Bu gün nəyiksə, sabah da elə görəcəksiniz
Müşahidələrim
Gülən fenomeni...
Əsrlərin dərin qatlarından süzülüb gələn İslamın mədəni mirasını qorumağı öhdəsinə götürmüş, üləma ənənəsinin bir halqası olan və müasir dövrdə bütün köklü dəyişikliklərə şahidlik edən dərin mənəvi və ictimai şəxsiyyətə malik bir insanı təhlil etmək, əlbəttə, çox çətindir.
Ona görə də Gülənin üfüqünü, xəyallarını, gələcək arzusunu anlamaq çətindir. Bu həqiqət sabah da dəyişməz olaraq qalacaq. Sevən çox, anlayan isə o qədər deyil. Məncə, Gülənin əleyhinə olanlar da onu anlamırlar. İnsanlar Gülənin bütün yönlərini anlamayıblar, onu daha çox əzbərləyiblər. Əzbərlər isə Gülən fenomenini ifadə etmir.
Bu gün nəyiksə, sabah da elə görəcəksiniz
Ölkəmizdə marjinal bir qrup vəhmlərlə – əsassız fikirlərlə oturub-durur, məsələlərə vəhmlə yanaşırlar. Onların bu halı ilk növbədə özlərinə rahatlıq vermir, “görəsən, sabah nə olacaq?” sualı yuxularını qaçırır. Halbuki heç bir şey olmayacaq, sabah çərşənbə, sonra cümə axşamı, sonra da cümə gələcək, heç nə dəyişməyəcək.
“Bəlkələr”lə hökm çıxaranlar həm özlərinə əzab verər, həm də hər “ehtimal”a qarşı xeyirxah işlərə əngəl törədərlərsə, Türk xalqının və dünyanın gələcəyinə zərər vermiş olarlar. Bu hərəkata könüllü qoşulan insanlar dünyaya gözəl töhfələr verəcək, onlar heyifdir.
Türkiyədə bu hərəkatın varlığı iki şəkildə qiymətləndirilir: qürur hissi duyub bir nemət sayanlar və hər cəhətdən təhlükəli hesab edənlər var. Təhlükəli hesab edənlər belə deyirlər: “Hər şey çox yaxşıdır, son dərəcə mədəni, demokratiya çərçivəsində görünür, amma nəticə etibarilə məqsəd İslam Cümhuriyyəti qurmaqdır”.
Mərhum Aydın Bolak bəy bu hərəkatı xarakterinə görə Milli İstiqlal mübarizəsinə bənzədirdi. Halbuki, bu gün Türkiyədə istiqlal mübarizəsi aparmağa ehtiyac yoxdur, ancaq bu hərəkata könüllü qoşulan nə qədər insan var və bunlar təkcə Türkiyə üçün deyil – çünki İstiqlal mübarizəsi zamanı ancaq Türkiyə uğrunda mübarizə aparmaq imkanı var idi – bütün bəşəriyyət üçün gözəl işlər görməyə çalışırlar .
Burada Aydın bəyin bənzətməsinə hörmət əlaməti olaraq haşiyəyə çıxıb bir məqamı ərz edim: “İlk hədəfiniz Aralıq dənizidir” sözünün israrla “Son hədəfiniz Aralıq dənizidir” kimi başa düşülməsini anlaya bilmirəm. Halbuki bu sözü “elm-ürfanla işıqlandırmaq, öz mədəniyyətimizi tanıtmaq və dəyərlərimizi bölüşmək” mənasında və “Sonra bütün dünya” şəklində başa düşmək mümkündür.
Siyasi və coğrafi sərhədləri dəyişdirmək heç vaxt məqsəd olmamalı, başqa millətlərin torpaqlarına göz dikmək əsla ağıla gətirilməməlidir, amma böyük millət olmaq istəyiriksə, mədəniyyətimizi dünyaya tanıtmalı və faydalı yönlərimizi başqa millətlərlə də bölüşməliyik.
Buna şübhə edənlərə gəlsək…
Ölkəmizdə marjinal bir qrup vəhmlərlə – əsassız fikirlərlə oturub-durur, məsələlərə vəhmlə yanaşırlar. Onların bu halı ilk növbədə özlərinə rahatlıq vermir, “görəsən, sabah nə olacaq?” sualı yuxularını qaçırır. Halbuki heç bir şey olmayacaq, sabah çərşənbə, sonra cümə axşamı, sonra da cümə gələcək, heç nə dəyişməyəcək.
“Bəlkələr”lə hökm çıxaranlar həm özlərinə əzab verər, həm də hər “ehtimal”a qarşı xeyirxah işlərə əngəl törədərlərsə, Türk xalqının və dünyanın gələcəyinə zərər vermiş olarlar. Bu hərəkata könüllü qoşulan insanlar dünyaya gözəl töhfələr verəcək, onlar heyifdir.
Sonra başqaları durub sizə: “siz görülən işləri bir az millətçi və dini gördüyünüz üçün “Pantürkizm”, “Panislamizm” ya da “Din Cümhuriyyəti” deyirsiniz. İndi sizə “Dinsizlik Cümhuriyyəti, yaxud “Panküfrizm” qurmaq istəyirsiniz” desə, nə cavab verəcəksiniz?” deməzmi?! Əgər ehtimallardan danışırıqsa, bu dediklərim də bir ehtimaldır və demək, siz də bu cür düşünənlərlə birlikdə belə bir iş görmək istəyirsiniz. Əgər ehtimallar üzərində hökm veriləcəksə, bu da ehtimal daxilindədir və məncə, hökmlər bu cür ehtimallar üstündə bina edilməməlidir. Dünyanın – qismən İkinci Dünya müharibəsi ərəfəsində olduğu kimi – dinsizliyə, Allahsızlığa sürüklənib bir daha mənəvi böhranlarla üz-üzə qoyulmasına yol verilməməlidir.
Burada bir az da açıq deyim: siz Türkiyənin xaricdən könüllü lobbilərlə müdafiə edilməsini təmin etməsəniz, qloballaşan dünyada Türkiyənin təkbaşına, dünyadan qopuq vəziyyətdə varlığını qoruması mümkün deyildir. Təkcə Türkiyə deyil, heç bir dövlətin təkbaşına var olması mümkün deyildir. Türkiyənin Asiya çöllərində, Uzaq Şərqdə onu sevən insanlar tərəfindən dəstəklənməsi lazımdır.
Sankt-Peterburqda məzuniyyət mərasimində bir rus şagirdə “Böyüyüb həyatda müəyyən bir mövqe tutanda ilk olaraq nə etmək istərdin?” sualını verdilər. Cavabını eşidəndə televizor qarşısında hıçqıra-hıçqıra ağladım. Uşaq: “Türk millətinə kömək etməyi düşünürəm”, – dedi.
Təsəvvür edin, Afrikadan Avropaya, Balkanlardan Amerikaya qədər geniş bir coğrafiyada Türk sevgisi ilə yetişən nə qədər insan var. Ola bilsin ki, bu insanlar bugünədək bizə başqa gözlə baxırdılar, amma indi artıq elə baxmırlar.
İrticaçı olan həqiqi dindara rast gəlməmişəm
“İrtica” deyəndə gözünüzün qabağına nə gəlir?
“Gerilik” kəlməsinin təhqiramiz mənası açıq nəzərə çarpdığı üçün onun əvəzinə “geriyə dönmək”, “insanları geriyə aparmaq” mənasına gələn ərəbcə “irtica” sözünə üstünlük vermişlər. “Gerilik”, “geriyə dönmək” həmin kəlmənin tam qarşılığını vermir, istifadə edilən söz forması görülən işin adət, vərdiş halına çevrildiyini bildirir. Bu baxımdan “irtica” “insanları geriyə aparmaq üçün hər vasitəyə əl atmağı xarakterə, xasiyyətə çevirmək, oturub-durub bunu düşünmək” mənasını verir.
Nüansı ilə birlikdə baxsaq, bu kəlməni bu gün müsəlmanlıq naminə hərəkət edən heç bir insana yaraşdırmaq doğru olmaz. Çünki nə məscidə gələn camaat, nə təsəvvüf ənənəsini davam etdirənlər, nə də təkyə kimi yerlərdə zikirlə məşğul olanlar elm və texnikanın əleyhinə çıxmaz, demokratiya və cümhuriyyət nemətinin əleyhinə olmaz. Ən azı mən belə bir insan görməmişəm, amma insanları müsəlmanlardan soyutmaq, onları qulyabani kimi göstərmək və daha asan məğlub etmək üçün “filançı-bəhmançı” dedikləri kimi, “irticaçı” da deyirlər.
“İrticaçı” deyərək xalqa qulyabani kimi göstərirlər
Deyəcəyik ki, “Türkiyədə irtica yoxdur”?
Bağışlayın, amma burada demaqogiyaya yol verirlər. Uşaqlıqda bu cür metodlarla bizi qorxudub yatırtdıqları kimi. Məsələn, “İsti kökə, təzə yağ, gəl bunun boğazına ax” deyirdilər. Biz də cin kimi, şeytan kimi bir şey gələcək, bizim boğazımıza girəcək deyə yorğanı başımıza çəkər, yuxuya gedərdik. Çox sonralar öyrəndim ki, bizi qorxutduqları şey cin, şeytan deyil, isti çörəklə təzə yağ imiş. Eyni bunun kimi, bəzi şəxslər bəzi kəlmələrlə xalqın düşüncəsində qorxunc imic formalaşdırırlar.
Kimdir insanları bir əsr, iki əsr geriyə aparan? Məncə, müsəlmanlar, xüsusən də, müsəlman ziyalılar bir mənada başqa kəsimlərdən daha mütərəqqi düşünürlər, onların demokratiya və cümhuriyyətə baxışı daha sağlam və tutarlıdır. Son zamanlarda da görürük, – əgər bir şey ifadə edirsə – Avropa Birliyinə girməyi, ABŞ ilə münasibətləri davam etdirməyi, bircə yerə bağlı olmağı faydalı görməyib Rusiya, Hindistan və Çin kimi ölkələrlə münasibət quraraq etibarımızı artırmağa çalışırlar.
İndi alimindən məmuruna, məsciddə xocadan ilk cərgədə namaz qılana qədər kimdən soruşsanız, bu fikirlərin hamısı ilə razılaşar və təqdir edər.
Müəyyən gərgin dövrlərdə bəzi “islami” qruplar küçələrə çıxırlar
Xarici xüsusi xidmət orqanları və onların təhriklərini yaddan çıxarmamaq lazımdır, müsəlmanlığı qaralamaq, müəyyən qrupları, və ya millətləri üz-üzə qoymaq istəyənlər vardır. Mən insan kəsənlərdə, insanlardan canlı bomba kimi istifadə edənlərdə müsəlman xüsusiyyəti görmürəm. Türkiyədə də müxtəlif dövrlərdə meydana atılanların başqaları tərəfindən fiqur kimi istifadə edilən insanlar olduğunu zənn edirəm.
Müsəlman olmalarına inanmamışam
“Hizbullah” kimi?
Bəli. Ad çəkməyəcəyəm, amma “islami” bir qrupun başında duranlardan bəziləri əsil-nəsəbcə türk deyildir, müsəlman əsla! Mən onların İslamiyyət uğrunda mübarizə aparan insanlar olmasına heç vaxt inanmamışam. Hər biri bir aktyordur. Tərkibində “Allah”, “İslam” və “din” sözləri də olan bəzi adların arxasında gizlənən bəzi adamlar və təşkilatlar əslində başqaları tərəfindən müsəlmanlar əleyhinə ortaya atılmışdır. Onları öz məqsədlərinə alət etdilər... bəlkə də, bəzilərini susdurmaq üçün öldürdülər.
Küçələrdə zikir edənləri?
Bu cür işlər səmimi, ürəkdən “Allah” deyənlərə qara yaxmaq, onları gözdən salmaq məqsədi daşıyır. Təəssüf ki, bu çirkin məqsədə çatmaq üçün bəzilərindən də istifadə etdilər. Sonra da onları “oyundan” asanlıqla kənarlaşdırdılar.
Ziyalılardan ümidliyəm
Sizcə, ziyalılar bu hərəkatı anlayır və izah edə bilirmi?
Ziyalılara ümidim böyükdür, belə bir hərəkatdan daima uzaq gəzəcəklərini ağlıma gətirə bilmirəm. Çünki ziyalı təkcə bilən deyil, düşündüyünü, inandığını da açıq deməyi bacaran insandır. Bəziləri əsl ziyalının az olduğunu düşünsə də, məncə, Türk toplumuna rəhbərlik edəcək potensiala malik kifayət qədər ziyalı vardır və onların çoxu yaxın zamanda bu məsələni anlayacaqlar.
Ziyalı insaflı və haqpərəst olmalıdır. Buna Dreyfusun məhkəməsinə etiraz edən Emil Zolyanı nümunə göstərmək olar. Məsələ təkcə Zolya kimi bir həqiqəti hayqırmaqdan, bir gerçəyin carçısı olmaqdan ibarət deyildir, onu həyata keçirən insanlar vardır. Əsas odur ki, görülən işləri onlara izah etməkdə, çatdırmaqda bütün imkanlardan yararlanaq. Çünki təhsil və kültür fəaliyyətlərini öz gözləri ilə görən bircə nəfərin də bu işlərin əleyhinə çıxdığını xatırlamıram. Əksinə, təhsil ocaqlarını görənlər şübhə doğuracaq bir şey olmadığını, bunların gözəl gələcək hazırladığını, Türkiyənin tanınmasına töhfə verdiyini deyirlər.
Gedib görənlər bu hərəkatı anlayırmı?
Kini, nifrəti gözünü tutmuş və özünü saxlaya bilməyib, “Türkiyə sizinlə tanınacaqsa, qoy heç tanınmasın”, – deyə düşünənlər də çıxa bilər, mən onlara əhəmiyyət vermirəm, əsas məsələ gedib öz gözləri ilə görənlərin gəldiyi qənaətdir. Eşitməmişəm ki, belələri arasında yumşalmayan olsun. Bəzilərini televizorda seyr etdim, “Bizə uzaq olan və məsafə saxlayan bir ölkədə bayrağımızın dalğalandığını, “İstiqlal Marşı”mızın oxunduğunu görəndə gözlərimiz doldu” deyirdilər, gözləri yenə dolmuşdu. Onların qənaətini dostlardan dinlədikcə eşqim, şövqüm artır.
Bu hadisələri bəzilərinin “Əslində dünya miqyasında dini diktatura qurmaq istəyirlər, niyyətlərini gizlədirlər” kimi xoşagəlməz, əsassız sözlərlə qaralamaq mümkün deyildir. Əgər meydanda bir millətin qəbul edib mənimsədiyi bir məfkurə varsa, o insanların hislərinə hörmət göstərmək lazımdır. Xalqın səmimi və həsbi (təmənnasız) səylərini, əməyini məsuliyyətsizcəsinə qaralamaq nə qədər doğrudur?!
Bir də, elə bir diktatorluq iddiasını heç bir dəlillə-sübutla əsaslandırmadan nə haqla ortaya atırlar? Kimdən eşidiblər, harada deyilib? Yəni bu cür niyyəti olan adamlar bunu heç ağızlarından qaçırmayıblarmı? Siz bu insanları dünyanı idarə edəcək dahilər kimi görürsünüz? Dahi olsalar belə, niyyətlərini – əgər varsa – ən azı bircə dəfə büruzə verərdilər. Xülasə, bu iddialar mənə məntiqsiz gəlir.
Fikrimcə, hərəkatı sırf onun arxasında olan insanlara görə məhkum etmək istəyirlər. Biri açıq-aşkar “Kaş ki belə bir işin arxasında dindarlar olmayaydı”, – demişdi. Mənim bu işi sahiblənməyim həm hörmətsizlik, həm də təkəbbür və qürur olardı. Mən bu fəaliyyətlərin milyonda birinə belə sahib çıxsam, həddimi aşmış olaram. Bütün bunlara baxmayaraq, yenə də “Kaş ki bu məsələnin arxasında bir imam olmayaydı”, – deyirlər. Halbuki bu işin arxasında imamcığaz deyil, İranın mübaliğəli əfsanələrindən də nəhəng dastanlar yazmış bir millət vardır. Buna görə də müharibə eləsər də, ona qalib gələ bilməzlər, çünki xalqla müharibə etmək olmaz.
- tarixində yaradılmışdır.