Mövzunu anlama və təqdimatda çətinliklər

Türkiyədə İslamı və Fəthullah Gülən kimi insanların İslam anlayışını müzakirə edərkən qarşımıza mütləq dəf edilməli bəzi əngəllər çıxır. Bunlardan birincisi, özlərini dünyəvi və Qərbyönlü kimi göstərən qrupa fikri istiqamət verən aydın, ziyalı təbəqənin İslamı indiyə qədər böyük ölçüdə öz daxilində və öz məntiqi çərçivəsində dərk etmə zəhmətinə qatlanmaması və din məfhumuna və İslama tamamilə kənardan baxmasıdır. Əsasən də, dövrümüzdə Qərbdən çox Qərb dünyasına daxil olmayan ölkələrdə elmin yeganə qaynaq kimi görülməsi və hər şeyə Qərbə aid olduğu zənn olunan bir zehniyyət pəncərəsindən baxılması, xüsusilə, İslam ölkələrində dərinliyə varan dövlət-vətəndaş, ziyalı-xalq ayrılığının və bəzi ictimai təbəqələr arasındakı anlaşılmazlığın ən əsas səbəblərindən biri kimi meydana çıxır.

Türkiyədə hələ də təsirini davam etdirən XIX əsr Qərb anlayışındakı din məfhumuna antropoloji, sosioloji və psixoloji üç yanaşma var. Burada ətraflı təhlil edə bilməyəcəyimiz bu üç yanaşmanın ortaq nöqtələrini aşağıdakı kimi sıralamaq olar:

  • Din insan fövqü bir qüdrətin, mütləq elm, iradə və qüdrət sahibi bir varlığın qoyduğu bir sistem və bir quruluş deyil, birbaşa insan zəkasının məhsuludur.
  • İnsan şəxsiyyətinin formalaşdığı müddətdə və dünyadakı həyat məcrasında təbiətə öz sözünü keçirə bilmədiyi və ya sosial həyatın zəif olduğu vaxtlarda özündən üstün bir gücə inanma ehtiyacını hiss edir və bu ehtiyacı tanrı və bəzi rituallar şəklində sistemləşdirir.
  • Təbiət elmlərinin və texnologiyanın insana təbiət üzərində hakimiyyət qazandırması və təbii hadisələrin elmi izahlarının verilməsi nəticəsində məna və funksiyasını itirməyə başlayan din insan həyatının müəyyən mərhələsində ehtiyac funksiyasını itirir.
  • Hər şeyə rəğmən, bəzi insanlar həm davranışlarına əxlaqi bir yön vermək, həm də bəzi insani duyğularını qane etmək (tətmin etmək) üçün hansı şəkildə olsa da, bir dinə inanmağa davam edə bilirlər.

Türkiyə kimi “Üçüncü Dünya” ölkələrində və başqa bir təsnifata əsasən “Müsəlman ölkələr” kateqoriyasına daxil edilən ölkələrdə, bəhs etdiyimiz XIX əsr Qərbə xas din anlayışı böyük yanlışlıqlara səbəb olmuşdur. Bu yanlışlıqlardan biri din deyiləndə ağıla Xristianlığın gəlməsi və əsasən ziyalı təbəqə arasında İslamla Xristianlığın eyniləşdirilməsidir. Əqidədən ibadətlərə, ibadətlərdən sosial həyatdakı rollarına və oradan davranış normalarına qədər aralarında ciddi fərqlər olan bu iki dinin eyniləşdirilməsinin doğurduğu ən böyük yanılma İslama siyasi yanaşmalarda görünür. Məsələn, ən real fakt olaraq Xristianlıqda Tanrının dünyadakı təmsilçisi kimi qəbul edilən və nəticədə bir “teokratiya” meydana gətirən Kilsəyə bənzər bir qurum İslamda heç vaxt olmadığı kimi, İran Şiəliyində görünəndən başqa, iyerarxik (pilləli) formada din adamları sinfi və bir teokratiya da meydana gəlməmişdir.

Din anlayışının Qərbdən idxal edilməsinin səbəb olduğu ikinci xəta İslamın Xristianlıq kimi islahata möhtac bir sxolastik inanc, ibadət və həyat sistemi və ya üzərində heç düşünülmədən, ağılla mühakimə edilmədən qəbul edilən doqmalar (ehkamla) toplusu (bütünü), ya da tarixin müəyyən bir dövründə bir insanın ağlından çıxan bir sistem hesab edilməsidir. Məhz bu xətalardır ki, bu gün ölkəmizdə özlərini dünyəvi göstərənlərlə İslami təbəqə arasındakı anlaşılmazlıqların əsasını təşkil edir.

Əsasən pozitivizm və Freyd psixonalizmi qaynaqlı din anlayışının elmilik adı altında İslam dünyasında və təbii ki, Türkiyədə bir çox ziyalı tərəfindən qəbul edilməsi dinin insanlar üzərində qaynağının, yəni Allahın və Peyğəmbərin müqəddəsliyindən qaynaqlanan gücünün və öz-özlüyündən etdiyi təsirin anlaşılmamasına səbəb olmuşdur. Bu anlayış Həzrəti Musa və Həzrəti İsa kimi təkbaşına çıxan və neçə əsrlərdir yüz milyonlarla insanların qəlblərində taxt quran peyğəmbərlərin gücünün qaynağını dərk edə bilməz. Eyni zamanda, o, Məkkədə təkbaşına zühur edən oxumamış (ümmi) bir Peyğəmbərin və təmsil etdiyi dinin insan fitrəti ilə üst-üstə düşən bu dinin qaynağı Allahın və Onun göndərdiyi Quranın gücü ilə qəlbləri və beyinləri necə fəth edə bildiyini, bundan başqa, heç bir maddi qarşılıq ummayaraq insanları Allaha səsləməsini, dəyişməsi qeyri-mümkün görünən insanları çox qısa vaxtda hərtərəfli dəyişdirməsini, onları əxlaqi dəyərlərlə süsləyərək qiyamətə qədər gələcək nəsillər üçün “Səhabə camaatı” adı ilə örnək insanlara çevirib, əxlaqi səviyyəyə yüksəltməsini də dərk edə bilməz. “Zaman keçdikcə insanların ona ehtiyacı olmayacaq” kimi iddia edilən dinin də artıq get-gedə daha çox insanların qəlblərinə, zehinlərinə, həyatlarına necə hökm etdiyini və peyğəmbərlərin əsrlərin dərinliyindən yüz milyonlarla insana hələ də necə yol göstərdiyini də dərk edə bilməz! Dərk edə bilməməklə yanaşı, izah edə bilmir, izah verə bilmədiyi üçün də özünə görə bəzi “elmi(!)” nəzəriyyələr ortaya atmağa çalışır və səhv nəticələrə gəlib çıxır. Məhz bu anlayışdır ki, Fəthullah Gülənin təşviqi ilə, yönləndirməsi ilə insanların dünyanın dörd tərəfində müəssisələr qurduğunu izah edə bilmir, bu müəssisələrin qaynağını başqa yerlərdə axtarmaqla yanlış fikirlərə düşür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.