Fəthullah Gülən niyə ABŞ-da yaşayır, Türkiyəyə qayıtmamasının səbəbi nədir?
Fəthullah Gülənin 1999-cu ildə Amerika Birləşmiş Ştatlarına gedişi onun bu ölkəyə ilk səfəri deyil. Onun ABŞ-a ilk səfəri 1992-ci ildə, digər səfərləri isə 1994, 1996, 1997 və 1999 illərdə olmuşdur.
İlk iki səfəri Amerikada yaşayan Türklərin dəvəti ilə, son ikisi isə səhhəti ilə bağlı olmuşdur.
Gülənin 1999-cu ildə ABŞ-a getməsinə və indiyə qədər qayıtmamasına (qayıda bilməməsinə) səbəb olan hadisələr silsiləsinə nəzər yetirək: 1997-ci ildə ABŞ-a səfər edən Gülən dostlarının israrı ilə Ohayo ştatının Klivlend Klinikasında (Cleveland Clinic) müayinədən keçir. Müayinənin nəticəsi 1995-ci ildə İstanbulda keçdiyi müayinə nəticələrini təsdiqləyirdi: onun üç ürək damarında tıxanma vardı. İlk müayinədən bir il sonra, yəni 1996-cı ildə "Mayo Klinikası və Şəfa Xəstəxanasının Əməkdaşlıq müqaviləsi” çərçivəsində Türkiyəyə gələn prof. Tarhan və heyətinə də bildirdiyi kimi, Gülən həmin tarixə qədər iki dəfə ürək angioqrafiyası olmuş və həkimlərin israrı ilə növbəti müayinədən də Mayo Kilinikasında[1] keçməyi qəbul etmişdir. Prof Tarhan Amerikaya qayıdandan sonra, Gülənin həkimlərinin də təkid etdiyi müalicə üçün bir dəvət məktubu göndərir. Belə ki, Gülən həm İstanbul, həm də Klivlend həkimlərinin müayinədən sonra israrlı şuntlama əməliyyatı təklifini 1999-cu ilə qədər qəbul etməmişdi. Lakin həm Amerikada, həm də vətənində olan dostlarının xahişini yerə sala bilməyən Güləni bir ay əvvəl əlverişsiz hava şəraitinə görə təxirə salınan qəbul üçün 22 mart 1999 tarixində Minnesotaya getməyə razı edirlər. Razı edirlər, çünki 1999 mart tarixində Ankara DTM prokuroru Nuh Mete Yüksəlin Gülən barədə qaldırdığı cinayət işi haqqında yayılan xəbərlər artıq İstanbula gəlib çatmışdı. Gülən belə bir şəraitdə getməyin "ifadə verməkdən qaçmaq" kimi şübhələrə səbəb olacağını düşünərək getmək istəmirdi. Gülənin xarakterinə yaxşı bələd olan yaxın dostlarından biri hava limanında Bülənt Ecevitlə görüşür. Məsələdən xəbər tutan dövrün Baş Naziri Bülənt Ecevit Gülənə zəng edərək belə bir cinayət işinin açılmadığını, olsayadı xəbərləri olacağını və müalicəsini ləngitməməsini söyləyib Güləni razı edir.[2]
Gülən müalicəyə razı olsa da, hələ də əməliyyata girməyə etiraz edirdi. Mayo Klinikasında müayinədən sonra verilən əməliyyat tövsiyyəsinə də əməl etməmiş və tezliklə vətənə qayıtmağa hazırlaşmışdı. Hətta yanındakıların söylədiyinə görə, Gülən bu müddət ərzində (3 ay) bütün namazlarını səfər namazı[3] kimi qılmışdı.
Dostlarının xahişi ilə səhhəti üçün bir neçə yerə də baş çəkən Gülən artıq 3 aydı ki Amerikada idi. Bu əsnada ilk öncə 18 iyun 1999 tarixində ATV-də, daha sonra da Star TV, NTV və Show TV-də Gülənin söhbətləri montajlanaraq efirə verilmiş və Türkiyədə fırtına qoparılmışdı. Bu hadisələr Gülənin səhhətinə ciddi təsir etmiş və həkimlər onun sağalması üçün var gücləri ilə çalışmışdılar.
Gülənin hal-hazırda da ABŞ-ın Pensilvanya ştatında davam edən qürbət həyatı 1999-cu ildə belə başladı. O, 1992-ci ildə bir Türk vəqfinin 250 min dollara satın aldığı 150 hektarlıq bir ərazidə yerləşən üç mərtəbəli evin bir otağında həyatını davam etdirir.
Gülənin Amerikadakı ilk iki ili tənhalıqda keçdi. Bu müddət ərzində Gülən yalnız üç-dörd dəfə evdən çıxmışdır, o da sırf xəstəxanaya getmək üçün. Hətta yanındakıların dediyinə görə, 2001-ci ildə 6 ay evdən çölə addım atmamışdı. Evin 200 metrliyində olan bir süni gölün kənarına ilk dəfə ziyarətinə gələn bir dostunun xahişi ilə getmişdi. Gülən vətənindən uzaqda keçirdiyi bu doqquz ili "iradi inziva və həbs həyatı" və ya bəzi söhbətlərində dediyi kimi "iradi sürgün" kimi təsvir edir.[4] Hətta bir gün yanındakılara: "Əvvəllər küçəyə çıxıb gecənin yarısına qədər gəzərdim. İndi isə bundan da məhrumam. Mən indi kəsrət içində yalqızlığın sərxoşuyam" deyərək hislərini ifadə etmişdir.
Bu müddət ərzində münzəvi həyat yaşayan Gülən Türkiyəyə qayıdacağı günü səbirsizliklə gözləyir. Gülən 2008-ci ilin fevral ayında Ahmet Turan Alkanın da olduğu bir söhbət məclisində: "Mənə elə gəlir ki, Amerikadan gedim deyə məskunlaşma iznimi uzatmayacaqlar” dedikdən sonra sözünü belə tamamlamış: "Kaş!". Bu, həm onun Türkiyə həsrətinin, həm də ABŞ-da keçirdiyi əzab-əziyyətli doqquz ilin ifadəsi idi.
Ancaq Gülən uzun müddət Türkiyədən uzaqda yaşamasına səbəb olan şərtlərin hələ ortadan qalxmadığını düşünür. Onun fikrincə "Türkiyədə öfkə var. Övkə isə tarazlığı pozan şeydir. Tarazlıq olmasa, nizam-intizamı təmin etmək qeyri-mümkündür. Bu ona öfkəsini “qusar”, o da buna"[5] O bir mənada istəyərək qürbəti seçir, çünki belə bir şəraitdə qayıtsa, provakasiaların olması qaçılmazdır. Gülən belə bir provakasiya nəticəsində bir ibtidai sinif şagirdinin belə məktəbə gedə bilməməsinə görə özünü məsul sayacağını deyir.
Bir başqa cəhətdən: "Niyə ABŞ-da yaşayır, Türkiyəyə niyə qayıtmır?" deyənlərin onun Türkiyəyə qayıtmasından məmnun olacaqlarını düşünmək də sadəlövhlük olardı.
Qonaqları ilə bir söhbətində qayıtmaq barədə belə deyir[6]: "Şərtlər nə vaxt əlverişli olarsa, o zaman“özümə görə qayıdaram”." Gülən "Özümə görə qayıdaram" ifadəsini isə belə açıqlayır: "Nümayiş istəmərəm. Atamın evinə gedəndə belə gecə gedərdim. Atam, “Martda gələn leyləklər kimi, səhər bir də görürük ki, evdəsən” deyərdi".
Xülasə, artıq beynəlxalq faktora çevrilən hərəkatın ilham mənbəyi, ideya rəhbəri Gülənin -hərəkat baxımından- Türkiyədə və ya ABŞ-da olmasının elə böyük bir əhəmiyyəti yoxdur. Ancaq o insan okeanın o tayında ola-ola vətənində bu qədər fırtına qoparılırsa, Türkiyədə olsa kim bilir necə provakasiyalar törədiləcək. Şəxsən vətəninə –Türkiyəyə qayıtmağı çox arzulayan Gülən provakasiya əndişəsindən və ölkəyə zərər vermə narahatlığından gəlməyərək böyük fədakarlıq göstərir. Vətəndən uzaqlıq Gülənə ən böyük cəzadır və bunu ancaq fədakarlıq kimi dəyərləndirmək olar. Və fədakarlıq edənə "etmə" deməyə heç kimin haqqı çatmır.[7]
[1] Mayo Klinikası ABŞ-ın Minnesota, İyova, Florida və Arizona kimi ştatlarında fəaliyyət göstərən, eyni zamanda tibbi araşdırma və təcrübələr aparan xəstəxanaların adıdır. Mayo Klinikası çətin müalicə olunan xəstəliklər üzrə mütəxəssisləşmiş, texniki avadanlığını daim yeniləyən, yeni üsul və metodlarla müalicə aparan dünyanın ən yaxşı tibb müəssisələrindəndir.
[2] Gülən ehtiyat etməsinə baxmayaraq qorxduğu şey başına gəlmişdi. 1999 və 2000-ci illər arasında çıxan xəbərlər (bəlkə də məqsədli olaraq) onun səhhət problemlərini təsdiqləyir, Gülənin Amerikaya gedişi ilə iddianamənin təqdim edilməsinin arasında təxminən 8 ay fərq olmasına baxmayaraq, ictimaiyyətdə elə təəssürat formalaşdırmağa çalışılmışdır ki, guya iddianamə xəbərini alar-almaz pisləşərək Amerikaya gedib. Nümunə olaraq Star qəzetinin dekabr 1999 və yanvar 2000-ci il xəbərlərinə baxıla bilər.
[3] Fiqhi termin olan “səfər” səhayət, müəyyən qədər yol getmək deməkdir. Məzhəblər arasında müəyyən fərqlilik olsa da, 90 km-dən uzaqda 15 gündən az qalma niyyətində olana ibadətlər asanlaşdırılmışdır. Məsələn 4 rükətli fərz namazlar 2 rükət qısaldılır, fərz oruc qəzaya saxlanılır və s.. Niyyətdə 15 gündən artıq qalmamaqdırsa və hər an dönmə ehtimalı varsa, müddət 15 günü keçsə də, səfər hökmü pozulmur.
[4] Osman Şimşək, "Pennsylvania Sürgününde Bir Çocuk", İşıq Yayınları, İstanbul
[5] Faruq Mərcan, "Fəthullah Gülən", Yənbu, Bakı, 2011
[6] 5 iyun 2008
[7] Bu mövzu ilə bağlı geniş məlumat əldə etmək istəyən Faruq Mərcanın "Fəthullah Gülən" adlı kitabına 47 s. baxa bilər. http://az.fgulen.com/content/view/1444/38/
- tarixində yaradılmışdır.