Göndərilən səriyyələrin nəticələri

Göndərilən səriyyələrin nəticələri

a. Müsəlmanlar səhraya nəzarəti ələ aldılar

Rəsulullah (s.a.s.) Mədinəyə təşrif buyurandan bir qədər sonra ətraf bölgələrə ildırımsürətli səriyyələr göndərir, düşmənlərin içinə qorxu salır, ticarət əlaqələrini təhlükə ilə üz-üzə qoyur, onları iqtisadi böhranlara sürükləyir və hadisələrin ipini Bədrə doğru çəkirdi.

Bütün bunlara paralel mükəmməl xəbər şəbəkəsi qurmuşdu. Hətta qüreyşlilər "O, evimizin içini də, çölünü də bilir" deyə təşvişə düşürdü. Hər yerdə bunu danışırdılar: Belə bir xəbər şəbəkəsi quran insanın gözündən quş deyil, ağcaqanad belə qaçmaz, düşmənlərinin hər addımından xəbər tutar. Belə vəziyyətdə Qüreyşin necə təlaş keçirdiyini indi siz təsəvvür edin!

Bizə hərbi xidmətdə deyirdilər ki, müharibə müxabirə (xəbərləşmə) deməkdir. Yaxşı xəbərləşmə təşkilatı və mükəmməl əlaqələndirmə qalibiyyətin yarısı sayılır. Düşmənlərinizə məlumat sızdırmayacaqsınız, onlar haqqında hər gün xəbər əldə edəcəksiniz.. mərkəzə də olanlardan dəqiqəbədəqiqə məlumat verəcəksiniz. Hal-hazırda texnologiya bu qədər inkişaf etsə də, düşmənə sızdırmadan xəbər çatdırmaq olduqca çətindir.. və üstəlik onlardan xəbər sızdırmaq... Halbuki Allah Rəsulu texnikanın-texnologiyanın olmadığı bir dövrdə necə xəbər şəbəkəsi qurmuşdusa, məlumatlar vaxtlı-vaxtında, həm də gizliliyi qorunaraq, təhlükəsiz şəraitdə çatdırılırdı. Vəhy مُطَاعٍ ثَمَّ أَمِينٍ "Orada ona itaət edilir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir" ("Təkvir" surəsi, 81/21) ayəsi ilə öyülən Cəbaril vasitəsiylə gətirildiyi kimi qurduğu xəbər şəbəkəsi də etibarlı əllərdə idi. Allah Rəsulu təhlükəsizliyi təmin etmək və məlumatların sızmasına imkan verməmək üçün xəbərləşmə şəbəkəsiylə müntəzəm əlaqə saxlayırdı. Heç bir məlumat sızmır, düşmən heç nədən xəbər tuta bilmirdi, ancaq Onun xəbər tutmadığı bircə hadisə belə olmurdu.

Qərbin dahi sərkərdə saydığı insanlar var. Məsələn, Sezar, Hannibal, Napoleon və Hitler və s. Ancaq tarix şahiddir ki, onların heç biri Allah Rəsulu kimi mükəmməl xəbərləşmə şəbəkəsi qurmağı bacarmamış, düşməni yaxından izləməkdə Onun ayağının tozuna da çata bilməmişdir.

Allah Rəsulunun aldığı və göndərdiyi xəbərlərin heç biri düşmən əlinə keçməmişdir. Yoxsa bir ovuc insanla o qədər kafir və facirin öhdəsindən gəlmək mümkün deyildi. Səbəblər planında inayət və tövfiq təmkin və tədbirin – inayət sahibinin inayəti səviyyəsində – əsas cəhətlərindəndir, qüdrət planında isə təmkin və tədbir ilahi yardımın kiçik bir vəsiləsidir. O, bizim rəhbərimiz olaraq səbəblər çərçivəsində hərəkət edirdi.

Əsas mövzuya qayıdırıq: Dünya müharibələrində gördük ki, bir ölkənin limanlarına, idxalat və ixracatına təhlükə törətmək, ona iqtisadi embarqo tətbiq etmək, o ölkənin əhalisini çıxılmaz vəziyyətdə qoymaq, gələcəyə ümidini öldürmək çox əhəmiyyətlidir. Bəli, sizin qanınıza "çörək doğramaq" düşmənlə çarpışmağa gedərkən və ya onları buna doğru çəkərkən, təbii ki, əvvəlcə onları iflic etməlisiniz.

Allah Rəsulu da məhz bu ildırımsürətli səriyyələri ilə düşməni iflic edirdi. Artıq Məkkənin eibarı sarsılmışdı və təşvişə düşmüş səhra sakinləri belə düşünürdü: "Bundan sonra Məkkə bizi qoruya bilməz. Bizim pənahgahımız ola bilməz. Demək ki, insanlığın taleyi başqalarının əlinə keçdi. Elə isə yaxşısı budur, onlara qoşulaq və tabe olaq." Bəli, belə düşünür və dəstə-dəstə gəlib Allah Rəsuluna iman gətirirdilər.

Kimsənin burnu qanamasa belə, karvanlar daim təhlükə altında idi. Bütün bu səriyyələr zamanı – ərz etdiyim kimi – Nəxlədə bir bədbəxtin müsəlman oxlarına tuş gəlməsindən savayı, bircə nəfərin tükünə də toxunulmamışdı.

b. Artıq səhra təhlükəsiz idi

Allah Rəsulu göndərdiyi səriyyələrlə məqsədlərini bir-bir hasil edirdi. Artıq çöldə güc və qüvvəsini hiss etdirməyə başlamışdı. Artıq təcavüzkar qüreyşlilər rəqibsiz deyildilər, Həzrət Məhəmməd (s.a.s.) onların qarşısında dayanmışdı.. və bir də Həzrət Məhəmmədin camaatı – əshabı. Bununla belə, əlində silahlı dəstələr olsa da, soyğunçuları darmadağın etsə də, heç vaxt gücü zülmə alət etmirdi. Qarşı tərəf "Güclüyəmsə, haqlıyam" deyir, hər kəsin haqqına təcavüz edir, gecə basqınları təşkil edir.. məzlumu, zəifi əzir, inlədir və iniltilərdən ləzzət alırdı.

Bu meydana gələn yeni qüvvə isə əvvəlkindən seçilirdi. Bu, sanki göydən enmişdi, haqq qarşısında ehtiramla dayanırdı. Hüquqa fövqəladə hörmət göstərirdi. Bəli, haqq bəşər tarixində bir daha bu səviyyədə hörmət və ehtiram görürdü. O da Həzrət Məhəmməd Mustafanın (s.a.s.) əliylə olurdu. Əksinə, başqa dövrlərdə hər yoldan ötən özündən qanunlar icad etmiş, "Hüquq, haqq budur" demişdi... Həzrət Məhəmməd (s.a.s.) Allahın (cəllə cəlaluhu) bəyan etdiyi hüququn üstünlüyünə daim hörmət etdi.. ehtiramlı oldu və barmağını ən kiçik harama belə uzatmadı.

Bütün bunlara səhra, səhra sakini, onun "su"suzluqdan qurumuş düşüncəsi, hər kəs və hər şey şahid olurdu. Bütün səhra bunu öz gözləri ilə görürdü.. qaranlıqlar, qara düşüncələr bunu görürdü.. o möhtəşəm dəstələr çadırların, alaçıqların önündən keçir, amma nə qadına-qıza sataşır, nə elin-aləmin ruzisinə əl uzadır, nə də ən xırda haqsızlığa qol qoyurdu ...

Onun məqsədi bu fərqi, haqqı, ədaləti insanlara göstərmək idi və göstərirdi. Artıq etibar hissi, yavaş-yavaş Məkkədən Mədinəyə keçir və Onun üfüqlərində şəfəq saçırdı. Çünki Əmin orada idi. Bir zamanlar Məkkənin "Əl-Əmin" deyib qədrini bilmədiyi və bizim də "Muhəmmədun Rəsulullah əs-sadiqul-vadil-Əmin" dediyimiz Həzrət Məhəmməd artıq Mədinədə idi. Etibar, əmin-amanlıq etibarlı insanın yanında olar. Səhra sakinləri belə düşünür və gözünü Mədinənin üfüqlərinə dikirdi…

Xüsusilə, son vaxtlar qüreyşlilər gücünü tamam itirmişdi. Başqalarına arxa olmaq bir yana qalsın, öz karvanları belə təhlükə altında idi. Bu gedişat müşrik cəbhəsində çatlar, parçalanmalar meydana gətirirdi. Məkkəlilər bunları gördükcə qəzəbdən az qalırdı ürəkləri partlasın.

c. Vaxtından əvvəl haqlamaq əhəmiyyətli idi

Düşməni qəzəbləndirmək, rahatlığını əlindən almaq, onu vaxtından əvvəl hərəkətə sövq etmək də əhəmiyyətli rol oynayır. Sizə yeni bir hadisəni ərz edim:

Məndən bir neçə dəfə soruşdular ki: "Türkistan, Özbəkistan, Gürcüstan, Dağıstan kimi bölgələrdə oyanış var. Krımda da yenə hərəkatlar var. Bu hərəkatlar nəbilərin vədində, vəlilərin yadında, göyərçinin qanadında və axır zamanda gözlədiyimiz o xoşbəxt günlərdir, görəsən? Bu hadisələr o günlərə doğru gedir? Yəni əsir millətlər azadlığını, haqq və hüququnu əldə edə biləcəkmi?"

Düzdür, hadisələr ona doğru gedir, lakin bu hərəkatların bəzisini ssenariləşdirib səhnəyə qoyan məhz düşmənlərimizdir. Bəli, oralarda bizim soydaşlarımıza, bizim dindaşlarımıza, bizim əski qardaşlarımıza aid hərəkatları planlayan həmişə başqalarıdır. Çünki biz hələ oralarda yumurta içində cücə və ya toyuğun altında yumurta kimiyik. Üç-dörd soyğunçunu təhrik edərək küçələrdə aksiya keçirməyə məcbur edəcəklər və ardınca da ordunu üstümüzə salıb bizi beşikdə boğacaqlar. Çünki Gürcüstandan üç-dörd sərgərdan Bolqarıstana getdi. Şumendə göründü, So­fiyada göründü və dedi ki: "Biz Rusiyada ayağa qalxdıq və bəzi haqlarımızı aldıq, siz də ayağa qalxın, haqqınızı alın!"

Bu, əhəmiyyətli məsələdir. Məqsədləri bizi vaxtından əvvəl meydana çəkmək və kökümüzü kəsməkdir.. Amma bilmirlər ki,[1] وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ Gözəl nəticə müttəqilərindir. Haqq daim qələbə çalacaq və əzilməyəcək.

اَلْحَقُّ يَعْلُو وَلاَ يُعْلَى عَلَيْهِ "O, həmişə üstün olacaq və heç kim ondan üstə qalxa bilməyəcək..."[2] Və qazdıqları quyuya, inşallah, özləri düşəcək! [3]وَلاَ يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلاَّ بِأَهْلِهِ "Pis əməl (qərəzli hiylə) kim layiqsə, onun başında çatlayar." ("Fatir" surəsi, 35/43)

Bəli, Allah Rəsulu bu həmlələri ilə bir mənada düşmənlərini təhrik edirdi. "Karvanlarımız təhlükədə, işlərimiz, gəlirimiz təhlükə altındadır. İnsanlar yavaş-yavaş müsəlman olur. Elə isə gedib haq-hesabı çürüdək" deyirdilər. Bəli, o dövrdə cahiliyyənin şeytanı Əbu Cəhil məkkəlilərə bu sözlərlə səslənirdi. Hətta çoxları yarı yoldan dönəcəkdilər, amma o: "Xeyr, bu işə burada son qoyaq, çünki biz Onun axırına çıxmasaq, O, bizim işimizi bitirəcək" deyir və müşrikləri döyüşə təhrik edirdi.

Elə Allah Rəsulunun məqsədi də bu idi. Quran da Ona bunu öyrədirdi:وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلاً وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللّٰهُ أَمْراً كَانَ مَفْعُولاً وَإِلَى اللّٰهِ تُرْجَعُ الأُمُورُ "(Düşmənlə) üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qa­yıdacaqdır." ("Ənfal" surəsi, 8/44)

Allah (cəllə cəlaluhu) onlara sizi, sizi də onlara az göstərirdi ki, ummadığınız yerdə bir hadisə baş versin. Onsuz da, Allah (cəllə cəlaluhu) hökmünü vermişdi və hökm yerinə yetəcəkdi. Aqibətdən qaça bilməzdilər. Allah din düşmənlərini Rəsuluna doğru çəkirdi.. və bir gün bir də baxacaqdılar ki, Bədirdə vaxtından əvvəl mü­səlmanların qarşısındadırlar.

Allah Rəsulunun döyüş üsulunu bilmirdilər. Məkkədən çıxarmışdılar, özlərindən təcrid eləmişdilər... indi isə Onun qarşısında tir-tir titrəyirdilər... Bir ildir, haqqı, ədaləti bərpa etmək və onların əhval-ruhiyyəsini sarsıtmaq üçün səriyyələr təşkil edən bu insanın necə bir hərb dahisi olduğunu, bəlkə də, bir neçə saat sonra anlayacaqdılar, onda da gec olacaqdı. Bəli, çox keçmədən Bədirdə bir hərb dahisi ilə, bilmədikləri döyüş taktikası ilə üz-üzə gəldilər və darmadağın oldular.

d. Bütün hadisələr Bədrə bir hazırlıqdı

Bəli, Bədrə gəlmişdilər, amma bu gəliş sıravi insanların, hətta adi sərkərdələrin gəlişi kimi deyildi. O, hara getdiyini yaxşı­ bi­lərək "Bədrə gedirəm, düşmənlərimlə əlbəyaxa olacağam!" şüuruyla oraya gəlmiş, gələnədək də düz 17 dəfə ildırımsürətli hərəkətləriylə düşmənin ürəyini ağzına gətirmiş və müsəlmanların gücünü hər yerdə nümayiş etdirməklə müşrikləri mənən iflic etmiş.. özünə, öz gücünə inam hissini sarsıtmışdı. Hətta "Artıq Məkkə və Məkkə ətrafında (Ümmül-Qurada) əmin-amanlıq yoxdur" dedirtmiş, beləcə, səhra əhalisinin rəğbətini qazanmışdı. Əmin-amanlığın Əmin rəsulun yanında, diyarında olduğunu hər kəs qəbul edirdi. Cahiliyyə dövrünün insanları dünənədək "Mə­həmmədül-Əmin" deyərək Onu etibar və doğruluğun misilsiz timsalı saymamışdımı?! O, göydə də Əmin idi, yerdə də.. bir gün həm bir xəbərdarlıq, həm də neməti dilə gətirmək mənasında bu incik sözlər çıxmışdı pak dilindən: "Mən də əmin (ədalətli, etibarlı) olmasam, kim olacaq?! Mən göydə də, yerdə də əmin insanam."[4]

Artıq səhra etibarlı insan kimdir, etibar haradadır, bunu açıq-aşkar görürdü. Bəli, "Əmin" indi bələdil-əmin (əmin-amanlıq şəhəri) olan Mədinədə yaşayır və hakimlik də qüreyşlilərin əlindən çıxıb yavaş-yavaş Qüreyşin əsl rəhbəri Rəsulullahın qapısına – Mədinəyə doğru yol alırdı. O, Qüreyşin də rəhbəri idi. Bəni-Haşimin də, bütün bəşəriyyətin də, bütün varlığın da... Onun yaradılışı varlığın yaradılış səbəbi idi. Və لَوْلاَكَ مَا خَلَقْتُ اْلأَفْلاَكَ "Sən olmasaydın, kainatı yaratmazdım"[5] kimi uca məqamın Rəsulu idi. Bu kəlam hədis kriterilərindən keçməsə də, ifadə etdiyi məna həqiqətlə üst-üstə düşdüyünə görə dilə gətirməkdə bir qəbahət yoxdur.

Bəli, O olmasaydı, kainat kitabını oxuyub başa düşə, əşyanın həqiqətinə nüfuz edə bilməyəcəkdik. Dünya nədir, axirət, əbədi aləm nədir, bilməyəcək, vicdanın, insanın mahiyyətindən bixəbər yaşayacaqdıq və dünyanın matəmxanadan bir fərqi olmayacaqdı. Hər ölümə ağlayacaq, sızlayacaq və iztirablı hadisələri özümüzə dərd edəcəkdik. Biz qaranlıqdan xilas olub gündüzü tapmağı Onun sayəsində öyrəndik. Bir mənada Cəhənnəmdən də betər dünyanı Onun vasitəsilə Cənnət kimi gördük. İmanın dünyada belə Cənnət həyatı vəd etdiyini Onun nurlu bəyanlarından öyrəndik. İman edən hər bir insanın qəlbində Cənnətin nüvəsi olduğunu və Cənnəti duymaqla dünyanı belə Cənnətə çevirəcəyini hər zaman Ondan öyrəndik. Öyrəndik və qəlbimiz aram tapdı.. Allahı (cəllə cəlaluhu) zikr etməklə ürəklərin hüzura qovuşacağını Onunla anladıq və أَلاَ بِذِكْرِ اللّٰهِ تَطْمَئِنُّ الْقُلُوبُ "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" ("Rad" surəsi, 13/28) həqiqətinə vardıq.. bəli, maddi rifahla deyil, pulun çoxluğu ilə deyil, evlə-mənzillə, villalarla deyil, imanla, vicdan rahatlığı ilə, insani dəyərlərə hörmət edərək yaşamaqla, itminanla qəlblər aram tapır, nəfsani arzu və istəklər isə çar-naçar bir kənara çəkilir. Yoxsa bir insana bütün dünyanı versələr, qəmi, kədəri qurtaran deyil. Bu məsələlərin hamısını bizə öyrədən yeganə müəllim Odur.

"Mədyun[6] Ona cəmiyyət, mədyun Ona fərd.
Mədyundur O məsuma bütün bəşəriyyət.
Ya Rəbb, məhşərdə bizi bu iqrarla[7] həşr et!"
M. Akif

Bədir yolunda əshabın ürəyi Cənnət arzusu ilə atlanır, gözləri önündə Cənnət yamacları canlanırdı. Yaxşı hazırlaşmış, könül rahatlığı ilə ora çatmışdılar. Vicdanlar Ona yönəlmişdi. Və artıq yollar istər Mədinədən Məkkəyə, istər Məkkədən Mədinəyə getsin, bundan sonra bəşəriyyətin önündə Həzrət Məhəmməd Mustafa (s.a.s.) dayanacaqdı. Artıq Məhəmmədül-Əminin əmin-amanlıq dövrü başlamışdı.

Bir gün Adiyy ibn Xatimə belə demişdi: "Gün gələcək, (indi vəhşilikdən, soyğunçuluqdan, quldurların meydan sulamasından şikayət edirsiniz) bir qadın Hədrəmutdan, Hirədən tək yola düşəcək, Məkkəyə, Mədinəyə qədər gələcək və heç bir çətinliklə qarşılaşmayacaq."[8]

O qızıl dövr artıq qədəmlərini yerə basmışdı. İyirmiyə yaxın səriyyə göndərərək həm Bədrin təməllərini atmış, həm də bütün məzlumlara əmin-amanlıq pıçıldamışdı.

Bu səriyyələr səhrada dolaşarkən bircə nəfərin də burnu qanamamışdı və heç kim asayişin pozulmasına şahid olmamışdı. Onun dəstələri ildırım kimi hər yerdə görünür, keçib getdikdən sonra, – çaxan ildırımın ardınca yağan yağış kimi, rəhmət olub səmadan yer üzünə enir və qəlblərə hüzur gətirirdi. Çünki keçənlər artıq səhranın həramiləri deyildi. Onlar Həzrət Məhəmmədin (s.a.s.) etibarlı, doğru-dürüst əsgərləri idi.. bəli, onlar əmin-amanlıq gətirən dəstələr idi. Quldurluqla, soyğunçuluqla, anarxiya ilə mübarizə aparan qəhrəman asayiş keşikçiləri idi. Onların at sürüb keçdiyi hər yer mərhəmət saçır və hər kəs "Bu mərhəmət, bu gözəllik, görəsən, haradandır?" deyə heyrət edirdi..

Bu mərhəmət bütün varlığa rəhmət olaraq göndərilən Həzrət Məhəmməd (s.a.s.) həqiqətinin səmasında düzülən buludlardan süzülürdü. Bu dəstələr də Onun göy gurultusu, Onun şimşəyi, Onun ildırımı idi və onlardan ətrafa yayılan işıq Onun adını yazırdı.

[1] "Əraf" surəsi, 7/128; "Hud" surəsi, 11/49; "Qəsəs" surəsi, 28/83
[2] Acluni, "Kəşfül-xafa", 1/140.
[3] Bu sözlər 1989-cu ildə deyilmişdir.
[4] Buxari, "Məğazi", 61, Müslim, "Zəkat" 144.
[5] Acluni, "Kəşfül-xafa", 2/214.
[6] Borclu
[7] İman, düşüncə
[8] Buxari, "Mənaqib", 25; Tirmizi, "Təfsir", (1) 1.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.