Təqdim

İnsanlar haqqında yazmaq, onları tanıtma iddiası ilə ortaya çıxmaq, xüsusilə, haqqında bəhs etdiyiniz şəxs bir çox qeyri-adi yön və xüsusiyyətlərə malikdirsə və ictimaiyyətin də tanıdığı bir insandırsa, bunu mövzuların ən çətini hesab etmək olar. Nəinki müəyyən bir insan, ümumiyyətlə, insan bir müşkül, Aleksis Karrelin ifadəsi ilə, bir məchuldur. Hər bir fərdin insani mahiyyət baxımından başqaları ilə ortaq cəhətləri olsa da, öz-özlüyündə onun tamam başqa bir dünya olduğu düşünülsə, şəxslər haqqında onları tanıtma məqsədi ilə yazmanın çətinliyi bir daha aydın olar.

Fəthullah Gülən şəxsən özü "sıravi bir insan" olmağı məqsəd bilsə də, hətta özünü bütün insanlardan ən aşağıda görsə də, hər kəs qəbul edir ki, fərqli xüsusiyyətlərə malik bir insandır. Cəmiyyətdə daha çox aksionu ilə tanınmış və daha çox bu cəhətinə toxunulan Güləni Gülən edən onun aksionunun ruhu, dinamiki, hədəfi və istiqaməti mahiyyətində bir çox faktor vardır. Gülən özünəxas, təqlidolunmaz deyiləcək qədər çətin üslubu ilə bir yazıçı və şairdir. Bununla yanaşı, bəlkə də, tarixdə çox az insana nəsib olmuş bir dinləyici kütləsinə sahib natiqdir. Kəlam, Təfsir, Fiqh, Hədis, Siyer və Təsəvvüf kimi İslami elmlərə dərindən vaqif olmaqla yanaşı, Ədəbiyyat, Tarix, Fəlsəfə, İncəsənət və təbiət elmləri sahəsində də əhatəli, dəqiq biliyə malikdir. Əşyaya, istər “təbii”, istərsə insani sahədəki hadisələrə verdiyi şərhlər xüsusi yanaşma tələb edəcək keyfiyyətdədir. Demək olar ki, bütün müasir anlayış, cərəyan və axınlara bələd olan intellektual təcrübəyə malikdir. Bütün bunlardan başqa, onu düşüncə, davranış, inanc, duyğu və istiqamətdə nümunə, örnək görənlər üçün onları cəzb edən mənəvi və insani yönü bəhs mövzusudur.

Məhz Fəthullah Gülən kimi, çoxtərəfli şəxsiyyətə sahib bir insanı tanıtmağa təşəbbüs göstərmək, nəinki çətinlik, bəlkə də, həddini aşmaq kimi qiymətləndirilə bilər. Çünki tanıma, bilmə, xüsusilə tanıtma mövzunu əhatə etməyi tələb edir. Bu səbəbdən, bəlkə də, edilməli iş onun xaricə əks olunan tərəflərini işıqlandırmaq, onu əsərləri ilə izah etməkdir. “Ola bilər ki, bəzən sözün deyildiyi şəxs onu deyəndən, eşidib çatdırandan daha anlayışlıdır” mənasındakı Peyğəmbər sözü çərçivəsində daha anlayışlı, daha vaqif olanlara bir qapı aralanır.

Bütün bu səbəblərlə, əlinizdəki araşdırmada ilk növbədə Fəthullah Gülənin yazılı, ikinci olaraq feli (əməli) əsərləri, yəni fəaliyyətləri, üçüncü dərəcədə haqqında yazılanlar və verilən şərhlər, dördüncü dərəcədə də öz şəxsi müşahidələrim əsas götürülmüşdür. Çoxları özünü qismən yaxından tanıdığıma görə, fikirlərdə bir subyektivlik (birtərəflilik) axtara bilərlər. Lakin çox rahat deyə bilərəm ki, bu narahatlıq əlinizdəki əsərdə Gülənin daha müsbət ifadələrlə tanıdılmasına, yəni onun haqqında məhz mənim yazmağım, lehinə ifadə edilə biləcək, bəlkə də, edilməsi lazım olan bir çox şeyin yazılmasına mane olmuşdur. Bu səbəbdən, bu kitabda “Subyektiv və ya müsbət təqdim və tərifləmə məqsədi daşıyan bir sətir belə yoxdur” desəm, ümid edirəm bu, bir iddia və mübaliğə olmaz.

Bu iş beş fəsil və bir əlavədən ibarətdir. Birinci hissədə, fikirləri, aksionu və şəxsiyyəti ilə Fəthullah Güləni daha yaxından tanımaq üçün tarixi şəraitdən bəhs edilmiş və bu çərçivədə Fəthullah Gülənin yetişdiyi ailə haləsindən ümumi şəkildə söz açılmışdır.

İkinci hissədə mövcud İslam anlayışları və ya İslama yanaşmalar içində Gülənin İslam anlayışı və bu anlayışın təməlləri, ünsürləri müqayisəli şəkildə nəzərdən keçirilmişdir. Üçüncü hissədə, Fəthullah Gülən zehin quruculuğu, nəfs tərbiyəçiliyi və bugünkü mənada təlim-təhsil düşüncə və fəaliyyətləri çərçivəsində pedaqoqluğu izah edilmişdir. Onun xoşgörü, dialoq anlayışı və təşəbbüsləri əsasında bir aksion insanı kimi tanıdılmasına cəhd göstərilmişdir. Xüsusilə, aksionunun hədəfi, əsas dinamikləri, prinsipləri və vasitələri üzərində dayanılmışdır. Dördüncü hissədə, Fəthullah Gülənin din, elm, din-elm münasibəti, texnologiya; xarakter, mahiyyət və özünəməxsus dəyərləri ilə insan; qadın, mədəniyyət, sənət, incəsənət, demokratiya, respublika, siyasət, tərəqqi, azadlıq, mədəniyyət, terror, sui-istifadə, təmiz cəmiyyət axtarışları kimi müasir anlayışlar, dəyərlər və bəzi aktual mövzular haqqındakı fikir və düşüncələri araşdırılmışdır. Beşinci hissə isə "sıravi bir insan" olaraq Gülənin şəxsiyyət və xarakterinə ayrılmışdır. Bu beş hissədən sonra, bir əlavə halında Gülənin həyat xronologiyası verilmişdir.

Araşdırmada Güləndən verdiyimiz iqtibasların və ya ondan nəql etdiyimiz fikirlərin və sözlərin qaynaqlarını göstərərkən, əgər doğrudan iqtibas verilmişsə və bəhs olunan yazısı bir jurnalda çıxmışsa, ümumiyyətlə o jurnal; əgər yalnız düşüncəsi və ya sözü bilvasitə olaraq nəql edilmişsə, bu vəziyyətdə, əksəriyyətlə o düşüncə və ya sözün götürüldüyü kitab qaynaq kimi göstərilmişdir. Qaynaq verilən jurnallarda sərlövhə Gülənə aid olub, iqtibaslar bəzən sadələşdirilmişdir.

Burada bu məqamı mütləq vurğulamaq lazımdır: Xüsusilə, indiki dövrdə siyasi və ideoloji həssaslıq səbəbindən bəzi mövzularda fikir yürütmək olduqca çətindir. Xüsusilə, Fəthullah Gülən kimi, son illərdə əsassız səbəblərlə bəzi nöqtələrdə mübahisə mövzusu halına gətirilən bir şəxsiyyət haqqında yazarkən, insan istər-istəməz daha diqqətli olmağın zərurliyini hiss edir. Haqqında yazılan adam başqa, onun haqqında onu tanıdığı ölçüdə yazan və şərh edən başqa şəxs olduğu halda, yazan və yorumlayan şəxsin düşüncə və şərhləri ilə, haqqında yazılan şəxs, çox təəssüf ki, mühakimə oluna bilir. Bu baxımdan, bu kitabda istər Gülənlə, istərsə də toxunma məcburiyyəti hiss etdiyimiz əlavə mövzularla əlaqədar verilən şərh və dəyərləndirmələrin heç biri Fəthullah Gülən haqqında rəsmi mahiyyət daşımadığı kimi, onu bağlayıcı bir tərəfi də yoxdur. Baxış, düşüncə, şərh və qiymətləndirmələr bütünlüklə mənə aiddir. Əsas insan haqları və insan azadlıqlarının ən çox gündəmə gətirildiyi, hörmət və müdafiə olunma haqlarının qorunduğu iddia edilən bir "mədəniyyət" çağında belə bir xatırlatma və vurğulamaya ehtiyac hiss etmənin hansı mənaya gəldiyini də tarixə həvalə edirəm.

Son olaraq, istər lütf göstərib bu kitabın əvvəlki variantına ön söz yazan professor Suat Yıldırım bəyin ön sözdəki tələbləri, istərsə nəşriyyatın və bəzi dostların istəkləri ilə əlinizdəki kitab, BİR PORTRE DENEMESİnin xülasəsi olaraq meydana çıxmışdır.

Xeyirlərə vəsilə olması ümidi və xüsusilə oxuyanların dualarında yad edilmə diləyi ilə!...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.