Həsrətini çəkdiyimiz insan

"Millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam, çünki vücudum yanarkən, könlüm gülüstan olar." (Bədiüzzaman)

İllərlə bizi xilas edəcək insanın həsrətini çəkdik.. yaramızı saracaq, dərdimizə dərman olacaq insanın həsrətini... Hələ qara buludların başımıza kölgə saldığı və yolların bir-birinə qarışdığı bu gündə O, bizim üçün hava oldu, ziya oldu, abi-həyat oldu. Vəslinə çatma ümidini itirəcək hala gəlsək də, yenə də o "gözlədiyimiz Sevgili"ni hər kəsdən soruşacaq və hər yerdə onun nəğməsini söyləyəcəyik.

Diogen cəmiyyətinə qarşı ən dəhşətli bədbinliklə, adam yoxluğunu elan edirdi. Bilmirəm, bizim cəmiyyətimiz bu ağrılı-acılı gerçəyi qəbul edəcək qədər özündən xəbərdardırmı? Biz millət olaraq bir şeyə ac və möhtacıq: Bizi bağrına basacaq, ağrılarımızı dindirəcək və pis ehtiraslardan qurtaracaq "Başıuca" insana. Əslində, dünəndən bu günə, çəkilən bütün iztirabların arxasında da, həmişə bu axtardığımız insanın tapılmaması vardı. Yaşatma uğrunda yaşamaq həzzini unudan, başı uca, dağlar kimi dumanlı, sinəsi lavaların qaynaşdığı alov nüvəsi "iztirablı insan"ın tapılmaması...

Yaxın keçmişimizdə buna bənzər neçə insan göstərə bilərsiniz..? Neçə insan göstərə bilərsiniz ki, yaradılışdakı sirri qavramış olsun? Yaradana xəlifə olma incəliyinə aşina olsun?

Bəli, axtardığımız xilaskar hər şeydən əvvəl bir könül insanıdır. Həyatın hər anında qarşılaşdığı müəmmaları, varlığın hər parçasından soruşan və hər sualına sonsuzluqdan cavab almağa çalışan, uca aləmlərə könül vermiş həqiqət insanı...

Xızırın arxasına düşüb abi-həyat axtaranlar kimi, həqiqəti axtaran və tapdığı yerdə doyunca içib ölümsüzlüyə qovuşan, sonra da içində meydana gətirdiyi ürfan (mədəniyyət) diyarında imanın və sevginin dünyasını quran, xaricə doğru səmavi, daxilə, iç dünyamıza doğru lahuti, əşya və təbiətdəki sirlərə bir dil, vicdan və ruha tərcüman, ağılın təsəvvür aləmi ilə, iradənin pillə-pillə fəth etdiyi Cənnətlərin fatehi həqiqət qəhrəmanı...

Həqiqətə qarşı laqeyd olanlar, kainat kitabını oxuya bilməyən talesizlər, daxili aləmin dərinliklərindən və iradənin məfkurəsindən xəbərsiz yaşayan nadanlar, heç bir zaman həsrətini çəkdiyimiz insanın yerini doldura bilməyiblər. Belə ki, səhnədəki boşluqlardan istifadə edərək, xalqın qarşısına çıxan saxta aktyorlar kimi, insanımızın qarşısına müxtəlif dövrlərdə bir çox aktyor çıxmış və onunla əylənmişdir. Lakin heç vaxt onun könlündə taxt qura və onun gözlədiyi insan olma iltifatını görə bilməmişdir.

Onun könül verməyə təşnə olduğu insan, elmi müşahidələri ilə məna cövhərlərini sezən, mələklər aləminə yüksəlib, öz mahiyyəti ilə bütünləşən, zərrə ikən günəş, damla ikən dərya, bir parça ikən bütöv olmasını bilən, şüur və əşya ikiliyindən xilas olmuş düşüncə adamıdır. Oxuyub anlayan, ürfanla bütünləşən, imanla yüksəliş sirrini kəşf edən, ruhani zövqləri ilə Cənnətləri könlünə axıdan düşüncə adamı...

Könlünü bu uca məfhumlarla bəzətmiş həsrətini çəkdiyimiz o insan Haqqın yanında xalqla bərabərdir. Hər davranışında səmimiyyət, hər nəğməsində xalqa aid bir inilti var.

Onda mənliyin hislərə hökm edişi, onda müvəffəqiyyətin qüruru, zəfərin nərəsi yoxdur. O, ən çox ucaldığı yerdə, ən çox müvəffəq olduğu zaman, ən alicənab duyğular içindədir.

Şəxsi və zümrə mənfəətləri heç bir zaman onun üfüqünü kirlədə bilməz. Kinlər, nifrətlər heç bir zaman baxışını bulandıra bilməz. Bu ürfan insanının nəzərində sevmək, bağışlamaq və sevdiklərindən gələnlərə səbir etmək ən uca bir idealdır.

İnsanlığa vəd etdikləri səadəti qanla, irinlə gətirmək istəyənlərə gəlincə onlar, dörd kitabın da rədd etdiyi bir yola girmiş miskin səfillərdir.

Kaş, insanımız bu intellektual cücələrin aktyorluqlarını dərk edə biləydi. Bəlkə, o zaman bu amansızlara qarşı: "Rədd olun!" -deyə bilərdi. Amma əfsus! O hələ belə bir var oluşun haqqını verməkdən çox uzaqdır.

Sızıntı, Fevral 1981

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.