Favorit dərgisi Güləndən Hz. İsa haqqında soruşdu
Fəthullah Gülən Ukraynanın ən mötəbər qurumlarından “Cənubi Ukrayna Media Holdinq” üzvlərinin suallarını cavablandırdı. Jurnalistlərin Gülənə ünvanladığı Ukraynanı yaxından maraqlandıran sualların cavabları quruma aid olan “Favorit” jurnalının aprel sayının sərlövhəsində öz əksini tapdı.
Ukraynalı jurnalistlərin Fəthullah Güləndən aldığı müsahibənin tam mətni:
Müsahibə üçün mənə soruşduğunuz sualların cavabları aşağıdadır. Ehtiramımı bildirir, can sağlığı və xoşbəxtlik arzu edirəm.
Fəthullah Gülən
Qərb dünyasının nümayəndələrində İslamla bağlı müşahidə etdiyiniz əsas tərəddüdlər nələrdir? Bu tərəddüdlərdən hansı nəticələr çıxarırsınız?
Fəthullah Gülən: Qərbin İslama baxışını üç cəhətdən nəzərdən keçirə bilərik. Bunlardan biri dini, digəri siyasi, üçüncüsü isə dini olanla nisbi münasibəti olsa da, daha çox siyasi yönü olan elmi-akademik cəhətdir.
Dini aspektdən məsələyə əvvəla Qurani-Kərimin xristianlığa baxışı və Peyğəmbər Əfəndimizin (s.ə.s.) xristianlarla münasibəti nöqteyi-nəzərindən yanaşmaq lazımdır. İslam təməl bir doktrina kimi Yəhudilik, Xristianlıq və buna bənzər dinləri “kitablı dinlər” və mənsublarını da “əhli-kitab” qəbul edərək, onları müşrik və dini qəbul etməyənlərdən ayırır. Qurani-Kərimdəki bununla əlaqəli ayələrə baxanda da görəcəyimiz kimi, onlara çox yumşaq yanaşdı. Şirk və dini qəbul etməyənlərin əksinə onların İslamla olan etiqadi birlikləri, əlbəttə, bu yumşaq yanaşmanın ən əsas səbəbi idi. Çünki Yəhudiliyin və Xristianlığın başındakı adlar - Hz. Musa və Hz. İsa (Allahın salamı üzərlərinə olsun) İslamın Hz. Muhamməd (s.ə.s.) kimi onlara da peyğəmbər olaraq inanmağı əmr etdiyi iki böyük peyğəmbər idi. Hər bir kəs müsəlman olmaq üçün Quran kimi, iki İlahi kitaba - onlara göndərilən Tövrat və İncilə inanmalıdır. Qurani-Kərimin bizə bildirdiyinə görə, onlar da Peyğəmbər Əfəndimiz Hz. Muhammədin Allahdan alıb insanlara təbliğ etdiyi eyni inanc, ibadət, əxlaq əsaslarını o dövrün şərtlərinə görə təbliğ etmişdilər. Lakin necə ki Hz. İsa (ə.s.) İsrail oğullarına, yəni yəhudilərə göndərilən və Tövratın, yəni Hz. Musaya (ə.s.) göndərilən kitabın qanunlarını qəbul edən bir peyğəmbər olmaqla yanaşı, zamanla Yəhudilik və Xristianlıq iki ayrı din olaraq ortaya çıxıbsa, buna səbəb olan faktorlarla birgə digər bəzi səbəblər İslam, Yəhudilik və Xristianlıq arasında fərqlər meydan gətirmişdir. Buna baxmayaraq, bu üç din arasındakı ortaq əsaslar, ilk növbədə İslam və müsəlmanlarla yəhudi və xristianlar arasında ortaq məxrəci meydana gətirmiş, yəhudi və xristianlar İslamda tamamilə ayrı bir yerə oturdulmuşdur.
İslamın ilk illərində Yəhudilik və Xristianlıq arasında dini təməl əsasların birliyi tərəflər arasında nümunəvi dialoqun qurulmasına gətirib çıxarmışdı. Peyğəmbərimiz (s.ə.s.) hələ Məkkədə ikən yəhudi alimləri bilavasitə, yəni şəxsən və ya vasitəli, yəni məkkəlilər vasitəsilə Ona suallar verir, Peyğəmbərimiz də (s.ə.s.) bunları cavablandırırdı. Eyni dövrdə müsəlmanların Həbəşistana hicrət etmələri ilə də İslamla Xristianlıq arasında çox səmimi münasibətlər quruldu. Qurani-Kərimdə Məkkədə ümmiliklərinə, yəni İlahi dindən xəbərsiz olduqlarına, heç bir İlahi kitaba malik olmamalarına baxmayaraq inanmamaqda dirənən müşriklərin əksinə Kitab əhli və bəzi alim yəhudilərin davranışları alqışlanaraq, İslamın haqq din olduğuna şahid göstərildiyi kimi, həmçinin xristianların da alqışlandığını görürük.
Bu səmimi münasibətlər və İslamın yəhudi və xristianlara müsbət baxışı Peyğəmbər Əfəndimizin (s.ə.s.) Mədinəyə hicrətindən dərhal sonra Mədinədə müsəlmanlarla yəhudi qəbilələrindən ibarət federativ bir şəhər dövlətin qurulmasında böyük rol oynamışdı. Həmçinin Mədinədə Ərəbistanın müxtəlif bölgələrindən xristian heyətlər Peyğəmbər Əfəndimizi (s.ə.s.) ziyarət etməyə gəldilər; çox səmimi qarşılandılar, aralarında görüşlər, müzakirələr oldu.
İslam tarixində, xüsusilə də, Abbasilər dövründə əsrlərlə İslamla Xristianlıq və Yəhudilik müsəlmanlarla xristianlar və yəhudilər arasında gözəl münasibətlər olmuşdur. Xüsusilə, elmi mərkəzlərdə çox yaxın əməkdaşlıq olmuş, daha sonrakı əsrlərdə də müşahidə olunduğu kimi, İslam dövlətlərində bu üç səmavi dinin mənsubları sülh şəraitində eyni məhəllədə ömür sürmüş, bir-biri ilə qonşuluq etmiş, bəzən yan-yana duran məbədlərdə ibadət etmişlər. Yəni Qərbin müsəlmanlarla birgə yaşamaq təcrübəsinin hələ 50 illik bir keçmişi olduğu halda, müsəlmanların digər din mənsubları ilə birgə yaşama təcrübəsinin tarixi 14 əsr əvvələ qədər uzanır. Bu tarixi həqiqət artıq qloballaşan dünyamızda birgə yaşama kültürü mövzusunda çox böyük və istifadə oluna biləcək nümunə olaraq qalır.
İslamla Qərb arasında dini münasibətlər belə olduğu və çox vaxt bu müstəvidə inkişaf etdiyi halda tarix boyu siyasi münasibətlər, siyasi yanaşmalar, təəssüf ki, bu münasibətlərə mənfi təsir etmişdir. Xüsusilə, ingilis tədqiqatçısı xanım Karen Armstroqun da “Muhammad: A Biography of the Prophet” adlı türk dilinə də tərcümə olunan kitabında tarixə baxışını ortaya qoyduğu kimi, XII və XIII əsrlərdə dalbadal baş verən Səlib yürüşləri İslamın və xüsusilə Peyğəmbər Əfəndimizin (s.ə.s.) Qərbdə çox yanlış tanıdılmasına, İslamla bağlı həqiqətlərin təhrif olunmasına səbəb olmuşdur. Xüsusilə, İntibah dövrünə qədər Qərbdə İslama baxış, ümumiyyətlə, həmişə Səlib yürüşlərinin təhrifinin təsirində qalmışdır.
Yuxarıda qeyd etdiyimiz amil və siyasi yanaşmanın səbəb olduğu İslama yanlış baxış, çox təəssüf ki, xüsusilə, son 20 ildir başqa sahələrdə də biruzə verir. İslam aləmi XX əsrə işğal və ya müstəmləkə altında girdi və bu əsrin ilk yarısında İslam dünyasının hər yerində işğal və müstəmləkədən qurtuluş mübarizələri verildi. Bu savaşlarda İslam əsas rol oynadı; insanlar İslama bel bağladılar. Təqribən 60 ilə yaxındır ki, yaşadığımız İsrail-Fələstin mubarizəsində də hələ də müəyyən rol oynayan bu məsələ müsəlmanların da çox yerdə və çox vaxt İslama siyasi yöndən yanaşmasına səbəb oldu. Bu qarşılıqlı siyasi hadisə və qarşıdurmalar, xüsusilə, sovetin dağılmasından sonra Amerikanın ümumi olaraq bütün dünya və xüsusi olaraq da İslam dünyası ilə bağlı bəzi plan və hədəfləri, Səlib yürüşlərindən sonra İslamın siyasi yanaşma ilə ikinci dəfə fərqli tanınmasına gətirib çıxarmışdır. Səlib yürüşləri dövründə İslam, xüsusilə, etiqadına və Peyğəmbər Əfəndimizin (s.ə.s.) şəxsinə yönələn qaralamalarla olduğundan fərqli göstərilərkən, bu yeni dövrdə Onun, məsələn, müharibə kimi, xüsusilə, millətlərarası münasibətlərlə bağlı qaydaları nöqteyi-nəzərindən fərqli tanınıb fərqli tanıdıldığına şahid oluruq. Bir çox başqa səbəbləri olan terrorun da adının ona bulaşan, bulaşdırılan bəzi "müsəlmanlar" ucbatından İslamla birgə çəkilməsi və islamofobiyanın yayılması İslam haqqında əsas səhv düşüncələrin meydana gəlməsinə səbəb olur.
Qərbdə İslama baxışı formalaşdıran bir başqa faktor da elmi-akademik görünən, lakin çox vaxt siyasi yanaşma tərzinin istiqamətləndirilməsi ilə hərəkət edən oryentalist yanaşmadır. Bu yanaşma tərzi zahirən elmi və obyektiv görünsə də, həqiqi mənada elmi və obyektiv yanaşan müstəşriklər (şərqşünas) olsa da, oryentalizm daha çox Qərbin İslamla siyasi qarşılaşmasında dəstək funksiyasını yerinə yetirmiş və hal-hazırda da yetirməkdədir. Bu səbəb üzündən də İslam bəzi yönlərinə görə olduğundan fərqli göstərilir.
Hər din və sistem kimi, İslamın da ona bir bütöv olaraq baxılmasını istəməyə haqqı var. Bir insan haqqında sadəcə gözünə, qoluna, başına, ayağına və s. baxmaqla hökm verilə bilməz. Bu hissələr haqqında düzgün qərar vermək üçün onlara insan bədəninin bütövlüyü nöqteyi-nəzərindən baxmaq lazımdır. Bunun kimi, İslamın bütün məsələlərinə, qaydalarına da İslamın etiqadı, ibadət, əxlaq bütövlüyü nöqteyi-nəzərindən baxılmalı və buna görə qərar verilməlidir. İkincisi, necə ki hər sistemin və dinin mənsublarından onu tam təmsil etməsini gözləməmə haqqı varsa, eyni şəkildə müsəlmanlar içində də, əlbəttə, İslama zidd davrananlar, onu tam təmsil edə bilməyənlər və İslama pis nümunə olanlar çıxacaq və çıxır da. Bu baxımdan, İslam, xüsusilə, dövrün şərtlərinin də təzyiqi ilə bəzi mənsublarının onu səhv təmsil etməsi ilə dəyərləndirilməməlidir, mühakimə olunmamalıdır. Hansı din, ideologiya və siyasi axına mənsub olur-olsunlar, hər şeydən əvvəl insan olma, təməl insan haqları, azadlıq, hal-hazırda ən çox lazım olan dünya sülhü kimi əsas məsələlərdə bir araya gəlmək və razılığa gəlmək mümkündür. Bunun üçün hər zaman ehtiyac duyduğumuz şey də gözəl niyyət və səmimiyyətdir. Düşmənçilik sadəcə əks tərəfə deyil, bəlkə, ondan da çox düşmən olanlara zərər verir.
Hal-hazırda İraqda, Fələstində və İranda baş verən hadisələr səbəbilə Şiə və İslam dinindəki şiə-sünni bölünməsinə tez-tez təmas edilir. Şiələrlə sünniləri ayıran ən əsas xüsusiyyət nədir? Bu bölünmə və iki tərəf arasındakı dialoq barəsində düşüncələriniz nədir? Bu iki qrup arasında kritik səviyyədə fərq varmı? Bundan siyasi təxribat kimi istifadə edilirmi?
Fəthullah Gülən: İslam təməl mənbə baxımından Qurani-Kərim ilə Peyğəmbər Əfəndimizin Sünnəsi, yəni Onun Quranı tətbiq etməsi, ona bir mənada həyat verməsi, bu mövzuda qoyduğu qaydalar, üstəlik Quranın geniş izah vermədiyi məsələlərə verdiyi şərhlər və Quranın Onun hökm çıxarmaq istədiyi məsələlərlə bağlı bəyanları üzərində qurulur. Zamanla ortaya çıxan yeni şərtlər müəyyən hökm tələb etdiyi üçün Quranı və sünnəti yaxşı bilən alimlər bu iki təməl qaynağa və onların buyurduğu qaydalara söykənən həmin hökmləri ortaya qoymuşlar ki, bu hökm vermə üsuluna ictihad deyilir. İstər sünnilər, istrə də şiələr olsun bu ən əsas mövzuda eyni fikri paylaşırlar. Təməl inanc əsasları, ibadətlər, əxlaq normaları, yəni gündəlik davranış qaydaları baxımından sünnilərlə şiələr arasında çox böyük fərq yoxdur. Ancaq Peyğəmbər Əfəndimizdən (s.ə.s.) sonra xalqın əksəriyyətinin 4-cü xəlifə seçdiyi və qəbul etdiyi Hz. Əli Əfəndimizin nüfuzunu müxtəlif fikirlərlə qəbul etmək istəməyən şəxslər çıxmış və meydana gələn ixtilaflar qarşıdurmalara da səbəb olmuşdur. Bu hadisələrin zəminində Hz. Əlinin oğlu, Peyğəmbər Əfəndimizin (s.ə.s.) nəvələrindən Hz. Hüseyn Əfəndimiz bu siyasi mübarizələrin nəticəsində İslama şamil edilən bəzi mənaları və tətbiq edilən qaydaları düzəltmək, İslami idarəetmədə pozulmaları qaydasına salmaq üçün dövrün xəlifəsi Yezidi xəlifə olaraq qəbul etməmiş, bunun nəticəsində də Kərbəlada ailə üzvlərinin əksəriyyəti ilə birlikdə qətlə yetirilmişdir. Bu tragediyanın vurduğu zərbə Hz. Hüseynə kömək etməyə söz verdikləri halda kömək etməyənlərin sonralar vicdani günahkarlıq psixologiyası altında Təvvabun (Peşmanlar) hərəkatı başlatmalarına gətirib çıxarmış, o dövr Əməvi iqtidarının bu hərəkatı yatırma təşəbbüsləri zamanla bu hərəkatın İslam daxilində şiəlik adlı bir qrupu meydana gətirməsinə səbəb olmuşdur.
Sünilər Quranı, sünnəti və bu iki təməl qaynağa bağlı qiyas və ictihadı, həmçinin Peyğəmbər Əfəndimiz (s.ə.s.) və səhabələrin tətbiqini əsas alan müsəlman kütləsidir ki, İslam tarixi boyunca da böyük əksəriyyəti bunlar təşkil etmişlər. Şiələr də eyni şəkildə Quranı, sünnəti, ictihadı və qiyasa yaxın qaynaq olaraq ağlı əsas götürən, lakin bunların Peyğəmbər Əfəndimizin qızı Hz. Fatimə və Hz. Əli nəslindən gələn "12 İmam"ın tətbiqini əsas qəbul edən qrupdur. Əlbəttə ki, sünnilər Peyğəmbər Əfəndimizin (s.ə.s.) nəslini, həmçinin bu nəsildən gələn 12 mübarək imamı sevib sayır. Buradakı fərq bundan ibarətdir ki, şiələr 12 imamı məsum və Quranla sünnəti anlayıb tətbiq etmədə yeganə mənbə qəbul edərkən, sünnilər 12 imam içindən Hz. Əli ilə oğulları Hz. Həsən və Hz. Hüseyni Peyğəmbər Əfəndimizin ailəsi və səhabə kimi sevib saymaqla yanaşı, digər səhabələrə də eyni şəkildə dəyər verir, Quran və sünnətin başa düşülüb tətbiq edilməsində onların fikirlərinə böyük əhəmiyyət verir. Üstəlik şiələr kimi 12 imamdan digər 9 imamı da yeganə mənbə qəbul etmir; onlar kimi, onların dövründə yetişmiş və özünü isbat etmiş böyük alimlərə də eyni hörməti göstərirlər. Bu fərqli yanaşmaya baxmayaraq, Quranı, sünnəti başa düşmə və tətbiqdə sünnilərlə şiələr arasında təmələ bağlı böyük fərq yoxdur.
Sünnilərlə şiələr arasındakı bu fərqliliyin gətirib çıxardığı və 12-ci imamdan sonra praktiki cəhətdən həyatda əksini tapmayan ən böyük nəzəri fərq onların (şiələrin) 12 imam xalq tərəfindən seçilib-seçilməməsindən asılı olmayaraq, Allah tərəfindən təyin edilmiş siyasi iqtidar qəbul etməsidir. Lakin bu 12 İmamla məhdud olduğuna görə 12-ci imamdan sonra, yəni 10 əsrə yaxın onların siyasi sistem və görüşləri də praktikada sünnilərdən fərqli olmamış, lakin yuxarıda qeyd etdiyimiz nəzəri görüş şiəliyin təməlini meydana gətirmişdir. Bunlar xaricindəki fərqlər ikinci dərəcəli olub, böyük əhəmiyyət kəsb etmir. Lakin siyasətdən qidalanan bir ayrılıqla sünnilər, şiələr deyə iki axın ortaya çıxmış, şiəliyin 16-cı əsrin əvvəlindən Səfəvilər əli ilə İranda rəsmi məzhəb elan edilməsi ilə iki fərqli coğrafiya da meydana gəlmişdir.
Din insanı istiqamətləndirən, hərəkətə gətirən, təsiri altına alan ən əhəmiyyətli faktordur. İnsanları birləşdirməyə gələn və əsasən birləşdirici faktor olan dindən, təəssüf ki, mənfəət və siyasət çəkişmə və qarşıdurmaları ayrılığı dərinləşdirən bir amil kimi istifadə edir. Sünnilik və şiəlik arasındakı nəzəri fərqliliklərin hal-hazırda praktikada heç bir qarşılığı yoxdur. Lakin bir tərəfdən 13 əsrlik tarix, digər tərəfdən siyasi mülahizələr və ölkə mənfəətləri, bir başqa tərəfdən də buna bənzər ayrılıqlardan mənfəət güdənlər sünnilik və şiəlik arasındakı fərqliliyi istismar uyğun hala gətirir. Tarix, siyasət, mənafe və ölkələr, iqtidar çəkişmələri əlini müqəddəs Din və dini dəyərlərdən çəkdiyi zaman sünnilik və şiəlik arasındakı fərqlər ancaq tədqiqata, akademik və elmi araşdırmalara səbəb olan müsbət görüş müxtəlifliyi halına gələcəkdir.
Hz. İsanın şəxsiyyəti İslam dinində necə təsvir edilir?
Fəthullah Gülən: Cənabi-Allah (c.c.) ilk insan Hz. Adəmi torpaqdan yaratmışdır; yəni zəmini "ana bətni" kimi istifadə edərək onun maddi bədənini torpaq, hava və sudan alınan elementlərdən yaratmış, daha sonra ona "ruh" bəxş edərək həyat vermişdir. Eyni mahiyyətdə və ya eyni mahiyyətin digər cinsi, bütövün yarısı olan bir bütöv kimi Hz. Həvvanı yaratmış, ilk insandan sonra insanların çoxalmasında isə kişi ilə qadın arasındakı münasibəti şərt qoymuşdur. Hz. İsa (ə.s.) dövründə materializm, səbəblərə yaradıcı nəzəri ilə baxma, Cənabi-Allahı, xüsusilə, qüdrəti başda olmaqla sifətləri ilə tanıya bilməmə kimi məsələlər önə çıxınca Cənabi-Allahın (c.c.) işində heç bir səbəbə, yaratmaq üçün səbəblərə ehtiyacı olmadığını göstərmək üçün, necə ki ilk insanın Hz. Adəmin yaradılışı bir möcüzə idi, Hz. İsanı da (ə.s.) eyni şəkildə möcüzə olaraq atasız yaratmış, tərtəmiz, iffət mücəssəməsi, bakirə Hz. Məryəm anamıza ruh nəfh edərək rəhmində Hz. İsaya vücud vermişdir. Bu səbəblə Hz. İsa yaradılışına, "ruh"un da tamamilə mənəvi bir varlıq olmasına və üstəlik, yuxarıda da qeyd edildiyi kimi, materializmin önə çıxdığı bir dövrdə dində tarazlıq naminə ruhani-mənəvi amillərə daha çox ağırlıq verilməsinə görə, İslami ənənədə Hz. İsa (r.a.) “Ruhullah” deyə də vəsf edilir. İslam ənənəsində hər böyük peyğəmbər (rəsul) dövrünün şərtlərini nəzərə alaraq gətirdiyi yolun bir məqamı, bir xüsusu daha çox önə çıxdığı üçün həmin peyğəmbər Cənabi-Allaha o nöqtədəki yaxınlığı ilə vəsf edilir. Məsələn, Hz. Adəm “Safiyyullah”, Hz. Nuh “Nəciyyullah”, Hz. İbrahim “Xəlilullah”, Hz. Musa “Kəlimullah”, Hz. Məhəmməd “Həbibullah” olaraq vəsf edildiyi kimi, Hz. İsa da “Ruhullah” olaraq vəsf edilir. Qurani-Kərim ona: "Allahdan bir ruh, bir söz" ifadəsini işlədir. Bu söz səhv başa düşülməməlidir. Qurani-Kərim kainatdakı hər varlığı, hər hadisəni Allahın sözü kimi qələmə verir. Söz məna etibarilə "əsər" deməkdir. Bütün məxluqat və cərəyan edən hadisələr Allahın iradə və qüdrətinin sözləri (əsəri), ilahi kitablar da kəlamının sözləridir. Hz. İsa da (ə.s.) bu mənada Onun İradə və Qüdrətinin özünə aid xüsusiyyətlərini daşıyan bir əsəri, yəni bir sözüdür. Bunların Qurani-Kərimdə xüsusi qeyd edilməsi həm onun, yuxarıda ifadə edildiyi kimi, gətirdiyi dində ruhi-mənəvi yönlərin daha da önə çıxması, həm yaradılışındakı qeyri-adilik olduğu kimi, ona isnad edilən “İlah” və ya “Allahın oğlu” kimi vəsflərin rədd edilməsi üçündür.
Hz. İsa (ə.s.) Cənabi-Allahın atasız tərtəmiz, bakirə, iffət simvolu Hz. Məryəmə bəxş etdiyi bir ruhla onun rəhmində var olmuşdur. Cənabi-Allah Hz. Məryəm anamızı töhmətdən qorumaq üçün dünyaya yeni gəlmiş Hz. İsanı (ə.s.) onu danışdırmış, o da Allahın qulu olduğunu, doğuşdan koru müalicə etmə, Cənabi-Allahın izin verdiyi ölüləri diriltmə, insanların evlərində nələri toplayıb, nələri istifadə etdiklərini bilmə kimi möcüzələrlə bir peyğəmbər olaraq göndəriləcəyini söyləmiş və vaxtı gəlib çatanda da belə bir peyğəmbər olaraq göndərilmiş, üstəlik missiyasının böyük bir funksiyası kimi Peyğəmbər Əfəndimizin (s.ə.s.) gələcəyini də müjdələmişdir. Bu mübarək, məsum peyğəmbərin, yəni Hz. İsanın vəfatı, yer üzündən alınması da, dünyaya gəlişi kimi digər insanlardan fərqli olmuşdur. Çarmıxa çəkmə təşəbbüsü qarşısında Allah bu planı həyat keçirənləri yanıltmış, Hz. İsa çarmıxa çəkilməmiş və Cənabi-Allah (c.c.) onu ruhu və ruhani saflıq və şəffaflıq qazanan bədəni ilə səmaya yüksəltmişdir.
Bəzi hədisi-şəriflərdə, yəni Peyğəmbər Əfəndimizin bəzi sözlərində Hz. İsa Əfəndimizin qiyamətə yaxın zamanda yer üzünə enəcəyi buyurulur. Bəzi alimlər bu hədisləri onun cəsəd-ruhi bütövlükdə yer üzünə enib, Allahın Dini naminə böyük bir missiyanı həyata keçirəcəyini deyərkən, digər alimlər onu axırzamanada Allahın Dini naminə Hz. İsanın gətirdiyi dində əvvəla təmsil olunan mənəviyyat, ruhaniyyət, haramlardan uzaq olma, təqva, zühd, ana-ataya yaxşılıq, tibb, yəni insanların maddi-mənəvi həyatlarını xilas etmə elmi, halal yollardan qazanıb, ticarətdə haram yollara əsla girməmə, insanlarla dialoq, tolerantlıq, döyüşdən-müharibədən-qarşıdurmalardan qaçınma, dost-düşmən hər kəsə yaxşılıq etmə kimi İslami düsturların daha çox önə çıxacağı, çıxması lazım olduğu şəklində anlayırlar.
Bildiyimiz kimi Konstantinapol (İstanbul) Patriarxiyasının mərkəzi bir neçə yüz il müsəlman Osmanlı Dövləti sərhədləri daxilində öz fəaliyyətini davam etdirdi. Hal-hazırda da xalqının əksəriyyəti müsəlman olan bir dövlətin sərhədləri daxilindədir. Türk dövlətlərində müsəlmanlarla xristianların qarşılıqlı münasibətlərini qısaca izah edə bilərsinizmi?
Fəthullah Gülən: Birinci sualınızın cavabında ifadə etməyə çalışdığım kimi, Cənabi-Allahın tarix boyu peyğəmbərlər vasitəsilə göndərdiyi din eyni dindir. Bu din təməl inanc, ibadət, əxlaq və davranış prinsipləri ilə eyni olub, bəziləri dövrün şərtlərinə görə daha önə çıxmış, gündəlik həyata aid bəzi məsələlərdə isə zamanın və şərtlərin dəyişməsi ilə paralel olaraq hökmlərdə də dəyişmələr olmuş və ya yeni hökmlər qoyulmuşdur. Ancaq yenə də birinci sualın cavabında dediyim kimi, Hz. İsa da Quran və Matta İncilin də ifadə etdiyi kimi, (15:24) əvvəla İsrail oğullarına göndərilmiş, Hz. Musanın kitabını, o kitabdakı qanunları (bəziləri xaric), digər peyğəmbərlərin təlimlərini öyrətmək və tətbiq etməklə vəzifələndirilmiş (Matta, 5/17-19), lakin Hz. Musadan sonra Hz. İsanın göndərilməsinə və eyni müstəvidə olmalarına baxmayaraq, ortaya Yəhudilik və Xristianlıq kimi iki ayrı dinin çıxmasına təsir edən faktorlar, Hz. İsadan sonra da Hz. Muhammədin (s.ə.s.) göndərilməsinə və Yəhudilik, Xristianlıq və İslam adları ilə üç ayrı dinin meydana gəlməsinə gətirib çıxarmışdır. Lakin arada belə bir fərq var ki, Xristianlıq zaman keçdikcə Yəhudiliyə zidd olaraq inkişaf etmiş, iki din və bu iki dinin mənsubları arasında böyük qarşıdurmalar yaşanmış, çox vaxt bir-birini rədd və inkar etmişdir. Məsələn, Yəhudilər Hz. İsanı peyğəmbər olaraq qəbul etməmişlər. İslam isə Yəhudiliyi də, Xristianlığı da, Hz. Nuhun, Hz. İbrahimin bəyanını da İlahi mənşəli dinlər, bütün peyğəmbərləri inanılması şərt olan peyğəmbərlər, bütün İlahi kitabları yenə də inanılması şərt olan kitablar kimi qəbul etmişdir. Hz. İsaya, Hz. Muhammədə, Qurana və İncilə inanmayan bir yəhudi yenə yəhudidir; Hz. Muhammədə, Qurana inanmayan bir Xristian yenə Xristiandır, lakin Hz. İsaya, Hz. Musaya, Hz. Davuda, Hz, Süleymana, Hz. İbrahimə, qısaca hər hansı bir peyğəmbərə, həmçinin İncilə, Tövrata, Zəbura inanmayan bir insan əsla müsəlman ola bilməz; bunlardan birinə inanmamaq insanı İslamdan çıxarar. Buna görə də, İslam əvvəlki İlahi ənənələrə daim qucaq açmış, onların mənsublarını əhli-kitab kateqoriyasına daxil etmiş və onlarla bu kriteriyalar daxilində münasibət qurmuşdur. Bu məsələ İslam dinində çox əhəmiyyətli bir məsələdir və müsəlmanlar İslam sərhədləri daxilində ömür sürən kitab əhlinin hüquqlarını qoruyur, onlara qətiyyən haqsızlıq və zülm etmir və buna görə də Peyğəmbər Əfəndimiz də (s.ə.s.), Onun Hz. Ömər kimi raşid xəlifəsi də vəfat edərkən bu məsələyə diqqət yetirmiş və əhli-kitabın hüquqlarına riayət mövzusunda göstəri vermişlər.
Tarix İslamı İslam kimi anlayıb təmsil və tətbiq edən dairələrdə müsəlman, yəhudi və xristianların birgə və gözəl qonşuluq münasibətləri içində yaşamasına şahiddir. İslam tarixində əsla soyqırım, bir din mənsubiyyətinə görə qırğın, zülm baş verməmişdir. İbadət və öz qanunlarına görə mühakimə olunmalarına əsla müdaxilə edilməmiş, azlıq kimi bir anlayışa yer verilməmiş, ibadətxanalarına toxunulmamışdır. Müsəlmanlar başqa din mənsubları ilə sülh və əmin-amanlıq içində yaşamağın 13-14 əsrlik təcrübəsinə malikdir. Ancaq son bir, bir yarım əsrdə baş verən milliyyətçilik axınları və bu çərçivədə milli-dövlətlərin qurulması ilə, milliyyətçilik anlayışı dinə təzyiq göstərincə bu mövzuda bəzi yanlış mənaların ortaya çıxdığına şahid olsaq da, İslamı həqiqi mənada bilən insanlar bu yanlış görüşlərdən özünü qoruyur və qorumalıdır da!
Odessada müsəlmanların sayı heç də az deyil. Onlara nə demək istəyərdiniz?
Fəthullah Gülən: Heç kəsə nəsihət vermə, yol göstərmə iddiam qətiyyən yoxdur. Ancaq dinim və insanlıq naminə Odessa daxil bütün Ukraynanın əmin-amanlığı üçün fikir olaraq bunu demək istəyərdim ki, qoca dünyamız qarşıdurma və müharibələrdən çox yoruldu. Üstəlik müvasilə (bir-birinə yetişmə, qovuşma) və müxabirə (xəbərləşmə) imkanlarının inkişafı ilə dünyamız qloballaşdı, fəza okeanında səyahət edən bir gəmiyə çevrildi. İnsan olaraq hamımız bu gəminin yolçularıyıq. Bütün hal və hərəkətlərimiz buna görə olmalıdır. Tarix boyu Ukraynanın da ittifaqa daxil olduğu Rusiya ilə çox müharibələrimiz oldu. Lakin bu gün Rusiya kimi Ukrayna da Türk təşəbbüskarlarına, Türkiyədən gələn pedaqoqlara qapılarını açır. Eyni şeyi, əlbəttə, Türkiyə də edir. Tarix, tarixdəki xətalar tarixdə qalmalı, bu günki və gələcək nəsillər onun yükünü çəkməməlidir. Xüsusilə müsəlmanlar İslamı bir sülh, barış, əmin-amanlıq, fəzilət və dəyərlər dini olaraq təmsil etməli, ona ləkə olacaq hər şeydən uzaq durmalıdır belə ki, Quranın əmr etdiyi, Hz. İsanın da israrla təkid etdiyi üzrə, sadəcə bizə yaxşı davrananlara deyil, bizə əl uzadanlara, pislik edənlərə belə yaxşılıqla qarşılıq verməyi bacarmalıyıq. Üstəlik necə ki, İslam əsla terror dini deyildir, İslamla terrorun heç bir əlaqəsi yoxdur, eləcə də İslam qətiyyən geridəqalmış, cəhalət və yoxsulluq dini də deyil. İnanc, əxlaq, fəzilət, gözəl davranış, sülh və əmin-amanlıq, ədalət və mərhəmət kimi, elm də onun əvəzolunmaz dəyərlərindəndir. Zehnimizi elmlə nurlandırıb süsləmək, qəlbimizi imanla, dini dəyərlərlə bəzəmək məcburiyyətindəyik. Yaşadığımız hər ölkədə, bu ölkə müsəlman olsada, olmasada Qurani-Kərimdə, xüsusilə, “Yusuf” surəsində təkidlə vurğulandığı kimi, işlədiyimiz müəssisələrə və heç kəsə qətiyyən xəyanət etməməli, heç kimi aldatmamalı, insani və İslami xüsusiyyətimizin təməlində “güvən insanı”, “etimad insanı” olmaq durduğunu qətiyyən unutmamalıyıq.
Bütün insanlıq üçün faydalı işlər görən bir insan olaraq, Odessalı xristianlara sözünüz və diləkləriniz nələrdir?
Fəthullah Gülən: Əstağfirullah, min dəfə əstağfirullah. Yuxarıda da ifadə etməyə çalışdığım kimi, mən kiməsə söz demə, yol göstərmə dərəcəsində bir insan deyiləm. “İnsanlıq üçün faydalı işlər görən insan” ifadəsini də sadəcə dua və sizin təvəccöh, hüsnü-zənniniz olaraq qəbul edirəm. Odessalı xristianların əlbəttə rəhbərləri, din alimləri var və onlara deyiləsini deyirlər. Bir müsəlman, yəni dinlərin təməl birliyinə inanan biri olaraq, onların dediklərinin bir müsəlmanın dediklərindən və deyəcəklərindən fərqli olacağını düşünmürəm. Hz. İsa kimi, bizim nəzərimizdə ülul-əzm, yəni peyğəmbərlər arasında ən böyük beş peyğəmbərdən biri olan bir şəxsiyyətin ardından getmək, onu yolunda olmaq, edilə biləcək ən gözəl şeylərdəndir. Üçüncü sualın cavabında da ifadə etməyə çalışdığım kimi, onun gətirdiyi dində önə çıxan mənəviyyat, ruhaniyyət, haramlardan qaçınma, təqva, zühd, ana-ataya hörmət, tibb, yəni insanların maddi-mənəvi həyatlarını xilas etmə elmi, halal yollardan qazanıb, ticarətə haram qarışdırmama, insanlarla dialoq, tolerantlıq, savaşlardan-müharibələrdən-qarşıdurmalardan qaçınma, dost-düşmən hər kəsə yaxşılıq etmə kimi xüsuslar bu gün din və insanlığa xidmət naminə ən əhəmmiyyətli məsələlərdir ki, Peyğəmbər Əfəndimiz (s.ə.s.) axırzamanada, yəni bu dövrdə başqa bir peyğəmbərin deyil, məhz Onun yenidən yer üzünə gələcəyini bildirilmişdir. Elə isə, bu təməl məsələlərdə daim dialoq və əməkdaşlıq bizim ən böyük borcumuzdur.
- tarixində yaradılmışdır.