Yaxşı hazırlıq görmək

Yaxşı hazırlıq görmək

Meydana çıxanda da vəziyyətin tələbinə görə hazırlaşmaq bir vəzifədir. Və təbii ki, ilk öncə mənən, əhval-ruhiyyəcə hazırlanmaq lazımdır. Hərb elminin mütəxəssisləri müharibədə yüksək əhval-ruhiyyənin nə qədər əhəmiyyətli olduğunu çox yaxşı bilirlər və bu məsələyə həssas yanaşırlar. Yüksək əhval-ruhiyyənin mənbəyində də iman dayanır. İmanı olmayan bir insanın hərb meydanında əsl mömin kimi mətanət və fədakarlıq göstərməsi mümkün deyildir.

a. Yüksək əhval-ruhiyyə

Budur, möminin mənəvi əhval-ruhiyyəsini gücləndirib onu ruhən və cismən müharibəyə hazırlayan bir neçə nurəfşan bəyan:

فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللّٰهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِاْلاٰخِرَةِ وَمَنْ يُقَاتِلْ فِي سَبِيلِ اللّٰهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْراً عَظِيماً
"Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik." ("Nisa" surəsi, 4/74)

يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِئَتَيْنِ وَإِنْ يَكُنْ مِنْكُمْ مِئَةٌ يَغْلِبُوا أَلْفاً مِنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لاَ يَفْقَهُونَ
"Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). Sizdən iyirmi nəfər səbirli kişi iki yüz kafirə, yüz səbirli kişi min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!" ("Ənfal" surəsi, 8/65)

كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللّٰهِ
"Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çoxa qalib gəlib!" ("Bəqərə" surəsi, 2/249)

وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنْتُمُ اْلأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
"Ruhdan düşməyin və qəmgin olmayın. Möminsinizsə, üs­tünsünüz". ("Ali-İmran" surəsi, 3/139)

وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
"Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!" ("Əraf" surəsi, 7/128)

Və bu ayələrdən süzülən sarsılmaz bir prinsip:

اَلْحَقُّ يَعْلُو وَلاَ يُعْلَى عَلَيْهِ
"Haqq daim qalibdir. Heç kim Ona qalib gələ bilməz."[1]

Mömin mübarizədə bu duyğudan, bu düşüncədən güc alır və keçilməz iman qalasına sığınır.

Budur, Peyğəmbərimiz ordular hazırlarkən əsgərlərinə ilk növbədə bu imanı, bu itminanı, bu güvəni və yüksək əhval-ruhiyyəni aşılayırdı. Bu cəngavərlər də ölümdən hürkən düşmənlərin əksinə, ölümü qovalayır, hər yerdə onu axtarır.. onu Cənnət qapısının sirli bir açarı bilir və "Görəsən, şəhidlik qanı ilə dəstəmaz almaq və Rəbbə qovuşmaq mənə harada nəsib olacaq?!" deyir və hərb meydanlarında şəhidlik arzusu ilə çarpışırdılar.

Hər əsgərin qəlb və vicdanı bu duyğuların buxurdanı kimi qaynayırdı. Ölümün gözünə dik baxan və ona can atan insanların qabağında kim dayana bilərdi? Elə düşmən də onları görər-görməz dabana qüvvət deyib qaçırdı.

b. Çəkindirici gücə malik olmaq

İkinci əhəmiyyətli xüsus isə Həzrət Məhəmməd Əleyhissala­mın ümmətini dünya nizamında çəkindirici gücə çevirmək əzmi idi. Çünki siz bu səviyyədə güclü olmasanız, başqaları saçınızla-saqqalınızla oynayar, hərəkət və davranışları ilə sizi məsğərəyə qoyar, sizi nəzərə almadan və sizin iştirakınız olmadan əleyhinizə qərarlar qəbul edərlər və siz də bu qərarları icra etməyə məcbur olarsınız.

Çünki siz super güclərin qarşısında və beynəlxalq arenada güclü mövqeyə malik deyilsiniz, ağırlığınız yoxdur – əsas səbəblərdən biri budur. Halbuki, Allah (cəllə cəlaluhu) buyurur:

وَلَنْ يَجْعَلَ اللّٰهُ لِلْكَافِرِينَ عَلَى الْمُؤْمِنِينَ سَبِيلاً
"Allah heç vaxt kafirlərin möminlərə hakim olmasına yol verməz!" ("Nisa" surəsi, 4/141)

Yəni yol yoxdur ki, kafir mömindən üstün olsun, möminin üstündə olsun. Bir xristian toplumu, bir yəhudi toplumu və ya bir bütpərəst toplumu, bir ateist və kommunist toplumu, bir kapitalist toplumu qətiyyən müsəlmanlara hakim olmamalıdır.. Onsuz da həqiqi müsəlmanlara hakim ola, hökm edə bilməmişlər. Çünki Allah (cəllə cəlaluhu) buna qətiyyən razı deyil. Allah-Təala bir mənada: "Mən həqiqi möminlərə əsarət qapılarını bağlamışam," – deyir.

Mömin başqasının hökmü altında yaşaya bilməz, Allahdan (cəllə cəlaluhu) başqasına arxalanaraq sarmaşıq kimi həyat sürə bilməz. Başqasının dəstəyinə arxalanmaq möminə yaraşmaz. Mömin zalımların əlində məzlum ola bilməz.

Bəli, müsəlman fərd və toplumlar üstün xüsusiyyətlərə malikdir... və daima üstdə olmalıdır. Elə Rəsulullah da ümmətinə bu qayəni göstərmiş və: "Sizin üçün yüksəlişin sərhədi yoxdur, tutacağınız zirvə də budur" demişdir. Əlinizdə bu səviyyədə güc olmasa, sizi əzərlər. Əbu Davud və Əhməd ibn Hənbəlin nəql etdiyi hədisin ifadəsiylə: "Başınıza yığışar, ağzınızdakı loğmanı qamarlayar və süfrənizə şərik olarlar."[2] Yəni süfrəyə yığışırmış kimi, Allahın (cəllə cəlaluhu) sizə bəxş etdiyi nemətlərə hücum çəkərlər.

Müasir dövrlə bağlı, "Kərkükdəki, Dağıstandakı, Suriyadakı, Liviyadakı, Misirdəki neftə və başqa sərvətləri mənimsəmək üçün hər tərəfdən üstünüzə tökülüşərlər" deyə bilərsiniz.

Dövləti-Aliyə o diyarları gül kimi idarə edirdi. Kimsənin burnu qanamırdı. O cür idarəçilik ancaq göylərdə ola bilərdi. Ancaq əlinizdəki nemətlərə göz dikən və süfrənizə tökülüşən kafir və facirlər ağzınızdan tikəni aldılar, süfrənizi öz aralarında bölüşdürdülər. O həddə çatmışdı ki, siz bir yerdə məktəb açanda başqa bir dövlət "Bilmək olmaz, biz də mənafeyimizi təmin eləmək üçün orada məktəb açmalıyıq" deyib iştaha gəlirdi. Şərqdə bir yerdə, hətta ən kiçik bir vilayətdə belə hər biri bir dövlətə aid əcnəbi dil təmayüllü üç məktəb.. və Türkiyədə bu mədəniyyət imperializminin üç yüzdən çox kəşfiyyat qolları... məsələnin mahiyyəti belə deyilsə, onlar Türkiyədə nə axtarırdılar? Məgər biz öz-özümüzü yetişdirmək üçün kifayət idraka, savada, bacarığa malik deyildikmi? Və nə idi, görəsən, daima qan damarlarımızın içində virus kimi gəzib-dolaşmalarının əsl səbəbi, hakim dairələrlə aralarından su keçməməsinin və təhsil səfərbərliyinin əsl qayəsi...

Hər halda bizi ürəkdən sevdikləri üçün bu qədər yaxınlıq etmirdilər! Xeyr, onlar bizim ruh dünyamızı didib parçalamaq və koraltmaq üçün gəlmişdilər... və çox vaxt da buna müvəffəq oldular. Balkan müharibəsində üstümüzə tökülüşdülər.. Dünya müharibəsində başımıza bəla oldular.. İkinci Cahan Mü­ha­ri­bə­sin­dən də əleyhimizə istifadə etməyə çalışdılar.. amma Allah (cəllə cəlaluhu) dada yetdi, qorudu və bu milləti bu günlərə qədər gətirdi.

Bəli, bu bəlalar niyə başımıza gəldi? Çünki millət Həzrət Mə­həmməd Mustafanın (s.a.s) göstərdiyi qayəyə çatmaq üçün lazımi iradə və səyi ortaya qoymadı! Allah-Təala bir ayəsində buyurur:

وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ
"(Ey möminlər) Düşmənə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları hazırlayın..." ("Ənfal" surəsi, 8/60)

İlk müsəlmanlar bunu çox yaxşı anladılar. Mövlana Şibli Həz­rət Ömərin (r.a.) həyatını təhlil edərkən: "Dörd bir cəbhədə düşmənlə aparılan müharibələrdə xeyli at və dəvədən istifadə edilsə də, hərbə göndərilməmiş atlar da vardı" deyir. Məsələn, Mədinə ətrafında heç bir döyüşə göndərilməmiş 4 min baş cins ərəb atı bəsləyirdilər. Suriya civarında da 4 min baş at bu məqsədlə saxlanırdı. Bəli, bunlar döyüşlərdə iştirak etmir, hər ehtimala qarşı ehtiyatda saxlanılırdı.[3]

O dövrdə Allahın (cəllə cəlaluhu) verdiyi imkanlarla və o imkanlar səviyyəsində belə hazırlıq görürdülər. Əslində, ayədə keçən "ribat" sözündən belə hazırlıqlı və ehtiyatlı olma mənasını çıxarmaq da mümkündür. Çünki ribat daha dərin mənada istər insan, istər heyvan, bəzi işçilərin bir yerə həsr edilməsi, sırf o yer və ya iş üçün ayrılması deməkdir.

Quran da bizə belə bir hədəf göstərir və sanki belə deyir: Din, dil, şərəf, namus, qeyrət, vətən və bütün müqəddəs dəyərlərinizi onlara kəm gözlə baxmaq istəyən düşmənlərinizdən qoruyun, himayə edin, gözünüzü üstündən ayırmayın və bu işi həyata keçirmək üçün lazım olan gücü hazır saxlayın! Düşmənə fürsət, imkan verməyin! Verməyin ki, məsğərəyə qoyulan və başqalarının əlində oyuncağa çevrilən bir millətin halına düşməyəsiniz!.

c. Lazım gələndə qılıncdan istifadə

Allah-Təala yer üzündə nizamın bərqərar olması üçün hikməti qüvvətlə dəstəklədiyi kimi, buna uyğun olaraq Rəsulu Həzrət Məhəmmədi (s.a.s) də hərb əmriylə göndərmişdir. Tövrat və İncil Onun haqqında: صَاحِبُ الْقَضِيبِ "Əlində silahı olan"[4] deyir.. bəli, O, haqqı yayır, ancaq haqq və həqiqətin yayılması bir maneə ilə qarşılaşanda qılıncdan da istifadə edir. O, həm də haqq və hüququn keşiyində duran bir qılınc peyğəmbəridir.

O, qılınc peyğəmbəri olduğuna görədir ki, Allah (cəllə cəlaluhu) Ona Quranın diliylə hərb metod və strategiyasını təlim buyurmuşdur. Məsələn, bir ayədə belə buyurulur:

إِنَّ اللّٰهَ يُحِبُّ الَّذِينَ يُقَاتِلُونَ فِي سَبِيلِهِ صَفّاً كَأَنَّهُم بُنْيَانٌ مَرْصُوصٌ
"Şübhəsiz ki, Allah Onun yolunda möhkəm divar kimi cərgəyə düzülüb döyüşənləri sevər!" ("Saff" surəsi, 61/4)

Çiyin-çiyinə verib möhkəm cərgə əmələ gətirmək düşmənin yarıb keçməsinə, içəri soxulmasına imkan verməyən ən mətin sipər və o dövr üçün ən mükəmməl bir düzülüş formasıdır. Bəli, fərdlər bu cür möhkəm dayanmalıdır ki, düşmənin canına qorxu düşsün. Məhz Peyğəmbərimiz bu hərb üsulunu Cənabı-Haqdan öyrənmiş, bir çox döyüşdə tətbiq edərək müvəffəqiyyət qazanmışdır.

Quran və Sünnə bu məsələyə çox ciddi yanaşır, çünki azacıq boşluq və səhlənkarlıq baha başa gələrdi. Bəli, düşmənlə üz-üzə gələrkən zərrə qədər ehtiyatsızlığa, səhlənkarlığa yol ve­ril­məməlidir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انْفِرُوا فِي سَبِيلِ اللّٰهِ اثَّاقَلْتُمْ إِلَى اْلأَرْضِ أَرَضِيتُمْ بِالْحَيَاةِ الدُّنْيَا مِنَ اْلاٰخِرَةِ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي اْلاٰخِرَةِ إِلاَّ قَلِيلٌ
"Ey iman gətirənlər! Sizə nə oldu ki, "Allah yolunda döyüşə çıxın!" – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir!"

إِلاَّ تَنْفِرُوا يُعَذِّبْكُمْ عَذَاباً أَلِيماً وَيَسْتَبْدِلْ قَوْماً غَيْرَكُمْ وَلاَ تَضُرُّوهُ شَيْئاً وَاللّٰهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
"Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir millətlə əvəz edər. Siz isə Ona heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!"

إِلاَّ تَنْصُرُوهُ فَقَدْ نَصَرَهُ اللّٰهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لاَ تَحْزَنْ إِنَّ اللّٰهَ مَعَنَا فَأَنْزَلَ اللّٰهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَى وَكَلِمَةُ اللّٰهِ هِيَ الْعُلْيَا وَاللّٰهُ عَزِيزٌ حَكِيمٌ
"(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, bilin ki, kafirlər onu (Məkkədən) çıxaranda mağaradakı iki nəfərdən biri olaraq Allah Ona kömək etmişdi. Dostuna (Əbu Bəkrə): "Qəm yemə, Allah bizimlədir!" – deyirdi. O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz ordularla müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!" ("Tövbə" surəsi, 9/38-40)

Bəli, insaların üz döndərdiyi bir vaxtda Nəbisini tək qoymayan və bütün şər qüvvələrdən qoruyan Allah (cəllə cəlaluhu) sədaqət və səmimiyyətiniz səviyyəsində sizə də kömək edəcək.

Allah Rəsulu müntəzəm olaraq ümmətinə Quran işığında bu yolu göstərirdi. Belə bir toplumun əsarət altında qalması və əzilməsi mümkün deyildi. Belə də oldu! Elə isə müsəlmanlar yer üzündə nizam və tarazlığın təminatçısı olaraq, hər vaxt hazırlıqlı, ayıq-sayıq, dayanmalı, lazım gələndə və səfərbərlik başlayanda mütləq cəbhədə olmalıdırlar. Əksini etmək günahdır, tövbə və istiğfar tələb edir... Səadət əsrindəki kimi:

وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ اْلأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنْفُسُهُمْ وَظَنُّوا أَنْ لاَ مَلْجَأَ مِنَ اللّٰهِ إِلاَّ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوا إِنَّ اللّٰهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ
"Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) sıxılmışdı. Onlar Allahdan başqa pənah yeri olmadığını başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" ("Tövbə" surəsi, 9/118)

[1] Acluni, "Kəşfül-xafa", 1/140.
[2] Əbu Davud, "Məlahim" 5; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 5/278.
[3] Mövlana Şibli, "Bütün Yönleriyle Hz. Ömer ve Devlet İdaresi", s. 302.
[4] Qazı İyaz, "Əş-şəfa", 1/234-235.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.