandan, Alyaskanın dibində yerləşən Yakutiyaya qədər bütün Asiya Türk dilini öyrənir.”
1998-ci ildən başlayaraq, Türk liseylərindən məzun olan monqolustanlı şagirdlər Türkiyənin ən yaxşı universitetlərinə üz tutur. Monqolustan türk liseylərinə həsr olunmuş bir televiziya proqramını izləyən təqaüddə olan general İbrahim Türkgənci Gülənin dostu Sadəddin Bəşərə: “Monqol qızlarından biri türkcə danışırdı, çox kövrəldim”, – demişdi.
Sabiq ordu komandiri General Aşir Özözər (A. Özözer) Qazaxıstanda türk məktəblərini ziyarət etmişdi. General Xalis Bürhan (Halis Burhan), keçmiş baş nazir Yıldırım Akbulutla yanaşı Gülhanə Hərbi Tibb Akademiyasının (QATA) sabiq rəhbəri general mayor Ömər Şarlaq (Ömer Şarlak) da Türkmənistan türk məktəblərini ziyarət etmişdi.
Təqaüddə olan general Mayorlar Ərdinç Türə (Erdinç Türe) və İlhan Atabaş Özbəkistan türk məktəblərinə səfər edib məzuniyyət mərasiminə qatılmışdı. 29 may 1998-ci ildə Monqolustan türk liseylərinə gedən heyətin tərkibində təqaüddə olan dörd komandir də vardı: General-Leytenant Altay Tokat, Briqada Generalı Aydın Ecər (A. Ecer), Kontr-admiral Güləmrə Aybars (Gülemre Aybars) və polkovnik Tahir Qumqala (T. Kumkale).
Daha əvvəl Qazaxıstana gedən General-Leytenant Tokat Alma-atada Tanrı dağlarını görərkən “Allahım, mənə Altay dağlarını görməyi də nəsib et” deyə dua etmişdi. General-leytenant Tokatın bu arzusu Türk-monqol[12] məktəblərininin məzuniyyət mərasiminə – Monqolustana gedərkən gerçəkləşir. Polkovnik Tahir Qumqala da Monqolustanda, adını oğluna qoyduğu “Orxon” çayını və ilk türk dövləti olan Göytürklərə aid yazılı abidələri görəndə eyni hisləri keçirir.
Türkiyədən 10 000 kilometr uzaqda yerləşən Monqolustan Türk tarixində “Ötükən” adı ilə anılır. İlk türk dövləti – Göytürklər burada qurulmuşdur. Türk adı ilk dəfə burada Orxon kitabələrində işlənmişdir. Tahir Qumqala səfərdən qayıdandan sonra yazdığı məqalədə o yerləri görməyi özünə şərəf bildiyini qeyd edirdi: “Adını oğluma verdiyim Orxon çayını və bu ata yurduna zənginlik gətirən Göytürk yazılarını görmək şərəfinə nail oldum. Bu həyatımda ən önəmli və unudulmaz hadisə idi”. Tahir Qumqala daş kitabələrin yerləşdiyi ərazidən Türkiyəyə iki ovuc torpaq gətirir və evinin salonuna qoyur.
Mətin Akpınarın peşmançılığı
Sənət dünyasından bir çox insanı Fəthullah Gülənlə tanış edən Gürkan Vural 1997-ci ildə İstanbulda Hyat Recens (Hyatt Recency) hotelində Kamal Sunalla görüşərkən bir sürprizlə qarşılaşır. 1972-ci ildən başlayaraq oynadığı 82-dən artıq televiziya filmi və “İnək Şaban” obrazı ilə Türk xalqının yaddaşında silinməz izlər buraxan Kamal Sunal: “Mən araşdırmaçı adamam. Fəthullah Gülən haqqında hər şeyi araşdırdım”, – deyir.
Əslində, bu, heç də təəccüblü deyildi. Çünki Kamal Sunal filmlərdə oynadığı rolların əksinə şəxsi həyatında olduqca ciddi, oxuyan, araşdıran bir insan idi. Belə ki, çevriliş hadisələri ilə əlaqədar yarımçıq qalan təhsilindən əl çəkməmiş, 50 yaşında da olsa, bitirmişdi.
K. Sunal həmin gün Vurala Fəthullah Gülənlə təklikdə görüşmək istədiyini bildirir. O gün axşamı Güləni ziyarət edən Vural Kamal Sunalla görüşündən danışır. Gülən: “Sabah günortadan sonra gəlin, çayımı için”, – deyir. Gülən başqa vaxtlarda görüş istəyini bu qədər qısa müddətdə qəbul etməzdi.
Gülən dəhlizdə ciddi addımlarla ona doğru addımlayan Kamal Sunalı gülə-gülə qarşılayır. Qucaqlaşıb görüşəndən sonra söhbətə birinci o başlayır: “Kamal bəy, əgər unudub sizə “Şaban bəy” deyə müraciət etsəm, məni bağışlayın”.
Həmin gün salonda Gülənin 50-ə yaxın qonağı var idi. Kamal Sunalın, demək olar, hər gün televiziyada nümayiş edilən filmlərindən söz düşür. Gülən: “Bu filmlərdən haqqınızı ala bilirsinizmi? Hər halda imkanınız çox olar?” – deyincə Sunal: “Haradadır o imkan? Biz işləyirik, başqaları qazanır. Müəllif haqları qorunmur. Hazırda televiziyada ən çox mənim filmlərim verilir, amma heç bir qazancım yoxdur”, – cavabını verir. Söhbət əsnasında K. Sunal: “Dövlət mənə medal verməlidir. Türk xalqının sıxıntıları çoxdur. Axşam onları evlərində rahatlatmaq istəyirik. Bahalıq və müxtəlif problemlərdən yorulan insanlar axşam evlərində bu filmlərə baxıb gülməsəydi, ölkədə hətta üsyan da baş verə bilərdi”, – deyir. K. Sunalın fikrincə, Türk xalqının bu filmlərə rəğbətini sosioloqlar araşdırmalı idi.
Sunal ziyafətdə xaricdən qayıdarkən Ədirnədə sərhəd keçid məntəqəsindən Türkiyəyə girəndə başına gələn bir hadisəni Gülənə danışır. Sunal sərhədi keçərkən gömrük işçisi ona “Kamal Sunal Bolqarıstanda dünyasını dəyişdi” başlıqlı bir qəzet yazısını göstərib ciddi şəkildə: “Başımız sağ olsun, Kamal Sunalı itirdik”, – demişdi. Belə epizodları ancaq Kamal Sunalın filmlərində görmək olardı. O, bu əhvalatı danışmaqla rol oynamadan Güləni və qonaqları güldürür.
Gülənin qaldığı evdə salonun divarından asılan şəkillər, eyvandakı gözəl bitkilər, nəhəng akvarium və hovuzun əsrarəngiz mənzərəsi Sunalın diqqətini çəkir. Eyvan hər tərəfdən güllərlə örtülmüş yaşıl bir yamaca bənzəyirdi. Salonun dizaynı da Sunalın gözünü oxşayır. Gülən dünyanın müxtəlif məkanlarından gətirilən antik əşyaları vitrinlərə düzdürmüşdü.
Divardan asılmış şəkillər və vitrinlərdə qoyulmuş qədim əşyalar Gülənin yaşadığı yeri “təkyə” kimi təsəvvür edən insanları çox təəccübləndirirdi. “Salonu və eyvanı kim dizayn edib?” – deyə soruşan Sunala pərdələrin rənginə qədər hər şeyin Gülənin seçimi olduğunu bildirirlər.
Söhbətin davamında Gülən Sunala: “Mənimlə təklikdə görüşmək istəyirdiniz, amma şöhrətiniz buna mane oldu. Xüsusi bir məsələ vardı?” – deyib təklikdə görüşə biləcəyini xatırladır. Sunal isə təşəkkür edərək: “Xeyr, artıq görüşdük”, – cavabını verir. Gülən K. Sunala bir hədiyyə etmək istəyirdi. Sunal: “Mən kitab oxumağı çox xoşlayıram. Kitablarınızdan hədiyyə etsəniz, məmnun olaram”, – deyir.
Səhəri gün Gülən Sunalın[13] Fənərbaxçada yerləşən evinə kitablarından ibarət külliyyatı hədiyyə göndərir. 15 gün sonra Gürkan Vurala zəng edən Sunal Gülənin göndərdiyi kitabların çoxunu oxuduğunu demişdi. Hətta qeyd dəftərinə kitablardan müxtəlif qeydlər də etmişdi.
Musahibəmiz zamanı Gülən Kamal Sunalla görüşündən danışarkən onun haqqında “Kamal Sunal təmiz qəlbli və olduqca ciddi bir insandı” ifadələrini işlətdi. Kamal Sunal şəxsi həyatında siqaret çəkməyən, içki içməyən və ailə dəyərlərinə böyük önəm verən bir insan idi. Gülən Türk kinosu deyəndə Hülya Qoçigid, Cüneyd Arkın, Pərixan Savaş, Kamal Sunal kimi sənətçiləri nəzərdə tuturdu. Hülya Qoçigid də həyat yoldaşı Səlim Soydanla birlikdə Güləni ziyarət etmişdi.
Gülən ziyarətinə gələn kino və teatr sənətçisi Göksəl Arsoyla (Göksel Arsoy) söhbətində onun əmisi Yesari Asim Arsoyu (Y. Asım Arsoy) soruşur. Yesari Asim Arsoyun: Ədirnəyə gəldiyini bildirən Gülən onun 1970-ci illərdə oynadığı rollardan, yazdığı mahnılardan söz açır. Göksəl Arsoy da 1970-ci illərdə Türk kinosunu “əsir” alan intim məzmunlu filmlərdə oynamaqdan imtina etmiş sənətçilərdən idi. Gülən Göksəl Arsoya “Siz də səhnəyə çıxdınız. Əminizin mahnılarını ifa etdiniz”, – deyir. O, söhbətində Ayxan İşığı (Ayhan Işık) da yad edib onun millətçilərin bir toplantısına qatıldığını söyləyir. Göksəl Arsoy isə: “Sənət dünyasında iki millətçi var idi: Ayxan İşıq və mən”, – deyir.
Aktyor Mətin Akpınarın Güləni ziyarət etdiyi gün Fənərbaxça futbol klubunun prezidenti Əli Şən (Ali Şen) də qonaq gəlmişdi. 1980-ci illərdə Akpınar Turqut Özal və Fəthullah Güləndən bəhs edən bir karikaturadan “ilham alaraq” etdiyi bir zarafatla Gülən və dindar insanları rəncidə salmışdı. Akpınar Gülənə: “Xocam, zarafat da asqırıq kimidir. Ağıza gəldimi, saxlamaq olmur”, – demişdi. Akpınarın bu sözləri nəzakətlə üzr istəmək demək idi. Gülən 1927-51-ci illər arasında komediya filmlərinə birlikdə çəkilən amerikalı cütlük Lorel və Hardini xatırladaraq Mətin Akpınarın Zəki Alasya ilə bu cütlük kimi uzun müddət tərəf müqabili olduğunu qeyd edir. Akpınar: “Biz onları ötmüşük”, – deyir. Mətin Akpınar orta məktəbi imam-xətib liseylərində oxumuşdu. Müsahibəmizdə Gülən: “Mətin Akpınarı inanclı bir insan kimi gördüm”, – dedi.
1993-cü il xəbərdarlığı
1995-ci ilin aprel ayında bir qrup jurnalistlə Ankarada Gülənlə görüşərkən İstanbulda baş verən Qazi hadisələrinin üstündən bir neçə həftə keçmişdi. 12 mart 1995-ci ildə İstanbulda Qazi məhəlləsində bir kafeyə silahlı basqınla başlayan hadisələr növbəti gün kütləvi nümayişə çevrilmiş və qarşıdurmalar zamanı 21 adam dünyasını dəyişmişdi.
Terror yenə də Türkiyə gündəmində əsas aktual məsələyə çevrilmişdi. Həmin gün Gülənə iki sual verdim. Birinci sual PKK terroru və Anadolunun cənub-şərq bölgəsində baş verənlərlə, ikincisi isə Qazi hadisələri ilə bağlı idi. Gülənin açıqlamalarından xüsusilə iki məqam yadımdan çıxmayıb. O bildirdi ki, bu cür ictimai problemlərə və iri miqyaslı terror hadisələrinə təkcə silah gücü ilə son qoymaq çətindir. Məsələnin həlli istiqamətində hərbi güc tətbiq edilərkən ağıla lazımınca müraciət edilmədiyini, halbuki belə problemlərin ağıllı siyasətlə həll edildiyini vurğuladı. Hətta Yavuz Sultan Səlimdən bir misal da çəkdi:
“Yavuz Sultan Səlim Şah İsmayılla mübarizədə o qədər sərt olmaqdansa, başqa bir yol seçsəydi, bu günədək davam edən problemlər, bəlkə də, olmazdı. Gərək Yavuz da o zamanlar məsələni güc və qüvvətlə deyil, danışmaqla həll edəydi”.
Gülən İstanbul Qaziosmanpaşada baş verən hadisələrlə körüklənən sünni-ələvi qarşıdurmasına toxunarkən ay yarım əvvəl məlum problemin həllinə kömək məqsədilə Baş Nazir Tansu Çillərə bir sənəd göndərdiyini bildirdi. Bu olaylardan əvvəl, Avropada türk və kürd ələvilərin təşkilatlanmasından, Türkiyədə belə hadisələrin planlaşdırılmasından xəbər tutmuşdu. Müəyyən qüvvələr müxtəlif Avropa ölkələrində qəzet və jurnal çıxararaq Türkiyə ələvilərini təşkilatlandırmağa çalışırdılar. Bu, Türkiyədə sünni-ələvi qarşıdurmasına hazırlıq görüldüyünü göstərirdi.
Gülənin fikrincə, ölkəni iğtişaşa sürükləyən bu mərhələ müəyyən qüvvələr tərəfindən idarə edilirdi. Onların hədəfi Türkiyəni parçalamaq idi. Türkiyəni zorla belə bir parçalanma istiqamətinə yönləndirirdilər. Bu bölünmə 1980-ci il çevrilişi ərəfəsində baş vermiş qanlı hadisələrin təkrarlanmasına gətirib çıxara bilərdi. Türk insanı dərin uçurumun kənarında dayanıb bir-birinə qəzəblə, kinlə baxan düşərgələrə bölünmüşdü. Halbuki bu uçurumu türk xalqı öz əlləri ilə və süni şəkildə qazmışdı və heç bir məntiqi əsasa söykənmirdi.
Gülən 1993-cü ilin avqust ayında bir söhbətində deyirdi: “Sabahın Türkiyəsini gözləyən ən qorxunc terror məzhəblər arası ixtilafdır. Bu təhlükənin dağıdıcı gücü PKK-dan əlli qat çoxdur”. Gülən bu xəbərdarlığı edəndə Qazi hadisələrinin törədilməsinə hələ iki il var idi.
Gülənin qənaətincə, müəyyən qüvvələrin dini don geymiş terror forması olan məzhəblərarası qarşıdurmanı və etnik məsələdən qaynaqlanan PKK terrorunu qızışdırmaqda əsas məqsədlərindən biri Tükiyənin yenicə müstəqillik qazanmış Asiya dövlətlərinə yönəlməsini, iqtisadi-siyasi münasibətlər qurmasını əngəlləmək idi. Çünki Türkiyənin Asiya ölkələrinə açılması (yəni bu ölkələrə irimiqyaslı sərmayə qoyması, güclü siyasi-iqtisadi münasibətlər qurması) onun dünyada söz sahibi olması demək idi. Həm məzhəb qarşıdurması və terrorun, həm də Çətin Emeç,[14] Bəhriyyə Üçox (Bahriye Üçok), Turan Dursun, Uğur Mumcu cinayətlərinin arxasında böyük güclər dayanırdı. Bu hadisə və cinayətləri planlaşdıranlar bir tərəfdən hərbi çevriliş üçün zəmin hazırlayır, digər tərəfdən İslamla terroru eyniləşdirməyə çalışırdılar.
Dəniz Gəzmiş sağ olsaydı..
O halda Türk xalqı bu prosesi, bu planı pozmalı idi. Yaxınlaşan təhlükənin qarşısını almaq üçün həm Türk toplumunu gerçəklərdən xəbərdar etmək, həm də yeni bir mərhələnin təməllərini atmaq həyati əhəmiyyət kəsb edirdi. Buna görə də Gülən 1994-cü ildən başlayaraq Jurnalistlər və Yazarlar Vəqfinin təşkil etdiyi mediyaya açıq toplantılarda tez-tez iştirak edirdi. Gülən 1995-ci ilin iyun ayında “Axşam” qəzetinin idarə heyəti və yazarları ilə görüşündə “Təşəbbüslərim sağ-sol, sünni-şiə qardaşlığı naminədir” deyir.
Gülən həmin ilin avqust ayında “Cümhuriyyət” qəzetinin yazarı Oral Çalışlara verdiyi müsahibəsində sünni-ələvi təhlükəsinə həll yolu göstərirdi: “Ən azından, tərəflərin birində savaş düşüncəsini aradan qaldırsaq, qarşı tərəf boş yerə yumruq atmış olacaq”.
Gülən İzmirdə əvvəllər senator olmuş ələvi dədəsi (ağsaqqalı) ilə görüşərək Narlıdərədə (İzmir) müştərək məktəb açılması, sünni-ələvi birliyinin simvolu olaraq yan-yana bir məscid və cəmevi[15] tikilməsi ideyasını irəli sürür. Bu torpaqlarda əsrlərlə məscid, sinaqoq və kilsə yan-yana fəaliyyət göstərmişdi. Türk xalqı məscid və cəmevini bir araya gətirməkdə, sünni-ələvi birliyini təsis etməkdə aciz deyildi? 20-yə yaxın etnosu, dini və məzhəbi 600 il bir bayraq altında birləşdirən, bir-birinə qardaş edən Türk xalqı olmamışdımı?
Gülən 1995-ci ilin mart ayında bir qrup yazarla – Ömər Çavuşoğlu və Meriç Köyatası da həmin heyətin içində idi – görüşündə deyirdi: “Türkiyədə meydana gələn dalğalar bir-birini “qırır”, tamamlamır. Bu dalğalar bir-biri ilə toqquşub bütün gücünü itirir, halbuki bir-biri ilə birləşib güclənməlidir.” Gülənə görə, dünyəvi – antidünyəvi, Atatürkçü – dinçi kimi qütbləşmələrin meydana gətirilməsində və dərinləşdirilməsində əsas məqsəd məhz bu idi. Gülən 1997-ci ilin yanvar ayında deyirdi: “Bu parçalanmalar Türkiyənin sürətli inkişafına əlverişli şərait yarandığı bir dövrdə qolumuzu, qanadımızı qırmaq və yüksəlişimizə balta çalmaq məqsədi daşıyır”.
Türk tolumunun bütün təbəqələri bir-birinə yaxınlaşsa və aradakı uçurumlar aşılsa, həm bu qütbləşmələr aradan qalxar, həm də Qazi və ya Madımak hadisələri[16] kimi təxribatlar törətmək istəyənlərin planları boşa çıxar. Gülən: “Məsciddə bir-birimizlə vuruşacağıqsa, içəri ayaq basmadan həyətdə barışmağın yolunu tapmalıyıq”, – deyirdi.
1996-cı il noyabrın 8-də şam yeməyində bir qrup yazarla bir araya gəlmişdi. 1970-ci illərin kommunistlərindən Şahin Alpay da orada idi. Yemək əsnasında Alpay Gülənə: “Dəniz Gəzmiş sağ olsaydı, bu gün bizdən fərqli düşünməz, bu yemək süfrəsində öz yerini alardı”, – deyir. Alpay o illəri xatırlayarkən: “Mənim kimi, bir vaxtlar Marksizmi yer üzündə cənnətin açarı hesab edənlər “din xalqın tiryəkidir” düsturunun hər şeyi izah etdiyinə inanmışdı”, – deyir. Ancaq 1996-cı ildə Alpayın qənaəti tamam fərqli idi: “Din toplumun tiryəki deyil, olsa-olsa onun bütövlüyünü təmin edən birləşdirici amildir”. “Hürriyyət” qəzetinin yazarı Bəkir Coşqun (Bekir Coşkun) isə 1997-ci il 27 yanvar axşamında İstanbulda Hilton hotelində Gülənin də qatıldığı iftar süfrəsindən sonra yazırdı:
“Gözüyaşlı bir insan olan Fəthullah Gülənin niyə çox ağladığını indi daha yaxşı başa düşürəm. Bəlkə də, iki sehrli sözdə (sülh və tolerantlıq) düyünlənən xalqımızın gələcəyi sel kimi göz yaşı ilə çözülə bilər. Çünki ağlamaq heç olmasa ən çox düşünməkdir. Məncə, ağıllı İslam ağılsızına üsyan etməlidir”.
Atilla İlhanın sözləri
Gülənə görə, Türkiyənin bu böhrandan çıxması üçün ilk növbədə ziyalıların çiyninə böyük məsuliyyət düşürdü. İlk öncə türk ziyalıları düşüncəsindən və dünyagörüşündən asılı olmayaraq, bir masa ətrafında oturub məsələni müzakirə etməyi bacarmalı idi. Ölkəni illərlə anarxiyaya və iqtisadi tənəzzülə sürükləyən sağçısolçu qarşıdurmasından sonra, ortaya atılan türk-kürd, sünni-ələvi, dünyəvi-antidünyəvi qütbləşmələri yalnız bu şəkildə aradan qaldırmaq mümkündü. Solçunu totalitarizm və kommunizm həsrətlisi, idealisti millətçilik, şovinizm, faşizm və nasizm tərəfdarı, dindarı mürtəce və ya fanatik olmaqda ittiham etmək bu ölkəyə heç nə qazandırmayacaq.
Gülən 1994-cü ildən başlayaraq qəzet sahibləri, ziyalılar və sənətçilərlə görüşlərində bunu həmişə göz önünə sərirdi. O illərdə Türk sağının və solunun simvolik qəzetləri sayılan “Zaman” və “Cümhuriyyət” arasında tez-tez kəskin polemikalar baş verirdi. Hər iki qəzetdə də bir-birinin əleyhinə yazı və xəbər görmək mümkündü. “Cümhuriyyət” qəzeti maddi sıxıntılardan qəzet kağızını belə təmin etməkdə çətinlik çəkirdi. O günlərdə “Zaman” qəzetinin iki yüksək səviyyəli nümayəndəsi “Cümhuriyyət” qəzetini ziyarət etmişdi. Bu görüşdə “Cümhuriyyət” qəzetinin yazarı Atilla İlhan da iştirak edirdi. Atilla İlhan gələn qonaqlara belə demişdi: “Kağıza ehtiyacımız olan vaxtlarda düşünürdüm ki, “Zaman” qəzeti müsəlman əxlaqından irəli gələrək bizi kağızsız qoymaz”.
Abant toplantıları da məhz Türkiyədə ziyalıların görüşmə ehtiyacını təmin etməyə yönəlmişdi. Fəlsəfə və ilahiyyat üzrə professor Mehmet Aydın bu görüşlərin nə qədər əhəmiyyətli olduğunu bu sözlərlə yad edir: “Mən kinoya baxmanın dinə görə caiz olub olmadığını müzakirə edən bir mədəniyyətin nümayəndəsiyəm. Lakin burada bir aktyor dostumuzla (Bulud Arasla) eyni heyətin tərkibində işləyirəm. Tərəqqi və inkişaf bu deyildirsə, bəs nədir?” “Xocam, sənin belə kosmopolit bir yerdə nə işin var?” sualına Professor Mehmet Aydın belə cavab vermişdi: “Biz gec öyrəndik, amma həyat kosmopolitdir”.
Professor Aydın Abant toplantılarında təkcə aktyor Bulud Arasla birlikdə işləmirdi. “Hürriyyət” qəzetinin ifadəsilə desək, ilahiyyatçı Mehmet Aydın sosialist tarixçi professor Mete Tançayla eyni “mətbəx”də qarşılaşmışdı. 1998-ci ilin iyul ayında ilk Abant toplantısına qatılan “Hürriyyət” qəzetinin yazarı Yavuz Gökmən fərqli dünyagörüşünə sahib ziyalıların dialoqlarına şahid olmuş, fürsət tapıb toplantı salonundan çıxaraq qəzetin baş redaktoru Ərtoğrul Özkökə zəng etmişdi: “Burada qəzetin manşetinə düşəsi müdhiş hadisələr cərəyan edir”.
Bu “müdhiş hadisələr”in bir parçası da Türkiyə sənətçiləri idi. “Demokratik hüquqi dövlət”i müzakirə edən Üçüncü Abant toplantısının sonunda Cem Qaraca toplantı iştirakçılarına konsert vermişdi.
Robert liseyinin məzunu olan Cem Qaraca Gülənlə 1994-cü ildə tanış olmuşdu. Onunla ilk tanışlıq Qaracaya çox böyük təsir etmişdi: “Mən insanlarla tanış olarkən bəzi kriterilərə önəm verirəm. İki vacib kriterinin adını çəkə bilərəm. Birincisi, əlimi necə tutur və necə sıxır? İkincisi, gözlərimə necə baxır? Çünki bəziləri əlini həmsöhbətinin ovucuna yaxşıca döyülmüş ət parçası kimi yumşaq toxundurur və bunu nəzakət bilir. Bu, çox yalnışdır. Halbuki əl tutulmalı və sıxılmalıdır. Heyvan bazarında at alıb-satanlar kimi əl sallamanın mənası yoxdur. Əli tutmaq və sıxmaq lazımdır; nə çox bərk, nə də çox yumşaq. Möhtərəm Fəthullah Gülənin əlini necə uzatdığını və üstəlik göz-gözə gələrkən gözündəki parlaqlığı gördüm. Baxdım ki, qarşımda “yüksək cərəyanlı” bir işıq var”.[17]
Güləndən müsahibə almaq üçün ABŞ-a getmişdim. Həmin ərəfədə Ankarada 110 ölkədən 550 şagirdin iştirakı ilə Türk dili olimpiadaları keçirilirdi. Keniyalı şagird Samuel Olero Cem Qaracanın “Allah yar” mahnısını ifa edirdi. Gülən: “Cem Qaraca da həyatının son günlərində elə hey belə “Allah, Allah” deyirdi. Bu cür də vəfat etdi” dedi. Gülən Samuelin ifa tərzini bəyənmişdi. Ertəsi gün televiziyada olimpiada xəbərləri veriləndə: “Cem Qaracanın mahnısını yenə versələr, dinləyərdim” dedi.
Boğaziçi Universitetinin müəllimi professor Nilufər Göle “Milliyyət” qəzetinin müxbiri Dərya Sazaka verdiyi müsahibədə Abant toplantıları haqqında deyirdi: “Abant Platforması 28 Fevrallla[18] pozulan, inkar edilən birlik və bərabərliyimizin bərqərar olmasında mühüm rol oyandı”.
Nazim Hikməti ölkədən qaçıran yazıçı kimi tanınmış Rəfiq Ərduran (Refik Erduran) da Güləni ziyarət edərək uzlaşma çağırışına cavab verən, Jurnalistlər və Yazarlar Vəqfinin fəaliyyətlərində iştirak edir. 1996-cı ildə Jurnalistlər və Yazarlar Vəqfinin “xoşgörü” mükafatının kimlərə veriləcəyini müəyyən edən münsiflər heyətinin bir üzvü də Zülfü Livaneli idi. Gülən 1998-ci il 3 fevral axşamı İstanbulda “The Plaza Cəvahir” hotelində Barış Manço, Erol Böyükburc, Zeynəb Göğüş, Çingiz Candar, Murad Birsəl, Nazlı İlıcaq (N. Ilıcak) kimi sənətçi və yazarların da iştirak etdiyi bayramlaşma mərasimində deyirdi: “Bölgəmizdə dünyəvi cənnəti inşa etmək üçün fikir memarlarımızın və düşüncə işçilərimizin (ziyalılarımızın) çiyninə böyük vəzifələr düşür”.
Gülənin fikrincə, Türkiyəyə zorla yeridilən parçalanma, bölünmə prosesini bütünləşmə prosesinə çevirəcək əsas faktorlardan biri də siyasi stabillik idi. Çünki paytaxt Ankarada baş verən hadisələr narahatlıq doğururdu. Siyasi vəziyyət getdikcə gərginləşirdi. O dövrdə Silahlı Qüvvələrin Komandiri General İsmayıl Haqqı Qaradayı: “Türkiyənin Əlcəzairləşməsi” təhlükəsi ilə üz-üzə olmasından bəhs edirdi. General Qaradayı “Əlcəzairdəki kimi qiyamlar baş verərsə, nəticələri çox ağır olar” deyirdi.
Türkiyəni belə bir sindromdan yalnız siyasi stabillik xilas edə bilərdi. Gülənə görə, Türkiyədəki qeyri-sabitliyin ən bariz nümunəsi yarım əsrdə konstitutsiyanın dörd dəfə dəyişdirilməsi idi. Buna görə də Gülən Baş Nazir Tansu Çillərdən sonra Ankarada Ana Vətən Partiyasının Sədri Məsud Yılmazla da görüşür. Gülən M. Yılmaza: “Gücünüzü ”Doğru Yol”la birləşdirsəniz, həm 40%-dən artıq səs toplamış olarsınız, həm də Türkiyədə güclü siyasi stabillik hakim olar” demişdi. 1996-cı il fevralın 1-də İstanbulda “Polad Rineyssans” (Polat Renaissance) hotelində iftar[19] ziyafətindən sonra yazarlarla söhbətində “Çillər və Yılmaz belə bir fədakarlıq göstərə bilər. CHP və SHP-nin birləşməsi kimi uzlaşa bilər. Bu gün Türkiyə belə fədakarlıqlar gözləyir” fikirlərini səsləndirir. Məsud Yılmaz və Tansu Çillər heç cür uzlaşa bilmir.
Etnik və dini separatçılığın Türkiyənin gələcəyi üçün çox təhlükəli olduğunu dilə gətirənlərdən biri də 1970-ci illərdə çevriliş edən zabitlərdən Generalmayor Cəlil Gürkan olmuşdur. General mayor Gürkan 1998-ci ilin martında Antalyada Ağdəniz (Akdeniz) Universitetində keçirilən “Türk ordusu və dünyəvilik” adlı toplantıda belə demişdi: “Dünyəvilik-antidünyəvilik münaqişəsi Türkiyəni parçalayar, ölkəni qan gölünə çevirər”.[20]
Gülən general mayor Gürkanın bu çıxışından bir il sonra 1999-cu il yanvar ayında “Millətimiz paramparçadır. Fikrimcə, bu kristalların bir araya gətirilib yenidən birləşdirilməsi vacib və zəruridir”, – deyirdi.
İhsan Doğramacının Gülənə verdiyi suallar
O illərdə YÖK-ün (Ali Təhsil Qurumunun) sabiq sədri İhsan Doğramacı da Güləni ziyarət etmişdi. Doğramacı Gülənə hədiyyə olaraq üzərində Osmanlı xətt sənətinin gözəl örnəkləri olan antik bir tablo gətirmişdi. “Xocabəy” ləqəbi ilə xocaların xocası kimi tanınan Doğramacı ziyarətində Gülənə sürpriz edir. Gətirdiyi hədiyyəni ona uzadarkən Qasım Gülək kimi “Xocaəfəndi Həzrətləri” deyə müraciət edərək tablonun üstündəki yazını oxumağı xahiş edir. Gülən gülümsəyərək yazını oxuyur. Yazı “fəth” sözü işlənmiş bir Quran ayəsi idi. Daha sonra Doğramacı “Eşitdiyimə görə, siz yerə dəstəmazsız ayaq basmırsınız” sözləri ilə ikinci sürprizini edir. Gülən Doğramacının bu sözlərini təbəssümlə qarşılayıb üstündən keçir.
Bu görüş zamanı onlar arasında maraqlı bir dialoq olur. Doğramacı Gülənə: “Hər cür maddi imkanıma baxmayaraq, neçə ildir, Şimali İraqda, Ərbil şəhərində bir orta məktəb aça bilmirəm. Sizin dostlarınız Ərbildə lisey açdılar.[21] Mən iki min dollara müəllim tapa bilmirəm. Pul problemim də yoxdur. Bu qədər yüksək vəzifəli dost-tanışla bir məktəb aça bilmirəm. Ancaq sizin dostlarınız 500 dollara müəllim tapırlar. Bunu necə bacarırsınız?” – deyir.
Doğramacızadə Əli Sami Paşanın oğlu olan İhsan Doğramacı Şimali İraqın Ərbil şəhərində dünyaya gəlib və sədrəzəm (baş vəzir) nəvəsi idi. Ailəsi həmin bölgədən idi. Həyat yoldaşı Gülsər xanım da əsilzadə ailədə doğulmuşdu, Kərküklü idi. Doğramacı çoxdandır, Şimali İraqın bu bölgəsində məktəb açmaq istəyirdi, amma heç cür mümkün olmurdu.[22]
Gülən yemək süfrəsində Doğramacının suallarına verdiyi cavabda ölkə xaricində açılan məktəblərin hərəkətverici qüvvəsi kimi fədakarlıq amilindən bəhs edir. Bu məktəblərə maddi kömək edən iş adamları, az məvaciblə işləyən müəllimlər – hamısı fədakarlıq göstərirdi. Müəllimlər o çətin, şəraitsiz bölgələrdə aylarla əmək haqqı ala bilmir, üç ailə bir evdə yaşayırdı. Ölkə xaricində ilk Türk liseyi Azərbaycanda – Qubada açılanda taxta komalardan sinif otağı kimi istifadə edilmişdi. Qışda müəllim və şagirdlər üst-üstə iki palto geyinməyə məcbur olurdu. Bunun adı fədakarlıqdı və yalnız Allah rizası üçün edilə bilərdi.
Məsələn, Türkmənistanda müstəqilliyin ilk illərində qıtlıq hökm sürürdü. Çörək 1940-cı illərdə Türkiyədə olduğu kimi talonla verilirdi. Qırğızıstanda işləyən müəllimlərin yeganə yeməyi kartof idi, onu da qızartmağa yağ tapa bilmirdilər. Ancaq onlar üçün tavada az miqdarda yağ və buxarda bişən kartof qızartmadan daha ləzzətli olurdu. Aylarla kartofla dolanan müəllimlərin həyatı başdan ayağa fədakalıq örnəkləri ilə doludur.
2000 dollarlıq iş təkliflərini qəbul etməyib 412 dollarlıq aylıq məvaciblə Orta Asiya ölkələrində müəllim işləməyə getmək bir fədakarlıqdı. Bu fəaliyyətlərin təməlində fədakarlıq, sırf Allah rizasi üçün ac qalaraq işləmək, təmənnasız vermək dayanırdı. Bu, iş həyatında padşah kimi yaşayan, təqaüdə çıxandan sonra da qalan ömrünü villalarda keçirən insanların işi deyildi. Həyat yoldaşını dul, evsiz-eşiksiz, övladlarını yetim, kimsəsiz Vətəndə qoyub gedən qəhrəmanların işi idi bu.
Bir insan ancaq Allaha güvənərək adını da bilmədiyi bir ölkəyə gedir, orada üç ay içində məktəb açırdısa, bu uğurlar yalnız Allahdandı. Bunlar həqiqət idi, həqiqətdi. Bu qeyri-adi müvəffəqiyyətin sirri Allaha səmimiyyətlə yönələnlərə və şərəfi, izzəti tarixin dərinliklərindən gələn bir millətə ilahi lütf idi. Bu adanmış, hər şeyini fəda etmiş insanların dastanı idi. Bir məfkurə uğrunda dünyanın hər tərəfinə köç edən Anadolu mühacirləri sabahın dastanlarını yazırdı.
Doğramacı “türkdilli ölkələrdə uşaqların sağlamlığı” mövzusunda keçirilən konqresdə iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıya səfər edərkən buradakı Türk məktəblərindən birini ziyarət edir, ingilis dili və biologiya dərslərində şagirdləri suallarla yoxlayır. Doğramacı Azərbaycanda baş nazir səviyyəsində qarşılanır. Hava limanında türk liseyinin şagirdləri tərəfindən İstiqlal Marşı ilə yola salınan Doğramacı o əsnada Azərbaycanın baş nazirinə bir jest edir. Şagirdlərə və müəllimə üzünü tutub: “Kiçik bir səhvə yol verdiniz, əvvəlcə Azərbaycan himnini deyil, İstiqlal Marşını oxudunuz”, – deyir. Şagirdlər bu dəfə Azərbaycanın himnini səsləndirirlər.
Çünki “Türkiyə bu məktəblər vasitəsi ilə öz ideoloji fikirlərini ixrac edir” əndişəsi bəzi dairələrdə narahatlıq doğururdu. Doğramacı bu jesti ilə Azərbaycanın Baş Nazirinə “Bu məktəblər nə qədər Türk liseyidirsə, bir o qədər də Azərbaycan liseyidir” demək istəyirdi.
Türk məktbələri General Adnan Doğunu heyrətə gətirir
1985-87-ci illərdə Jandarma Qüvvələrinin komandiri olmuş General Adnan Doğu 1994-cü ildə YÖK-ün üzvü Şərif Əli Təkalanla birlikdə İstanbulda yerləşən Fateh liseyini ziyarət edərkən Yakutiyadan məktəbi ziyarətə gələn bir heyətlə qarşılaşır. Sibirin Yakutiya ölkəsində belə bir türk liseyinin açıldığını eşidən General Doğu heyrətini gizlədə bilmir.
1994-cü ilin sonlarında dünyanın 32 ölkəsində 146 türk məktəbi açılmışdı. Bu məktəblərin açıldığı bölgələrdən biri də Türkiyədən 15 000 kilometr uzaqda olan Sibir – Yakutiya idi. 1993-cü ilin fevral ayında Yakutiyada fəaliyyətə başlamış Saxa-Türk liseyində yakut (saxa) türklərinin övladları təhsil alırdı.
General Doğu Şərif Əli Təkalana: “Mənə “xəritədə Yakutiyanın yerini göstərin” desəniz, bəlkə də, göstərə bilmərəm. Bütün bu məktəbləri açma fikri bu xocanın ideyasıdır? Onu görmək və tanımaq istəyirəm”, – deyir. General Doğu Gülənlə İzmirdə Beynəlxalq bilik olimpiadalarında medal qazanan lisey şagirdlərinə həsr olunmuş mərasimdə tanış olur. General Doğu F. Gülənlə görüşərkən ölkə daxilində və xaricində açılmış liseylərdə oxuyan istedadlı şagirdləri təqdir edir.
Gülən ziyarətinə gələn iş adamlarını Orta Asiya Türk dövlətlərində iş yerləri açmağa və oralardakı türk məktəblərinə dəstək olmağa çağırır.[23] O, bir neçə ildir bu məsələni dəfələrlə vurğulamasına baxmayaraq, çağırışının Türkiyənin iş dünyasında kifayət qədər rezonans doğurmadığını düşünürdü. Buna görə də iş adamlarına belə səslənir: “Əlbəttə, bunları sizə bir iqtisadiyyat mütəxəssisi deyil, bir xoca söyləyir. “O bölgələrə gedib iş qurandan beş-on il sonra oraların ən varlı adamları olacaqsınız” desəm, bilmirəm, nə qədər inandırıcı olar”.
Gülənin qənaətincə, Türk insanı böyük düşünməli, bu ölkələrdə dörd-beş il ərzində minlərlə məktəb açmalı idi. Çünki türk insanı kommunizmin pəncəsindən yenicə xilas olan bu ölkələrə getməsə, başqa ölkələrin meydana atılaraq yeni “istismar dövrü”nü başlatması qaçılmaz olacaqdı.[24]
Gülən Ecevitin evində nəyə diqqət edir?
Fəthullah Gülən jurnalistlər, sənətçilər və ziyalılarla görüşlər keçirməklə yanaşı, eyni zamanda siyasət dünyasında həm sağ, həm də sol qanadın liderləri ilə bir araya gəlirdi.
Bülənt Ecevitlə Gülənin ilk görüşü 1995-ci il martın 20-də Ecevitin Ankarada “Oran şəhərciyi”ndə yerləşən evində baş tutur. O vaxtlar Ecevit siyasi səhnədə o qədər güclü mövqeyə malik deyildi. Onun Partiyası Milli Məclisdə bir neçə millət vəkili ilə[25] təmsil olunurdu. Lakin Gülənin nəzərində 70 yaşlı Ecevit Milli Məclisdə sahib olduğu kürsünün sayından asılı olmayraq önəmli bir şəxsiyyət idi.
Hətta o günlərdə bir yoldaşı Gülənə: “Ecevitin bundan sonra siyasi səhnədə güclü mövqe qazanması qeyri-mümkündür”, – demişdi. Həqiqətən də, Ecevitin siyasət səhnəsində qalacağına, hətta baş nazir olacağına heç kim inanmırdı. Ecevitin ətrafı da daralmışdı. Lakin Güləni bu cür siyasi məsələlər deyil, Ecevitin şəxsiyyəti maraqlandırırdı.
Həmin görüşdə Gülənə ən çox təsir edən şey evin sadəliyi olur. Kresloların ən azı 20 yaşı vardı, baş tərəfləri işlənməkdən yeyilmişdi. Xalçalar da köhnə idi. Rəxşan Ecevit (Rahşan E.) Gülənlə gələn qonaqların kömək istəyini qəbul etməyib çayları özü gətirir. Çay süfrəsində Ecevit Orta Asiya ölkələri başda olmaqla dünyanın bir çox ölkələrində açılan türk məktəblərinin sayı ilə maraqlanır. Gülən sayını dəqiq bilmədiyini, təxminən 186 olduğunu bildirir. Bunu eşidən Ecevit mətbəxdə olan xanımına səslənərək: “Eşitdinmi, Rəxşan, Orta Asiyada 186 məktəbimiz var”, – deyir. Ecevitin xanımına bu səmimi səslənişi Güləni ürəyini titrədir.
Fəthullah Gülənin “Ölümdən sonrakı həyat” (Ölüm ötesi hayat) kitabı salondakı masanın üstündə idi. Ecevit bu kitabın bəzi səhifələrini sətirlərin altından xətt çəkə-çəkə oxumuşdu.
Gülən masadakı kitabı görəndə Ecevit utanır: “Xahiş edirəm, elə düşünməyin ki, siz gələcəksiniz deyə kitabı ora qoymuşam. Üzr istəyirəm, unutmuşam”, – deyib yerindən qalxır, kitabı masadan götürüb rəfə qoyur. Rəfdə Gülənin başqa bir neçə kitabı da var idi.
Gülənlə Ecevitin görüşü əhəmiyyətli hadisə idi. Belə ki, bu görüş beş gün sonra “Hürriyyət” qəzetində manşet xəbər kimi yayımlanır. “Hürriyyət”ə müsahibə verən Ecevit Gülənin il yarım əvvəl göndərdiyi ismarıcın ona çatmadığını, ismarıcı yeni aldığını vurğulayırdı. 1995-ci ildə Türkiyədə 130, dünyada 186 türk məktəbinin fəaliyyət göstərməsi Robert liseyinin məzunu olan Eceviti riqqətə gətirtmişdi. İzmir Yamanlar liseyinin bir şagirdi dünya olimpiadasında fizika üzrə birinci yeri tutmuşdu və bu uğuruna görə ABŞ-ın Milli Aerokosmik Araşdırmalar Mərkəzində (NASA) kurs keçirdi. Gülənin təşviqi ilə açılan bu məktəblərdə uşaqların geyim-kecimi Robert liseyindən fərqlənmirdi.
Ecevit və Gülən 1997-ci il martın 23-də ikinci dəfə görüşür. İlk görüş kimi bu görüşün də əsas mövzusu hər ikisinin də sevdiyi şeir, təsəvvüf və fəlsəfə idi. 1998-ci il fevralın 4-ü baş tutan üçüncü görüşdə isə Ecevit artıq baş nazirin müavini idi.[26] Gülən Vatikana Papa ilə görüşə getmədən öncə baş nazirin müavini kimi Ecevitə məlumat verirdi.
Ecevit Çevik Birə nə deyir?
Turqut Özal kimi Bülənt Ecevit də Gülənə çox inanırdı. O da Turqut Özal kimi heç vaxt Güləndən dəstəyini əsirgəmirdi. Turqut Özalın dəstəyi kimi Ecevitin Gülənə verdiyi dəstək də siyasətdə və dövlət çapında “dalğa effekti” doğurmuşdu. 1997-ci ildə Türkiyədə dövlət böhranının hökm sürdüyü bir vaxtda Ecevitin bu dəstəyi Gülən üçün böyük əhəmiyyət kəsb edirdi.
Bunun ən bariz nümunəsinə 1998-ci il aprelin 18-də Baş Nazirliyin İqamətgahında şahid oluruq. O gün Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general Çevik Bir dörd generalla birlikdə Baş Nazirin müavini Eceviti[27] ziyarətə gəlmişdi. Ziyarət Fəthullah Gülənlə əlaqədar idi. General Bir Türkiyənin Vatikan səfiri Altan Güvənin Papa ilə görüşə gedən Güləni hava limanında öz avtomobili ilə qarşılamasına etiraz edirdi.
Halbuki səfirə Güləni qarşılama təlimatını Ecevit vermişdi. Həmin gün Baş Nazirlikdə, Ecevitin kabinetində olanlar bu günədək təfərrüatı ilə açıqlanmayıb. Lakin “Milliyyət” qəzetinin 22 iyun 1999-cu ildə dərc etdirdiyi xəbər görüşün bəzi pərdəarxası nüanslarını işıqlandırırdı. Xəbərə görə, Ecevitə Gülən əleyhinə brifinq təqdim edilmiş, lakin 75 dəqiqə davam edən bu toplantının sonunda Ecevit “Siz belə düşünürsünüz. Lakin mən yenə də əvvəlki fikirlərimdə qalıram”, – demişdi. Bundan sonra brifinqi təqdim edən hərbçilər üzr istəyib Ecevitin kabinetini tərk etmişdilər. Ecevit Çevik Bir və onun kimi düşünən komandirlərə belə deyirdi: “Hər bir dindarı potensial mürtəce kimi qəbul etməklə dünyəviliyi qorumaq olmaz”.
2000-ci ilin avqust ayında Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yüksəl Gülən haqqında icbari həbs qərarı verəndə Ecevit Baş Nazir idi. Ecevitin qərara münasibət belə olur: “Möhtərəm Fəthullah Gülən barəsində belə bir qərarın verilməsinə dərindən üzüldüm. Arzu edirəm ki, bu məhkəmə prosesi onun günahsızlığının sübut edilməsi ilə başa çatsın”.
Ecevit 12 Sentyabr 1980-ci il çevrilişindən sonra üç dəfə həbs edilmiş, altı ay həbsxana həyatı yaşamışdı. 12 Sentyabr ərəfəsində haqqında 133 dəfə cinayət işi açılan və Ankara Hərbi Rejim Məhkəməsi tərəfindən iki dəfə məhkum edilən Ecevit[28] çevrilişdən əvvəl də İzmirdə bir sui-qəsd təşəbbüsündən son anda qurtula bilmişdi. Bu baxımdan siyasi böhran dövründə Türk insanının başına nələr gələcəyini çox yaxşı bilirdi. Bu səbəbdən də Ecevit Gülənə qarşı irəli sürülən ittihamı sırf hüquqi mühakimə kimi qəbul etmirdi.
Ecevit Prezident iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının toplantılarında nə vaxt Gülənin adı gündəmə gətirilir, hər dəfə eyni mövqe ilə çıxış edir. Ecevitin generallara verdiyi cavabdan Gülənin xəbəri vardı. O, generallara belə demişdi: “Mən Fəthullah Gülənlə görüşmüşəm. Çox səmimi insandır. Sizin də görüşməyinizi tövsiyə edirəm”. Gülən həmin dövr haqqında deyir: “Bülənt Ecevit gəldi. Gərgin şəraitdə, fevral ruzigarlarının əsdiyi (28 fevral dövrü) vaxtlarda gəldi bu insan. Dalbadal brifinqlər aldı. İndiyə qədər dövlət adamları içərisində belə insanlar çox olmuşdur, hamısını təqdirlə yad edirik. Lakin onun ortaya qoyduğu şərəfli və vicdanlı mövqe ehtirama layiqdir. O, söylənilən fikirlərin çoxunu rədd edərək “Mən bunlarla razılaşmıram, doğru deyildir. Bu gün görülən işlər heç Osmanlı dövründə də görülməyib” demişdi”.
Ecevit Gülənin təşviqi ilə ölkə hüdudlarından kənarda açılan türk məktəblərini böyük layihə hesab edirdi. 2000-ci ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun ilk günündə Ecevit Baş Nazir olaraq əcnəbilərə Türkiyədən bəhs edərkən 34 ölkədə açılmış türk liseyləri və 39 ölkədə fəaliyyət göstərən türk şirkətləri haqqında “qlobal dünyada türk əlamətləri” ifadəsini işlədir.
Həmin ilin fevral ayında Rumıniya və Albaniyaya səfər edən Baş Nazir Ecevit Albaniya Prezidenti Rəcəb Meydaninin 1996-cı ildə Türk liseyində fizika fənnini tədris etdiyini öyrənir. Prezident və nazirlərin övladları bu məktəblərdə təhsil alırdı. Ecevit Rumınyada olarkən belə deyir: “Ölkə xaricində açılan türk məktəbləri ilə fəxr edirəm. Bunu hər fürsətdə dilə gətirməyi özümə borc bilirəm”.
2000-ci ilin mart ayında Hindistana səfəri zamanı Yeni Dehli hava limanında türk liseyinin siqh, buddist, hind və müsəlman şagirdləri tərəfindən qarşılanan Ecevit bu məktəbləri yüksək qiymətləndirməsinin səbəbini bir çıxışında belə açıqlayırdı: “Osmanlı dövründə Osmanlılar Avropanın təxminən yarısını, Şimali Afrikanı, Orta Asiya və Qafqazların böyük bir qismini idarə etdiyi halda Qərbi Trakya və Bolqarıstan istisna olmaqla digər ölkələr Türk dilini bilmirdilər”.[29]
“İki insanın dəfnində iştirak etməyi çox istərdim”
Gülən Özal kimi Ecevitə də həmişə rəğbət bəsləmiş, onu xeyirlə yad etmişdir. Bu iki dövlət xadiminin Türk məktəblərinə verdiyi dəstəyi unutmayan Gülən Ecevitin xanımına “Eşitdinmi Rəxşan, xaricdə 186 məktəbimiz varmış” deməsini dəfələrlə dilə gətirmişdi.
Gülən 2002-ci il mayın 19-da ABŞ-da qonaqları ilə söhbətində Eceviti belə xatırlayırdı: “Hər kəsin ən cüzi şeylərin təsiri ilə sarsıldığı, şübhəyə düşdüyü və yalana boyun əydiyi bir dövrdə bütün israrlara və hiylələrə rəğmən “Mən bunlarla razılaşmıram” deyənlər tarixə yazılmalı və gələcək nəsillərə bir vəfa örnəyi kimi təqdim olunmalıdır”.
Gülən 2004-cü il iyulun 26-da bir gün əvvəl aktiv siyasətdən gedən Ecevit haqqında yazı dərc etdirir. Yazı “Şərəflə yaşayan, şərəfi ilə ayrılan dövlət adamına” sözləri ilə başlayırdı: “Siyasi həyata atıldığı gündən necə inanırdısa, elə də yaşadı. Siyasi mühitin xüsusiyyətlərini həmişə əks etdirdi. Xüsusilə, son zamanlar kor-koranə ittiham edilən və təcavüzə məruz qalan milli dəyərlərimizə həmişə ehtiram göstərdi. Və başqalarını da sayğılı olmağa çağırdı. Doğru hesab etdiyi məsələlərdə təzyiq göstərən ən inadkar güclərə belə fikrini deməkdən çəkinmədi. Kaş başqa dövlət adamlarımız da belə bir mövqeyi orta qoya biləydi. O, ona öz fikirlərini aşılamaq istəyənlər qarşısında yumruğunu masaya vuraraq: “Mən bunları doğru hesab etmirəm” deməyi bacardı. Onun bu əxlaqının xələfləri tərəfindən də olduğu kimi təmsil ediləcəyi arzusu ilə...”[30]
Ecevit 2006-cı il noyabrın 5-də vəfat edir. Onun vəfatından bir müddət sonra professor İrfan Yılmaz ABŞ-da Güləni ziyarət etməyə getmişdi. Bir gün professor Yılmaz, Gülən və Gülənin tələbəsi Vəhbi Yıldız onun qaldığı üçmərtəbəli evin həyətindəki çardaqda söhbət edir. Ecevitdən söz düşəndə Gülən: “Əgər axirətdə Allah mənə şəfaət etmə imkanı versə, bundan birinci Ecevit üçün istifadə edərəm”, – deyir.
2007-ci il noyabr ayında ABŞ-da idim. Gülən günorta yeməyində yenə Eceviti xatırladı. “İki insanın dəfn mərasimində iştirak etmək istərdim. Biri Ecevit, digəri Aydın abi (Aydın Bolaq). Amma heç birinə gedə bilmədim”,[31] – deyən Gülən belə davam etdi: “Ecevit həyatının sonuna qədər oruc tutmasa da, namaz qılmasa da, möhkəm inanca sahib idi. Sosial demokratik mühitdə yetişmişdi və İsmət İnönünün başlatdığı ortanın solu hərəkatını demokratik sola çevirməyi bacardı. Məktəblərə çox dəstək oldu. Önünə qoyulan bir sənədi rədd etdi”.
Gülən Ecevitin gənc yaşlarında Hind şairi Taqora rəğbət bəsləməsini yüksək qiymətləndirir: “Əslində, Hindistan çox dərin ölkədir. Buna diqqət yetirmək lazımdır. Uşaqlıqda onların mahnılarını dinlərkən elə bil Qanq çayının səsini eşidirdim. 4-5 minillik tarixi var. Bizim musiqiyə də çox bənzəyir... Taqor dərin və əngin şairdir. Ecevit onun şeirlərini tərcümə etmişdi. Taqorun Məhəmməd İqbaldan da dərin olduğunu demək mümkündür. Yoxsa Ecevit gedib ekzistensialistlərin, Sartrın təsirinə düşə bilərdi”.
1999-cu il 18 aprel seçkilərində Demokratik Sol Partiyasının 21,7% səslə birinci olmasında və Ecevitin Baş Nazir vəzifəsinə yüksəlməsində Fəthullah Gülənin bir rolu olmuşdurmu?
Məsələn, CHP-dən sabiq nazir Fikri Sağlar 2000-ci il fevralın 27-də belə deyirdi: “Cənab Ecevit Fəthullah Güləni parlamentə gətirdi. Fəthullah Gülənin 17 təmsilçisi parlamentdə Ecevitlə birlikdə çalışır”. Ecevit kimi Robert liseyinin məzunu olan DSP millət vəkili Qafar Yaxın (Gaffar Yakın) Abant toplantısının ilk iştirakçılarından biri idi. Onun adının Gülənlə birlikdə anılması, bəlkə də, normal idi. Ancaq ondan başqa heç bir DSP deputatının Gülənlə əlaqəsi yox idi. Gülən məsələyə belə münasibət bildirir: “Mənim bir vaxtlar Ədalət Partiyasını, sonra Ana Vətən Partiyasını, daha sonra Doğru Yol Partiyasını və DSP-ni dəstəklədiyimi sanıb vahiməyə düşənlər və ya ortaya belə düşüncələr atmağı özlərinə faydalı görənlər vardı. Mənim niyyətim filan qədər millət vəkili kreslosu deyil, Qurani-Kərimdə hər şeydən daha böyük və daha dəyərli bir amac kimi bəyan edilən Allahın rizasıdır. İndiyədək heç bir partiyaya bilvasitə və ya bilavasitə, yazılı və ya şifahi şəkildə ən kiçik dəstək vermədiyim kimi, bu mövzuda və hər hansı bir partiya və ya namizədin seçki kampaniyası və ya seçkidə dəstəklənməsi ilə əlaqədar ən yaxınlarıma belə üstüörtülü heç bir tövsiyə verməmişəm... Bu işin sirri millətimizin vəfasında və bəsirətindədir. Turqut bəy (Özal) ömrü boyu yüksək ideallar arxasınca getmiş, ali dəyərlərlə yaşamışdır. O, böyük düşüncə və dövlət adamı idi. Təhsillə bağlı xeyirli fəaliyyətlərdən dəstəyini heç vaxt əsirgəməmişdir. Onu bu cür tanıyan Türk xalqı da vəfa hissi ilə ona dəstək olmuşdur. Möhtərəm Bülənt bəyə (Ecevitə) səs verilməsi üçün də heç kimə məsləhət verməmiş, heç kimi buna təşviq etməmişəm. Ecevitin də məndən belə bir istək və gözləntisi olmayıb. Bülənt bəyin münasibət qurmaqda məqsədi səs toplamaq deyildi. O, doğruluğun, dürüstlüyün timsalı idi. Dünənki sözləri bugünkündən fərqlənməzdi. Siyasi düşüncənin sol qanadını Türkiyə reallıqlarına uyğun yenidən şəkilləndirdi, dini və milli dəyərlərə tolerant yanaşan sol mədəniyyəti formalaşdırmağa çalışdı. Buna görə də hər dindara mürtəce kimi baxmadı. Solun səmimi dindarlarla yaxşı münasibət qura bildiyini göstərdi. Bəsirətli türk xalqı da onun bu dürüst və möhkəm mövqeyini görüb dəstəklədi. O, bütün tənqidlərə baxmayaraq, xüsusilə, qürbət ölkələrdə mədəniyyət elçilərimiz olan fədakar müəllimlərə və təhsil fəaliyyətlərinə dəstək verərək xalqın könlündə taxt qurdu. Fikrimcə, seçkilərdən sonra aktiv siyasəti tərk etməsəydi, bu xalq onu yenə də dəstəkləyərdi”.
1972-ci ilin mayında Bülənt Ecevit İsmət İnönünü üstələyib CHP-nin sədri seçiləndə qəzetlər “rəhbərin (şefin) partiyasından xalq partiyasına” ifadələrini işlətmişdi. Çünki İsmət İnönünün 34 illik CHP sədrliyi sona çatmışdı. Bir il sonra, 1973-cü il seçkilərinə “Xalqçı Ecevit” və “Qaraoğlan” şüarları damğasını vurmuşdu. Ecevit hökümətində nazir olan Orxan Birgitin (Orhan B.) ifadəsi ilə desək, CHP və xalq arasındakı əlli illik səddi Ecevit yıxdı. CHP 1973-cü il seçkilərində 33 faiz səs toplayıb birinci olmuşdu. Ecevit iştirak etdiyi bu ilk seçkidən qalib çıxaraq hökuməti qurmaq hüququ əldə etmişdi.
Ecevit seçkilərdən əvvəl deyirdi: “CHP Türk xalqının dini inanclarının, dinə bağlılığının demokratik yollarla və sosial ədalətlə inkişafa əngəl deyil, əksinə buna yol açan faktor olduğuna inanır”.
1946-cı ildə çoxpartiyalı sistemin tətbiq edilməsindən sonra sol partiyasına ən çox səsi Ecevit qazandırmışdır. “Dünyəviliyə ən yaxın din İslam dinidir. Əsas odur ki, dünyəvilik barbarcasına tətbiq edilməsin, vicdan azadlığı məhdudlaşdırılmasın”, – deyən Ecevit rəhbərlik etdiyi CHP 1977-ci il seçkilərində 41,4% səs toplamışdı.
Ecevit siyasi həyata atılandan bəri dinə yaxın siyasətçi olmuşdur. 12 Sentyabr 1980-ci il çevrilişindən dərhal sonra gündəmə gələn hicab məsələsi haqqında 1981-ci ilin dekabrın 27-də deyirdi: “Hicab məsələsi ilə məşğul olmağın bir lüzumu yoxdur. Qarderob Atatürkçülüyünün tipik bir nümunəsi... Hicaba qadağa qoymaqla Atatürkçülüyü isbat etmək olmaz... Atatürkün hər cür doqmatizmdən uzaq elmi yanaşmalarına əməl edilmir. Bütün bunların günahını hicaba qadağa qoymaqla ört-basdır etmək olmaz. Bəziləri bir həqiqətə diqqət yetirmir. Atatürk heç vaxt qadınların geyim-keciminə qarışmamışdır. Bu məsələdə heç bir qadağa qoymamış, heç nəyi məcbur etməmişdir... Qadınlara bütün hüquq və azadlıqları vermiş, geyimlərinə müdaxilə etməmişdir”.[32]
Ecevitin fikrincə, Türkiyə Cümhuriyyəti İslamla dünyəviliyin uzlaşdığını isbat etmişdir ki, bu da eyni zamanda İslamı gücləndirmişdir. O, elm kimi dini də əsas ehtiyac hesab edirdi: “Elmsiz cəmiyyət inkişaf edə bilməz. Lakin elə suallar var ki, elm heç vaxt onlara cavab verə bilməyəcək. Bunu Qogen (Gauguin) bir rəsmində gözəl ifadə edir: “Haradan gəlirik?” “Kimik?” “Hara gedirik?” Elm heç vaxt bu sualları cavablandıra bilməyəcək. Din inanc yolu ilə bu suallara cavab tapmağa və ya bu məsələlərdə insanları qane etməyə çalışır. Dinsiz bir toplum yoxdur”.
Vatikan görüşünün pərdə arxası
Jurnalist Məsud Erişən 1966-cı ildə Gülənin Kəstanəbazarı yataqxanasında yetişdirdiyi tələbələrdəndir. O vaxt Məsud Erişənin 13 yaşı vardı. Gülən gözəl səslə azan oxuyan bu tələbəsini konservatoriyaya göndərməyi belə düşünürdü.
İllər sonra Məsud Erişən jurnalist kimi əvvəlcə Balkan ölkələrində, sonra İsveçrə, Almaniya, Yunanıstan və İtaliyada çalışır. 1998-ci ildə İtaliyada “Vatikan müxbiri” kimi işləyən yeganə müsəlman olan Erişən “Zaman” qəzetinin həm Roma, həm də Vatikan təmsilçisi idi.
Erişən Yunanıstanda işlədiyi vaxtlarda Vatikanda güclü əlaqələri olan avstriyalı jurnalist Heyns Qstreynlə (Heynz Qstrein) tanış olur. 57 yaşlı Qstreynin 35 illik jurnalist təcrübəsi var idi. Avstriya İnformasiya Agentliyi və Vatikan radiosu Afina təmsilçiliyi ilə birlikdə 30-a yaxın media orqanı üçün xəbər hazırlayırdı. Beynəlxalq jurnalist sayılırdı. Moskva, Qahirə, Kipr, Tunis, Albaniya, Romada çalışmış, iki il Əfqanıstanda əfqan mücahidləri ilə birlikdə yaşamış, 1979-80-ci illər arasında İstanbulda jurnalist işləmişdi. Qstreynin jurnalist olan xanımı isə Fransanın Xəbər Agentliyi “Ajans Frans Press”in Orta Asiya üzrə müxbiri idi.
Erişən kimi Qstreyn də mənəvi dəyərlərə böyük önəm verən jurnalist idi. Bu ortaq xüsusiyyət tezliklə onların arasında möhkəm dostluq münasibətlərinin qurulmasına gətirib çıxarır. 1997-ci ilin fevralında İstanbula gələn Qstreyn Güləndən müsahibə alıb reportaj hazırlayır. Gülən müsahibəsində Qərb maarifçiliyinin ağılla məhdudlaşdığını, qəlblərdə maariflənmə olmadığını, bu maarifçiliyin rasional olmayan hər şeyi təcrid etdiyini söyləyir.
Gülənin sözlərindən təsirlənən avstriyalı jurnalistə görə, Qərb dünyası Güləni tanımamaqla çox şey itirirdi. Məsud Erişən və “Zaman” qəzetinin baş redaktoru Abdullah Aymaza: “Qərbdə insanlar hər bir müsəlmanı ikinci Xomeyni və ya Hizbullahın militanı[33] kimi görür. Qərb Güləni tanımalıdır”, – deyir.
Qstreynin fikrincə, Gülənin Vatikanda Papa II İohan Pavellə görüşməsi onun fikirlərinin Qərb dünyasında güclü əks-səda verməsində mühüm rol oyanyardı. Qstreyn əvvəlcə sözügedən görüşə hazırlıq üçün Erişən və Abdullah Aymazın Vatikanla görüşünü təşkil edir. Erişən və Aymaz 1997-ci il martın 20-də Vatikan nümayəndələri ilə görüşürlər. 1998-ci il fevralın 9-da Gülənin Vatikanda xristian dünyasının lideri Papa ilə görüşünün təməlləri bu üç jurnalistin təmasları ilə atılır.
Gülənin Papa ilə görüşü üçün əmək sərf edən insanlardan biri də İstanbulda Güləni yaxından tanıma fürsəti əldə edən Vatikanın İstanbul təmsilçisi Georg Maroviç (Georges Marovitch) idi. Maroviç həmişə üstündə müsəlmanların ümumbəşəri dua kitabı olan “Cövşən” gəzdirər və tanış olduğu insanlara hədiyyə edərdi.
İndi Vatikandan Gülənin adına bir dəvət göndərilməsini gözləyirdilər. Bu dəvəti Gülənə Maroviç Vatikanın Ankara təmsilçisi Pyer Luici Selata (Pier Luigi Celata) ilə birlikdə çatdıracaqdı.
1997-ci ilin iyun ayında Gülən müalicə üçün ABŞ-a getmiş, üç ay orada qaldıqdan sonra vətənə qayıtmışdı. O vaxtadək Vatikandan hələ dəvət gəlməmişdi. Papa II İohan Pavel hər kəsi qəbul etmirdi. Diyanət İşləri Başqanı Mehmet Nuri Yılmaz üç il idi ki, Vatikandan dəvət gözləyirdi.
Bəzi müşahidəçilərin fikrinə görə, üç jurnalist və Maroviçin təmasları ilə yanaşı Gülənin ABŞ-da görüşdüyü bir insan da bu görüşün baş tutmasında ciddi rol oynayır. Bu insan ABŞ katoliklərinin lideri, kardinal O’Konnordu. 1997-ci il 19 sentyabrda ABŞ-ın Nyu York şəhərində Gülənlə görüşən O’Konnor da onun düşüncələrinə heyran qalmış və Papa-Gülən görüşünün baş tutması üçün səy göstərmişdi.
Kardinallıqdan əvvəl hərbçi olan, hətta 6-cı donanmada kontr-admiral kimi dəfələrlə Türkiyəyə gələn O’Konnorla Gülən arasında həmin gün Nyu Yorkda maraqlı dialoq olur. O’Konnor: “Gənclərimiz kilsəyə gəlmir”, – deyəndə Gülən: “Bizdə isə əksinə, gənclərimiz məscdiləri doldurur”, – cavabını verir. O’Konnorun növbəti sözləri Güləni məyus edir: “Hazırda şər əməllər çox artıb. Zülm, münaqişə, haqsızlıq, cinayətlər, əxlaqın pozulması geniş yayılıb. Düzü, bu dindən uzaqlaşma zamanında Tanrının yerində olmaq istəməzdim...”
Gülən O’Konnora belə cavab verir: “Sizin kimi bir insanın Allah haqqında işlətdiyi üslüb məni üzdü... Allah haqqında belə düşünmək doğru deyildir. Ona öz meyarlarmızla yanaşa bilmərik. Allahın işini və işindəki hikməti tam qavraya bilmərik. Allah haqqında bir şey düşünərkən və danışarkən çox diqqətli olmalıyıq”.
Gülənin cavabından sonra O’Konnor: “Çox üzr istəyirəm. Allah məni bağışlasın. Çox böyük bir günah işlədim”, – sözləri ilə peşmançılığını bildirir. Söhbətin davamında O’Konnor: “Demokratiyaya necə baxırsınız”, – deyə Gülənə sual verir. Gülən isə: “Elə bir demokratiya istəyirəm ki, öləndə qəbirdə də, bərzəx aləmində də, axirətdə də mənə kömək etsin. Dünya ilə yanaşı, mənim qəbirdən sonrakı həyatımla bağlı problemlərimi də həll etsin”, – cavabını verir. Bərzəx aləmi ölümdən məhşər günü yenidən dirilişə qədər keçən zaman kəsimidir. Gülənin bu sözlərinə O’Konnor belə reaksiya verir: “Siz Qərbə lazımsınız.”
Vatikana getməyə necə qərar verdi?
Bir müddət sonra Vatikan Papa-Gülən görüşünün dəqiq tarixini müəyyənləşdirir. Görüş 1998-ci il fevral ayının 9-a təyin olunur. Dəvət məktubunu Vatikanın Ankara təmsilçisi Pyer Luici Selata və Maroviç İstanbulda Gülənə çatdırır.
Bütün dostları ilə ayrı-ayrılıqda xüsusi münasibət quran Gülənin 1960-cı illərin əvvəlindən tanıdığı iki şəxsə böyük dəyər verirdi: bunlar professor Suat Yıldırım və professor İbrahim Ərkuldu. O, Vatikan görüşündən əvvəl hər ikisinin də fikrini soruşur. Professor Yıldırım xristianlığı yaxşı bilən tək-tük alimlərdən biri idi. Tibb sahəsində professor olan Ərkul isə otuz ildən artıqdı Gülənlə dostluq edirdi. Hər iki professor da Gülənə bu görüşün çox faydalı olacağını söyləyir. Professor Yıldırım fikrini bildirmədən öncə İslam mənbələrinə müraciət edərək xüsusi araşdırma da aparır. Allah Rəsulunun (s.ə.s.) ziyarətinə gələn xristian din xadimlərinə əbasını məscidə sərib yer verməsinə dair məlumat İslam qaynaqlarında öz əksini tapmışdı.
Gülən Vatikana gedərkən fikirlərinə xüsusi dəyər verdiyi və hər kitabını ən az əlli dəfə oxuduğu Bədiüzzamandan da güc almışdı. Bədiüzzaman 1940-cı illərdə Papa XII Piyə (XII Pius) bir məktub yazmış və Osmanlıca yazılmış əlyazma kitablarını Vatikana göndərmişdi. Papalıqdan Bədiüzzamana göndərilən məktubda yazılmışdı: “Kitablarınızı aldıq, kitabxanamıza qoyduq”.
Bu, o demək idi ki, Bədiüzzamanın “Risaleyi-Nur” kimi tanınan kitabları illərdir, Vatikan kitabxanasında idi. Bədiüzzamana görə, bu əsrdə həqiqi müsəlmanlar və həqiqi xristianlar inancsızlıq aşılayan axınlara qarşı birgə hərəkət etməli idilər. 1950-ci illərdə Bədiüzzaman İstanbulda Yunan icmasının dini lideri Atenaqorosla da görüşmüşdü.
Beləliklə, Vatikana getmək qərarını verən və Roma hava limanında Türkiyənin Vatikan təmsilçisi Altan Güvən tərəfindən qarşılanan Gülən Kolumb hotelinə, onun üçün təşkil edilmiş mənzilə gedir və orada jurnalistlərin suallarını cavablandırır.
Ertəsi gün görüş zamanı Papaya Prezident Süleyman Dəmirəlin Türkiyəyə dəvət məktubunu çatdıran Gülən belə deyir: “Bəşəriyyət zidd fikirlər ortaya qoyduğunu əsas gətirərək bəzən elm adından dini, bəzən də din adından elmi inkar etmişdir. Bütün elmlər Allaha məxsusdur, din də yalnız Allahdandır. O halda bunlar bir-birinə necə zidd ola bilər? Bizlər sözdə mədəniyyətlər toqquşmasının (inanc müharibəsinin) gerçəkləşməsini görmək istəyən, yolundan azmış, şəkkak insanların qarşısında sədd kimi dayana bilərik…”
Çünki “mədəniyyətlərin toqquşması” ideyasının banisi professor Samuel Hantinqton fikirlərini belə “əsaslandırırdı”: “Qərb və İslam mədəniyyəti arasındakı çat boyunca cərəyan edən konflikt 1300 ildir davam etməkdədir... Avrasiyada sivilizasiyalar arasındakı dərin tarixi çatlar yenidən alovlanmışdır. Bu, Afrikadan başlayaraq Orta Asiyaya qədər uzanan aypara şəkilli İslam ölkələri blokunun sərhədləri üçün daha xarakterikdir... Xülasə, İslam qanlı sərhədlərə malikdir... Əgər bundan sonra dünya müharibəsi baş versə, bu, məhz mədəniyyətlər arası müharibə olacaqdır”.
Vatikanda Dolmabaxça Sarayını xatırladan dəhlizlərdə görülən mühafizə tədbirləri Gülənin diqqətini çəkir. Divarlarda Mikelancelonun rəsm əsərləri asılmışdı.
Papa Gülənlə görüşündən bir müddət sonra sürpriz bir addım atır.[34] 2001-ci ilin iyun ayında Suriyaya səfər edərkən paytaxt Şamda yerləşən Əməvi məscidinə getməklə tarixdə məscid ziyarət edən ilk Papa olur. Papanın əvvəldən tanıyan müşahidəçilərin fikrincə, onun Şamda məscidi ziyarət etməsində Gülənlə görüşün böyük təsiri olmuşdur.
Ecevitdən “ABŞ-a gedin” zəngi
1998-ci ilin payızında ABŞ-ın Minnesota ştatının Roçester (Rochester) şəhərində yerləşən məşhur tibb mərkəzi Mayo klinikasında (Mayo Clinic) işləyən professor Səid Tərxan (Sait Tarhan) İzmirin Şəfa Xəstəxanası ilə əməkdaşlıq etmək üçün Türkiyəyə gəlir.
Anesteziya sahəsində tanınmış mütəxəssis olan professor Səid Tərxan kiçik yaşlarında ailəsi ilə birlikdə Rusiyadan, kommunist rejimindən qaçaraq Türkiyəyə sığınmışdı. Atası sərhəddə son anda yaxalansa da, anası ilə balaca Səid sərhədi keçib Türkiyəyə gələ bilmişdi. Atası isə Sibirin əsir düşərgələrinə göndərilmişdi. Səid Tərxan ailəsi İzmirdə qohumlarının yanında məskunlaşmışdı. Liseyi İzmirdə bitirmiş İstanbul Universitetinin tibb fakültəsində ali təhsil almışdı. Universiteti bitirdikdən sonra təyin edilən təqaüdlə ABŞ-a Mayo Klinikasına getmişdi.
Şəfa Xəstəxanasının dəvəti ilə üç amerikalı həmkarı ilə birlikdə İzmirə gələn S. Tərxan Mayo Klinikası və Şəfa Xəstəxanası arasında əməkdaşlıq üçün lazımi görüşləri keçirdikdən sonra İstanbula yollanır. Şəfa Xəstəxanasının baş həkimi doktor Mahmud Akdoğan (Mahmut A.) Gülənin həmyerlisi idi. Hələ 1969-cu ildə (17 yaşında) lisey oxuyanda Gülənin vəzlərini dinləmişdi.
Professor Tərxan və biri qadın olan üç amerikalı həmkarı ABŞ-a qayıtmadan öncə, doktor Mahmud Akdoğanla birlikdə İstanbulda Fəthullah Güləni ziyarət edir. Gülənin iki dəfə ürək angioqrafiyası olduğunu öyrənən Tərxan: “Mayo Kliniksına gəlin, sizi bir dəfə də biz müayinə edək”, – deyir. Gülən təklifə: “Qismət olarsa”, – cavabını verib qonaqlarına ingiliscə nəşr olunmuş kitablarından hədiyyə edir.
Jurnalist Günəri Civaoğlunun (Güneri C.) təbirincə desək, həkim Tərxan Xızır kimi ABŞ-da xəstəxanaya yolu düşən hər bir türkün imdadına yetişirdi. O, ABŞ-a müalicəyə gələn jurnalist Üfüq Güldəmir (Ufuk Güldemir) üçün Hyuston şəhərində məşhur xərçəng həkimindən qəbul vaxtı almış, həmçinin onu Mayo Klinikasına çağırıb orada diaqnoz qoyulmasını təşkil etmişdi. ABŞ-da müalicə olunan Civaoğlu: “Yolu oralara düşən bir çox türk kimi mənim də Səid Tərxana bir təşəkkür borcum var”, – deyir.
Professor Tərxan ABŞ-a qayıtdıqdan sonra Gülənə dəvət məktubu göndərib onu ABŞ-a müayinəyə çağırır. Həkimləri də Gülənin Mayo Klinikasında müayinədən keçməsini istəyirdilər. Çünki Gülən 1995-ci ildə İstanbulda, 1997-ci ildə ABŞ-ın Ohayo ştatında Klivlend Klinikasında müalicə almışdı. Müalicə zamanı ürək damarlarında tıxanma aşkar edilmişdi. Həkimlər infarkt risqini aradan qaldırmaq üçün Gülənin ciddi müalicə olunmasını məsləhət görürdülər.
Həm İstanbulda, həm də ABŞ-da həkimlər angioqrafiyadan sonra şuntlama əməliyyatının vacib olduğunu bildirsələr də, Gülən buna razılıq verməmişdi.
1999-cu ildə Gülən hələ də fikrini dəyişməmişdi. Müalicə üçün yenidən ABŞ-a getmək də istəmir, “Mənim kimi bir insan üçün bu qədər xərcə dəyməz”, – deyirdi.
Lakin həkim Mahmud Akdoğan Gülənə: “İcazə verin, bəzi şeylərə həkim olaraq biz qərar verək”, – deyə israr edir. Gülənin “bəli” deməsə də, yumşaldığını sezən həkim Akdoğan Mayo Klinikası ilə əlaqə saxlayıb qəbul vaxtı alır. Gülən: “Mən buraya (ABŞ-a) öz iradəmlə və öz istəyimlə gəlmədim. Səhhətimi düşünən bir dostumun məndən xəbərsiz qəbul vaxtı aldığına görə gəldim”, – deyəndə bunu nəzərdə tutmuşdu.[35]
Qəbul vaxtını 1999-cu il 22 fevral tarixinə təyin edilmişdi. Ancaq Professor Tərxan ABŞ-dan zəng edərək “Burada havalar çox soyuq keçir. Müalicəni bir az təxirə salaq”, – deyir. Qış mövsümündə Minnesota ştatında temperatur mənfi 40 dərəcəyə qədər düşürdü. Gülən də havaların soyuq keçməsinə görə müalicənin təxirə salınmasını istəyirdi. Qəbul vaxtı 22 mart 1999-cu il tarixinə dəyişdirilir.
Mart ayında Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yüksəlin Gülənə qarşı istintaq başlatmasına dair xəbərlər İstanbula çatır. Gülən belə şəraitdə ABŞ-a getməyi düzgün hesab etmirdi. Prokuror istintaq apara-apara ABŞ-a getmək ifadə verməkdən qaçmaq kimi anlaşıla bilərdi. O günlərdə Gülənin yaxın dostlarından biri hava limanında Baş Nazir Bülənt Ecevitə onun səhhətinin yaxşı olmadığını və istintaq məsələsini bildirir. Gülənə zəng edən Ecevit: “Sağlamlığınız çox vacibdir. Sizin barənizdə bir istintaq başlasaydı, xəbərimiz olardı. Lütfən, müalicənizi yarımçıq qoymayın və ABŞ-a gedin”, – deyir. Gülənin ABŞ-a getməsində Ecevitin bu telefon zəngi mühüm rol oyanır.
O, ABŞ-a getməyə razılıq versə də, hələ də əməliyyat olunmaq istəmirdi. Mayo Klinikasına da ümumi müayinədən keçmək üçün getmişdi. Həkim Mahmud Akdoğan və İzmir Şəfa Xəstəxanasının kardioloqu professor Mehmet Təkdoğan 1999-cu il martın 19-da ABŞ-a yollanır. Həm Gülənin gəlişindən əvvəl ilkin hazırlıq işlərini görəcək, həm də martın 21-də Çikaqo hava limanında Güləni qarşılayacaqdılar. Həkim Akdoğan “Məriət” (Marriott) hotelində Gülən üçün yer sifariş etdirir. 1950-ci illərdən ABŞ-da yaşayan professor Təkdoğan ABŞ vətəndaşı idi. Türkiyəyə ürək cərrahiyyəsini ilk dəfə o gətirmişdi.
1999-cu il martın 22-də İstanbuldan ABŞ-ın Çikaqo ştatına yola düşən Türk Hava Yolları təyyarəsinin sərnişinlərindən biri də Gülən idi. Təyyarənin iki pilotu onu pilot kabinəsinə dəvət edir. Pilotlar Türkiyə Silahlı Qüvvələrindən istefa vermiş iki təyyarəçi mayor idi. Gülən pilotlardan TSK-dan çıxmalarının səbəbini soruşur. Pilotların cavabı belə olur: “Komandirimiz 3000 dollar, biz isə burada 6000 dollar əmək haqqı alırıq.” Həmin gün təyyarədə gözünə sataşan bir qəzet Güləni məyus edir. Qəzetin sürmanşetində Gülən haqqında xəbər vardı, onun şəklinin altında isə yarı çılpaq bir qadın rəsmi qoyulmuşdu. Gülən bu qəzetin baş redaktoru ilə Ankarada üz-üzə görüşmüşdü, ondan belə hərəkət gözləmirdi. Xəbərin adı da iri şriftlərlə yazılmışdı, az qala manşeti tuturdu: “Özünə gəl, Fəthullah Xoca”.
Həkimlər Akdoğan və Təkdoğanla yanaşı Mayo Klinikasının idarəçiləri də Çikaqo hava limanına enən Güləni qarşılamağa gəlmişdi. Mayo Klinikasının idarəçiləri Güləni VİP xidməti ilə qarşılayırlar. Təkdoğan Gülənin hotelə getməsinə razı olmur, onu göl sahilində yerləşən malikanəsində qonaq edir.
Xəstəxanaya gətirilən Gülənin yoxlanış və müayinələri beş gün çəkir. Müayinə nəticəsi cərrahi əməliyyatın zəruri olduğunu göstərirdi. Professor Təkdoğan Gülənə: “Sizi sevənləri yetim qoymazsınız”, – deyərək əməliyyata razılıq verməsi üçün israr edir. O an kədərlənən Təkdoğanın gözlərindən iki damcı yaş süzülür: “Bir də Mahmud Akdoğan öz fikrini desin”. Ancaq Gülən dostu Akdoğanın nə söyləyəcəyini bilirdi. Onun fikrini söyləməsini gözləmədən: “O, kardioloq deyil, cərrahdır. Onun fikir bildirmək hüququ yoxdur”, – deyərək əməliyyat məsələsinə son nöqtəni qoyur.
Bundan sonra Gülənin şərəfinə bir ziyafət verilir. Mayo Klinikasının idarəçiləri Gülənin İstanbulda hədiyyə etdiyi kitabları oxumuşdular. Bu, Gülən üçün bir sürpriz idi. Ziyafətdə söz alan amerikalı: “Oxuduğum kitablarda Fəthullah Gülənin fikirlərinin təkcə Türkiyə və İslam dünyası üçün deyil, bütün bəşəriyyət üçün bir ehtiyac olduğunu gördüm”, – deyir.
Onlar Mayo Klinikasında olanda həkim Mahmud Akdoğanın İstanbulda altıncı övladı dünyaya gəlir. Gülən 25 mart 1999-cu ildə dünyaya göz açan bu balaca qızcığaza “Barika” adını qoyur. Barika “şimşək” mənasını verirdi.
30 ay günəşə həsrət
Həkim Akdoğan və professor Təkdoğan Türkiyəyə qayıdarkən Gülən onlara: “Bura gəlmişkən Nyu Yorkda bəzi dostları ziyarət edim. Mən də sizin arxanızca gələrəm. Əgər təzədən angioqrafiyaya ehtiyac yaranarsa, İzmir Şəfa Xəstəxanasına gedərəm”, – deyir. Gülən İstanbula gələndə həkim Akdoğanla əlaqə saxalayacaq, Şəfa Xəstəxanasında da onun üçün hazırlıq görüləcəkdi. Həkim Akdoğan əməliyyata razı olmayan Gülənin ürək damarına heç olmasa stent qoyulmasını istəyirdi. Gülənə: “Ya burada (ABŞ-da) stent qoyulsun, ya da biz İzmirdə qoyaq. İnfarkt keçirsəniz, daha stentin faydası olmaz. Çünki ürək əzələniz sağlamdır, problem damarınızdadır”, – deyir.
Stent kiçik tellərden tor şəklində hörülmüş polad bir qəfəs olub ürək damarının tıxanmış hissələrinə yerləşdirilir. Stent ürək damarlarında tutulma riski olan yerlərin birdəfəlik açılmasını təmin edir. Beləcə həm daralma ilə əlaqədar qan dövranının yavaşlaması aradan qalxmış olur, həm də tez-tez döş qəfəsində özünü göstərən ağrılar çəkilib gedir.
İyun artıq Gülənin ABŞ-da keçirdiyi üçüncü ayı idi. 1999-cu il iyunun 18-də axşam ATV televiziyasında Gülənin keçmiş söhbətlərindən hazırlanmış bir kaset nümayiş etdirilir və bununla da onun əleyhinə qaralama kampaniyasına start verilir. ATV-dən sonra Star TV, NTV və Şou TV-də də Gülənin bəzi keçmiş söhbətləri yayımlanır. Beş ildir, Gülənin öndərlik etdiyi fəaliyyətləri obyektiv şəkildə tamaşaçı və oxuculara çatdıran böyük televiziya və qəzetlər də o tarixdən etibarən Gülən əleyhinə xəbərlər verməyə başlayır. Kütləvi İnformasiya Vasitələrində Gülən əleyhinə çıxan xəbərlərin bircə iddiası vardı: Gülənin yeganə məqsədi dövləti ələ keçirməkdir.
1999-cu ilin 18 iyunda, yəni kaset məsəsləsi ortaya atılanda Türkiyədən 15 jurnalist, 7 professor və 6 kinoşünas qonaq Rusiyanın paytaxtı Moskva şəhərində idi. Tufan Türənç (T. Türenç), Nəşə Düzəl (Neşe Düzel), Alpər Görmüş (Alper Görmüş) və Əhməd Vardar (Ahmet V.) kimi jurnalistlərin də yer aldığı bu heyət Rusiyanın Sankt-Peterburq şəhərində türk liseyinin məzun buraxılışında iştirak edir. Bu, həmin məktəbin ilk məzun buraxılışı idi. İstiqlal Marşı ilə başlanan tədbirdə rusiyalı şagirdlər türk dilində şeir oxuyub mahnı ifa edirlər. Salonda 150 rus ailəsi əyləşmişdi.
Gülən haqqında yayılan xəbərlərdən sonra həkim Akdoğan Gülənin İzmir Şəfa Xəstəxanasına müalicəyə gəlməsi fikrindən vaz keçir. İzmir Şəfa Xəstəxanasında nəzərdə tutulan müalicə kursu da təxirə salınır. Çünki belə bir şəraitdə Gülənin Türkiyəyə gəlməsi səhhəti üçün böyük bir risk olardı. Gülənin ürəyinə konkret nəticə verəcək bir müalicə üsulu hələ tətbiq edilməmişdi. Belə ki, kaset məsələlərindən sonra təzyiqi qalxmış, həkimlər təzyiqi dərmanlarla aşağı salmağa çalışmış, hətta dərmanlar belə bir müddət effekt verməmişdi.
Beləcə 1999-cu ildə Gülənin bu gün də ABŞ-ın Pensilvaniya ştatında davam edən qürbət həyatı başlayır. 1992-ci ildə türklərin qurduğu bir vəqfin adına 250 min dollara alınmış 15 hektarlıq təsərrüfatda yerləşən üçmərtəbəli bir evdə qalır.
Gülənin burada ilk iki ili tənhalıq içində keçir. Bu illərdə evdən ancaq üç-dörd dəfə onu da xəstəxanaya getmək üçün çıxır. Ərazidə yabanı heyvanların da yan keçmədiyi təbii göl var. Lakin Gülən bu bir neçə il ərzində bir dəfə də olsun o gölün yanına düşmür. 2000-ci ildə ziyarətinə gələn vəkillərinə bağçadan bir gül göstərib: “Buraya gələndən bəri iki dəfə olar, ya olmaz, bu gülün yanına getmişəm”, – deyir.
Bu illərdə ziyarətçi qəbul etməməsi Gülənin tənhalığını daha da artırırdı. Süfrəyə çox adamla oturmağı xoşlayan Gülən burada yeddi-səkkiz nəfərlə qalırdı.
Elə vaxtlar olur ki, Gülən altı ay evdən bayıra addım da atmır. 2001-ci ildə ziyarətinə gələn “ECA” şirkətinin CEO-sunun[36] “Xocam, günəşə həsrət qalmısınız, xahiş edirəm, birlikdə bayıra çıxaq” sözlərini yerə salmaq istəmir, birlikdə gölün kənarına qədər gedirlər. Gülən ilk dəfə məhz o gün evdən 200 metr aşağıda yerləşən kiçik çayın və gölün yanına düşür.
2001-ci ildə Samanyolu televiziyasının ABŞ-da fəaliyyətə başlaması Güləni sevindirir. Həmin ilin ramazan ayına doğru Türkiyəni televiziyadan izləmək imkanı əldə edən Gülən iftardan əvvəl televizoru açır, insan mənzərələrini, İstanbuldan görüntüləri, məscidə axışan camaatı gördükcə göz yaşlarını saxlaya bilmirdi. O dövrlərdə Gülən o qədər həyəcanlı, kövrək idi ki, nadir hallarda Türkiyədən gələn ziyarətçilərini yola saldıqdan sonra uzun müddət hüzn içində salonda oturur, xeyli sonra otağına keçirdi.
2001-ci ilin sonları bir az da “Günəşə həsrət qalmısınız” deyən qonaqların israrı ilə 1999-cu ilin martından bəri, yəni iki il yarım Gülənin söhbətlərinə və səsinə həsrət qalan insanlar üçün bir dönüş nöqtəsi olur. Gülənin yanında olan bir neçə tələbəsi “herkul.org”[37] saytını açır. 2001-ci ilin dekabr ayından başlayaraq həmin saytda əvvəlcə onun gündəlik söhbətlərinin bəzi hissələri mətn şəklində yayımlanır. Ancaq sayta marağın böyüklüyünü görüb Gülənin söhbətlərini səsli olaraq da verməyə başlayırlar.
Bu sayt Gülənlə onu sevənlər arasında bir körpü olur. Pensilvaniya ştatına yüzlərlə məktub gəlir. Gülən əvvəlcə söhbətlərin səsli variantının sayta qoyulmasına etiraz etsə də, gələn məktub və mesajlardan sonra bu israrından vaz keçir. Dünyanın hər tərəfindən məktub göndərənlər[38] Gülənə: “Artıq hər həftə sizdən xəbər alırıq. Sanki sizin yanınızda sizi dinləyirik”, – deyə yazırdılar.
Gülən növbəti illərdə həkimlərin də israrı ilə bəzən evin həyətinə çıxıb yarım saata qədər otursa da, özünün “təcrid” həyatını davam etdirir. 2007-ci ilə qədər ziyarətinə gələn iki qonağı da Güləni gölün yanına qədər apara bilir. Onlardan biri Gülənin qohumu Sevgi Qutluqan idi. Şükrü Paşanın nəvəsi olan Qutluqan Güləni 2005-ci ildə ziyarət etmişdi.
Digər qonağı isə sənətçi Mehmet Əli Ərbil (M. Ali Erbil) olur. 2007-ci ilin avqust ayında ABŞ-da Güləni ziyarət edən Mehmet Əli Ərbil: “Xocam sizin duanız üçün gəlmişəm”, – deyir. “Din bir ehtiyacdır. O ehtiyacı hiss edən heç bir insan əliboş qaytarılmaz”, – deyən Gülən Ərbili nahar yeməyinə qonaq edir, daha sonra onunla birlikdə göl kənarına qədər gəzintiyə çıxır.
Türkiyə ziyalılarından gözlədiyi etiraz
2000-ci ilin əvvəllərindən bəri 11 növ ürək və təzyiq dərmanı istifadə edən Gülənə gün ərzində iki dəfə – səhər və axşam iynə ilə insulin vurulurdu. Aydanaya Gülənin istifadə etdiyi dərmanların sayı artıb 20-ni keçir.
Gülənin ən çox üzən hadisələrdən biri də Nuh Mete Yüksəlin başlatdığı məhkəmə işi idi. Əvvəlcə istintaqla ümumiyyətlə maraqlanmaq istəmirdi. Türkiyədə demokratiyanın inkişafı naminə illərlə mübarizə aparan ziyalıların məhkəməyə etiraz etməsini gözləyirdi.
Gülən bu cinayət işini zehniyyət mübarizəsi hesab etsə də, onu “Fəthullah Gülənin məhkəməsi”nə çevirmişdilər. Güləni dərindən yaralayan da məhz bu idi. Belə ki, müttəhim kürsüsündə mühakimə olunan o, deyil, Türk xalqının əksəriyyətinin həyat tərzi kimi mənimsədiyi dəyərlər idi. Əslində, Prokuror Yüksəl Gülənin adı ilə həmin dəyərləri mühakimə edirdi. Gülənin gözlədiyi etiraz məhkəmə qarşısında toplaşıb mitinq keçirmək deyildi. Ömrü boyu belə şeylərin əleyhinə olmuşdu. Buna görə də Ankarada Dövlət Təhlükəsizlik Məhkəmələrinin iki ayda bir keçirdiyi məhkəmə iclasları zamanı məhkəmənin önünə toplaşanların sayı 50 nəfərdən çox olmurdu.
Gülən türk ziyalılarından etiraz səsi gözləyirdi. Xüsusən də, etiraz gözlədiyi müəyyən insanların səssiz qaldığını, laqeyd münasibətini görüb üzülürdü.
2001-ci il noyabrın 13-də bir neçə nəfərlə söhbətində çox tənha qaldığından söz açır. Hətta ABŞ-da olub arada bir yanına gələn bir neçə dostunun da uzaqlaşdığını söyləyir. Ramazan ayı idi. Gülən xəstəliklərinə baxmayaraq, oruc tutduğu üçün halsız olur, taqəti tamam kəsilir. Həkimi: “Oruc tutmaq sizin üçün təhlükəli ola bilər. Qanın laxtalanması və şəkər damarları tıxaya bilər”, – deyir. Gülən: “Həkim, oruc tutmasam, onsuz da ölərəm”, deyə cavab verir.[39]
Şəkərin qəfil düşməsi ilə hipoqlikemiya[40] meydana gələ bilərdi. Buna görə də “qlukaqon” iynəsini masanın üstündə hazır vəziyyətdə saxlayır. Bu təhlükə sovuşunca – iynə vurub orucunu pozmadan günü başa vuraraq iftarı açandan sonra isə həm iftarda, həm də imsakda şəkərin qəfil yüksəlməsinin qarşısını almaq üçün insulin iynəsindən istifadə edir. Bundan başqa, həmin ərəfədə sağ çiynindən barmaqlarına qədər kəskin ağrılar olurdu. Həkim “Diabetik neyropatiya” diaqnozu qoymuşdu. Bir neçə ildir, qolunda ağrılar olsa da, son aylarda daha da şiddətlənmişdi. Bəzən dözülməz həddə çatırdı. Sağ əlinin barmaqlarını tam bükə bilmir, əlləri tərpədəndə əziyyət çəkirdi. Buna görə də yazılarını yaza bilmirdi. Bu da uzun müddət yazı yazan bir insan kimi ona əlavə dərd olurdu. Gülən iki-üç yazısını tələbəsinə yazdıraraq tamamlaya bilmişdi.
Gülən infarktdan dörd ay əvvəl 2001-ci il noyabrın 19-da məhkəmənin ona qarşı irəli sürdüyü ittihamlar haqqında deyirdi:
“Bütün dualarım, iztirabım insanların Allahı tanıması, Ona inanması üçündür. Hər gün dua edib yalvarıram: Allahım, insanlar Səni tanısın, Sənə inansın. Hər gün bunun üçün bir neçə dəfə ölüb dirilməyə razıyam. Bunu anlamayanlar, insanlığın iztirabını bir dəfə də olsa, ruhlarında hiss etməyənlər durub sizin iztirabınızı, dərdinizi, cəhdinizi başqa məcralarda axtarırlar. Dövlətmiş, hökumətmiş, siyasətmiş... Məni Türkiyəni ələ keçirməyə çalışmaqda ittiham edirlər. Dünyanın heç nəyində gözüm yoxdur. Dünyanın krallığını belə təklif etsələr, dönüb o tərəfə baxmaram. Ya Rəbb, görəsən, Sənə qulluğa, Sənin rizanı qazanmağa çalışarkən xətamı işlədim, ixlasda qüsuramı yol verdim ki, ömrüm boyu heç düşünmədiyim, yuxularıma da girməyən və xəyalını belə qurmadığım məqsədlərdə ittiham edilirəm... Türkiyənin parlaq gələcəyini söndürmək məqsədini güdən marjinal[41] qüvvələrin hiyləsinə aldanıb onlara bu istiqamətdə kömək edənlərə heyrət edirəm... Bir dəfə də olsa, “Görəsən, on min kilometrlərlə uzaqlarda İstiqlal Marşımızın səslənməsi, qaradərili uşaqların belə türkcə danışması kimin xoşuna gəlməz?”, “Milli mədəniyyətimizin tanıdılması və təmsil edilməsi kimləri narahat edər?” sualını verməyən və vicdanının cavabını dilə gətirməyən doğma insanlarımızdan incikəm... Mən bu xəstə halımla ömrümün son illərini yaşadığımı düşünürəm... Heç çəkinmədən durub məhkəməyə gedə, bütün dünya eşidəeşidə mənə etdikləri həqarətləri onların üzünə vura bilərəm. Halbuki görüləsi iş bu deyildir... Hər kəsin münaqişədən bərk-bərk yapışdığı bir dövrdə nəfsimizə edilənlərə dözmək məcburiyyətindəyik... Üstümüzdə güllərin çiçək açması üçün gübrə yeri olmağa razı olmalıyıq. Hər kəsin haqqımızda atdığı iftiraya, ittihama, yaxdığı ləkəyə cavab verəsi deyilik. Biz məhəbbət fədailəriyik, kin-küdurətə, düşmənçiliyə vaxtımız yoxdur...”
1986-cı ildə Burdur hadisəsi zamanı Gülənin vəkili olmuş Məhəmməd Əmin Özkan (Muhammed Emin Ö.) onun ziyarətinə gəlir. Vəkil Özkan: “Xocam, məhkəməyə çıxıb bütün həqiqətləri Türkiyənin önündə hayqırmağınızı istərdim”, – deyir. Gülən çox bəyəndiyi Nurəddin Topçunun “Üsyan əxlaqı” kitabını xatırladaraq, “Topçunun bu əsərində söylədiyi kimi çıxıb hayqıra bilərəm. Amma hal-hazırda görüləsi iş bu deyil”, – cavabını verir. Gülən: “Oliqarxiyanın bulandırdığı ölkəmizin əmin-amanlığına bir çomağı da biz vurmayaq”, – deyirdi.
Gülənin 2002-ci il martın 31-də infarkt keçirməsində ehtimal ki, bu narahatlıqların təsiri böyük olmuşdur. Artıq pilləkənləri da normal çıxa bilmir, günlərin çoxunu yataqda keçirirdi:
“Çoxdandır, ürək döyüntülərimin nizamsız olduğunu hiss edirdim. Lakin bu sonuncu başqa şeydir. Axır vaxtlar çox sıxılırdım. Bir neçə məsələ belimi bükdü... Ümməti-Məhəmmədin çəkdiyi məşəqqət bir xəncər olub ürəyimə saplanır... Dünyanın müxtəlif bölgələrində müsəlmanlara verilən əzab və işgəncələr ürəyimin ritmini pozdu. Fələstində günahsız insanlara edilən zülm və cəfa qol-qanadımı büsbütün qırdı. Duadan başqa əlimizdən heç nə gəlməməsi ruhumu sarsıtdı. Onsuz da, damarları tıxanmış ürək bu qədər kədərə tab gətirə bilmədi... Üstəlik din adı ilə edilən yanlışlar da qəddimi bükür... Fələstin xalqı çox sıxıntılı günlər keçirsə belə, intiharlar doğru deyildir. Hədəfi və kimin öləcəyi məlum olmayan intihar hücumlarına əl atmaq, üstünə bomba bağlayıb heç nədən xəbərsiz məsum insanlar arasında partlatmaq Müsəlmana yaraşan hərəkət ola bilməz... O gecə yata bilmədim. Bütün gecəni qıvrıldım. Səhər qalxanda birdən vücudumu tər basdı. Əvvəllər izordil qəbul edəndə narahatlıqlar bir az azalırdı. Yenə izordil atdım, amma ağrılar azalmaq yerinə ürək daha nizamsız döyünməyə başladı. Xəstəxanada da çox sıxıldım. Çətin günlər keçirdim. Lakin şikayət etmirəm. 64 yaşım var. Allah bu yaşa qədər gətirdi məni. Çox gözəl insanlarla, səmimi dostlarla tanış oldum... Hər şey üçün Allaha sonsuz şükür edirəm... İllərdir, çox sıxıntılar, xəstəliklər kerçirdim. Lakin bu infarkt məni büsbütün o tərəfə (axirətə) bağladı. Artıq bu cümlələri belə axır sözlərim sayır və son sözlər kimi tələffüz edirəm. Son anlarımı yaşadığımı və axirət qapısına çox yaxınlaşdığımı hiss edirəm... Gözlərim önündə o biri aləmin şəfəqi açıldı”.
Gülən xəstəliklərin onu necə yorduğunu danışarkən deyirdi:
“Beş yaşımdan tərk etmədiyim namazı belə oturaraq qılıram. O ilk təhlükədən qurtulsam da, hələ də ürək və şəkər narahatlığım var. Gündə bir neçə dəfə qan şəkərimi yoxlayır və ürək döyüntülərimi dinlətdirmək məcburiyyətində qalıram. Bəzi hallar istisna, hər gün 25-30 növ dərman qəbul edirəm. O qədər dərmanın yan təsirləri belə insanı yatağa salmağa kifayət edər. Amma ömrüm boyu yataqda olmaqdan, hətta bir az artıq yatmaqdan iyrənmişəm. Buna görə də uzun müddət çarpayıda yatmaqdan sıxılır, yarımoturaq vəziyyətdə də olsa, bir-iki yoldaşla bir yerdə olmağa çalışıram... Bugünkü kimi hər gün sıxıntı, acı və iztirabı içimə çəksəm də, üç-dörd dəfə sarsıntı – bu sarsıntıların hər biri ürəyimi dayandırmağa yetər – keçirsəm də, bir dərmanın təsiri çəkilmədən digərini qəbul etmək məcburiyyətində qalsam da, dinimə və millətimə xidməti nəinki dünya ləzzətindən, hətta cənnətdən belə üstün tuturam. Mənim arzum uzun ömür yaşamaq deyildir. Hər gecəni son gecəm kimi qarşılayıram. Lakin dünyaya bir xidmət məkanı kimi baxır və nə qədər ki nəfəsim gedib-gəlir, bunu layiqincə yerinə yetirməyə çalışıram... Elə problemlər olub ki, aylarla ağlamışam. İnsanlar üçün dalbadal ağır sarsıntılar keçirmişəm, hələ də keçirirəm”.[42]
Güləni mediada haqqında çıxan müxtəlif xəbərlər də dərindən sarsıdırdı. “Cümhuriyyət” qəzetində dərc olunan bir yazıda Gülənin müsəlman olması belə şübhə ilə qarşılanırdı. Yazıda Gülənin İranda meydana gələn şiəliyin batinilik cərəyanına mənsub olduğunu irəli sürürdülər. Gülən qəzetin baş redaktoru İlhan Səlcuka bir məktub göndərərək etirazını bildirir. Başqa bir qəzet Gülənin 1943-cü ildə Dənizli Həbsxanasında Bədiüzzamanla görüşdüyünü iddia edirdi. Halbuki o vaxtda Gülən hələ beş yaşında idi.
Bu sözlər də o günlərə aiddir: “Bir ömür boyu millətin əhyası, dirçəlişi üçün çalışıb, sonra bir cani kimi mühakimə olunmaq da mənə çox ağır gəlir... Vətənimin bir qarış torpağını cənnətlərə dəyişmərəm. Yurduma qayıtsam da, artıq zənn etmirəm ki, orada uzun müddət qala biləm. Bu vəziyyətdə olmaq mənə çox toxunur, vətəndən uzaqlıq ürəyimi qanadır”.
Türkiyədə baş verən bu hadisələr bəzən Gülənə: “Allah canımı alsaydı, qurtulardım”, – dedirdir. Gülən ABŞ-da olduğundan Türkiyə mediasında əleyhinə çıxan xəbərlərin çoxundan məlumatlı deyildi. Həkimləri də bu xəbərləri ona bildirmirdilər. Bir müddət sonra, jurnalist Nədim Xəzər (Nedim Hazar) həmin dövrün hadisələri haqda “Masqalı Balon” (Maskeli Balon) adlı kitab yazır. Timaş Nəşriyyatının çap etdiyi bu kitabı iki dəfə oxuyan Gülən: “Gör nələr olub”, – deyə heyrətini dilə gətirmişdi.
Bəzi media orqanları 1999-cu ildən etibarən Gülən əleyhinə çıxan xəbərlərə cavab olaraq hadisələri Türk xalqına düzgün çatdırmağa çalışırdı. Gülən göz yaşları içində bir məktub yazıb həmi media orqanlarına göndərir. Məktubunda: “Bu, millətin davasıydı. Ona siz sahib çıxdınız”, – deyirdi.
Bir gün Gülən o qədər sıxılır ki, bir neçə nəfərlə oturub söhbət edərkən özünə müraciətlə: “Təkcə sənə zülm ediblər?” – deyir. O gün Gülən tarix boyu məşəqqətlərə düçar edilmiş insanları xatırladaraq çəkdiyi sıxıntılara bir daha əhəmiyyət verməyəcəyinə bir mənada söz verir. Bir tələbəsi deyir ki, o gün Gülən üçün dönüş nöqtəsi oldu.
Əhməd Yəsəvi böhtan və təzyiqlər üzündən 60 yaşından ömrünün sonunadək bir quyuda yaşamağa məcbur olmamışdımı? Mövlanə hələ sağlığında dindən dönməkdə ittiham edilməmişdimi? Mövlanə və Şəms təzyiqlər ucbatından Konyanı tərk etmək məcburiyyətində qalmamışdımı? Sokrat və Qaliley zəhərlə ölümə məhkum edilməmişdimi? Bədiüzzaman 28 il əzab çəkməmişdimi? “Səksən illik ömrümdə dünya zövqünün nə olduğunu bilmədim. Ömrüm hərb meydanlarında, əsarət zindanlarında keçdi”, – deyən Bədiüzzaman deyildimi? Nəcib Fazil 1983-cü ildə 79 yaşında dünyasını dəyişəndə barəsində 18 aylıq həbs cəzası yox idimi? Nəcib Fazilə verilən həbs cəzaları bir vaxtlar 100 ildən çox olmamışdımı? Sağlığında dəyər verilməyənlərdən biri də Yunus Əmrə deyildimi? Həyatı məchula qarışmış Yunusun tanınması üçün ta XX əsri gözləmək lazım gəlməmişdimi?
Gülən bütün bu hadisələr, iftiralar, ittihamlar qarşısında niyə səssiz qaldığını 2003-cü ilin oktyabr ayında “Sızıntı” jurnalına çıxan “Sükutun harayı” (“Sükutun çığlıkları”) yazısında belə izah edirdi:
“Neçə illərdir, intriqaçıya “artıq yetər” demək dilimin ucunadək gəlir və təbiətimin divarlarını sıxır, amma heç kimə bir şey deyə bilmir, Allahın görüb bildiyini düşünür, olub keçənləri taleyin mütləq ədalətindən sanır, bir-iki dəfə udqunur, ardınca buna da “bu da qəbulumdur” deməklə kifayətlənirəm... Hərçənd belə davranmaq çox vaxt zalımları daha da cəsarətləndirir, iftiraçını daha da həyasızlaşdırır, təcavüzkarları təcavüzkarlığa sövq edir, amma öz-özümə: “Bunlar da insandır, bir gün insan olduqlarını düşünər və bu tip ədəbsizlikdən əl çəkərlər”, – deyir, bu hüsnü-zənnlə, bəlkə də, xülya ilə hər kəsin insafa gələcəyi şərəfli zamanı gözləməyə başlayıram. Elə vaxtlar olur ki, içimi qanadan şeylərə görə özümə acıyır, bəzən də “aləmə sayğılı olarkən özümə hörmətsizlik edirəm” hissinə qapılıram, amma yenə də hər zaman bir nizə kimi sinəmə saplanan bu qədər yalan, bu qədər dedi-qodu, bu qədər şeytani planlar qarşısında nəfsimə dönüb: “dişiolan, təbii ki, dişləyəcək, pəncəsi olan da parçalayacaq, nə qədər ki haqqı gücdə görənlər var, bunu dəyişdirməyə heç kimin qüvvəsi yetməz. O halda hər kəsi xoş gör”, – deyib fəryadlarımı içimə gömür və duyğularımı sükutun fəryadları ilə səsləndirirəm...”
Gülənin fikrincə, 1999-cu ildə bəzi köhnə söhbət kasetlərinin montaj edilərək yayımlanmasının və ondan sonra cərəyan edən hadisələrin “müəllifi” olan marjinal kəsim bütün bunlarla ölkənin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin qarşısını almaq məqsədini güdürdü. Gülən 2000-ci il avqust 25-də “Nyu York Tayms” (New York Times) qəzetinin müxbiri Duqlas Frantza (Douglas Frantz) verdiyi müsahibədə belə deyirdi: “Bunlar az olsalar da, siyasi dairələr üzərində böyük təsir gücünə malik bir qrupun işidir. Kiçik, amma siyasi gücə malik bir qrup”.
Bu, cəmiyyəti birləşdirən dəyərlərə elan edilmiş müharibə idi. Çünki məhz bu müharibənin elan edildiyi illərdə Türkiyədə ictimai ab-hava yumşalmış, əmin-amanlıq bərqərar olmuşdu. Buna sevinən, rahat nəfəs alan bir çox insan: “Biz də müsəlman imişik”, – demişdi.
Bu ab-hava, bu əmin-amanlıq sayəsində Qazi hadisələri kimi ciddi planlaşdırılmış təxribatlar törədərək Türkiyəni sünni-ələvi qarşıdurması ilə bombalamaq istəyənlərin bombaları öz əllərində partlamışdı. Türkiyə ictimaiyyəti uzun illər xalqa dinsiz, imansız kimi təqdim edilən bəzi sənətçilərin dini inancını, dinə ürəkdən bağlılığını görmüş, heyrətə gəlmişdi.
Məsələn, 45 dəqiqəlik bir proqramı milyonlara satılan bir komediya aktyoru mediada: “Mən ramazanda orucumu tuturam”, – deyə açıqlama vermişdi. Bir sənətçi şəxsinə ünvanlanan: “Sizə Türkiyənin Yusif İslamı deyə bilərikmi?” sualını: “Xeyr, Yusif İslam əvvəl xristian olub, sonra İslamı qəbul edib. Mən isə əvvəldən müsəlmanam”, – deyə cavablandırmışdı.
Gülənə görə, bütün bunlar ürəkdə olanları dilə gətirmək baxımından əvəzsiz sözlərdi. Lap əvvəllər “Allah mənə imkan versəydi, teatr səhnələrinə çıxıb, Allahın adını bir dəfə də orada hayqırardım”, – deyə dua etdiyini bildirən Gülən sözlərinə belə davam edir: “Lakin indi o səhnələrin zirvəsini fəth etmiş bir çox insan Allah, peyğəmbər, din deyir”.
Bəzi adamlar “Təkcə kəlmeyi-şəhadətlə qurtula biləcəyikmi?” deyib dində özlərinə yer tapmağın sevinci ilə rahat nəfəs almışdı. Bir həkim Gülənə nə qədər hicabsız qadının bel ağrılarından sübh namazına dura bilmədiyi üçün ona müraciət etdiyini demişdi. Təyyarədə Gülənə dua kitabı imzaladan stüardessalar: “Namaz qılıram, dini vəzifələrimi yerinə yetirirəm, başı örtməmək problem olarmı?” deyə sual vermişdi. Gülənin bu mənzərələri seyr edərkən keçirdiyi hisləri sözlə ifadə etmək çətindir.
Toplumun yüksək intellekt sahibləri məktəblər başda olmaqla, millət üçün faydalı olan bütün təşəbbüslərə dəstək verir, “Əgər bizim də xəbərimiz olsaydı, kömək edərdik” deyirdilər. Ölkə xaricində türk məktəblərinə dəstək olmaq üçün İstanbulda “Çırağan Sarayı”nda, “Hilton” hotelində böyük iş adamlarının iştirakı ilə toplantılar keçirilirdi. Bunlar hamı üçün həm təəccüblü, həm də düşündürücü idi.
Gülənin fikrincə, 1999-cu ildə elan edilən “müharibə” cəmiyyətdə baş verən bu yenilik və müsbət dəyişikliklərə balta çaldı. Bununla Türk toplumu 1990-cı illərin əvvəlində olduğu kimi yenidən düşüncə qütblərinə parçalandı. Düyməni basan yad qüvvələrin arzusu da məhz Türkiyəni qütblərə bölmək idi.
Dövlətin bəzi orqanlarında himayədarları olan bu qüvvələrin televiziyalara ötürdüyü kasetlər Gülənin 1990-cı illərin əvvəllərinə aid bəzi söhbətləri ehtiva edirdi. Kasetlərin məzmunu Gülənin dövlət işlərində çalışan və sırf dindar olduqları üçün amansız təzyiqlərə məruz qalan bəzi insanlara aid tövsiyələrindən ibarət idi. Neçə illərdi, dindar dövlət işçilərinin əksəriyyəti vəzifəsindən uzaqlaşdırılır, şəxsi işi ləkələnirdi.
Gülən Türkiyəyə qayıdacağı təqdirdə İstanbulda Atatürk Hava Limanında böyük bir kütlə tərəfindən qarşılanacağını eşitmişdi ki, bu da onu çox narahat edirdi. “Türkiyəyə özümə yaraşan şəkildə qayıdacağam... Gəlsəm, özüm kimi, Ramiz Əfəndinin Üç Şərəfəli məsciddə imamlıq edən oğlu kimi gələrəm... Bunu bütün səmimiyyətimlə söyləyirəm. Kəndimdə, babalarımın torpağında tikilmiş bir müsafirxana var, gedib orada qalmağı düşünürəm. Doğulduğum, böyüdüyüm kənddə bir kəndli kimi ölüm...” deməsinin səbəbi də bu idi. “Xaraktercə izdihamı xoşlamıram. Qəbrimin bilinməsini də istəmirəm” deyən Fəthullah Gülən Türkiyəyə qayıdacağı təqdirdə, əvvəllər xaricdən döndüyü kimi Atatürk Hava Limanından sıravi sərnişin kimi tək çıxacaqdı.
[2] Sabançı 1999-cu il iyul 6-da Şou TV-də (Show TV) xəbər bülletinində Rəha Muxtarın suallarını cavablandırmışdı.
[3] ABŞ klinikalarında xəstəxana rahibləri işləyir və xəstələrin başı üzərinə İncil qoyulur. Xəstə mənəvi dəstəyə ehtiyacı olduğunu söyləyəndə rahib çağırılır. Nyu York Universitetinin xəstəxanasında isə “Şabat lifti” var. Şənbə günləri yəhudilərin “Şabat günü” olduğu üçün və həmin gün işləmək qadağan olduğuna görə, bu lift hər mərtəbədə öz-özünə dayanır, açılıb-bağlanır.
[4] Türkiyədə rayonlarda ən səalhiyyətli dövlət məmuru, icra başçısı
[5] “Vəhbi Qoç şəxsi arxivindəki sənədlər və xatirələrin işığında”,(“Özel arşivinden belgeler və anılarıyla Vehbi Koç”) səh. 22, Can Dündar, Yapı Kredi Nəşriyyatı
[6] Aydın Bolaqın təsis etdiyi Türk Neft Vəqfini uzun illər idarə edən professor Uğur Dərmanla 2007-ci ilin iyul ayında İstanbulda keçirilən görüşdən qeydlər.
[7] Bolaq sözünün mənası su mənbəyi, bulaq deməkdir. Atası Vəhbi Bolaq Cümhuriyyətdən əvvəl Osmanlı Məbusan Məclisinin üzvü idi. Aydın Bolaq Türk Qəlb Vəqfi (Türk Kalp Vakfı), Tema, İstanbul Nəqliyyat Vəqfi (İstanbul Trafik Vakfı), Şəhid Qəbiristanlıqlarının Abadlaşdırılması Vəqfi (Şehitlikleri İmar Vakfı) başda olmaqla, bir çox vəqfin qurulmasında yaxından iştirak etmişdir. Uzun müddət Qızıl Aypara Cəmiyyətində işləmişdir. Qoç Vəqfinin də idarə heyətinin üzvü idi.
[8] Bolaq bu siyahını 1987-ci ilin martında keçirilən Millətçilərin Qurultayında çıxışına da daxil etmişdi.
[9] Qan damarlarının rentgen aparatının köməyi ilə təsvir olunmasına imkan verən müayinə metodu
[10] Atif Üral gənc yaşlarında atdan yıxılmış, bədəninə batan bir cisimdən tetanus xəstəliyinə tutularaq dünyasını dəyişmişdi.
[11] Müsahibəmiz əsnasında Gülən 1999-cu il iyunun 18-dən mediada əleyhinə aparılan “qaralama kampaniyası” zamanı Oqtay Ekşinin mövqeyini dəyişdirmədiyini bildirərək: “Oqtay Ekşi iyun fırtınası zamanı bir kəlmə də əleyhimə yazmadı”, – dedi. Gülən Oqtay Ekşi ilə yanaşı Cənk Korayın da mətinliyini təqdirlə xatırlayır: “Cənk Koray iyun fırtınasında möhkəm dayanmışdı”.
[12] Buddizm dininin hakim olduğu Monqolustanda türk məktəblərinın açılması istiqamətində ilk təşəbbüs 1994-cü ilin avqust ayında göstərilir. O vaxtlar hələ orada Türkiyə səfriliyi yox idi. Bir il sonra, 13 sentyabr 1995-ci ildə Prezident Süleyman Dəmirəl Monqolustanın paytaxtı Ulan Batora səfər edərkən Türk məktəblərini də ziyarət edir. Prezidenti türk məktəbinin monqolustanlı şagirdləri İstiqlal Marşı ilə qarşılamışdı. Monqollar əslində mühafizəkar xalqdır. Bu xüsusiyyətləri bir hadisədə bariz şəkildə özünü göstərir: isveçrəli bir missioner Monqolustanda 16 il çalışsa da, heç bir monqola xristianlığı anlada bilmir. Buna görə də bir monqola yazı öyrətmək qərarına gəlir. Monqol: “Bu yazını öyrənməyin faydası nə olacaq?” – deyə sual edir. İsveçrəli missioner: “Uzaqda yaşayan qohumuna məktub yazarsan”, – deyir. Monqolun cavabı isə belə olur: “Elə bir yoxdur ki, monqolun atı getməsin. Əgər çox vacib bir işim olsa, atıma minib gedərəm”. 1994-cü ildə Monqolustana ilk gedən türkiyəli müəllimlərdən Adəm Tatlı 24 avqust 2006-cı ildə orada nəqliyyat qəzasında dünyasını dəyişmiş, vəsiyyətinə görə bu ölkədə də dəfn edilmişdir. Adəm Tatlının ömür yoluna həsr olunmuş kitabın ön sözünü isə Gülən yazmışdır.
[13] Kamal Sunal 2000-ci il iyul ayının 3-də İstanbulda təyyarədə infarkt keçirib dünyasını dəyişir. “Hürriyyət” qəzetinin internet vasitəsilə keçirdiyi sorğuda iştirak edənlər 16 türkün klonlanaraq ölümsüzləşdirilməsinə səs vermişdi. Kamal Sunal və Fəthullah Gülən də onlar arasında idi. Oxucular Kamal Sunal haqqında “Bu millətin üzünü ən çox o güldürdü”, – deyirdilər. (9 avqust, 2001-ci il)
[14] Çətin Emeç “Hürriyyət” qəzetinin baş redaktoru olarkən 1989-cu il noyabr ayında dərc olunan məqaləsində Güləni “birlik-bərabərlik vəzlərinin qabaqcıl müəllifi” kimi xarakterizə etmişdi. Çətin Emeç 1990-cı il martın 7-də İstanbulda avtomobilində silahlı hücuma məruz qalmış, sürücüsü ilə birlikdə öldürülmüşdür.
[15] Ələvilərin ibadət etdiyi yer
[16] 1993-cü il iyul ayında Sivasda Madımak hotelinin yandırılması nəticəsində 35 insan həlak oldu. Bu hadisə Türkiyə tarixində sünni-ələvi qarşıdurmasına hesablanmış ən böyük təxribatlardan biri idi.
[17] Gülən haqqında “O bir kainat müəllimidir” ifadəsini işlədən Cem Qaraca deyirdi: “Məni də mühakimə etdilər, demək olar ki, eyni dərdin müztəribiyik. Onun önündə ancaq ehtiramla baş əyərəm və ya fransızların deyimi ilə şlyapamı çıxararam. 300-dən artıq məktəb, 7 universitet.. buna baxıb şlyapasını çıxarmayan adama axmaq deyərəm. Bir insan Allahın və Peyğəmbərin adını anarkən ağlaya bilirsə, bilirsinizmi, bu, necə möhtəşəm bir şeydir? Bektaşi (Bektaşilik – Hacı Bektaş Vəlinin qurduğu Ələvi təriqətidir. Bu təriqətin mənsublarına Bektaşi deyilir) olsam da, möhtərəm Fəthullah Gülənin söylədiklərində elə saf, elə süzülmüş, elə zərif gözəlliklər görürəm ki! Soyadına nəzər salın, Gülən, yəni ağladan deyil, ağlayan da deyil. İnsanların da gülməsini istəyir”.
[18] 1997-ci il fevralın 28-də orduya və müəyyən dairələrə arxalanan Milli Təhlükəsizlik Şurası bir sıra qərarlar qəbul edərək N. Ərbakan hökumətindən həmin qərarların yerinə yetirilməsini tələb edir. Bu qərarlar siyasi vəziyyətin gərginləşməsinə, iyunun 18-də Baş Nazir N. Ərbakanın istefasına gətirib çıxarır və nəticə etibarilə demokratiyaya bir zərbə olur. Bu hadisələr “postmodern çevriliş” kimi də xarakterizə edilir.
[19] “Polad Rineyssans” hotelində verilən bu iftar ziyafəti Gülənin 1994-cü ilin iyununda qatıldığı “Dədəman” hotelindəki iftardan sonra ikinci proqram idi. Jurnalist Çingiz Çandara görə, Gülənin barışdırıcı mövqeyini ortaya qoyduğu bu toplantıda seçilən məkan da simvolik mahiyyət daşıyırdı. “Polad Rineyssans” hotelinin sahibi İbrahim Polad ələvi idi. Qalatasaray futbol klubunun rəhbəri, Gülənin yaxın dostu Adnan Polad İbrahim Poladın oğludur. O vaxtlar Polad Qalatasaray klubunun futbol şöbəsinin müdiri idi.
[20] “Cümhuriyyət” qəzetinin 26 mart 1998-ci il tarixli xəbəri.
[21] 2008-ci ilin əvvəlində Ərbil, Süleymaniyyə və Kərkükdə ümumilikdə 8 türk məktəbində 2200 şagird təhsil alırdı. İkisi qız liseyi olan Türk məktəblərinin hədəfi 2008-ci ildə Ərbildə universitet açmaq idi. Məsud Barzaninin və Cəlal Talabaninin yaxınları, bəzi nazirlərin, bələdiyyə rəislərinin və yüksək səviyyəli rəsmilərin övladları bu məktəblərdə oxuyurdu.
[22] İhsan Doğramacı Ərbildə lisey açmaq üçün 2007-ci ildə Ərbil Vəqfini qurdu və vəqfin fonduna beş milyon dollar köçürdü. 2008-ci ilin sonunda liseyin hazırlıq sinfinin açılması planlaşdırılırdı.
[23] Gülən hələ 1988-ci ilin martında: “Türkiyənin sərhəd qapılarından dünyanın hər tərəfinə ixracat gəmiləri getməlidir”, – deyirdi.
[24] Bir çox iş adamları Gülənin çağırışına səs verərək Orta Asiya dövlətlərində açılan liseylərə paralel olaraq həmin bölgələrə sərmayə qoyurlar.
[25] Ecevitin rəhbərlik etdiyi Demokratik Sol Partiyası (DSP) 1991-ci il 20 oktyabr Parlament seçkilərində 10,8% səs toplamış və Milli Məclisdə yeddi millət vəkili ilə təmsil olunmuşdu.
[26] 1995-ci il 24 dekabr seçkilərində DSP 14,7% səs toplayaraq Milli Məclisdə 75 deputat kreslosunu əldə etmişdi. Ecevit 1997-ci ilin iyununda Nəcməddin Ərbakanın rəhbərlik etdiyi Rifah-DYP hökumətinin istefasından sonra Məsud Yılmazın başçılığı ilə qurulan yeni hökumətdə Baş Nazirin müavini vəzifəsinə təyin edilmişdi.
[27] 12 Sentyabr 1980-ci ildən əvvəl üç dəfə baş nazir olan Bülənt Ecevit 20 il sonra 1999-cu il yanvarın 11-də dördüncü dəfə bu vəzifəyə seçilmişdir.
[28] Ecevit 1981-ci il dekabrın 3-də fikirlərini açıq bildirdiyinə görə həbs edilmiş, iki ay həbsxanada qalandan sonra 1982-ci il fevralın 1-də azadlığa buraxılmışdı. 12 aprel 1982-ci ildə yenidən nəzarət altına alınan Ecevit həbs tələbinin hərbi məhkəmə tərəfindən rədd edilməsinə baxmayaraq, hərbi rejim komandirinin etirazı ilə həbs olunmuşdu. 1982-ci il iyunun 3-də sərbəst buraxılsa da, həmin ilin avqust ayında təkrar məhkum edilmiş, 15 oktyabr 1982-ci ildə azadlığa buraxılmışdı.
[29] “Sülh körpüləri, dünyaya açılan türk məktəbləri” (Barış köprüleri, dünyaya açılantürk okulları), Üfüq nəşriyyatı, səh. 19.
[30] Bu ismarıcdan iki il sonra, 2006-cı il iyunun 6-da Ecevit Norveçin paytaxtı Osloda Nobel İnstitutunda keçirilən “XXI yüzilliyin astanasında Türkiyə” adlı konfransda Türk məktəbləri olan ölkələrin adını çəkir və bu təhsil fəaliyyətlərini təqdir edir.
[31] 27 iyul 2004-cü ildə Aydın Bolaqın İstanbulda dünyasını dəyişdiyini eşidən Gülən bağlamasını hazırlayıb Türkiyəyə gəlmək istəyir. Yaxın çevrəsinə görə, bu tarix 1999-cu ildən bəri ABŞ-da yaşayan Gülənin Türkiyəyə getməyi ən çox düşündüyü tarixlərdən biridir. Gülən Professor Səbahəddin Zaim və professor Ayxan Sonqarın dəfn mərasimlərində iştirak edə bilməməkdən duyduğu kədəri həmişə dilə gətirir.
[32] “Ecevit və gizli arxivi” (Ecevit ve gizli arşivi), Can Dündar, Rıdvan Akar, səh. 557, İmgə Nəşriyyatı
[33] Militan - Bir məqsədə çatmaq üçün zorakılıq və qeyri-qanuni yollarla mübarizə aparan şəxs.
[34] Gülənin Papa ilə görüşündən sonra Diyanət İşləri Başqanlığı da mühüm addımlar atır. 1999-cu ildə Diyanət İşləri Başqanlığının nəzdində Dinlərarası Dialoq Komissiyası təsis edilir. O dövrdə Diyanət İşləri Başqanlığının sədri olan Mehmet Nuri Yılmaz Gülən-Papa görüşündən iki il yarım sonra Vatikana gedib 2000-ci il iyunun 16-da Papa ilə görüşür. 2000-ci ildə Həzrəti İsanın doğulmasının 2000-ci ili qeyd olunurdu. Bu tədbirlər çərçivəsində Həzrəti İsanın həvarilərindən Əziz Pavelin yeri kimi tanınan Tarsusda bir toplantı keçirilir. Mehmet Nuri Yılmazın rəhbərlik etdiyi bu toplantıda Cümhuriyyət tarixində ilk dəfə olaraq qeyri-müsəlman türk vətəndaşlarının problemləri müzakirə edilir. Toplantının sonunda Tarsus Bəyannaməsi qəbul edilir.
[35] Gülənin ABŞ-da 2000-ci il 25 may tarixli söhbətindən. O, bu söhbətin ardında: “Burada qalmaq taleyimə yazılıbmış. Mən də taleyə təslim oldum. Əgər çəkdiyim bu hicran və həsrət bilərək və ya bilməyərək etdiyim bəzi xətaları arındırırsa, bu da mənim üçün bir nemətdir”, – deyir.
[36] Şirkətlərdə yüksək vəzifəli şəxs
[37] Mifologiyada şirlərə qalib gələn, güc və qüvvətin simvolu Herakl həmçinin bir bürcün adıdır. Elmə məlum olan ən böyük planet 2007-ci ildə Herakl bürcündə kəşf edilmişdir.
[38] 2007-ci ilin noyabr ayında Gülənə onlarla qovluq məktub gəlmişdi.
[39] Ramazan ayları Gülən üçün çox ağır keçdiyinə görə, Amerikaya nisbətən gündüzləri 3-4 saat qısa olan ölkələrdə yaşayan türklər ramazanda onu qonaq etmək istəyirdilər. Gülən bu ölkələrdən birinə getməklə orucunu daha rahat tuta bilərdi. Ancaq o, bütün bu təklifləri qəbul etmir: “Bu, caiz olsa da, oruca hiylə qarışdırmaq sayılır. Ömrümün bu axır günlərində Allahdan utanıram”.
[40] Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır. Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya baş verir.
[41] Görüş və həyat tərzi toplumun dəyərləri ilə üst-üstə düşməyən, topluma yad insan, təbəqə, qrup
[42] ABŞ-da 2002-ci ilin 7 aprel, 13 may, 27 may və 1 iyun tarixli söhbətlərindən.
- tarixində yaradılmışdır.