Uşağa dini savadın verilməsi

Fəthullah Gülən: Uşağa dini savadın verilməsi

Qeyd etdiyimiz kimi, müsəlmanlıqda ailə qurmaq çox ciddi məsələdir və o qədər də əhəmiyyət verilməlidir. Fərdlər ilk növbədə ana-atalıq, eyni zamanda müəllim və müəlliməlik vəzifələrini yerinə yetirməyə uyğun yaşa-başa çatanda izdivac haqqında düşünülməlidir.

İmam Cəfər tələbələrinin evlənmək məsələsini bir müddət təxirə salmasını istəmişdi. Əbu Hənifə də tələbəsi İmam Əbu Yusifə bir müddət ailə qurmamağı məsləhət görmüşdü: “Əvvəlcə təlim və tərbiyə mərhələsini tamamlamalı və evliliyə qədər öyrəniləsi elmləri mütləq öyrənməlisən. Əks təqdirdə təhsil həyatın yarımçıq qalar. Bundan başqa, ailənin halal dolanışığını təmin etmək üçün bir işin olmalıdır. Bunlara nail olandan sonra seçdiyin yol daha da qətiləşəcək”. Bəli, Əbu Hənifə Abbasilər dövründə şeyxülislamlıq vəzifəsinə yüksələn həmin tələbəsinə bir vaxtlar belə nəsihət etmişdi.

Bu iki şəxsiyyətdən biri (İmam Cəfər və Əbu Hənifə) böyük alim, nəzəri hüququn banisi, böyük bir məzhəbin imamı Əbu Hənifə həzrətləridir. Digəri də Rəsulullahın (sallallahu aleyhi və səlləm) Əhli-Beyt silsiləsindən gələn bir alimdir. Onların nəsihəti ailə qurmağın nə qədər ciddi məsələ olduğunu göstərir. Buna görə də ailə qurmaq istəyənləri bir yoxlamaq lazımdır; görəsən, bunların qabiliyyət və şəxsiyyəti bir müəllim, bir mürəbbi kimi uşaq yetişdirməyə imkan verirmi? Və ya yaşları-başları həyatı bir insanla bölüşməyə uyğundurmu? Uşaqlarını düşüncə dünyamız çərçivəsində hazırlamaq üçün lazımi qabiliyyətlərə yiyələniblərmi?

Namizədlər bu suallarımıza: “Bəli” – deyə bilir, özlərinə də arxayındırlarsa, ailə qurmağa rahatlıqla təşəbbüs göstərə bilərlər. Amma əksinə namizədlər özlərini idarə etməkdə acizdirlərsə, üç-beş adamla belə yola gedə bilmir, hər gün bir mübahisə, bir söz-söhbət salırlarsa, ailə qurmaq və uşaq yetişdirmək üçün hələlik lazımi səviyyəyə çatmayıblar.

Gözəl gələcəyə çatmaq – bu gələcəyi qurmaq hər bir vətəndaşın məfkurəsi olmalıdır – ideal fərd və ideal ailələrin mövcud olmasından asılıdır. Bəli, belə bir məfkurəni ancaq Kəbə qədər təmiz qəlbə, Everest zirvəsitək uca şəxsiyyətə sahib və hissi dünyası ilə birbaşa Sidrətül-Müntəhaya[1] uzanan şəxslər həyata keçirə bilər. Bu, kirli alınların, pas basmış vicdanların və Mövlaya asi qəlblərin işi deyildir. Bu idealı məhz batini və zahiri bir-birini tamamlayan işıqlı, münəvvər nəsillər Allahın tövfiq və inayəti ilə gerçəkləşdirəcək. Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) Həbbab ibn Ərətə söylədiyi üslubla demək istəyirəm: “Allah (c.c.) bunu lütf edəcəkdir, amma siz də səbəblərə riayət etməlisiniz”.

Alvarlı Efe[2] həzrətlərinə aid bu misralar demək istədiklərimizi çox gözəl ifadə edir:

Sular kimi çağlasan,
Əyyub kimi ağlasan,
Ciyərgahi dağlasan,
Əhvalını sormazmı?
Sən Haqqın qapısında
Canlar fəda eyləsən,
Əmrincə xidmət etsən,
Allah əcrin verməzmi?

Bəli, əgər biz hər an sular kimi çağlayar, başımızı daşdan daşa vuraraq "Varmı yenə getməyə dünyalar?" deyəriksə, hər dayanacaqda, hər mənzildə yeni bir müjdə alar, Allahın inayətini bir daha hiss edər və heç bir şeyə fikir vermədən daima Ona doğru gedərik. Uca Mövla haqqında inancımız, etiqadımız budur. Onun bizlərin hüsnü-zənnini düz çıxaracağına qənaətimiz qəti və imanımız qüvvətlidir.

Biz bu məsələlərə dolayı yolla toxunduq. Nəzərə çatdırmaq istədiyimiz əsas məsələ nəsillərin təlim-tərbiyə mühitinin millətin ruhu ilə bəslənməsi idi. Xatırlayırsınızsa, bir əvvəlki fəsildə ailəmizin bir məktəb, bir tərbiyə ocağına çevrilməsi məsələsini vurğulamış, ana-atanın şəfqət, mərhəmət və riqqətlərini, və ya gələcəkdə övladlarında görmək istədikləri insani davranışları əyani şəkildə ortaya qoymasının zəruriliyini israrla ərz etməyə çalışmışdıq.

1. Hərtərəfli övlad yetişdirmək

Əgər övladlarımızın cəsur və ürəkli olmasını istəyiriksə, onları vampirlərlə, divlərlə, cinlərlə, pərilərlə qorxutmamalıyıq. Onları bütün xoşagəlməz hallara sinə gərən daxili müqavimət hissi ilə güclü yetişdirməliyik.

Uşaqlarımızın imanlı olmasını arzu ediriksə, hərəkət və davranışlardan tutmuş müəyyən məsələlərə həssas yanaşmağa, təbəssümdən oturuş-duruşa, yatıb-qalxmağa, səcdədə, rükuda qıvrım-qıvrım qıvranmaqdan başqa insanlar arasında şəfqətlə tir-tir titrəməyə qədər hər hərəkət və halımızda Allaha iman nümayan olmalı və onların qəlbi bu gördükləri ilə qidalanmalıdır. Bəli, onlar bizi necə görmək istəyirlərsə, elə olmalı, bizi gözdən salan lüzumsuz davranışlardan da uzaq durmalıyıq.

Uşaqlarımızın nəzərində həmişə əziz və uca yerdə dayanmağa çalışmalıyıq ki, ağzımızdan çıxan sözlər onların qəlbində əks-səda tapsın, istəklərimizə qarşı əks reaksiya verməsinlər. Bu baxımdan, yüngülməcaz atalar övladlarına sadəcə dost ola bilərlər, ancaq onların bir müəllim, bir mürəbbi olması və uşaqlarını istədikləri kimi tərbiyə etməsi mümkün deyildir.

Evlərimiz hər zaman bir məktəb, bir məbəd, bir tərbiyə ocağı olmalıdır ki, onların hisləri, ruhları, qəlbləri doysun, cismani arzuların köləsinə çevrilməsinlər.

2. Kiçik yaşdan məscidə alışdırmaq

Rəsulullahın zamanında kiçik uşaqlar belə, hər vaxt məscidə girə bilirdilər. Ancaq, təəssüf ki, bu gün uşaqları məscidə aparmağı məscid ədəbinə zidd sayırıq. Və çox ağrılı haldır ki, demək olar, hər məsciddə uşaqlara zəbani[3] kimi görünən və onları məsciddən ürküdən sərt xasiyyətli yaşlılar olur. Bəzən səthi dini biliyə, dar dünyagörüşü və düşüncəyə malik yaşlı insanlar uşaqlara üzlərini turşutmaqla, qaşlarını çatmaqla məscidin izzətini qoruduqlarını sanırlar. Halbuki onlar bu davranışları ilə uşaqları məsciddən uzaqlaşdırır və Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) sünnəsinə zidd hərəkət etmiş olurlar. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) məsciddə namaz cərgələrinin düzülüşü ilə əlaqədar kişilərin öndə, onların arxasında, əgər varsa, hünsaların, daha sonra uşaqların, sonra da qadınların dayanmasını[4] tövsiyə etmişdir.

Bu düzülüş uşaqların məsciddə camaatın şövqlə, zövqlə namaz qıldığını görüb hiss etməsinə və dini yaşamağa marağının artmasına səbəb olur. Bu baxımdan biz nəinki uşaqları məscidlərdən qovmamalı, ürkütməməli, sərt üz göstərməməli, əksinə imkan varsa, onları hədiyyələrlə qarşılamalı və namaza isindirməliyik. Uşaqlara məscidi, məscidin həyət-bacasını, bağçasını sevdirməli və ibadətgahın müqəddəsliyinə inam hissini daima təravətli saxlamalıyıq. Rəsulullah (sallallahu aleyhi və səlləm) məsciddə camaatın içində namaz qılarkən nəvəsi Həzrət Ümaməni çiyinlərinə alar, əyiləndə yerə qoyar, qalxanda da yenidən çiyinlərinə götürərdi.[5] Bunu külli rəhbərimiz Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) eləməsi bir örnək kimi çox əhəmiyyətlidir.

Rəsulullah (sallallahu aleyhi və səlləm) uşağın məsciddən çıxarılması barədə nə sərt bir cümlə işlətmiş, nə də bir hərəkət eləmişdir. Ona görə də məhəlləmizin gözəl guşəsi bir məscid, evimizin içi də bir namazgah olmalıdır ki, uşaqlar daima Allahı (c.c.) xatırladan nişanələrlə, tablolarla göz-gözə gəlsinlər və özünü ləduni[6] atmosferdə hiss eləyib azad iradə, azad vicdanları ilə öz yollarını seçsinlər. Məsələyə təkcə namaz aspektindən yanaşmalı olsaq, uşaq namaz yaşına çatanda, əgər atası əlindən tutub anasının yanında, səccadənin bir kənarında oturdar və onu əbədi mehraba qəlbən bağlamağı bacararsa, çox önəmli bir işi görmüş olar. Çünki namaz Allaha (c.c.) yönəlmək baxımından mühüm bir ibadətdir.

3. Uşağın suallarını vaxtında cavablandırmaq

Namaz və digər dini mövzularda uşağın bir sıra sualları olur. Bəzən xüsusən özünə qapalı uşaqlar bu cür dini məsələlər barədə suallarını ana və atalarına vermirlər. Bu məsələdə uşağın bir mənada enerjisini boşaltmasına, içindəkiləri açıb-tökməsinə və suallarını soruşub cavab almasına zəmin hazırlamaq lazımdır. Uşağın qəlbindəki suallar onun özü ilə birlikdə böyüyərsə, hər şübhə, hər tərəddüd, izah edilməmiş hər bir dini məsələ zaman keçdikcə ilana, əqrəbə dönüb onu zəhərləyər.

Hətta bəzən bu suallar onun daxili dünyasında bir yara kimi sürətlə böyüyər və bir gün o zavallının mənən axırına çıxar, bizim heç xəbərimiz də olmaz. Hər gün məsciddə sizinlə birgə “Lə iləhə illəllah” dediyini, təsbihini,[7] təqdisini,[8] təhmidini[9] yerinə yetir­diyini görsəniz də, əslində tərəddüdlərinə məğlub olmuş və vəs­və­sə­lərin torunda çırpına-çırpına məhvə sürüklənməkdədir.

Uşağı gələcəyi yaxşı olsun deyə universitetlərin hər hansı bir fakültəsinə göndərəndə ehtimal olunan problemlərini vaxtında aradan qaldırmasanız, cavabsız qalan sualları ucundan bir gün yadların duyğu, düşüncə və davranışlarına "boyanıb" qarşımıza çıxması qaçılmaz olacaq. Bu baxımdan onun əqli, qəlbi və ruhu heç vaxt boş qalmamalı və daima yaşına-başına uyğun bəslənməlidir.

Əvvəllər uşaqlar bizim ruh və məna köklərimizə bağlı mürəbbi və mürəbbiyələrə əmanət edilirdi. Onlar da uşaqların ruh dünyasına yol taparaq dərdlərinə dərman olmağa çalışırdılar. Əslində, bu tərbiyəni valideyn verməlidir. İşdir, əgər bunu edə bilmirsə, o zaman mütləq mədəni mürəbbilər və ya mürəbbiyələr axtarıb tapmalı və evinin işlərini xidmətçilərə gördürdüyü kimi, bu işi də onlara elətdirməli və uşağın hədər olub getməsinə qətiyyən imkan verməməlidir. Əqidənin sağlam bünövrəyə oturmasına, ibadət düşüncəsinin qəlbə hopmasına və gözəl əxlaqın xarakterin bir parçasına çevrilməsinə ancaq bu cür həssaslıqla nail olmaq mümkündür

4. Uşaqların ibadət və duaları görməsinə zəmin hazırlamaq

Evin içində ibadətlərə həm müəyyən bir yer, həm də müəyyən bir zaman ayrılmalıdır. Valideyn və böyüklər evdə beş vaxt namazı mümkünsə, camaatla qılmalı, yaxud da uşağın əlindən tutub məscidə aparmalıdırlar. Bu ikinci hal daha çox ananın namaz qıla bilmədiyi günlərdə çox faydalı ola bilər. Bəli, ana müəyyən günlərdə namaz qıla bilməyəndə uşaqda “Demək, namaz qılmamaq, dua etməmək də olarmış” qənaəti hasil ola bilər. Ona görə də xüsusən belə günlərdə məscidə getmək uşağa məsələnin ciddiyyətini aşılayar.

Təbii ki, bu boşluğu başqa cür də doldurmaq mümkündür: Qadın xüsusi hallarda belə, dəstəmaz alıb namazgahının üstündə oturar, əllərini Mövlaya açıb dua edər. Həm ana namaz qılmış kimi savab qazanar, həm də uşaq ibadətlərə ara verildiyini hiss eləməz”. Fiqh kitablarında belə bir yanaşma da vardır.[10] Bu, təlim-tərbiyə üçün çox əhəmiyyətlidir. Bunun sayəsində uşaq evdə səcdə etməyən alın, ağlamayan göz, duaya qalxmayan əl görməz. Əksinə, hər zaman evdə dini həssaslıq və dərin ibadət şüuru müşahidə edər. Nəticə etibarilə, qadının xüsusi hallarına görə ibadət etmədiyi günlərdə – uşaq məsələnin ruhunu anlayana, siz də izah edib başa salanadək, – onun əlindən tutub məscidə aparmaq daha məqsədəuyğundur.

Bir vaxtlar uşağa xatırlatdığınız şeyləri, gün gələcək o, sizə xatırladacaqdır; əzan oxunduğu zaman zəngli saat kimi: “Ata, namaz!” – deyə xəbərdar edəcək, siz başınız işə qarışıb “Allahu Əkbər” səsini eşitməyəndə onun: “Namaz!” – deyə sizə səsləndiyini görəcəksiniz.

Bundan başqa, günün müəyyən bir saatını Allaha dua etməyə ayırmalısınız, yəni xüsusi dua saatınız olmalıdır. Həmin saatda Möv­lanın hüzurunda hislərinizi dilə gətirib dərdlərinizi ərz eləməli və Uca Yaradanın hər zaman yeganə pənah yeri olduğunu əməli şəkildə göstərməlisiniz. Bu duaları səsli etmək faydalı olar. Rəsuli-Əkrəmdən (sallallahu aleyhi və səlləm) rəvayət edilən duaları səhabələr Onun dilindən eşidib öyrənmişdi. Bunların bir çoxunu Həzrət Aişə (r.a.) nəql edir. Həzrət Əli, Həzrət Həsən və Həzrət Hüseyndən (r.a.) də bu mövzuda rəvayətlər gəlmişdir.

Demək, sizlər də dualarınızı yaxın ətrafınıza eşitdirməklə onların həmin niyazları öyrənməsinə vəsilə ola bilərsiniz. Əgər uşaqlarınızın həssas ürək sahibi olmasını, Allahın (c.c.) adı çəkiləndə tir-tir titrəməsini arzu edirsinizsə, əvvəlcə siz özünüz elə olmalısınız.

Həyatımda elə unudulmaz xatirələr vardır ki, yadıma düşəndə ürpərirəm. Nənəmin Allaha bağlılığının mənə böyük təsiri olub. Onu itirəndə hələ balaca bir uşaq idim, amma yaxşı yadımdadır ki, rəhmətlik atam onun yanında dindən, dəyanətdən bir söz deyəndə, ya da Quran oxuyanda dərhal yerində inildəməyə başlayırdı. Yanında bir dəfə ürəkdən “Allah (c.c.)” desəydiniz, o dəqiqə rəngi­ qaçar, bənizi solar, düz iyirmi dörd saat özünə gəlməzdi. Mənim ruhi-mənəvi tərbiyəmə onun bu halının böyük təsiri olub. Bəli, bu ümmiyə[11] olan, çox oxumamış və İslamı bildiyi qədər yaşamağa çalışan nənəmin o səmimi davranışları, göz yaşları və daxili sızıltıları mənə güclü təsir edib. Böyük adamların yanında bir xeyli olmuşam. Onların coşğun və həyəcanlı söhbətlərini dinləmişəm. Amma nənəmin o tərbiyəedici davranışlarından aldığım dərsi onların heç birindən ala bilməmişəm. Mənə elə gəlir ki, mən müsəlmanlığımı əsasən ona, atamın və anamın səmimiyyətinə borcluyam.

Mövzudan kənara çıxdıq, geriyə qayıdıram... Bəli, evdə valideynin ibadətlərini düzgün tənzim etməsi çox mühümdür. Yuxarıda da qeyd etdiyimiz kimi, günün müəyyən bir saatında Mövlanın qapısına üz tutduğunuzu, “Hüzuruna gəldim” deyib inlədiyinizi, coşub özünüzdən getdiyinizi, xüsusən, uşaqların yanında da Allaha əl açıb səsli dua etdiyinizi onların görüb-eşitməsi çox vacibdir. Onun ən böyük qayələrimizdən biri olan axirət səadəti üçün çırpındığınızı görməsi, axirət yurdunu düşünüb ümidlə ağladığınızı bilməsi heç vaxt yaddaşından silinməyəcəkdir.

Əslində, biz uca Allahı görürmüş kimi ibadət etməyə məcburuq. Rüku, səcdə, qiyamı, qəvamə,[12] və cəlsəmiz[13] həmişə Onu xatırlatmalıdır. Allahın (c.c.) hüzurunda halımızı belə təsvir edə bilərik: Sanki biz Allahla (c.c.) üz-üzə gəlmişik, Uca Yaradan da: “Ey bəndəm, qalx, ömrünün hesabını ver!” – buyurur. Biz də Onun rəhmətini umaraq, əzəmətinə sığınaraq qalxıb qarşısında əl pəncə divan dayanırıq.[14]

Valideynin Rəbbin ululuğunu, özünün kiçikliyini bütün varlığı ilə hiss edərək belə bir qiyamda dayanması onların özü üçün də, ətrafdakı insanlar üçün də təsirli bir xəbərdarlıqdır! Zəif bir hədisdə Rəsuli-Əkrəm (s.a.s.): “Mənim Allahla (c.c.) elə bir anım var ki, o anda nə müqərrəbin mələklər,[15] nə də başqası Mənə yaxınlaşa bilməz”,[16] – buyurur... Bəli, bizim də Mövla ilə aramızda elə bir saat, elə bir işıqlı an olmalıdır ki, o tablonu görən uşaqlarımız da bir gün sövqü-ilahi Rəbbin qapısına yönəlsin. Bəli, o, gələcək həyatında fikir və əməldə yoldan azma təhlükələri ilə nə vaxt üz-üzə gəlsə, şüuraltına həkk olmuş bu tablolar bir xilaskar kimi imdadına yetişəcək.

Bu, müşkül bir şey deyildir, çünki “Yusuf” surəsində Quran, əgər belə demək mümkündürsə, bizə belə bir psixoloji ipucu verir. Düz­dür, biz qadına qarşı Həzrət Yusifin (ə.) ürəyindən nəsə keçdiyini düşünmürük, amma Qurani-Kərim: “Əgər Rəbbinin bürhanını (dəlilini) görməsəydi...” (“Yusuf” surəsi, 12/24) buyurur.

Doğruluğu nə qədər mübahisəli olsa da, böyük müfəssirlərə görə, ayədə işlənən “bürhan” sözü ilə Həzrət Yaqubun (ə.) orada zühur etməsi və əlini təəccüblə dodağına aparıb: “Yusif!”, – deyə səslənməsi nəzərdə tutulmuşdur. Bununla iffət abidəsi Həzrət Yusifi təmkinli olmağa dəvət etmiş, o da: “Allahdan qorxuram!” (“Yusuf” surəsi, 12/23), – demişdi.[17]

Beləliklə, övladlarınızın dar gündə dadına çatmaq üçün sizin o yaşlı gözləriniz və o daxili sızıltılarınız da çox əhəmiyyətlidir. Bunlar uşağın şüuraltına yerləşən elə ölümsüz tablolardır ki, nə vaxtsa günaha meyil etdimi, surətiniz orada zühur edəcək, əlinizi dodağınıza aparıb: “Gözümün işığı, bu nə işdir görürsən?”, – deyəcək və beləliklə, siz ona ömür karvanına əbədi sarban, davranışlarınız da bir inayət əli olacaq, onun dadına yetib hər cür təhlükələrdən qurtaracaqdır.

5. Qurana hörmət

Valideynlərin uşaqlara Quran oxuması və öyrətməsi vacib əhəmiyyət kəsb edir. Quranın Kəlamullah olduğunu onlara aşılamaq və hiss etdirmək ən azı onu oxumaq və öyrətmək qədər mühümdür. Bu gün tez-tez rastlaşdığımız hallardan biri də bəzi adamların Quranı təəssüf ki, ürəkdən deyil, boğazdan yuxarı oxumasıdır. Halbuki, siz Quran oxumaqda da uşaqlarınıza gözəl nümunə ola, onu Rəbbinizin hüzurunda, və ya Rəsulullahın önündə tilavət edirmiş[18] kimi ürək sızıltısı ilə oxuyaraq yaxınlarınızın qəlbini bir daha fəth edə bilərsiniz. Bəli, əgər Quran oxuyanda göz yaşlarınızı saxlaya bilmirsinizsə, uşaqlarınız bu halınızdan çox şey götürəcəkdir. Qənaətimcə, Quranı qəflət içində və ruhsuz oxumaq xalqımızı hissizləşdirməkdən başqa bir şeyə yaramır.

Bir hədisi-şərifdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Quranın ən gözəl tilavəti onun dərin hüzünlə oxunmasıdır”,[19] bir başqa səhih hədisi-şərifdə də: “Bu Quran hüznlə nazil olmuşdur”,[20] – buyurur.

Quran bir çox problemi olan bəşər övladını bir mövzu kimi götürüb işləyirsə (buna şübhə yoxdur), biz də öz halımızla bu hüznü səsləndirməyə borcluyuq. Ancaq buna nail olmaq üçün Quranın nə buyurduğunu anlamaq lazımdır. Qurani-Kərimə Kəlamullah olduğuna görə təzim edə bilərik, ancaq Allahın (c.c.) kəlamını başa düşmək məqsədilə az da olsa, səy göstəmək də yenə ona təzimin bir ifadəsidir. Üstəlik, sizin bu səyləriniz nəticəsində övladınız Qurani-Kərimin mənasını qəlbində və zehnində daha dərindən hiss edəcək, bu mənalarla dolub-daşacaq və ruhi-mənəvi ehtiyacını da aradan qaldırmış olacaq.

Təkcə Qurani-Kərimə aid mənaları öyrənməklə kifayətlənən adam dini yetərincə anlaya və duya bilməz. Qurana heç olmasa bu qə­dər də bağlı olmayanlara gəlincə, onlar tamamilə ziyan içində­dirlər. Bir daha xatırladım ki, Quranın buyruqlarını dərk eləmək üçün ilahi bəyanlarda yatan o qüdsi mənaları öyrənmək və uşaqlara öy­rətmək bir zərurətdir.

Hafiz Münavi yuxarıda verilən hədisi-şərifi şərh edərkən belə bir hadisə danışır:

“Hafizliyini başa vuran kiçik bir uşaq səhərədək Qurani-Kərimi oxuyub xətm edir, namaz qılırmış. Sabah olanda da müəllimin dərsinə gedirmiş. Ancaq rəngi qaçmış, bənizi saralıbmış. Bir gün maddi-mənəvi mürşidi olan müəllimi onun rənginin nə üçün saraldığını o biri tələbələrindən soruşur. Onlar da: “Ustad, o, Qurani-Kərimi sabaha qədər oxuyub xətm edir, səhər açılanadək bir çimir yuxu yatmır. Səhər erkəndən də durub dərsə gəlir,” – deyə cavab verirlər.

Ustad şagirdinin Qurani-Kərimi bu cür oxumasını arzu etmədiyi üçün onu yanına çağırıb: “Quran necə nazil olubsa, elə oxunmalıdır, övladım, – deyir və məsləhət verir, – bu gündən sən Quranı indiyədək oxuduğun kimi deyil, mənim qarşımda dayanıbmış kimi oxu!”

Uşaq gedir, o gecə Qurani-Kərimi oxuyur və səhər üstadının hüzuruna gəlib: “Ustadım, bu gecə Qurani-Kərimi yarıya qədər ancaq oxuya bildim,” – deyir.

Ustadı: “Çox gözəl, bu gecə də elə oxu ki, sanki Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) hüzurundasan!” – deyə yeni tapşırıq verir.

Şagird: “Mən Quranın nazil edildiyi Zatın, Uca Rəsulullahın hü­zurundayam, düzgün oxumalıyam,” – deyə həyəcanlanıb Quranı daha da diqqətlə tilavət edir. Səhər açılıb ustadının yanına gələndə Qurani-Kərimin ancaq dörddə birini oxuya bildiyini deyir.

Ustad da şagirdinin mənən, ruhən irəlilədiyini görüb müridinin dərsini get-gedə çətinləşdirən bir mürşid kimi: “Bu dəfə Qurani-Kərimi elə oxu ki, sanki Cəbrailin (ə.) Rəsuli-Əkrəmə (sallallahu aleyhi və səlləm) vəhy çatdırmasını dinləyirsən!” – deyir.

Səhər açılınca ustadının yanına gələn şagird: “Vallah, ustadım, bu gün ancaq bir surə oxuya bildim,” – deyə nəticəni bildirir. Ustad bu dəfə: “Övladım, indi də onu minlərlə pərdənin arxasında olan Mövlanın hüzurunda oxuyurmuş kimi tilavət et. Təsəvvür et ki, oxuduğunu Rəbbin (c.c.) dinləyir, sənin üçün endirdiyi kəlamı səninlə müqabilə edir,” – tapşırığını verib şagirdi evə göndərir.

Ertəsi gün şagird ustadının yanına gəlib belə deyir: “Ustadım, “Əlhəmdulilləhi rabbil aləmin” dedim, “Məliki yəvmiddin”ə qədər gəldim. Ancaq “İyyəkə nəbudu” deməyə dilim heç cür dönmədi. Çünki bu, “Yalnız Sənə ibadət edirik” deməkdir. Halbuki mən o qədər şeyə qulluq edirəm ki, o qədər şeyə baş əyirəm ki, Onu qarşımda təsəvvür edincə “İyyəkə nəbudu”nu keçə bilmədim”.

Hafiz Münavi həmin şagirdin çox yaşamadığını, bu hadisədən bir-iki gün sonra da vəfat etdiyini yazır. Onu bu məqama gətirən o müdrik və arif ustadı gəlib şagirdinin məzarı başında dayanır, onu dinləyir, onun halına baxır, əhvalını müşahidə edir. Bu vaxt tələbəsindən səs gəlir: “Ustadım, mənə “tayyim” adlı uca bir məqam verildi və sorğu-suala çəkilmədim”.

Ayələrin mənasını diqqətlə, düşünə-düşünə: “Rəbbimin kəlamıdır”, – deyib təzim edərək, hətta üz-gözə sürtə-sürtə, ehtiramla və səmimi hislərlə oxumaq tilavət edəni də, dinləyəni də Quran atmosferinə cəlb edər və səmavilik qapılarını onların üzünə taybatay açar.

Bu mənqibəni sizə danışmaqda məqsədimiz “Belə düşünmürsünüzsə, Quran oxumayın!” demək deyildir. Amma biz İlahi kəlamın müxatəbiyik, yəni o, biz insanlara göndərilmişdir, dolayısilə, “Quranın ayələri bizə nə deyir?”, “Allahın Kitabı hansı həqiqətlərdən xəbər verir?”, “Ruhumuza necə təsir edir?” kimi suallar ətrafında düşünmək də bir vəzifədir. Quran ruhumuzda böyük dəyişikliklər meydana gətirmirsə, şəxsi və ictimai həyatımıza təsir edəcəyini düşünmək də əbəsdir. Biz Quranla dəyişməyi bacarmalı, onun üfüqünə yönəlməli, onun özünəxas dərinliyini hiss etməliyik ki, o da sirlərini könül gözlərimizin önünə sərsin...

Mövzumuza qayıdıram. Bəli, o şagird ölməmiş, Allaha (c.c.) qovuşmuşdu. Quranın təmiz ruhlarda meydana gətirdiyi həyəcandan ürəyi dayanmış və Rəbbin hüzuruna getmişdi. Əlbəttə, orada əbədi həyatla şərəfləndirilmişdi. O, “İyyəkə nəbudu”nu keçə bilməmiş və səhərə qədər hey onu təkrarlamışdı.

Başqa bir adam da oxşar ruh halətini Kəbədə hiss etmişdi. Başını Kəbənin divarına qoyanda öz-özünə: “Ya Rəbb!” – demiş, sonra sanki dili tutulmuş, yerində donub qalmış və “Sənin bunu deməyə haq­qın varmı? Niyə hələ də riyakarlıq edirsən?” düşüncəsi ilə sözünün ardını gətirə bilməmişdi. Bütün bunlar o şəxsin keçirdiyi hislər, bir neçə dəqiqəlik ülvi duyğulardır ki, nə dilə gətirmək, nə də kiməsə hiss etdirmək mümkündür. Bir qədər keçəndən sonra sahibinin belə o hislərə söz libası geyindirməsi müşkül olur.

İndi evimizdə, ailəmizdə bu yolu davam etdirə, bu istiqaməti qoruya bilsək, Qurana könül verdiyimizi, Rəsulullahın (sallallahu aleyhi və səlləm) halqasına daxil olduğumuzu əməllərimizlə göstərə bilsək, uzaq-yaxın ətrafımız yaz yağışından sonra yaşıllaşan çəmənlər kimi sürətlə cana gələr, hər tərəfimizdə “basü badəl-mövt”lər[21] görünər, cəmiyyətimiz gözəllikdə mələkləri və ruhaniləri belə qibtəyə sövq edər.

a. Nifrət oyatmamaq

Yaxın tariximizə nəzər salsaq, bizdə və digər İslam ölkələrində yetişən gənc nəsillərin dini “asanlaşdırın və müjdələyin” məzmunlu bəyanlarından kifayət qədər xəbərdar olmadıqlarını, hətta bu prinsiplərdən xeyli uzaq düşdüklərini görərik. Məsələni səhih qəlb və ağılla araşdırsaq, onun mənanı[22] dərk etməməkdən və çalışıb səy göstərməməkdən irəli gəldiyini görərik.

Bu dövrdə möminlər: “Allaha (c.c.) iman etdik”, – desələr də, bu sözün mahiyyətini dərk edə, xarici dünya ilə daxili aləm arasında əlaqə qura bilməmiş, dinə, dəyanətə aid amilləri vicdanın ənginliyi ilə anlaya bilməmişdilər. Çox ağrılıdır ki, din dərsi məktəblərin proqramına daxil edildiyi vaxtlarda belə, bəzi din və mənəviyyat müəllimləri bu fürsəti fövtə verib Qurani-Kərimi əzbərlətməklə kifayətlənmiş və yanlış təlim metodları tətbiq edərək dinə rəğbəti olmayan uşaqların azacıq dinə hörmət hissinin də kökünü qazımışlar. Bunu əlbəttə, “uşaqlar dindən soyusunlar” deyə etmirdilər, sadəcə əsrlərdir, əl çəkmədiyimiz böyük yanlışlardan birini təkrarlayırdılar...

Şəxsən mən bu gün də Allah-Təalanın bizə bəxş etdiyi imkanlardan kifayət qədər faydalandığımızı sanmıram. Çünki vətən övladı din və dəyanət məsələlərinə dair min bir şübhə və tərəddüdlə qapımıza qədər gəlir. Bu yerdə bizim vəzifəmiz onların şübhələrini aradan qaldırmaq, dini sevdirmək, Allahı (c.c.), ilahi rizanı onların əsas mətləb və qayəsi eləmək, Rəsulullah (sallallahu aleyhi və səlləm) sevgisini ağıl və məntiqlə qəlblərə həkk etmək olduğu halda, bunları bir tərəfə qoyaraq sonrakı mərhələnin işlərini daha vacib saymaqla onları ürküdürük. Halbuki, biz vəzifəmizi yerinə yetirsək, onlar onsuz da bir gün qəlblərindən doğan şövq və iştiyaqla bu işləri görəcəklər.

Bəli, dini bir sıra formal işlərdən ibarət sayıb uşağa bəzi şeyləri əzbərlətməklə kifayətlənsək, onda, Allah qorusun, dinə nifrət hissi oyada bilərik. Nəticədə, bir dərsdə iştirak edibsə, o biri dərsə girmək istəməz. On beş yaşlı gənclərə verdiyimiz yeməkləri altı aylıq uşağa yedirmədiyimiz kimi, müəyyən yaşa çatana qədər də uşağı dini məsələləri əzbərləməyə məcbur etməməliyik. Çox güman ki, iman şüuruna yiyələndikdən sonra özü əzbərləməyə çalışacaq. Mövzunun keçirilməsində sevdirmə, düşündürmə, mənimsətmə və öyrətmə me­todlarından istifadə etmək lazımdır. Bu metodlardan istifadə etmədən o təmiz zehinləri rəqəmlərlə dolduraraq on iki, otuz iki, əlli iki “fərz” deyib bəzi ədədləri əzbərlətmə üsuluna baş vursaq, uşağın beynində bilərək və ya bilməyərəkdən dinə, dini hislərə qarşı nifrət hissi oyatmış olarıq ki, bu da ona açıq-aşkar pislik etmək deməkdir.

Möminlər bu məsələdə diqqətli olmalı və dini uşaqlara hərtərəfli sevdirməli, onların başını kəmiyyət və riyazi məsələlərlə doldurmaq əvəzinə, qəlb və ağıllarının qapılarını məna aləminə, mənəviyyata açmalıdırlar. Onlar Qurana ürəkdən aşiq olub onu öyrənməyi, İlahi məqsədi qavramağı özlərinə ideal seçməli və: “Allahım, mənə dini dərk eləməyi nəsib eylə ki, məqasidi-sübhaniyə[23] vaqif olum, qəlbim Qurani-Kərimin inci mənaları ilə dolub daşsın”, – deyə düşünməli və həyatlarını bu məfkurəyə həsr etməlidirlər.

b. Fərz və nafilə ibadətləri müntəzəm yerinə yetirmək

“Ailənə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. Gözəl aqibət ancaq təqva sahiblərinindir (müttəqilərindir)!” (“Ta-ha” surəsi, 20/132)

Hansı şəraitdə olur-olsun, ana-ata dini vəzifələrini qüsursuz yerinə yetirməlidir. Dolayısilə, uşaq valideynlərinin ibadətlərində heç bir nöqsan görməməlidir. Kainatın Sultanı (sallallahu aleyhi və səlləm) hər gecə təhəccüd namazı qılar, xüsusi vird və zikr edər, gecələr oyananda məxsusi dualar oxuyardı. O, övrad və əzkarı vaxtında oxumayanda, ehiyac olmadığı halda, yenə də bir mənada qəzasını edərdi. Beləliklə, evin içində və çölündə başlatdığı ibadətləri nəyin bahasına olur-olsun tərk etmədiyini açıq şəkildə göstərmiş olurdu.

Səhabələr başladılan bir ibadətin müntəzəm yerinə yetirilməsinin vacibliyini yaxşı anlamışdılar. O dövrün abid və zahidlərindən Abdullah ibn Amr ibn As hər gün oruc tutmaq və sabaha qədər namaz qılmaq istəyirdi. Üstəlik, atası onu evləndirəndən sonra günlərlə həyat yoldaşının yanına getməmişdi. Xanımı bu məsələni qayınatası vasitəsilə Allah Rəsuluna şikayət edəndə Abdullah ibn Amr ibn As Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) hüzuruna getməyə məcbur olmuş və Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də həyat yoldaşının yanına getmədiyinə görə onu tənbeh eləmişdi. O gün Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ondan fərz ibadətlərdən savayı, digər ibadətlərini azaltmasını istəmiş, o isə daha çox ibadət eməkdə israr edib: “Daha çox ibadət edə bilərəm, ya Rəsulallah”, – demişdi. Nəhayət, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onu bir gün oruc tutub, bir gün tutmamağa, gecənin üçdə birini yatıb üçdə birini ibadətlə əhya etməyə razı salmışdı. Ancaq bu möhtərəm səhabənin yaşının xeyli ötdüyü günlərdə başqa bir səhabəyə – Buxari və Müslimin kitablarında – belə dediyini[24] görürük: “Kaş ki Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) məsləhətini qəbul edəydim. Çünki yaş keçəndə ibadətləri bu cür davam etdirmək çox çətindir. Amma yenə də nafilə ibadətlərimə ara vermək fikrində deyiləm. İstəyirəm ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) məni necə qoyub gedibsə, elə də görsün”.[25]

Abdullah ibn Amr gözəl örnəkdir, insan vərdiş elədiyi ibadətləri yarımçıq buraxmamalıdır. Çünki Allah Rəsulu (sallallahu aleyhi və səlləm) da səhih bir hədisində: “Ən fəzilətli ibadət az olsa da, mütəmadi şəkildə yerinə yetiriləndir”,[26] – buyurur. Əgər gücümüz çatmırsa, bir neçə nafilə ibadətə başlayıb bir müddət sonra yarımçıq qoymaqla uşağın gözündən düşmək istəmiriksə, fərzlərdən əlavə, nə qədər bacarırıqsa, o qədər nafilə ilə kifayətlənməliyik. Fərz və sünnətlərdən başqa ibadətə gücümüz çatmırsa, heç olmasa onları vaxtlı-vaxtında və qüsursuz yerinə yetirməliyik.

Əgər təhəccüd qılmağa başlamışıqsa, onu mütləq davam etdirməliyik. Vacib olan vitr namazını[27] uşağın gözü önündə qılmağa ehtiyac varsa, elə qılmalı, gecə yuxudan durub qılmaq daha təsirli olacaqsa, o şəkildə əda etməliyik. Əvvabin[28], işraq[29] və duha[30] namazlarını qılırıqsa, ara verməməliyik. Ara verməməliyik ki, uşaqda “bu ibadətləri bəzən etməmək də olar” kimi bir düşüncə formalaşmasın. Beləliklə, ibadətlərin ciddi şəkildə yerinə yetirilməsi onun mənliyinə, varlığına elə hopar ki, hətta sizin bu istiqamətdə qüsurlarınızı görəndə xəbərdarlıq edib: “Atacan, işraqı qılır, duhanı buraxırsan,” deməkdən çəkinməz. Həmçinin, ibadətlər dərin xüşu və sayğı hissi ilə yerinə yetirilsə, uşağın şüuraltısı gözəl şeylərlə süslənər.

Bura qədər izah etməyə çalışdığımız məsələlər bizim dünyamızın insanlarına aiddir. Bəli, əgər uşaqlarımızın həssas, dindar, şüurlu, ağıllı olmasını və İslamı öyrənməsini arzu ediriksə, bizə görə, bu təlim-tərbiyənin yolu məhz budur. Hər şeyə öz yolu ilə getsəniz, nəticə də əldə edərsiniz. Başqa sözlə, uşağın doğru yolda olmasını və bir həyat tərzinə yiyələnməsini istəyiriksə, bizim də bir yolumuz, üsulumuz olmalıdır. Düşüncə və davranışlarımız həmişə eyni olmalı, bir-birini tamamlamalıdır ki, uşaq da eyni şeyləri görüb götürsün. Bunları yerinə yetirməkdə məqsəd dünya həyatını tənzim etmək, axirət səadətinə çatmaq və uşağın da dünya-axirət səadətinə qovuşmasına vəsilə olmaqdır. Düzdür, bunlar bir pəhriz və həkim tövsiyəsinə oxşayır, amma tətbiqi cansıxıcı olmamalıdır. Dərmanları səhər-axşam bir-birinə qarışdırmadan və vaxtlı-vaxtında qəbul etmək kimi bir şeydir. Beləliklə, siz nizam-intizamlı bir ömür yaşamış olacaq, müvazi davranacaq, evinizə də nizam-intizam gətirəcəksiniz.

Uşaq daima sizlərin baxışında, duyğusunda, oturuşunda, duruşunda sayğı, xüşu, ədəb və hüzur – bunları yeri gəldikcə izah etməyə çalışmışdıq – görməli və ruhu bunlarla qidalanmalıdır.

c. Şəairə[31] hörmət hissi

Bizə görə, bir sıra müqəddəs məfhumlar vardır. Bu məfhumlar da çox müqəddəs mənalar ehtiva edir. “Allah” (c.c.) məfhumu bizim üçün çox müqəddəs olub və imanın bir əsasıdır. Allaha (c.c.) inanmayan bir insan İslami və imani həyatdan məhrumdur. Əsla unutmamalıyıq ki, bu uca və ucalığı qədər də müqəddəs məfhumun müəyyən yaşdan sonra – ümumi götürsək, bu dövrün başlanğıcı 7-9 yaş olaraq qəbul edilir – uşaqların ağıl və qəlbinə həkk olmasını, onların bütün xəyal və düşüncə aləmini əhatə etməsini təmin et­məklə mükəlləfik. Bir ailədə tez-tez Rəsulullahdan söz açılarsa, tez-tez Rəsulullah yad edilərsə, o evin uşağı da Onun (sallallahu aleyhi və səlləm) xəyalı ilə yaşayar. Əgər bir evdə yalnız kino aktyorlarından danışılırsa və uşağın gözləri önündə elə hey filmlər canlanırsa, onun xəyal dünyasını da bəzi aktyorlar zəbt edəcək. Soruşsanız, çoxlu idmançı, musiqiçi və aktyor adlarını sayar, amma bəlkə də heç dörd səhabənin adını bilmir. Nəticə etibarilə, hafizə və şüuraltı o qədər də faydalı olmayan, eyni zamanda xəyalın fisqinə[32] yol açan bu lüzumsuz şeylərlə ağzınacan dolur.

Dində müqəddəs sayılan hər şey düşüncə və davranışlarımızda da müqəddəs dəyərlər kimi layiqli yerini tutmalıdır. Məsələn, Kəbə müqəddəs bir məkandır. Siz də uşağın yanında Kəbədən danışarkən ona böyük ehtiram göstərməlisiniz. Kəbə sərhədlərinə ayaq basanda, və ya Mədinəyə yaxınlaşanda hər addımı ehtiramla atmalıyıq. Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) gəzdiyi yerlərdə İmam Malik kimi “Burada ayaqqabı ilə və ya miniklə gəzmək olmaz” düşüncəsi ilə hərəkət eləməliyik. Böyük alim İmam Malik uzaq yerdən Məscidi-Nəbəviyə və ya başqa bir məscidə hədis dərsi qiraət və tilavətinə gedəndə, yaxud da Mədinə bölgəsinə qədəm qoyanda miniyindən düşər, “Burada piyada getmək lazımdır” deyərdi. Əlbəttə, bu hörməti görən uşaq da Rövzeyi-Tahirə[33] və onun Sahibinə ehtiram hissi ilə dolub daşar.

Qurani-Kərim üçün də eyni sözləri demək olar. “Kim Allahın şəairinə hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır)” (“Həcc” surəsi, 22/32) buyurulur. Şəairə hörmət­ etmək qəlbin təqvasındandır. Qəlbin təqvası isə qəlbin Allahı (c.c.) tanıması, tanıdığı böyük Allaha (c.c.) ehtiramla yönəlməsi, Ona sı­ğın­ması, Ona itaət etməsi və üluhiyyət həqiqətini qavraması ilə mümkündür. Şəairə hörmət həyati əhəmiyyət daşıyır. Məsələn, şəair sayılan məscidi uşağın nəzərində elə müqəddəsləşdirməliyik ki, Allaha (c.c.) gedən bütün yolların oradan keçdiyini düşünməlidir. Uşaq müəzzinin ecazkar səsi ilə minarələrdən yüksələn “Allahu əkbər!” sədasından riqqətə gəlməli, o sözləri qeyri-ixtiyari təkrar etməli, əzan oxunub qurtarandan sonra da əllərini qaldıraraq: “Allahummə rabbə həzihiddəavətit-təmməti vəs-salətil-qaiməti, əti seyyidənə Muhəmmədənil-vəsilətə vəl-fədilətə vəbashu məqamən mahmudənilləzi vəadtəhu innəkə lə tuxliful-miəd”, yəni “Ey bu kamil dəvətin və qılınacaq namazın Rəbbi Allahım! Məhəmmədə (sallallahu aleyhi və səlləm) Haqqa yaxınlaşmağı, Cənnətə və ondan da uca məqama çatmağı lütf et və Onu Ona vəd etdiyin Məqami-Mahmuda yüksəlt. Şübhəsiz ki, Sən vədini yerinə yetirənsən!”[34] – deyib qəlbinin səsini dilləndirməlidir.

Xülasə, əgər Allaha inanır, Onu seviriksə, qəlbimizdə təqva və şəairə ehtiram hissi varsa, bu hislərimizi uşağın könül badəsinə boşaltmalı, Allahın böyüklüyünü göstərməli, sevdirməli və o mütləq Məbuddan başqa Məhbub, Məqsud, Mətlub olmadığını onun bütün varlığına işləməliyik. Təbəraninin Əbu Ümaməyə istinadən nəql etdiyi bir hədisi-şərifdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm): “Allahı Onun bəndələrinə sevdirin ki, Allah da sizi sevsin”,[35] – buyurmuşdur. Allahı (c.c.) sevmək Onu yaxşı tanımaqla mümkündür, çünki insan tanıdığını, bildiyini sevir, bilmədiyinə də düşmən olur. Dinsizlər, yaxud da ateistlər Allahı (c.c.) tanımadıqları üçün Ona düşməndirlər, əgər tanısaydılar, sevərdilər.

Qurani-Kərimdə Allah (c.c.): “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım!” (“Zariyat” surəsi, 51/56) deyə fərman edir. İbn Abbas və Mücahid (Allah onlardan razı olsun) buradakı “Mənə ibadət etsinlər deyə” (liyabuduun) sözünü “Məni tanısınlar, bilsinlər”[36] (liyarifuun) şəklində təfsir edir. Deməli, Allahı tanımaq Ona ibadətlə, tanımamaq nankorluqla nəticələnir. O halda əvvəlcə biz tanıtmalıyıq ki, uşaq da Rəbbini tanısın, qəlbi bu hislə dolub daşsın və Allaha (c.c.) sayğılı ola bilsin. Ancaq hər səviyyənin öz üsul və metodu vardır. Allahı (c.c.) uşaqlara onların yaşına-başına uyğun tanıtmaq lazımdır. Müəyyən bir yaşda süfrəyə düzülən nemətlərin Allah tərəfindən bəxş edildiyini dəlilsiz-sübutsuz, mücərrəd şəkildə çatdırmaq bəzən kifayət edir. Daha böyük yaşda isə insanların, heyvanların, ağacların həsrətlə gözlədiyi yağışın göydən Onun inayəti ilə yağdığını, o yağmur damlalarının Allahın rəhmətindən axıb gəldiyini başa salmaq lazım gəlir. Bir az da böyüyəndən sonra Allahın dənizlərdə, çaylarda yaratdığı buxarlanma qanununu, havada yağmurun damcı-damcı tökülmə qanununu və bütün bunların qətiyyən təsadüf olmadığını, hər şeyin Allahın inayəti ilə baş verdiyini izah eləməyə ehtiyac duyulur. Daha yuxarı səviyyəli uşaqlara isə Allah-Təala təbiət elmlərinin fakt və arqumentləri vasitəsilə tanıdılmalı və sevdirilməlidir.

Bir hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:

“Allahın sizə verdiyi nemətlərin müqabilində Onu (c.c.) sevin. Məni də Allahın (c.c.) elçisi olduğuma görə, Allah (c.c.) üçün sevin. Əhli-Beytimi də məni sevdiyiniz üçün sevin”.[37]

Üsulunu tapa bilsək, əslində bu sevmək və sevdirmək çox da çətin bir iş deyildir. Uşaqlara bir sıra lüzumsuz kitablar yerinə, Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) siyərini[38] oxuda bilsək və onların əlinə heç olmazsa Məhəmməd Yusuf Qandəhləvinin “Həyatus-Sahabə” əsəri kimi dolğun bir kitab versək, Rəsululullahı (salallahu aleyhi və səlləm), səhabələri və onların övladlarını tanımaq imkanı əldə edəcək və onları özlərinə qəhrəman seçəcək, onların yolu ilə getməyə, onlara oxşamağa, Həzrət Həmzə kimi cəsur, Həzrət Əli kimi şahi-mərdan,[39] Həzrət Əbu Bəkir kimi sədaqətli, Həzrət Faruqi-Əzəm[40]kimi son dərəcə adil olmağa çalışacaqlar. Onlara Allahın (c.c.) minlərlə riza və rizvanı olsun..!

Bəli, Qurani-Kərimi, Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) siyərini və əshabi-kiramın həyatına aid məqazi[41] kitablarını evin baş yerində saxlamaq və uşaqların o kitablarla həmhal olmasını təmin etmək və onlara ulu babalarımızı, tarixi qəhrəmanlarımızı sevdirmək çox əhəmiyyətlidir.

Burada diqqətinizi bir məqama cəlb etmək istəyirəm. Fəlsəfi biçimdə və əqli yollarla əqidəmizdə hasil olan tərəddüdləri, şübhələri aradan qaldırmaq üçün müxtəlif dəlillərə müraciət etmək məntiqin, fikrin tələbi olsa da, bəzən mücərrəd məntiqə ilişib qalmaq insanın mənəvi həyatına zərər yetirib onu ümidsizliyə sala bilər. İnsan ağıla və fikrə aid vəzifələri və bunlarla əlaqədar bütün funksiyaları yerinə yetirdikdən sonra, praktik həyatda bu duyğu və düşüncələrin necə meydana gəldiyinə dair misalları araşdırmağa başlayır. Buna görə də siz fizikanın, kimyanın, astronomiyanın dili ilə Allahın (c.c.) varlığına və birliyinə aid minlərlə afaqi[42] və ənfüsi[43] (zahiri və batini) dəlillərdən tutub yuxarıdan uzanan nurani bir nərdivanla səmalara çıxsanız da, praktiki həyatdan nümunələr verə bilmir və uşağın da ağlı bunları kəsmirsə, aşıladığınız dini düşüncələri fəlsəfi nəzəriyyələr kimi qəbul edər.

İzah elədiyiniz, və ya edəcəyiniz dəyər hökmlərinin və milli mə­ziyyətlərin tarixin müəyyən dövrlərində yaşandığını göstərə bilmirsinizsə, bunlar bəzilərinə utopiya kimi görünə bilər. Siz bu dəyərlərin yaşandığını və yaşanmasının mümkünlüyünü nümunələrlə göstərməyə məcbursunuz.

Yaxın vaxtlaradək bizim qəlbimizdə və ağlımızda belə bunların mümkünlüyü ilə bağlı xeyli tərəddüd var idi və “Bu hadisələr, bəlkə də, olmuşdur, amma dünya bunları bir dəfə görmüşdür, bir daha görməsi və ya yaşaması çox çətindir, hətta bir az da utopik gəlir” fikri kütləvi xəstəlik kimi geniş yayılmışdı. Halbuki, Allahı, Peyğəmbəri tanıyan, Uca Yaradanı və Onun Nəbisini qəlbən sevən gəncləri görəndə artıq yer üzünün səhabə kimi bir nəsli bir daha görməsinin mümkünlüyünə ürəkdən inanırıq. Nəslərdə də əksini tapan işarə və xəbərlər çərçivəsində Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) “Qəriblər” deyə vəsf etdiyi[44] səhabəyə bənzər bir camaatın yaşayıb­ İslamiyyəti kamilliyin ən yüksək mərtəbəsinə çıxaracağına bütün var­lığımızla inanırıq.

Ayeyi-təkviniyəyə nə qədər vaqifsinizsə, qəlbinizin təqvası, Allaha (c.c.) sevginiz, sayğınız, həmçinin məscid, məbəd kimi şəairə ehtiramınız, bu çərçivədə ortaya qoyduğunuz davranışlar da uşağın nəzərində bir o qədər böyük və müqəddəs görünməyə başlayar və bütün bunlar onu Allahın (c.c.) hüzuruna, Ona ibadətə dəvət edər. Yeri gelmişkən, Yəhya Kamalın bu təqdirəlayiq misralarını xatırlatmaq istəyirik:

Əmri-büləndsən, ey əzani-Məhəmmədi,
Kafi deyil sadana cahani-Məhəmmədi.
Sultan Səlimi-Əvvəli ram etməyib əcəl,
Fəth etməliydi aləmi şani-Məhəmmədi.
Göy nura qərq olur neçə yüz min minarədən,
Şəhbal açınca[45] ruhi-rəvani-Məhəmmədi[46]
Cümlə ərvah[47] görür Allahu Əkbəri
Əks eyləyincə ərşə lisani-Məhəmmədi.

Əzan müsəlmanlığın ülvi duyğularının ən mühüm simvollarından biri və namazdan əvvəl diqqəti cəmləmə vasitəsidir. Eyni zamanda, Allaha bir ibadət kimi namazın böyüklüyünün izharı, Onun çağırışı və dəvətidir. Siz uşaqlarınızı bu duyğularla yetişdirsəniz, onlar da əzanı eşidəndə həyəcanlanar, gözləri dolar, qəlbləri cuşa gələr, məxafət və məhəbbət hissi ilə tir-tir titrərlər. Dədə-babalarımızın bizim üçün, sələflərinin də onlar üçün gördükləri bu işi, bu vəzifəni bu qədər sarsıntı və ləngimələrə baxmayaraq, yenə də hamımız birlikdə əhya edəcəyik. Bəli, şəairi elan edəcək, onun dəyərini gələcək nəslə göstərəcək, Allahı, Rəsulunu və Qurani-Kərimi hər kəsə sevdirəcəyik.

Yekun olaraq; evdə ibadətlərimizi kəm-kəsirsiz yerinə yetirməli, din və dəyanət haqda övladlarımızın beyninə düşən şübhə və tərəddüdləri vaxt itirmədən aradan qaldırmalıyıq. Evimizin içində günün müəyyən saatında, anında bütün varlığımızla Allaha üz tutmalı, ümidli gözlərlə Rəbbin dərgahına pənah aparmalı, hüznlə dolub-daşmalı və ilahi rəhmətin başımıza şarhaşarla yağdığını hiss eləməliyik. Uşaq və evin xanımı o saatlarda sanki Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) evimizə qonaq gəldiyini az-çox hiss eləməlidir.

Məhz bunlardır sizin ibadət və əqidə həyatınızda uşağa mənimsətdiyiniz böyük və qiymətli dəyərlər! Övladınız gələcək həyatında bunların bəhrəsini bir-bir görəcək, eşidəcək və sizə minnətdarlıqla dua edəcəkdir.

Şəairə təzim etmək mahiyyətcə böyük olan, dinin böyük qəbul etdiyi və sizin də böyük gördüyünüz dəyərləri həm söz, həm də əməllə böyük göstərmək deməkdir. O Ulular Ulusu, O Böyüklər Böyüyü onların nəzərində əzan sədası ilə, “Allahu Əkbər” həqiqəti ilə pərvazlanacaq, ruh dünyalarında bayraqtək dalğalanacaq, qəlblərini sis kimi bürüyəcək, siz də bu gözəlliklərə baxıb taleyinizə təbəssüm edəcəksiniz.

[1]  Sidrətül-müntəha – Yaradılan aləmlərin sona çatdığı yer. Buradan sonra mənəvi aləmlər başlayır.
[2]  Alvarlı Efe həzərtləri (1868-1956) – Ərzurumda doğulub boya-başa çatmış, orada da yaşayıb vəfat etmiş mənəviyyat böyüklərindən, Haqq aşiqlərindən biridir. Ərzurumlular arasında “Efe həzrətləri,” ya da qısa olaraq “Efe” kimi tanınmış Alvarlı Efe həzrətlərinin əsl adı Məhəmməd, ləqəbi isə Lütfidir. M. Fəthullah Gülənin həyatında, bir İslam alim və mütəfəkkiri kimi yetişməsində böyük təsiri olmuşdur.
[3]  Zəbani – Cəhənnəmdə məxsusi vəzifəsi olan mələk.
[4]  Bax: Zühsyli, “İslam fiqhi ensiklopediyası”, 2/352-353.
[5]  Nəsayi, “Səhiv”, 13; “Müvətta”, “Salət”, 85.
[6]  Lədunilik – Allah-Təala tərəfindən insanın batininə müsətsna şəkildə ehsan edilənlər.
[7]  Təsbih – Subhənallah demək. Allah-Təalanı (c.c.) şəninə layiq ifadələrlə yad etmək. Yəni: Allahın zatı, sifəti və əfalının cümlə nöqsandan pak olduğunu söyləməkdir.
[8]  Təqdis – Allah-Təalanın qüsursuz, pak və nöqsansız olduğunu bildirmək, demək və Allaha (C.C.) şükür etmək.
[9]  Təhmid – (“Həmd”dəndir) Həmd etmək. Mədh etmək, öymək. “Əlhəm­düllillah” sözünün mənasını ifadə etmək.
[10]  İbn Abidin, “Rəddül-muxtar”, 1/291
[11]  Ümmi (ümmiyə – qadın cinsi) – Anadan doğulduğu kimi qalmış və təhsil al­mamış, məktəb və mədrəsə görməmiş adam. Mənəvi baxımdan heç bir mənfi tə­sir altına düşməmiş, saf, təmiz.
[12]  Qəvamə – namazda rükudan qalxdıqdan sonra səcdəyə getməzdən əvvəl ayaq üstə dayanmaq deməkdir. Qəvamə namazın tədili-ərkanlarındandır.
[13]  Cəlsə – “Namazda iki səcdə arasında bir qədər hərəkətsiz oturmaq” deməkdir.
[14]  Əl-pəncə divan dayanmaq – Rəbbin qarşısında bir kölə kimi, sağ əli sol əlin biləyinin üstünə qoyub başıaşağı dayanaraq namaz qılmağa işarə edilir. Namazda bu hərəkətin adı “qiyam”dır.
[15]  Müqərrəbin mələklər – Yaxınlaşdırılmış mələklər deməkdir. Müqərrəb mə­ləklər şərəfi, dəyəri və fəziləti etibarilə Allaha yaxın olan mələklərdir. Quranda: "İsa əl-Məsih də, yaxın mələklər də Allaha qul olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!" (“Nisa” surəsi, 4/172) deyilərək bu mələklər öyülmüşlər. Allahın ərşini daşıyan və ərşin ətrafında olan mələklər Cəbrail, Mikail və İsrafil də müqərrəb mələklərdir.
[16]  Acluni, “Kəşfül-xəfa”, 2/173-174
[17]  İbn Kəsir, “Təfsirül-Quran”, 4/308-309.
[18]  Tilavət etmək – Oxumaq, birinin müşayiəti ilə oxumaq.
[19]  Münavi, “Feyzül-qadir”, 2/529.
[20]  İbn Macə, “İqamə”, 176.
[21]  Basü badəl-mövt – Öldükdən sonra təkrar dirilmək, diriltmək. “Ruhi mə­nəvi diriliş” mənasında.
[22]  Məna – Burada məsələlərin mahiyyəti nəzərdə tutulur.
[23]  Məqasidi-sübhaniyə – hər cür qüsurdan uzaq olan Allahın kainatı yaratmaqda məqsədləri. İlahi məqsədlər.
[24]  Buxari, “Savm”, 55; “Fəzailul-Quran”, 34; Müslim, “Siyam”, 182.
[25]  Əbu Nuaym, “Hilyə,” 1/285-286.
[26]  Buxari, “İmam”, 32; “Riqaq”, 18; Müslim, “Müsafirin”, 216, 218; “Münafiqin”, 78; Əbu Davud, “Tatavvu”, 27; Nəsayi, “Qiyamül-leyl”, 19; İbn Macə, “Zühd”, 28.
[27]  Vitri-vacib – Hənəfi məzhəbinə görə yatmazdan əvvəl qılınan vitr namazı vacibdir.
[28]  Əvvabin namazı – Axşam namazının sünnətindən sonra qılınan nafilə namazı. Əsasən dörd rükət qılınır.
[29]  İşraq namazı – Günəş çıxandan 40-45 dəqiqə sonra, quşluq vaxtının başlanğıcında qılınan nafilə namazı.
[30]  Duha namazı – Səhər kərahət vaxtının çıxmasından başlayaraq günorta kərahət vaxtı girənədək, yəni duha (quşluq) vaxtı qılınan nafilə namaz. Deyək ki, günəş saat 07:10-də çıxır, günorta namazının vaxtı saat 14:00-da girir. O halda səhərin kərahət vaxtı 07:10-07:50/08:00 arası, günortanın kərahət vaxtı isə 13:20/30-14:00 arasıdır. Duha vaxtı isə 08:00-la13:20 arasında qalan vaxtdır.
[31]  Şəair – Allahı anmaq, həmd etmək, əzan oxumaq, İslami libas və s. Bunlara şəairi-İslamiyyə deyilir. Şəair bütün müsəlmanlara aid olan məsələlər və əlamətlərdir.
[32]  Fisq – Həddi aşmaq. Günah. Haqdan ayrılmaq. Fiqhi: Allahın əmrlərindən çıxmaq və Ona üsyan etmək, doğru yoldan çıxıb azmaq. Belə adamlara şəriət istilahında “fasiq” deyirlər. Xəyalın fisqi − xəyalların günaha girməsi, xəyal dünyasının Haqdan uzaqlaşması.
[33]  Rövzeyi-Tahirə − Mədinədə Məscidi-Nəbəvinin içində olub Rəsulullahın türbəsi ilə minbəri arasına verilən ad. Bu adı şəxsən Peyğəmbərimiz vermiş və belə buyurmuşdur: "Mənim məzarımla minbərimin arası Cənnətin bir baxçasıdır".
[34]  Buxari, “Əzan”, 8; “Təfsirü-surə”, (17) 11; Tirmizi, “Salət”, 43; Nəsai, “Əzan”, 38; İbn Macə, “Əzan”, 4.
[35]  Təbərani, “Mücəmül-kəbir”, 8/90; Əli əl-Müttəqi, “Kənzül-ümmal”, 15/777.
[36]  Kurtubi, “Əl-camiu li əhkamil-Quran”, 17/55.
[37]  Tirmizi, “Mənaqib”, 31.
[38]  Siyər – Peyğəmbərimizin (s.a.s.) həyatı və peyğəmbərliyi, əxlaqından bəhs edən kitab, əsər, tarixi məlumatlar.
[39]  Şahi-mərdan − Həzrət Əlinin (r.a.) bir ünvanı olub "Mərdlərin, igidlərin şahı" mənasına gəlir.
[40]  Faruqi-əzəm − Həzrət Ömərin (r.a.) ləqəbi olub "Haqq ilə batilin arasını ayıran" mənasına gəlir.
[41]  Məqazi – Peyğəmbərimizin hərbi səfərləri ilə bağlı rəvayətlərə və bu rəvayətlərdən ibarət kitablara verilən addır.
[42]  Afaqi – Kainat və kainatda cərəyan edən hadisələrə aid. Xarici aləm.
[43]  Ənfusi – İnsanın daxili dünyası, daxili aləmə aid
[44]  Müslim, “İman”, 232; Tirmizi, “İman”, 13
[45]  Şəhbal açmaq – Lüğəvi mənası “Qanaddakı ən uzun tük” deməkdir. Burada “qanad açmaq” mənasında işlədilir.
[46]  Ruhi-rəvani-Məhəmmədi – Məhəmmədi ruhun dirçəlişi, intişar tapması
[47]  Ərvah – Ruhlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.