Bu hərəkat bir şəxsə aid edilməməli
Dr. Nina Nazirova: Son illərdə Rusiya mətbuatında “Fəthullah Gülən Hərəkatı” haqqında bir çox xəbər yayımlandı. Hərəkat haqqında məlumat verə bilərsiniz? Hərəkatın qanuni qeydiyyatı, müəyyən edilmiş proqramı varmı? Fəaliyyət prinsipləri nədir?
Fəthullah Gülən: Bu gün “hərəkat” deyiləndə daha çox ictimai, hətta siyasi hərəkatlar nəzərdə tutulur. Mənim adımla adlandırılan, adıma istinad edilən bir hərəkatdan danışmaq doğru deyil. Amma bəzi fəaliyyətləri müəyyən etmə mənasında, yəni mütləq bir ad altında danışmaq lazımdırsa, o zaman bir “hərəkat”dan bəhs etmək olar. Lakin bu hərəkatı adımla bağlayıb “Fəthullah Gülən Hərəkatı” kimi ifadə etməyin həm doğru olmadığını, həm də insanlara qarşı bir ədalətsizlik olacağını qeyd etməyi özümə borc bilirəm. Çünki bu hərəkatda fəqirin (özünü nəzərdə tutur) rolu çox cüzi; ortada bir liderlik, bir mərkəz, mərkəzə bağlılıq və təşkilat yoxdur. Əlbəttə, həm həyatınızın qayəsi hesab etdiyiniz Yaradana qulluq üçün, həm axirətiniz üçün, həm də insan olaraq öz ölkənizdən başlayaraq bəşəriyyətə xidmət naminə bir yol tərif edilir. Ancaq bu, insanları bir yerə yığaraq, bir mərkəz quraraq, rəsmi bir müəssisə təşkil edərək edilmir. Rəsmi bir vaiz olaraq camelərdə, məscidlərdə vəzlərlə, mülki bir vətəndaş olaraq yazılarla ifadə edilir. Demək olar ki, çoxu eyni tərzdə düşünən bir dəstə insan deyilənlərə, yazılanlara etimad göstərib etibar edir və bu şəkildə bir “könüllülər hərəkatı” ortaya çıxır. Bir yerdə əldə edilən müvəffəqiyyət başqa yerlərdə də insanları eyni amal uğrunda birləşib oxşar işlər görməsinə səbəb olur. Beləcə mərkəzi bir quruluşu, təşkilatı, nizamnaməsi, rəsmi qeydiyyatı olmayan, olması da lazım olmayan bir “riza (Allahın razılığı) bazarı” şəklində tamamilə insanların könüllü iştirakı ilə bağlı bir xidmət, fəaliyyət ortaya çıxır. Çox təbii olaraq bəziləri sizə olan hüsn-rəğbətinə görə arabir fikirlərinizə müraciət edir vəya siz düşüncələrinizi bu günün informasiya vasitələri ilə müəyyən formalarda ifadə edirsiniz. O ki qaldı, hərəkatın əsaslandığı təməl prinsip məsələsi, o da sizə (özünü nəzərdə tutur) aid deyil. Bu, ilk insandan başlayaraq və insanlar tərəfindən müsbət qarşılanmış bir çox filosofun, mütəfəkkirin, dini və elmi rəhbərlərin təkrar etdiyi bir şeydir; siz də bunu zamana görə, dövrün şərtlərinə uyğun təqdim etməyə çalışırsınız. Bundan başqa, bir çox insan, alim, bir çox filosof və mütəfəkkir də bu fikrə müəyyən səviyyədə dəstək verir, yanlışları düzəldir və nəticə olaraq hərəkat yalnız bir şəxsə aid olmur. Kollektiv ağılın, kollektiv ruhun istiqamət verdiyi və cəmiyyətin, cəmiyyətlərin hər təbəqəsindən fərqli inancı, həyat tərzi, düşüncə forması, olan müxtəlif millətlərə və dövlətlərə mənsub insanların iştirak etdiyi kollektiv bir hərəkat ortaya çıxır.
Hərəkatın rəsmi mənada fəaliyyət prinsiplərindən danışmaq mümkün deyildir. Amma müsəlman olaraq insanlığa xidmət edərkən bəzi zəruri təməl prinsiplərə təmas etsək, – hansı ki bunları uzun illərdir yazılarımda və çıxışlarımda dilə gətirməyə çalışıram, –bunların başında;
Yaradan (rizası) üçün Allahın ən mükəmməl güzgüsü olan insan başda olmaqla bütün məxluqatı sevmək; bütün canlıları şəfqət və mərhəmətlə qucaqlamaq; könlünü ümman edib hər kəsə açmaq; könlündə hər kəsə bir yer vermək; gözdən, könüldən iraq hər kədərli qəlbə əl uzatmağı qayəyə çevirmək; yaşatmaq amacı ilə yaşamaq arzusundan vaz keçmək; dinindən, inancından, rəngindən, irqindən və millətindən asılı olmayaraq, hər kəsi olduğu kimi qəbul edib dialoqa girmək; zorakılığa, hiddətə yer vermədən qəlblərin sultanlığını əsas götürmək; neqativ hərəkətləri, düşmənçilikləri “Sənə edilən düşmənçiliyə ən gözəl şəkildə qarşılıq ver; daima əfv və yumuşaqlıq yolunu tut; cahil davranışlara fikir vermə, onları gözəl qarşıla və hər kəs üçün yaxşılıq dilə” İlahi bəyan istiqamətində qarşılamaq; ortaya qoyulan xidmətlərdə heç kimdən əvəz gözləməmək, hər şeyi Allahın razılığı- Allah rizası üçün etmək və bir insani vəzifəni yerinə yetirmək olaraq bilmək... və buna bənzər prinsiplər gəlir. Bunlar da şəxsən fəqirin ortaya qoyduğu prinsiplər deyil. Bütün peyğəmbərlər əsasən bu prinsiplərlə göndərilmişdir; tarixdə qəlblərə və zehinlərə xitab edən bütün həqiqi mütəfəkkir və filosoflar, böyük mürşidlər bunları dilə gətirmişdir; İlahi kitablar bu prinsiplərlə doludur.
Dr. Nina Nazirova: Türkiyə səyahətimizdə “Gülən məktəbləri” deyilən məktəbləri ziyarət etdik. “Gülən məktəbləri”ni necə tərif edərdiniz?
Fəthullah Gülən: Yenə icazənizlə bu məktəblərə “Gülən məktəbləri” deyil, könüllü xidmət müsəssisələrin açdığı və harada olsalar, o yerin, o ölkənin rəsmi tədris proqramına uyğun fəaliyyət göstərən özəl məktəblər demək daha doğru olar. Bu məktəbləri başqalarından ayıran bir neçə xüsus haqqında danışa bilərik: İnsan düşüncələrində tarazlığı müəyyən edib oturuşdurana qədər ifrat-təfrit qütbləri arasında var-gəldən qurtula bilməz. Nə üçün bu baş verir? Çünki Yaradan insana verdiyi istedadlara sərhəd qoymayıb və ona sərbəstlik verib. İnsan bunları istifadə edərək düşünəcək, öyrənəcək və bu şəkildə yaradılışındakı istedadlar hərəkətə keçib bir xüsusiyyət, qabiliyyət şəklini alacaq; nəticədə insan əqlən yetişəcək, yeni-yeni kəşflər edəcək, elmi araşdırmalar aparacaq. Əlbəttə, bu, bir prosesdir və bu şəkildə öyrənib inkişaf etmək bütün insan ömrünü əhatə edir. Xüsusilə, müasir dövrdə ortaya çıxan bir çox cərəyanlarda, siyasi, ictimai ideologiyalarda ifrat-təfrit qütblərindən birinə meyillənmələrə çox rast gəlinir. Məsələn, fəlsəfədə rasionalizmin, idealizmin, materializmin, spiritualizmin, yəni hər fəlsəfi cərəyanın təmsil etdiyi bir doğru vardır. Lakin bu doğru yeganə doğru olaraq qəbul edilib ən doğrunun yerinə qoyulunca bu dəfə başqa axınların meydana çıxması labüd olur. Eyni şeyləri pedoqoqika üçün də söyləmək olar. Məhz buna görə pedoqoqikada da bir-birinə zidd cərəyanlar meydana gəlir və bu axınlar fəlsəfi, siyasi, ideoloji qütbləşmənin təsirindən çıxa (xilas ola) bilmirlər. Ola bilsin ki, qeyd etdiyiniz məktəblər bu cür fəlsəfi, hətta siyasi təsirlər altında qütbləşmələrə meyillənmədən, ifrata varmadan təlim və tərbiyəni əsas götürüb ortaq doğruları (həqiqətləri) ön planda tutur.
İkinci olaraq; bu məktəblər təlim və tərbiyəni əsas götürdüyü, təlim və tərbiyəni insan yaradılışının ən başlıca ünsürü kimi gördüyü, onu hər hansı fikri, siyasi, dini qütbləşmələrə alət etməyi düşünmədiyi və “insanlıq” adlı ortaq məxrəcə xitab etdiyi üçün demək olar ki, açıldıqları hər yerdə fərqli inanc, fərqli irq və fərqli coğrafiyanın insanları tərəfindən hüsn-rəğbətlə qarşılanmışdır.
Üçüncü olaraq; əxlaq haqqında bəzi fəlsəfi diskussiyalar nə, necə olur-olsun, o, insanın əsas xarakterini təyin edir. Ona görə də təməl əxlaqi dəyərlər və düsturlar hər zaman, hər yerdə əsasən eyni qalmışdı. Doğruluq, mərhəmət, şəfqət, sevgi, insana hörmət, insana və digər bütün canlılara qarşılıqsız və bir borc bilərək xidmət etmək, sədaqət, etibarlılıq, həlimlik, hər kəslə dialoq, aldatmamaq, ailə və ailə dəyərlərinə lazımi qiymət vermək, yaxşı işlərdə köməkləşmək, pisliklərdən çəkinmək və təvazökarlıq kimi dəyərləri digər tərəfdən təkəbbür, lovğalanmaq, eqoistlik, başqalarını alçaltmaq, qeybət, dedi-qodu, iftira, sui-zənn (pis düşüncə) kimi oxşar neqativ xüsusiyyətlərdən uzaq qalmağı heç bir insan, heç bir ideologiya, heç bir din, heç bir irq, heç bir millət dəyər olaraq qəbuledilməz saya bilməz. Bəhs etdiyiniz məktəblərdə işləyən insanlar, inşallah, bu əxlaqi dəyərlərə maksimum dərəcədə riayət etməyə çalışır və birinci Dr. Nina Nazirova:ın cavabında “hərəkatın qeyri-rəsmi, amma təməl prinsipləri” olaraq qeyd edilən xüsusları da müəyyən mənada xarakterə çevirmiş ola bilərlər.
Dördüncü və əhəmiyyətli bir xüsus olaraq da bunu söyləyə bilərik: Bəhs edilən düsturlar çərçivəsində bu insanlığa xidmət iş kimi görülmür. Maaş əvəzində icra edilən vəzifə mənasında iş deyirəm. Belə bir işi icra edərkən insanlar alacağı maaşı fikirləşər, işin nəticəsinə, istehsal etdiklərinə çox fikir verməzlər. Hətta onu bir ibadət, Allahın rizasına, axirətə və əbədi həyata aparan bir davranış kimi görməzlər. Amma əgər insan təlim və tərbiyəni belə bir peşə, iş kimi deyil, Allahın razılığını və əbədi həyatı qazandıran ən mühim bir yol, bir fəzilət, hətta bir ibadət kimi qəbul edərsə, o insan maaş və iş saatı düşünməz. Təlim və tərbiyədə şagirdləri ilə bütünləşər. Təbii ki, bunun da bir fərqi olacaq.
Vatikanda Dinlərarası Dialoq Katibi olan Thomas Michel Filippində uzun illər “Moro” hərəkatı tərəfdarları ilə dövlət gücləri arasında döyüşlərə səhnə olan Zamboanga şəhərindəki Filippin-Türk Tolerans Liseyinə gedər. Partizan müharibəsi, adam qaçırma, yay basqınları, yoxa çıxmalar və digər cinayətlərin adiləşdiyi bu şəhərdə sözügedən məktəbin 1000-dən yuxarı müsəlman və xristian tələbələrə keyfiyyətli dərs verdiyini, qaynayıb-qarışdırdığını, heyrətlə müşahidə edir. Daha sonra Qırğızıstanı da gəzən Michel Bişkekdəki məktəbinə və tələbələrdəki xarici dil səviyyəsinə, həm də akademik olimpiadalarda müvəffəqiyyətlərinə heyran qalır. Amerikalı, Koreyalı, Türk, Əfqan və İranlı tələbələrin bir birlik, bir bütövlük içərisində təlim və tərbiyə aldığını görür. Müəllimlərin dürüstlüyü, fədakarlığı da diqqətini çəkir.
Dr. Nina Nazirova: Sizə görə, əhalisi müsəlman olan dövlətlərin müasir sistemində İslam necə rol oynayır?
Fəthullah Gülən: İslam alimləri Peyğəmbərimizin bir hədisinə əsaslanaraq İslam tarixində idarə etmə sistemlərini üç mərhələyə ayırırlar. Birinci mərhələ, Peyğəmbərimizlə təmsil olunan dövrdür. Bu dövrün islami idarəyə aid ən mühüm xüsusiyyəti mütləq ədalətin güzəştsiz tətbiqidir. Mütləq ədalət, “Haqqın böyüyü, kiçiyi olmaz, haqq haqqdır” düsturu ilə hər fərdin haqqını mütləq mənada nəzərə alır; fərdi haqları cəmiyyətə fəda etmir. Hər fərd haqlarının sonadək qorunacağından əmindir. Bu məsələni müasir alimlərimizdən biri belə ifadə edir: “mütləq ədalətə görə, bir gəmidə doqquz cinayətkar bir məsum insan olsa, gəmi o məsuma zərər verməmək naminə caniləri cəzalandırmaq üçün batırıla bilməz,” deyir.
İslami idarədə ikinci mərhələ, Peyğəmbərimizdən sonra 30 il davam edən Raşid Xəlifələr dövrüdür. Buna Nəbəvi xilafət, yəni Peyğəmbərin yoluna riayət edən raşid (tam kamil) xilafət dövrü deyilir. Bu dövrün də ən mühüm xüsusiyyəti yenə mütləq ədalətdir. İkinci xəlifə Hz. Ömərin Karl Marksı belə heyran edən ədaləti hər kəsə məlum və dillərdə dastandır. Əlbəttə ki, nə qədər böyük olursa olsun, heç kim peyğəmbər səviyyəsində ola bilməz və olmamışdır. Dörd xəlifə ilə təmsil olunan Raşid xilafət dövründən sonra xilafətin səltənəti deyilən, adı xilafət olmaqla birlikdə daha çox səltənət mənzərəsini xatırladan idari mərhələ başlamış və bu dövr də Osmanlı dövlətinin yıxılması ilə tarixə qarışmışdır. Bu dövrdə mütləq ədalətdən daha çox izafi ədalətin tətbiq edildiyini, bundan başqa, Raşid xəlifələr seçimlə xəlifə olarkən, idarənin atadan oğula keçdiyini və bu baxımdan da sistemin bir səltənət (sülalə) xilafəti halına gəldiyini görürük. Səltənətin, onunla birlikdə xilafətin tarixə qovuşmasından və İslam dünyasında milli dövlətlərin ortaya çıxmasından sonra İslamiyyət dövlət forması, quruluş, hakim rejim, hətta çıxarılan qanunlarda əsas qaynaq olaraq götürülməmişdir. Müasir dövrdə İslam dünyasında bir çox ölkədə adları cumhuriyyət olan, lakin demokratiyaya keçməmiş sistemlər hakimdir. Halbuki mahiyyət olaraq demokratiya, xüsusilə, insan haqq və hüquqlarını, fərdi haqları, seçkilərdə xalqın iradəsini nəzərə alması ilə İslama daha yaxındır. İslam ilk gündən bu yana cumhuriyyəti, xalqın seçdiyi insanların idarəsini əsas qəbul etmişdir. Müasir dövrdə quruluşundan 23 il sonra, bir mənada, Türkiyədə, Pakistanda şahlıq rejimindən sonra İran kimi bir neçə ölkədə kontrollu, Türkiyə və Pakistanda hərbi müdaxilələrə məruz qalmış bir demokratik rejim var. Türkiyə dünyəvi dövlət olaraq idarə etmədə İslamı əsas götürmür, hətta bu mövzuda mümkün olduqca sərt davranır. İran və Pakistan İslam dövləti olduqlarını iddia edirlər, amma bunun nə qədər belə olması mübahisəlidir. Digər bəzi ölkələrin qanunlarında İslam bəzən mənbə olaraq göstərilsə də, bu da müzakirə olunası məsələsidir.
Dr. Nina Nazirova: Sünniliyin və Şiəliyin birləşməsi nə ilə nəticələnər?
Fəthullah Gülən: Sünnilik və Şiəlik dini bir fərqlilik olmaqdan çox, siyasi xarakterlidir. Təməldə siyasətə dayanan Sünni-Şiə ayrımı dində də əks olunduğu, hətta xüsusilə, Şiələr tərəfindən dinin mühüm bir əsası halına gətirildiyi üçün ən azından yaxın gələcəkdə belə bir Sünni-Şiə birləşməsinin mümkünlüyünü söyləmək çətindir. Bundan başqa, Şiəlik – bəzilərinə görə “Şiə İslamı” – bir ölkənin, İranın rəsmi dini və siyasi sistemini təşkil edir. Yəni bir mənada milli bir xarakter almışdır. Hər nə qədər dünya informasiya texnologiyaları vasitəsilə qloballaşsa da, milli dövlətlərin ortadan qalxması gözlənilmir. Bu da, yaxın gələcəkdə bir Sünni-Şiə fərqliliyinin ortadan qalxacağı düşüncəsinin o qədər ümidverici olmadığını göstərir.
Dr. Nina Nazirova: Türk-Rus əlaqələrinin inkişaf perspektivləri haqqında nə fikirləşirsiniz?
Fəthullah Gülən: Məsələyə əvvəlcə bir müsəlman olaraq baxarsaq, icazənizlə bildirmək istərdim ki, Qurani-Kərimdə Allah-Təala bütün insanların eyni ana-atadan gəldiyini, sonra tayfalar və qəbilələrə ayrıldığını, bunun da bir-birini daha yaxından tanıma və yardımlaşma məqsədi daşıdığını, insanın öz əlində və iradəsi daxilində olmayan irqə, rəngə, millətə mənsubluğun qətiyyən bir üstünlük vasitəsi olmadığını, üstünlüyün ancaq təqvada, insanın Allahla və digər insanlarla münasibətində sahib olduğu fəzilətlərdə olduğunu bildirir. O zaman, Hz. Əlinin də dediyi kimi, müsəlmanlar dində, qeyri-müsəlmanlar da insanlıq məxrəcində qardaşımdır. Allah yer üzünü bütün insanlar üçün bir qardaşlıq beşiyi kimi yaratmışdır; bu etibarla, biz eyni beşikdə yatır, eyni beşikdə bəslənir və bütün analar da laylalarını eyni beşikdə çalırlar.
İkinci olaraq; insanlar bir-birləri ilə insanlıq məxrəcində və eyni ananın övladları olma nöqtəsində qardaş olduqları kimi, bir də bioloji yaxınlığa əsaslanan qohumluq əlaqələri də var. Elə bu əlaqələr də insanlar arasında bir az da yaxınlaşmağa səbəb olur və xüsusilə, hüquqi vəzifələrin və münasibətlərin tənzimlənməsində müəyyən bir rol oynayır. Məsələn, insanlar qohumluq əlaqələrinə görə varis olurlar. Bununla yanaşı, İslam qonşuluq münasibətlərinə də böyük əhəmiyyət vermişdir. Türklər olaraq Ruslarla, bəlkə, bir vaxtlar Asiya çollərində bərabər yaşadıq. Türk və Rus mədəniyyət və ənənələri haqqında aparılan araşdırmalar o dövrlərdən qalan çoxlu ortaq nöqtələrin varlığını ortaya qoyur. İndi iki qonşu dövlət, iki qonşu ölkəyik, iki qonşu ölkənin vətəndaşlarıyıq. Qarşılıqlı qonşuluq haqlarımız və vəzifələrimiz var. Bununla bərabər, Rusiya kimi Türkiyə də həm Asiya, həm də Avropaya aiddir. Bundan başqa, Türkiyə İslam dünyasının da bir hissəsi olduğu kimi, Rus idarəsinin də uzaqgörənliyi olaraq İslam Konfransında müşahidəçi statusunda iştirak istəyi çox vacib bir xüsusdur.
Dr. Nina Nazirova: Rus müsəlmanlar haqqında hansı məlumatlara sahibsiniz? Böyük bir İslam Konfransı çərçivəsində yaxın zamanda Rusiyanı ziyarət etmək istərdinizmi?
Fəthullah Gülən: Rus müsəlmanları, xüsusilə son illər, hətta son əsrlər etibarilə çox yaxından tanıdığımı deyə bilmərəm. Onları birbaşa görmə, müşahidə etmə imkanım olmadı. Bildiklərim oxuduqlarıma və eşitdiklərimə əsaslanır. Yenə də eyni dinin mənsubları olaraq, əlbəttə, haqlarında doğruya yaxın təxminlərim ola bilər. Digər tərəfdən, bu gün Rus müsəlmanların dinlərini yaşamaqda, inanclarını və ibadətlərini yerinə yetirməkdə hər hansı bir çətinliklə qarşılaşdıqlarını eşitmədim və oxumadım. Rusiya idarəsinin Moskvada, Peterburqda və başqa şəhərlərdə müsəlman olduqlarını bilə-bilə türk könüllülərinə məktəb açma imkanı verməsi və sizin kimi elm insanlarının fəqiri tanımağı arzulayıb Dr. Nina Nazirova:lar soruşması, göstərdiyiniz maraq da Rus müsəlmanların vəziyyəti haqqında ayrıca fikir verir.
Bununla bərabər, Rusiya torpaqları tarix etibarı ilə İslamın böyük izlərini daşıyır. İslam elmləri əhəmiyyətli dərəcədə bu torpaqlarda və ya qonşu torpaqlarda kök salmış və inkişaf etmişdi. Bu da, yəni tarixi keçmişi də Rus müsəlmanları haqqında zehnimdə müəyyən fikir formalaşdırır.
Rusiyanı ziyarət məsələsinə gəlincə, əlbəttə, xüsusilə sizin kimi elm insanları ilə görüşməyi, qısa müddətə də olsa, bir yerdə olub istifadə etməyi çox arzulayıram. Rusiyanı da, oradakı müsəlmanları da, müsəlman olmayan Rus vətəndaşları da görmək istərdim. Ancaq səhhətim uzunmüddətli səyyahətlərə tab gətirməz. Yanımda mütləq bir neçə həkim olur. Qəbul etdiyim dərmanlar həmişə yoxlanılır. Mənə çox əzab versə də, bəzi şəxsi işlərimi görərkən belə zaman-zaman köməyə ehtiyac duyduğumu etiraf etməliyəm. Amerikada qaldığım 10 ilə yaxın zamanda burada belə nəinki uzunmüddətli, bu qısa müddətli bir səyahətə çıxmadığımı açıq deyə bilərəm.
Dr. Nina Nazirova, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu.
- tarixində yaradılmışdır.