“Sevgi əməldir” (“Love is a verb”)

İraqda işləyən bir həkim İstanbulda evində olarkən zəng gəlir. Təcili təyyarə ilə İraqa uçur. Amma xəstəyə yetişə bilmir. Xəstənin ayağı kəsiləsi olur. Həkim bu hadisəni danışır və deyir ki, o hadisədən sonra qərar verdim ki, mən burada qalmalıyam, İstanbulda deyil. Artıq bura mənim evimdir. “Sevgi əməldir” (“Love is a verb”) filmindən bir səhnə.

Amerikalı kinorejissor, yazıçı Terry Spencer Hesserin çəkdiyi sənədli film belə adlanır: “Sevgi əməldir”. Keçən həftə Çikaqoda filmin qalasında iştirak etdik. “Könüllülər hərəkatı”na, onun mənəvi lideri Fəthullah Gülənə həsr olunmuş sənədli filmin önümüzdəki günlərdə ABŞ-ın bir çox şəhərlərində təqdimatı olacaq.

Çikaqonun ən görkəmli salonlarından birində təşkil olunan proqram yüksək səviyyədə gerçəkləşdi. 500 nəfərlik salon ağzına kimi dolu idi. 100-ə yaxın Çikaqonun media və sənət dünyasından qatılan qonaqlar vardı. Amerikalı birisinin gözü ilə hərəkat tədqiq olunurdu. 6 fərqli ölkədə çəkilmiş filmdə çox təsirli səhnələr vardı.

500 nəfərlik salonda filmin sonunda gözü yaşarmayan, demək olar ki, yox idi. Sonra filmin yaradıcı heyəti səhnəyə çıxdı. Müşahidələrindən danışdılar, suallara cavab verdilər. Filmin direktoru, rejissoru Terry Spencerin çıxışını öz dilindən təqdim edirəm:

-11 sentyabr hadisəsindən sonra müsəlmanlar haqqında müəyyən və qeyri-müəyyən qorxularım və zənnlərim vardı. Sonra 2010-cu ildə “Niaqara” fondundan məni Türkiyəyə mədəniyyətlərarası, dinlərarası bir proqrama dəvət etdilər. Mən dindar biri deyiləm. Amma macərapərəst olduğum üçün, yeni hekayətlər kəşf etmək üçün dəvəti qəbul etdim.

Təsəvvür belə edə bilməzdim ki, bu səfər mənim həyatımı, dünyagörüşümü dəyişəcək. Sonra qərara gəldim ki, digər amerikalıların da İslama baxışı dəyişməlidir. Onlarla səfərlər, uzun araşdırmalar, müxtəlif müsahibələrdən sonra 6 ölkədə çəkilmiş bu film ərsəyə gəldi. Bu film bizə fədakar, cəsur insanları təqdim edir. Əgər mən özüm buna şahid olmasaydım, eşitdiklərimə inanmazdım. Bu qlobal “Xidmət hərəkatı”nın könüllü üzvləri dünya sülhü naminə təhsil, dialoq, səhiyyə və başqa sahələrdə fəaliyyət göstərirlər. Biz müharibə bölgələrinə təhsil üçün gedənləri gördük. Eyni zamanda savaşan tərəflərin bir-birilərinə nifrətlərini azaltmaq üçün, nifrətləri sevgiyə çevirmək üçün görülən işlərə şahid olduq. Dünyanın ən təhlükəli bölgələrində fədakar şəkildə tibbi yardım göstərənləri müşahidə etdik. Bir qadın mənim sualıma: “Biz sevmək məcburiyyətindəyik!” cavabını verdi. Çox sadə nəqli və eyni zamanda fəlsəfi əmr cümləsi.

Əvvəllər mən bu insanlara şübhə ilə yaxınlaşırdım. Düşünürdüm ki, insanlar necə bu qədər yaxşı ola bilər. Düşünürdüm ki, bəlkə, adət-ənənə fərqinə görə onların gerçək niyyətlərini görə bilmirəm. Sonralar mən hərəkatın mənəvi lideri Fəthullah Güləndən bənzəri olmayan bir müsahibə almaq şərəfinə layiq oldum. Mənə onun özünəməxsus şəxsiyyəti çox təsir etdi. Onun qərbli bir qadın qarşısında bariz həya və utanma göstərməsi məni çox təəccübləndirdi. Bu filmdə gördüyünüz mənim şahid olduqlarımın çox cüzi bir hissəsidir. Qarşılaşdığım, yaşadıqlarım haqqında bir kitab yaza bilərəm.

Amerikalı, dindar olmayan bir kinorejissorun şərh yeri olmayan söylədikləri.

Səfərə bizi dəvət edən Çikaqo “Niaqara” fonduna, onun Azərbaycandakı tərəfdaşı “Dialoq Azərbaycan” qurumuna təşəkkür edirik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.